Hərbi vəziyyət haqqında
Azərbaycan Respublikasının Qanunu
Bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 8-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı yerlərində hərbi vəziyyətin elan və ləğv edilməsi, hərbi vəziyyətin qüvvədə olma müddətinin uzadılması, hərbi vəziyyət rejiminin təmin edilməsi qaydasını, cəbhəboyu zonada hərbi hissələrin yerləşdiyi ərazilərdə rejimin xüsusiyyətlərini, hərbi vəziyyət dövründə fiziki və hüquqi şəxslərin hüquqlarının təminatını müəyyən edir.
1-ci fəsil
Ümumi müddəalar
Maddə 1. Əsas anlayışlar
1.0. Bu qanunda istifadə olunan əsas
anlayışlar aşağıdakı mənaları ifadə
edir:
1.0.1. hərbi vəziyyət - Azərbaycan
Respublikasının Konstitusiyasına və bu qanuna uyğun
olaraq, Azərbaycan Respublikasının bütün ərazisində
və ya ayrı-ayrı yerlərində müvəqqəti tətbiq
edilən siyasi, iqtisadi, inzibati, hərbi və digər tədbirlər
kompleksini nəzərdə tutan, Azərbaycan Respublikası vətəndaşlarının,
əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin (bundan sonra - vətəndaşlar)
konstitusion hüquq və azadlıqlarının, habelə
mülkiyyət və təşkilati-hüquqi formasından
asılı olmayaraq idarə, müəssisə və təşkilatların
hüquqlarının və qanuni mənafelərinin qismən
və müvəqqəti məhdudlaşdırılmasına
və onların üzərinə əlavə vəzifələr
qoyulmasına yol verən xüsusi hüquqi rejim;
1.0.2. cəbhəboyu
zona - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
təcavüzkar dövlətin və ya dövlətlərin
silahlı qüvvələri ilə, habelə qanunsuz
silahlı birləşmələrlə təmas xəttinə
bitişik ərazilər;
1.0.3. hərbi senzura - kütləvi informasiya
vasitələrinin məlumat və materiallarının hərbi
idarəetmə orqanları, digər dövlət orqanları
və onların vəzifəli şəxsləri ilə əvvəlcədən
razılaşdırılması, dövlət sirri təşkil
edən məlumatların qeyri-qanuni yayılmasının
qarşısının alınması məqsədi ilə
yazışmaya, televiziya və radio yayımına, telefon və
radio danışıqlarına, internet informasiya
ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə
verilən məlumatlara nəzarətin həyata keçirilməsi;
1.0.4. komendant
saatı - hərbi vəziyyət dövründə ictimai
qayda və ictimai təhlükəsizliyin təmin edilməsi,
düşmənin kəşfiyyat, təxribat və digər
pozuculuq fəaliyyətinin qarşısının
alınması məqsədi ilə xüsusi icazə vərəqələri
və şəxsiyyəti təsdiq edən sənədlər
olmadan yaşayış yerindən, yaxud iş yerindən kənarda
olmanın (hərəkət etmənin) qadağan edildiyi
günün müəyyən edilmiş vaxtı;
1.0.5. internə
edilmə - Azərbaycan Respublikasına qarşı təcavüz
aktı törətmiş və ya ölkənin müdafiə
maraqlarına, onun təhlükəsizliyinə real təhlükə
yaradan dövlətin və ya dövlətlərin vətəndaşlarının
hamılıqla qəbul edilmiş beynəlxalq hüququn
normalarına və prinsiplərinə uyğun olaraq ölkə
daxilində bunun üçün xüsusi ayrılmış
yerlərdə nəzarət altında məcburi
saxlanılması.
Maddə 2. Hərbi vəziyyət
haqqında qanunvericilik
Hərbi vəziyyət
haqqında qanunvericilik Azərbaycan Respublikasının
Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrdən,
bu qanundan və digər normativ hüquqi aktlardan ibarətdir.
Maddə 3. Hərbi vəziyyətin
elan edilməsinin məqsədi
Hərbi vəziyyətin elan
edilməsinin əsas məqsədi bu qanunun 4-cü maddəsində
göstərilən əsaslardan biri mövcud olduqda mülkiyyət
və təşkilati-hüquqi formasından asılı
olmayaraq idarə, müəssisə və təşkilatların
üzərinə düşən vəzifələri yerinə
yetirmək üçün zəruri şəraitin yaradılmasıdır.
Maddə 4. Hərbi vəziyyətin
elan edilməsinin əsasları
4.0. Azərbaycan Respublikası
Konstitusiyasının 111-ci maddəsinə əsasən Azərbaycan
Respublikasının bütün ərazisində və ya
ayrı-ayrı yerlərində hərbi vəziyyətin elan
edilməsi üçün aşağıdakılar əsas ola bilər:
4.0.1. Azərbaycan Respublikası ərazisinin
müəyyən hissəsi faktiki işğal edildikdə;
4.0.2. xarici
dövlət və ya dövlətlər Azərbaycan
Respublikasına müharibə elan etdikdə;
4.0.3. Azərbaycan Respublikasına
qarşı real silahlı hücum təhlükəsi yarandıqda;
4.0.4. Azərbaycan
Respublikasının ərazisi blokadaya alındıqda, habelə
belə blokada üçün real təhlükə olduqda.
Maddə 5. Hərbi vəziyyətin
elan edilməsi
5.1. Hərbi vəziyyət Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 29-cu bəndinə
və 111-ci maddəsinə uyğun olaraq Azərbaycan
Respublikası Prezidentinin fərmanı ilə elan edilir.
5.2. Hərbi vəziyyətin elan edilməsi
haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanında
aşağıdakılar nəzərdə tutulur:
5.2.1. hərbi vəziyyətin
elan edilməsi üçün əsas (əsaslar);
5.2.2. hərbi vəziyyət
rejiminin təmin edilməsinə yönəldilmiş tədbirlər,
onların həyata keçirilməsi üçün
üsul və vasitələr;
5.2.3. hərbi vəziyyətin
tətbiqinin başlanma tarixi, vaxtı və qüvvədə
olma müddəti;
5.2.4. hərbi vəziyyət
tətbiq olunan ərazinin (ərazilərin) hüdudları;
5.2.5. hərbi vəziyyətin
tətbiqi ilə əlaqədar digər məsələlər.
5.3. Hərbi vəziyyətin elan edilməsi
haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı
bu qanunun 6-cı maddəsinə uyğun olaraq Azərbaycan
Respublikasının Milli Məclisi tərəfindən təsdiq
edildikdə qüvvəyə minir və bu barədə əhaliyə
dərhal məlumat verilir.
5.4. Hərbi vəziyyətin elan edilməsi
haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı
“Normativ hüquqi aktlar haqqında” Azərbaycan
Respublikasının Konstitusiya Qanununa uyğun olaraq dərc
edilir.
Maddə 6. Hərbi vəziyyətin
elan edilməsi haqqında Azərbaycan Respublikası
Prezidentinin fərmanının təsdiq edilməsi
6.1. Hərbi vəziyyətin elan edilməsi
haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı
qəbul edildikdən sonra 24 saat müddətində Azərbaycan
Respublikasının Milli Məclisinə təsdiq
üçün təqdim edilir.
6.2. Hərbi vəziyyətin elan edilməsi
haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı
Azərbaycan Respublikasının Milli Məclisinə daxil
olduqdan sonra 48 saat müddətində növbəti və
növbədənkənar sessiyalar dövrünün
olub-olmamasından asılı olmayaraq Azərbaycan
Respublikası Milli Məclisinin iclası keçirilir, iclasda fərmanın
təsdiqi məsələsinə növbədənkənar
baxılır və deputatların 63 səs çoxluğu ilə
müvafiq qərar qəbul edilir.
Maddə 7. Hərbi vəziyyət
dövrü
Hərbi vəziyyət
dövrü onun tətbiqi tarixindən (vaxtından)
başlayır və onun qüvvədə olma müddəti
bitdikdə, yaxud bu qanunun 8.2-ci maddəsində nəzərdə
tutulan halda başa çatır.
Maddə 8. Hərbi vəziyyətin
qüvvədə olma müddətinin uzadılması və
ya ləğv edilməsi
8.1. Hərbi vəziyyətin müddəti
bitənədək onun elan edilməsi əsasları aradan
qalxmadıqda və ya bunun üçün yeni əsaslar
yarandıqda hərbi vəziyyətin qüvvədə olma
müddəti uzadılır.
8.2. Hərbi vəziyyətin elan edilməsi
əsasları aradan qalxdıqda və bunun üçün
yeni əsaslar yaranmadıqda hərbi vəziyyət ləğv
edilir.
8.3. Hərbi vəziyyətin qüvvədə
olma müddətinin uzadılması və ya ləğv edilməsi
bu qanunun 6-cı maddəsində nəzərdə tutulmuş
qaydada həyata keçirilir.
Maddə 9. Hərbi vəziyyətin tətbiqi
ilə əlaqədar səfərbərliyin elan edilməsi
Hərbi vəziyyətin tətbiqi
ilə əlaqədar səfərbərliyin elan edilməsi “Azərbaycan
Respublikasında səfərbərlik hazırlığı və
səfərbərlik haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq həyata
keçirilir.
2-ci fəsil
Hərbi vəziyyət
rejiminin təmin edilməsi
Maddə 10. Hərbi vəziyyət
rejiminin təmin edilməsinə yönəldilmiş tədbirlər
10.1. Hərbi vəziyyət
dövründə aşağıdakı tədbirlərin həyata
keçirilməsi nəzərdə tutula bilər:
10.1.1. təxsislənmiş
(bron edilmiş) dövlət maddi ehtiyatlarından istifadə
olunması;
10.1.2. ictimai qaydanın və ictimai təhlükəsizliyin
qorunması, hərbi və mühüm dövlət obyektlərinin,
əhalinin təhlükəsiz yaşayış şəraitini
təmin edən obyektlərin, nəqliyyatın, telekommunikasiya
şəbəkə, qurğu və obyektlərinin, poçt
obyektlərinin, su təchizatı və kanalizasiya sistemlərinin,
enerji təchizatı müəssisələrinin, baş enerji
nəqletmə sistemlərinin, insanlar və ətraf mühit
üçün yüksək təhlükə mənbəyi
olan xüsusi obyektlərin mühafizəsinin gücləndirilməsi;
10.1.3. mülkiyyət
və təşkilati-hüquqi formasından asılı
olmayaraq idarə, müəssisə və təşkilatların
xüsusi iş rejiminə keçirilməsi;
10.1.4. stasionar və
ya müvəqqəti yaşayış yerlərində məskunlaşdırılması
şərtilə əhalinin, təsərrüfat və sosial
təyinatlı obyektlərin, maddi və mədəni sərvətlərin
təhlükəsiz rayonlara təxliyə olunması
(köçürülməsi);
10.1.5. hərbi vəziyyət
rejimini pozmaqda şübhə edilən mülkiyyət və
təşkilati-hüquqi formasından asılı olmayaraq idarə,
müəssisə və təşkilatlara məxsus bina və
otaqların, nəqliyyat vasitələrinin yoxlanılması;
10.1.6. hərbi vəziyyətin
elan edilməsinə səbəb olmuş halların aradan
qaldırılmasına və müəyyən edilmiş tədbirlərin
həyata keçirilməsinə mane olan siyasi partiyaların,
həmkarlar ittifaqlarının, ictimai birliklərin,
fondların və digər qeyri-hökumət təşkilatlarının
fəaliyyətinin dayandırılması;
10.1.7. rabitədən
istifadə üçün xüsusi qaydalara riayət
olunması, telekommunikasiya şəbəkə, qurğu və
obyektlərinin, poçt obyektlərinin fəaliyyətinin
sabitliyinin təmin olunmasına nəzarətin gücləndirilməsi;
10.1.8. təhsil
müəssisələrinin iş rejiminin dəyişdirilməsi,
yaxud fəaliyyətinin dayandırılması;
10.1.9. karantinin tətbiq
edilməsi, icbari sanitariya-gigiyena, epidemiya əleyhinə və
baytarlıq tədbirlərinin keçirilməsi;
10.1.10. hərbi vəziyyət
dövründə məxfilik rejiminin gücləndirilməsinə
yönəldilmiş tədbirlərin həyata keçirilməsi;
10.1.11. silah, döyüş
sursatı, xüsusi vasitələr, zəhərli və ya
partlayıcı maddələrin satışının məhdudlaşdırılması
və ya qadağan olunması, narkotik vasitələr, psixotrop
maddələr və onların prekursorları və ya tərkibində
güclü təsirə malik olan maddələr olan dərman
preparatlarının, spirtli içkilərin dövriyyəsi
üzrə xüsusi rejimin yaradılması, fiziki şəxslərdən
odlu və soyuq silahın, döyüş sursatının, zəhərləyici
və ya partlayıcı maddələrin, hüquqi şəxslərdən
isə həmçinin təlim hərbi texnikasının və
radioaktiv maddələrin müvəqqəti
götürülməsi;
10.1.12. gündəlik
tələbat mallarının, o cümlədən ərzaq və
sənaye məhsullarının əldə olunmasında
(satışında) xüsusi qaydaların tətbiq edilməsi;
10.1.13. müvafiq
şəxslərin internə edilməsi;
10.1.14. yığıncaqlar,
mitinqlər, küçə yürüşləri,
nümayişlər və piketlərin, habelə digər
kütləvi tədbirlərin keçirilməsinin qadağan
edilməsi və ya məhdudlaşdırılması;
10.1.15. hərbi vəziyyətin
elan olunduğu əraziyə (ərazilərə) xüsusi
giriş-çıxış rejiminin tətbiqi və təmin
edilməsi;
10.1.16. Azərbaycan Respublikasına gəlmənin
və Azərbaycan Respublikasından getmənin xüsusi
qaydalarının tətbiq edilməsi;
10.1.17. yaşayış
və ya olduğu yeri seçmək hüququnun məhdudlaşdırılması;
10.1.18. nəqliyyat
vasitələrinin hərəkətinin məhdudlaşdırılması;
10.1.19. komendant
saatı tətbiq edilməklə şəxslərin xüsusi
icazə vərəqələri və şəxsiyyəti təsdiq
edən sənədləri olmadan günün müəyyən
edilmiş vaxtlarında küçələrdə və ya
digər ictimai yerlərdə olmalarının qadağan edilməsi;
10.1.20. şəxslərin
xüsusi icazə vərəqələrinin və şəxsiyyətini
təsdiq edən sənədlərinin yoxlanılması,
qanunda nəzərdə tutulmuş əsaslarla onların şəxsi
əşyalarına, mənzillərinə və nəqliyyat
vasitələrinə baxış keçirilməsi, şəxslərin
və nəqliyyat vasitələrinin tutulub saxlanılması;
10.1.21. hərbi vəziyyət
rejimini pozan və hərbi vəziyyətin tətbiq edildiyi ərazidə
yaşamayan şəxslərin həmin ərazinin
hüdudlarından çıxarılması;
10.1.22. kütləvi
informasiya vasitələrinin məlumat və
materiallarının hərbi senzuradan keçirilməsi;
10.1.23. hərbi vəziyyət
tətbiq edildiyi ərazidə (ərazilərdə) kütləvi
informasiya vasitələrinin xüsusi fəaliyyət rejiminin tətbiq
edilməsi, qanuni əsaslar olduqda onların fəaliyyətinin
məhdudlaşdırılması və ya
dayandırılması haqqında aidiyyəti orqanlara təqdimatlar
verilməsi;
10.1.24. cəbhəboyu
zonada kütləvi informasiya vasitələrinin fəaliyyətinin
tənzimlənməsi;
10.1.25. əməyin
mühafizəsi normalarına və qaydalarına tam riayət
olunmaqla əhalinin təhlükəsiz yaşayış şəraitini
təmin edən obyektlərin bərpası, yanğın, təbii
fəlakətlərin və texnogen qəzaların nəticələrinin
aradan qaldırılmasına fiziki və hüquqi şəxslərin
cəlb edilməsi;
10.1.26. mülkiyyət
və təşkilati-hüquqi formasından asılı
olmayaraq idarə, müəssisə və təşkilatların
fəaliyyətinin tətil və ya digər üsullarla
dayandırılmasının qadağan edilməsi;
10.1.27. müdafiə
ehtiyaclarının yerinə yetirilməsini təmin etmək məqsədi
ilə mülkiyyət və təşkilati-hüquqi
formasından asılı olmayaraq idarə, müəssisə
və təşkilatların güc və əmək
ehtiyatlarının (resurslarının) səfərbər
olunması, səfərbərlik planlarına
(tapşırıqlarına) uyğun olaraq onların istehsalat
fəaliyyətinin növünün və ya iş rejiminin dəyişdirilməsi
(o cümlədən işçilərin iş vaxtından
artıq vaxtda işə cəlb olunması, əmək məzuniyyətindən
istifadə edilməməsi və ya məzuniyyətin başqa
vaxta keçirilməsi), bağlanılmış müqavilələr
əsasında hərbi və mühüm mülki məhsulların
istehsalına yönəldilməsi;
10.1.28. qanunla
müəyyən edilmiş qaydada fiziki və hüquqi şəxslərin
istifadəsində və mülkiyyətində olan
daşınar və daşınmaz əmlakın əvəzi
ödənilməklə, dövlət mülkiyyətində
olan daşınar və daşınmaz əmlakın isə əvəzsiz
olaraq müdafiə ehtiyacları üçün
alınması və ya istifadə edilməsi.
10.2. Hərbi vəziyyət rejiminin təmin
edilməsinə yönəldilmiş tədbirlərin müəyyən
edilməsi zamanı hərbi vəziyyət tətbiq ediləcək
ərazidə mülki müdafiə və ərazi müdafiəsinin
təşkili üzrə planlaşdırmanın nəticələri
nəzərə alınır.
10.3. Bu qanunla müəyyən edilən
hərbi vəziyyət rejiminin təmin edilməsinə
yönəldilmiş tədbirlər “Silahlı münaqişə
zamanı mədəni sərvətlərin qorunması
haqqında” 1954-cü il tarixli Haaqa
Konvensiyasına və həmin Konvensiyaya dair İkinci Protokola
uyğun olaraq həyata keçirilməlidir.
Maddə 11. Hərbi vəziyyət
dövründə tədbirlərin həyata keçirilməsi
hədləri
Hərbi vəziyyət dövründə
mülkiyyət və təşkilati-hüquqi formasından
asılı olmayaraq idarə, müəssisə və təşkilatların
hüquqlarının və qanuni mənafelərinin, vətəndaşların
hüquq və azadlıqlarının qismən və müvəqqəti
məhdudlaşdırılmasını nəzərdə tutan
tədbirlər vəziyyətin kəskinliyindən irəli gələn
hüdudlar daxilində tətbiq edilməli və Azərbaycan
Respublikasının Konstitusiyası, Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələr, bu qanun və digər
normativ hüquqi aktlardan irəli gələn öhdəliklərə
zidd olmamalıdır.
Maddə 12. Hərbi vəziyyət
dövründə mülki müdafiə və ərazi
müdafiəsi
Hərbi vəziyyət
dövründə mülki müdafiə və ərazi
müdafiəsi tədbirləri Azərbaycan
Respublikasının müdafiə qanunvericiliyinin tələblərinə
uyğun olaraq həyata keçirilir.
Maddə 13. Hərbi vəziyyət
dövründə referendumun, seçkilərin və ya yerli rəy
sorğusunun keçirilməsinin yolverilməzliyi
13.1. Azərbaycan
Respublikası ərazisinin 25 faizindən çoxunda hərbi vəziyyət
elan edildikdə, hərbi vəziyyət dövründə, həmçinin
hərbi vəziyyət ləğv edildikdən sonra 3
(üç) ay müddətində referendum, seçkilər
və ya yerli rəy sorğusu təyin edilə və
keçirilə bilməz.
13.2. Hərbi vəziyyət
dövründə Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan
Respublikasının Milli Məclisi deputatlarının, bələdiyyə
üzvlərinin seçkilərinin keçirilməsi
mümkün olmadıqda, onlar öz səlahiyyətlərini
hərbi vəziyyət ləğv edildikdən sonra
keçirilən seçkilərədək davam etdirirlər.
13.3. Hərbi vəziyyət elan
olunmazdan əvvəl yerli rəy sorğusuna
çıxarılmış məsələnin müzakirəsi
dayandırılır və təyin edilmiş yerli rəy
sorğusu hərbi vəziyyət ləğv edilənədək
təxirə salınır.
Maddə 14. Hərbi vəziyyət
rejiminin təmin olunması ilə əlaqədar silah, hərbi
və xüsusi texnika, fiziki güc və xüsusi vasitələrin
tətbiqi
14.1. Hərbi idarəetmə
orqanlarının hərbi qulluqçuları, habelə aidiyyəti
dövlət orqanlarının əməkdaşları xidməti
(qulluq) vəzifələrinin icrası zamanı hərbi vəziyyət
rejiminin təmin olunması ilə əlaqədar
aşağıdakı qanunazidd hərəkətlərin
qarşısının alınması üçün silah,
hərbi və xüsusi texnika, fiziki güc və xüsusi
vasitələri tətbiq edə bilərlər:
14.1.1. dövlət
və hərbi obyektlərə, fiziki və hüquqi şəxslərə
edilən hücumlar;
14.1.2. hərbi
qulluqçuların, aidiyyəti dövlət
orqanlarının əməkdaşlarının həyat və
sağlamlığı üçün təhlükə
törədən əməllər və ya onlara göstərilən
müqavimət;
14.1.3. mühafizə
olunan obyektlərə və qoşun birləşmələrinin
dislokasiya yerlərinə qanunsuz daxilolma cəhdləri;
14.1.4. kütləvi
iğtişaşlar və ictimai asayişin pozulması.
14.2. Silah, hərbi və xüsusi
texnika, fiziki güc və xüsusi vasitələr hərbi vəziyyət
rejimi qaydalarını pozan şəxslərin tutulub
saxlanılması, girovların və zəbt olunmuş obyektlərin
azad edilməsi, nəqliyyat vasitəsinin
dayandırılması haqqında qanuni tələbləri
yerinə yetirməkdən imtina edən
sürücünün saxlanılması, həyəcan
siqnalının verilməsi, yaxud yardımın
çağırılması məqsədi ilə də tətbiq
edilə bilər.
Maddə 15. Hərbi vəziyyət
rejiminin təmin olunmasında hərbi idarəetmə
orqanlarının vəzifələri
15.0. Hərbi vəziyyət rejiminin təmin
olunması ilə əlaqədar hərbi idarəetmə
orqanları aşağıdakı vəzifələri yerinə
yetirirlər:
15.0.1. hərbi vəziyyətin
tətbiq edildiyi əraziyə (ərazilərə)
giriş-çıxışın xüsusi rejiminin tətbiqi
və təmin edilməsi;
15.0.2. hərbi və mühüm
dövlət obyektlərinin, əhalinin təhlükəsiz
yaşayış şəraitini təmin edən obyektlərin,
nəqliyyatın, telekommunikasiya şəbəkə, qurğu
və obyektlərinin, poçt obyektlərinin, enerji təchizatı
müəssisələrinin, su təchizatı və
kanalizasiya sistemlərinin, su anbarlarının, insanlar və ətraf
mühit üçün yüksək təhlükə mənbəyi
olan xüsusi obyektlərin mühafizəsi;
15.0.3. əhalinin
təhlükəsiz yaşayış şəraitini təmin
edən obyektlərin bərpası, yanğınların, təbii
fəlakətlərin və texnogen qəzaların nəticələrinin
aradan qaldırılması;
15.0.4. ictimai qayda
və ictimai təhlükəsizliyin qorunması;
15.0.5. zorakı hərəkətlərlə
müşayiət olunan münaqişələrdə
iştirak edən tərəfləri silah, hərbi və
xüsusi texnika, fiziki güc və xüsusi vasitələr tətbiq
etməklə münaqişədən çəkindirməsi;
15.0.6. qanunsuz
silahlı birləşmələrin fəaliyyətinin,
terrorçuluq, casusluq, təxribat və Azərbaycan
Respublikasına qarşı yönəldilmiş digər
qanunazidd fəaliyyətin qarşısının
alınması;
15.0.7. hərbi vəziyyət
rejiminin təmin olunması üçün bu qanunla müəyyən
edilmiş digər tədbirlərin keçirilməsi.
Maddə 16. Hərbi vəziyyət
rejiminin təmin edilməsi və onun nəticələrinin
aradan qaldırılması üçün görülən
işlərin maliyyələşdirilməsi
Hərbi vəziyyət
rejiminin təmin edilməsi və onun nəticələrinin
aradan qaldırılması üçün görülən
işlərin maliyyələşdirilməsi müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi qaydada
dövlət büdcəsi hesabına həyata keçirilir.
Maddə 17. Cəbhəboyu zonada və
döyüşlərin aparıldığı ərazilərdə
hərbi vəziyyət rejiminin tətbiqi üzrə hərbi
idarəetmə orqanlarının səlahiyyətləri
17.1. Cəbhəboyu zonada, həmçinin
döyüşlərin aparıldığı və hərbi
vəziyyət rejimi tətbiq edilən ərazilərdə bu
qanunun 10-cu maddəsində göstərilən tədbirlər
müvafiq hərbi idarəetmə orqanları tərəfindən
həyata keçirilə bilər.
17.2. Cəbhəboyu zonanın (ərazinin)
hüdudları və hərbi idarəetmə
orqanlarının səlahiyyətləri hərbi vəziyyətin
elan edilməsi haqqında Azərbaycan Respublikası
Prezidentinin fərmanı ilə müəyyən edilir.
Maddə 18. Cəbhəboyu zonada təbliğat-izahat
işləri
18.1. Cəbhəboyu zonada hərbi vəziyyət
rejiminin tətbiqi ilə əlaqədar yerli əhali
arasında təbliğat-izahat işləri aparılır.
18.2. Müdafiə məsələləri
üzrə əlaqələndirmə şuraları hərbi
idarəetmə və digər aidiyyəti dövlət
orqanları ilə birlikdə yerli əhali arasında
sayıqlığın artırılması və dövlət
sirrinin yayılmasının qarşısının
alınması məqsədi ilə zəruri tədbirləri
həyata keçirirlər.
18.3. Cəbhəboyu zonada hərbi vəziyyət
rejiminin pozulması barədə məlumatların müvafiq
icra hakimiyyəti orqanına vaxtında
çatdırılması üçün qaynar xətt əlaqəsi
yaradılır.
3-cü fəsil
Hərbi vəziyyət
dövründə hüquq və azadlıqların təminatı,
hərbi vəziyyət dövrünün başa
çatmasının hüquqi nəticələri
Maddə 19. Hərbi vəziyyət
dövründə hüquqi və fiziki şəxslərin
hüquq və azadlıqlarının təminatı
19.1. Bu qanunla nəzərdə tutulan
hallarda qismən və müvəqqəti məhdudlaşdırılan
hüquq və azadlıqlar istisna olmaqla, hərbi vəziyyət
dövründə fiziki və hüquqi şəxslər Azərbaycan
Respublikasının Konstitusiyası və digər qanunları
ilə müəyyən edilmiş bütün hüquq və
azadlıqlardan istifadə edir.
19.2. Bu qanunun 10.1.27-ci maddəsinə
əsasən müdafiə ehtiyacları üçün səfərbər
olunmuş mülkiyyət və təşkilati-hüquqi
formasından asılı olmayaraq idarə, müəssisə
və təşkilatların işçilərinə Azərbaycan
Respublikasının Əmək Məcəlləsinə
uyğun olaraq əməkhaqqı və istifadə edilməmiş
əmək məzuniyyətinə görə kompensasiya ödənilir.
19.3. Hərbi vəziyyət rejiminin təmin
edilməsi və onun nəticələrinin aradan
qaldırılması üçün görülən
işlərlə əlaqədar zərər çəkmiş
şəxslərə bu qanunun 16-cı maddəsində nəzərdə
tutulmuş qaydada kompensasiya ödənilir.
19.4. Bu qanunun 10.1.25-ci maddəsinə
əsasən əməyi və əmlakı istifadə edilən
fiziki və hüquqi şəxslər dəymiş zərərin
ödənilməsini tələb etmək hüququna malikdirlər.
Maddə 20. Hərbi vəziyyət
dövrünün başa çatmasının hüquqi nəticələri
Hərbi vəziyyət rejiminin təmin
olunması məqsədi ilə vətəndaşların
hüquq və azadlıqlarının, həmçinin
mülkiyyət və təşkilati-hüquqi formasından
asılı olmayaraq idarə, müəssisə və təşkilatların
hüquqlarının və qanuni mənafelərinin qismən
və müvəqqəti məhdudlaşdırılması ilə
əlaqədar qəbul olunmuş hüquqi aktlar hərbi vəziyyət
dövrünün başa çatması ilə eyni vaxtda bu
barədə xüsusi məlumat verilmədən qüvvəsini
itirmiş hesab olunur.
4-cü fəsil
Hərbi vəziyyət
dövründə qanunvericilik və məhkəmə hakimiyyəti
orqanlarının, habelə Azərbaycan Respublikasının
İnsan Hüquqları üzrə Müvəkkilinin
(Ombudsmanın) fəaliyyətinin xüsusiyyətləri
Maddə 21. Hərbi vəziyyət
dövründə qanunvericilik orqanının fəaliyyəti
Hərbi vəziyyət dövründə Azərbaycan
Respublikasının Milli Məclisi Daxili Nizamnaməsinə
uyğun olaraq iclaslarını davam etdirir.
Maddə 22. Hərbi vəziyyət
dövründə ədalət mühakiməsinin həyata
keçirilməsi
22.1. Hərbi vəziyyət
dövründə və hərbi vəziyyət tətbiq edilən
ərazidə ədalət mühakiməsini yalnız Azərbaycan
Respublikasının Konstitusiyasına və “Məhkəmələr
və hakimlər haqqında” Azərbaycan Respublikasının
Qanununa uyğun yaradılan və fəaliyyət göstərən
məhkəmələr həyata keçirirlər.
22.2. Hər hansı fövqəladə
məhkəmə formalarının və növlərinin təsis
edilməsi, mühakimə icraatının sürətləndirilmiş
və ya fövqəladə növlərindən və
formalarından istifadə olunması qadağandır.
22.3. Hərbi vəziyyət tətbiq
olunmuş ərazidə fəaliyyət göstərən məhkəmə
Məhkəmə-Hüquq Şurasının qərarı ilə
müvəqqəti olaraq başqa əraziyə
köçürülə bilər.
Maddə 23. Hərbi vəziyyət
dövründə prokurorluq orqanlarının fəaliyyəti
Hərbi vəziyyətin tətbiq
edildiyi dövrdə Azərbaycan Respublikasının prokurorluq
orqanları prokurorluq haqqında qanunvericiliklə müəyyən
edilmiş qaydada fəaliyyət göstərirlər.
Maddə 24. Hərbi vəziyyət
dövründə Azərbaycan Respublikasının İnsan
Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) fəaliyyəti
Hərbi vəziyyətin elan
edilməsi Azərbaycan Respublikasının İnsan
hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) fəaliyyətini
dayandırmır və məhdudlaşdırmır.
5-ci fəsil
Yekun müddəalar
Maddə 25. Hərbi vəziyyətin elan edilməsi
haqqında Birləşmiş Millətlər Təşkilatına
və Avropa Şurasına məlumat verilməsi
25.1. Hərbi vəziyyət elan edildikdə, müvafiq icra hakimiyyəti orqanı “Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt”a və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya uyğun olaraq, 3 gün müddətində Birləşmiş Millətlər Təşkilatının və Avropa Şurasının baş katiblərini hərbi vəziyyət dövründə insan və vətəndaş hüquqlarının və azadlıqlarının qismən və müvəqqəti məhdudlaşdırılması, bu məhdudiyyətlərin həcmi və belə qərarın səbəbləri haqqında məlumatlandırır.
25.2. Müvafiq icra hakimiyyəti orqanı hərbi vəziyyət dövrünün başa çatması barədə Birləşmiş Millətlər Təşkilatının və Avropa Şurasının baş katiblərini məlumatlandırır.
Maddə 26. Qanunun pozulmasına görə məsuliyyət
Bu qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun məsuliyyət daşıyırlar.
Maddə 27. Keçid müddəa
Bu qanun qüvvəyə mindiyi gündən “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının 1994-cü il 6 yanvar tarixli 779 nömrəli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994, N 17, maddə 232; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, N 7, maddə 444; 2001, N 11, maddə 683; 2002, N 8, maddə 463; 2004, N 1, maddə 10; 2006, N 2, maddə 64) ləğv edilir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 fevral 2017-ci il
Azərbaycan.-
2017.-6 aprel.- S.5.