Azərbaycan beynəlxalq logistika mərkəzinə
çevrilir
Qlobal iqtisadi-ticarət əməkdaşlığında
ölkəmiz etibarlı tərəfdaş kimi
qəbul edilir
Logistika və ticarət sürətlə qloballaşan dünyaya iqtisadi inkişafın əsas təkanverici qüvvələrindən biri hesab olunur. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin təsdiq etdiyi strateji yol xəritələrindən biri Azərbaycanda logistika və ticarətin inkişafı ilə bağlıdır. Çünki Azərbaycan bu sahədə əlverişli coğrafi mövqeyə malikdir.
Bu mənada logistika imkanlarının genişləndirilməsi inkişafa xidmət etməklə yanaşı, ölkəmizin regional və beynəlxalq ticarətdə rolunun artmasına da gətirib çıxaracaq.
Bu sənəddə qarşıya qoyulmuş məqsədlər və prioritetlər isə həm də beynəlxalq əməkdaşlığı əhatə edir. Lakin Azərbaycan bu sahədə artıq illər öncədən layihələrin həyata keçirilməsinə başlayıb. Çünki Prezident İlham Əliyevin iqtisadi imkanların artırılması baxımından qarşıya qoyduğu vəzifələrdən biri xarici iqtisadi əlaqələrin genişləndirilməsidir. Digər tərəfdən, dövlət başçısının tapşırıqlarına uyğun olaraq, Azərbaycanın ixrac potensialının və yerli məhsulların xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi də xüsusən bu gün üçün əsas prioritetlərdən biridir. Azərbaycanın xarici ticarətinin strukturunda isə kənd təsərrüfatı məhsulları üstünlük təşkil edir və bu sahədə logistik mərkəzlərin yaradılması mühüm əhəmiyyət kəsb edir.
Bundan irəli gələrək Azərbaycanın ixrac imkanlarının genişləndirilməsi məqsədilə ölkədaxili ilə yanaşı, xaricdə də logistik mərkəzlərin yaradılması nəzərdə tutulur. Artıq Qazaxıstanın Aktau şəhərində Azərbaycanın İstehsal və Logistika Mərkəzi yaradılıb.
Bu, 25 faizi dövlətə məxsus olmaqla, Azərbaycanın xarici ölkələrdə ilk logistika mərkəzidir. Mərkəz Azərbaycanda istehsal olunan sənaye, kənd təsərrüfatı və ərzaq məhsullarının Qazaxıstan və digər Mərkəzi Asiya ölkələrinə, həmçinin Qazaxıstan mallarının ölkəmizə ixracı üçün əlverişli şərait yaradır. Azərbaycan və Qazaxıstan arasında iqtisadi-ticarət əlaqələrinin və regionda nəqliyyat infrastrukturunun inkişafı, beynəlxalq yükdaşımaların artırılması baxımından logistika mərkəzinin fəaliyyəti xüsusilə əhəmiyyətlidir. Kənd təsərrüfatı və digər qida məhsullarının saxlanmasını təmin edən mərkəz sahibkarlara, xüsusilə də ixracatçılara bir sıra imkanlar və üstünlüklər təqdim edir.
Bu mərkəzin Qazaxıstanda yaradılması təsadüfi deyil. Çünki oxşar keçmişə, bugünə və sabaha malik olan Azərbaycanla Qazaxıstan arasında münasibətlər sırf səmimi dostluğa əsaslanır. Bu münasibətlərin məğzində isə, şübhəsiz ki, xalqlarımızın eyni soykökə, vahid mənşəyə və tarixə, eləcə də gələcəklə bağlı oxşar inkişaf strategiyasına malik olması kimi mühüm amil dayanır. Lakin ərazisinin böyüklüyünə və əhalisinin sayına görə Orta Asiyanın ən böyük türk dövlətlərindən olan Qazaxıstanı Azərbaycanla mənəvi ortaqlıqdan başqa digər dəyərlər də bağlayır. Belə ki, hər iki türk dövləti son illər özünün dinamik sosial-iqtisadi inkişafının aktiv fazasına daxil olub. Ən əsası, hazırda böyük neft-qaz ixracatçısına çevrilən Azərbaycan və Qazaxıstan dünyanın enerji təhlükəsizliyinin real təminatçıları rolunda çıxış edirlər. Xəzərin statusu məsələsində fikir ayrılıqlarının olmaması, bu istiqamətdə tam razılığın əldə edilməsi əlaqələrin normal məcrada inkişafının göstəricisi sayıla bilər. Üstəlik, Xəzərlə bağlı işbirliyi regional əməkdaşlığa geniş imkanlar açır. Bütün bunlarla yanaşı, hər iki ölkə dünya siyasətinin əksər məsələlərinə münasibətdə oxşar mövqe tutur. BMT, İslam Konfransı Təşkilatı kimi beynəlxalq təşkilatlar çərçivəsində səmərəli qarşılıqlı fəaliyyət deyilənlərin əyani sübutudur. Ona görə Azərbaycan və Qazaxıstan arasında nəinki problem yoxdur, ümumiyyətlə, bu dövlətlər arasındakı münasibətlər strateji tərəfdaşlığa və etibarlı müttəfiqliyə söykənir.
Bir neçə gün əvvəl Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin Azərbaycana etdiyi rəsmi səfər iki ölkə arasında münasibətlərin ən yüksək səviyyədə inkişafının təsdiqi oldu. Prezident İlham Əliyev bu səfəri ikitərəfli münasibətlərdə böyük hadisə adlandıraraq deyib: “Bizim ölkələrimiz arasında ikitərəfli münasibətlərin möhkəm təməli var. Bu il biz dövlətlərimiz arasında diplomatik münasibətlər qurulmasının 25 illiyini qeyd edirik, hərçənd xalqlarımızın qarşılıqlı münasibətlərinin tarixi yüzilliklərlə hesablanır. Bu tarix həmişə dostluq, əməkdaşlıq, qarşılıqlı dəstək tarixi olub. Bu gün Qazaxıstan və Azərbaycan fəal inkişaf edən iki müstəqil dövlət kimi əməkdaşlığın ikitərəfli formatını möhkəmləndirir. Nursultan Abişeviçin bugünkü səfəri, apardığımız danışıqlar, imzalanmış sənədlər ölkələrimiz arasında olduqca möhkəm əlaqələrin mövcudluğunu sübut edir. Biz qarşılıqlı siyasi fəaliyyəti fəal inkişaf etdirir, həm rəsmi səfərlər, həm də beynəlxalq tədbirlər çərçivəsində çox tez-tez görüşürük. Söhbət etmək və münasibətlərimizin inkişaf yollarını müəyyənləşdirmək üçün həmişə vaxt tapırıq. Biz beynəlxalq strukturlarda fəal əməkdaşlıq edir, bir-birimizə həmişə qarşılıqlı dəstək oluruq. Bu da bizim münasibətlərimizin səmimiliyinin yaxşı göstəricisidir”.
Azərbaycanın qarşılıqlı tərəfdaşlıq və müttəfiqlik münasibətlərinə böyük önəm verdiyi Qazaxıstan bu gün həm də Mərkəzi Asiyanın ən sabit və inkişaf edən dövlətidir. Son illər əlaqələr daha da inkişaf edib, ikitərəfli münasibətlərdə bir sıra yeni əməkdaşlıq tellərinin təməli qoyulub. Dövlət başçılarının siyasi iradəsi və birgə səyləri qarşılıqlı faydalı iqtisadi layihələrin həyata keçirilməsinə şərait yaradır. Aktaudakı İstehsal və Logistika Mərkəzi belə layihələrdəndir.
Xatırladaq ki, mərkəzin inşasına dair razılıq 2013-cü ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısı çərçivəsində Azərbaycan və Qazaxıstan prezidentlərinin görüşündə əldə edilib. Daha sonra bu istiqamətdə dövlət başçıları tərəfindən müvafiq tapşırıqlar verilib. Həmin il logistika mərkəzinin inşasına dair Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, “Azərsun Holdinq” və Qazaxıstanın “Aktau Dəniz Limanı” Xüsusi İqtisadi Zonası arasında Anlaşma Memorandumu imzalanıb. Təməli 2014-cü il iyunun 28-də qoyulan və 2015-ci ilin dekabrında fəaliyyətə başlayan İstehsal və Logistika Mərkəzi ümumi anbar sahəsi 8730 kvadratmetr olan quru və soyuducu anbarlar və digər infrastrukturdan ibarətdir. Dəyəri 20 milyon ABŞ dolları olan mərkəzi Almaniya, Niderland, İtaliya, Yaponiya və Türkiyə istehsalı olan müasir sistemlər, müxtəlif anbar avadanlıqları, iri və xırdatonnajlı nəqliyyat vasitələri ilə təchiz edilib.
Aprelin 4-də Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Aktauda mərkəzin işə ilə tanış olub. Görülən işlər barədə məlumat verən Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev İstehsal və Logistika Mərkəzinin fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi üçün xüsusi gömrük rejiminin tətbiq olunmasının məqsədəuyğunluğunu diqqətə çatdırıb. Öz növbəsində Nursultan Nazarbayev Azərbaycan və Qazaxıstan dövlət başçılarının tapşırığının qısa müddətdə və keyfiyyətli icrasını yüksək qiymətləndirib və xüsusi gömrük rejiminin tətbiqi ilə bağlı Qazaxıstanın aidiyyəti orqanlarına müvafiq göstəriş verib.
Qeyd edək ki, Qazaxıstan Prezidentinin Azərbaycana səfəri zamanı imzalanan sənədlərdən biri də “Azərbaycan Dəmir Yolları” QSC ilə Qazaxıstan Dəmir Yolları Milli Şirkəti arasında logistika və dəmir yolu nəqliyyat maşınqayırması sahəsində strateji əməkdaşlıq haqqında Saziş” idi. Bu sənəd hər iki ölkənin logistik əməkdaşlığa verdiyi önəmin göstəricisidir. Ən əsası, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Aktauda logistika mərkəzinin açılması iki ölkə arasında ticari-iqtisadi əməkdaşlığın möhkəmlənməsinə yönəldilmiş birbaşa Azərbaycan sərmayəsidir.
Rəşad CƏFƏRLİ,
Azərbaycan.-
2017.-7 aprel.- S.1, 6.