Heydər Əliyevin milli inkişaf strategiyası uğurla davam edir

 

Tarix çoxdan sübut etmişdir ki, güclü iqtisadiyyatı olmayan ölkənin nə güclü ordusu, nə güclü dövləti, nə də güclü, azad və müstəqil insanları ola bilər. Öz vətəndaşlarının güzəranını layiqincə təmin edə bilməyən dövlətdə insanlar özlərini tam azad hesab etmir və öz hüquqlarını qorumaqda çətinlik çəkir, zəruri maddi tələbatlarını ödəyə bilmirlər. Güclü iqtisadiyyat isə təkcə təbii sərvətlərin və insan resurslarının bolluğu hesabına yaradılmır.

Təbii resurslar dövlətin, ölkənin inkişafında o zaman həlledici rol oynayır ki, bu resursların sahibi həmin ölkənin xalqı olsun, təbiətin bəxş etdiyi zəngin sərvətlərdən düzgün istifadə olunsun, iqtisadiyyat düzgün idarə edilsin, mükəmməl idarəetmə sistemi, yüksək texnologiyalar tətbiq olunsun və bunlar mövcud resurslardan səmərəli istifadə edilməklə dövlətin gücünü və qüdrətini artırsın.

Azərbaycan həmişə təbii sərvətləri ilə zəngin ölkələrdən biri olsa da, uzun müddət öz taleyinin ağası olmamış, başqa dövlətin tərkibində yalnız ona ayrılan xammal və enerji mənbəyi rolu ilə kifayətlənməli olmuş, təbiidir ki, bunlar onun iqtisadi inkişafına da mənfi təsir göstərmişdir.

Müstəqilliyini 25 il əvvəl bərpa edən Azərbaycan qısa bir müddətdə 80 ilə yaxın mövcud olmuş sovet sosializm sistemi iqtisadiyyatından yaxa qurtarmalı, yeni iqtisadi münasibətlər sisteminə keçməli, dünya iqtisadiyyatına inteqrasiya olunaraq onun bir parçasına çevrilməli, müasir dünyanın iqtisadi qanunlarının tələblərinə uyğun idarə olunmalı idi.

Sovet dönəmində 15 ildən artıq Azərbaycan Respublikasına rəhbərlik etmiş ulu öndər Heydər Əliyev qısa müddətdə Azərbaycanı xammal mənbəyi sayılan aqrar respublikadan sənaye respublikasına çevirməyə nail olmuşdur.

Məhz onun respublikaya rəhbərlik etdiyi illərdə onlarla yeni sənaye sahələri yaradılmış, ölkənin kifayət qədər böyük kadr potensialı formalaşdırılmışdı.

Təəssüf ki, Sovet İttifaqının tərkibində əldə edilmiş iqtisadi potensialı qoruyub saxlamaq və inkişaf etdirmək, daha yüksək inkişafa nail olmaq, daha zəngin iqtisadi baza yaratmaq mümkün olmadı.

1991-ci ildə müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası ilk gündən çox ciddi sınaqlara məruz qaldı. Ermənistanda yaşayan soydaşlarımız doğma yurdlarından didərgin salındı, öz himayədarlarına güvənən erməni işğalçılarının ölkəmizə təcavüzü nəticəsində torpaqlarımız işğal edildi, Dağlıq Qarabağda yaşayan həmvətənlərimiz məcburi köçkün vəziyyətinə düşdü, qısa müddətdə iqtisadiyyatımız bərbad hala salındığından ölkə öz inkişafını davam etdirə bilmədi.

Müstəqilliyimizin ilk illərində hakimiyyət başında olan qüvvələr isə ancaq öz kreslolarını qorumağa çalışaraq bu sahədə heç bir iş görə bilmədilər. Buna onların nə səriştəsi, nə təcrübəsi, nə də bilik və bacarıqları imkan verirdi. Bütün sahələrdə nümayiş etdirdikləri naşılıq və xamlıq respublikanı, sözün həqiqi mənasında, bərbad günə qoymuş, iflic vəziyyətinə salmışdı.

1993-cü ilin iyununda xalqın yekdil tələbi ilə yenidən respublika rəhbərliyinə qayıdan ulu öndər vaxtilə yaratdığı iqtisadi bazanın tamamilə məhv edildiyini və Azərbaycanın qarşısında çox böyük çətinliklərin durduğunu dərk edərək bütün varlığı ilə öz xilaskarlıq missiyasını yerinə yetirməyə başlamış, Azərbaycan xalqını öz ətrafında sıx birləşdirərək atəşkəsin əldə edilməsinə nail olmuş, yaranmış imkandan istifadə edərək ölkənin iqtisadi qüdrətini yaratmaq və qurmaq üçün yeganə yolun dərin iqtisadi və hüquqi islahatlardan keçdiyini elan etmiş və bu islahatlara start vermişdi.

Ulu öndər 1994-cü il noyabrın 19-da YAP-ın yaradılmasının ikinci ildönümü münasibətilə keçirilən ümumrespublika müşavirəsində deyirdi: “Mən gəlmək istəmirdim. Ancaq yenə də xalqın mənafeyini, millətin mənafeyini, Azərbaycanın mənafeyini öz mənafeyimdən üstün tutub Bakıya qayıtdım. Mən bütün xalqın mənafeyini ifadə etməli idim. Belə də etdim. Bu gün də xalqın mənafeyini ifadə edirəm...”

Həmişə öz xalqına güvənən, ondan güc alan Heydər Əliyev böyük fəxr və qürurla deyirdi ki, xalqın, vətəndaşların, insanların böyük əksəriyyəti həm Azərbaycanın müstəqilliyini istəyir, həm ərazi bütövlüyünü istəyir, həm ölkəmizin müharibə şəraitindən çıxmasını istəyir, həm də Yeni Azərbaycan Partiyasının tutduğu yolla getməsini istəyir, “Buna görə bax mən bu xalqı qucaqlayıram” sözləri ilə öz sevincini ifadə edirdi.

Ulu öndər hakimiyyətə gəldiyi gündən respublikada gedən siyasi oyunlar nəticəsində yaranmış hərc-mərcliyi, xaosu, separatçılıq dalğasını aradan qaldıraraq sabitliyi təmin etdi və ilk imkan yaranan andan iqtisadi islahatlara başladı.

1993-cü il noyabrın 19-da ulu öndərin respublika Prezidenti kimi keçirdiyi və bilavasitə ölkənin iqtisadi vəziyyətinə həsr olunmuş ilk müşavirəni xüsusi qeyd etmək lazımdır. Ulu öndər həmin müşavirədə ilk növbədə respublikanın müharibə vəziyyətində olduğuna görə ağır iqtisadi şəraitə düşdüyünü, bunu aradan qaldırmaq üçün bir çox ciddi tədbirlər həyata keçirmək lazım gəldiyini, bu tədbirlər vasitəsilə iqtisadiyyatda böhran prosesini dayandırıb iqtisadi potensialdan səmərəli istifadə olunması üçün şərait yaradılmasının vacibliyini qeyd edirdi.

Heydər Əliyev göstərirdi ki, həmin dövrdə iqtisadiyyatın əsas sahəsi olan istehsal sahəsi respublikada ardıcıl olaraq zəiflədiyindən sosial gərginlik də son həddə çatmış və insanların yaşayış tərzi xeyli aşağı düşmüş, bu da ölkənin iqtisadi və maliyyə imkanlarını son dərəcə məhdudlaşdırmışdır.

Ümummilli lider 1994-cü il avqustun 11-də respublika iqtisadiyyatının vəziyyətinə həsr olunmuş müşavirədə ötən əsrin 70 ili ərzində respublikada yaradılmış iqtisadi potensialdan səmərəli istifadə etməyi böhrandan çıxmaq üçün əsas yol hesab edir və özünün rəhbərliyi ilə tikilmiş sənaye müəssisələrinin tam gücü ilə işləməməsindən narahatlığını ifadə edirdi. Heydər Əliyev Azərbaycanın strateji inkişaf yolundan danışarkən deyirdi: “Dəfələrlə qeyd etdiyimiz kimi, müstəqil Azərbaycan dövlətinin iqtisadiyyat sahəsindəki strateji yolu, strateji xətti bundan ibarətdir ki, bizdə mülkiyyət forması tədricən dəyişdirilməli, iqtisadiyyatımız bazar iqtisadiyyatı əsasında qurulmalı, təşəbbüskarlığa geniş meydan verilməlidir. Məhz bu, iqtisadiyyatımızın strateji yoludur”. Ulu öndər ölkədə inzibati-amirlik üsullarının tətbiq ediləcəyi barədə uydurmaları da sərt tənqid edir və Azərbaycanın strateji yolunu hərtərəfli şərh edərək deyirdi: “Biz bu yolla getməliyik. Amma elə getməliyik ki, bir tərəfdən səhvlər buraxmayaq, digər tərəfdən isə bu yolda uduzmayaq və ciddi nəticələr əldə edək”.

Öz vətəninin, öz millətinin ən fədakar şəxsiyyətlərindən olan Heydər Əliyev hər zaman, hər bir işdə ümumi mənafeləri ön plana çəkirdi. Həmin dövrdə respublikada iqtisadiyyatın idarə olunmasında yol verilən nöqsanlar onu çox narahat edirdi. Xüsusilə respublikada istehsal olunan məhsulların ixracında və əldə edilən vəsaitin ölkəyə gətirilməsində qarışıqlıq və qanun pozuntusu olduğunu qeyd edərək deyirdi: “Bəzən ayrı-ayrı qrupların, dairələrin mənafeyi ümumrespublika mənafeyindən, ümumxalq mənafeyindən üstün qoyulur, ona görə də biz bu sahədə istənilən nəticələri əldə edə bilmirik”.

Respublikanın bütün dövlət qurumlarının, o cümlədən iqtisadi qurumların rəhbərlərinin iştirak etdiyi bu müşavirədə edilən çıxışları dinlədikdən sonra Heydər Əliyev ürək ağrısı ilə qeyd edirdi: “Bütün çıxışlar onu göstərdi ki, Azərbaycan iqtisadiyyatı, maliyyə vəsaiti, kredit-pul vəziyyəti çox ağır haldadır. Əgər ciddi tədbirlər görülməsə, ciddi addımlar atılmasa, konkret əməli iş görülməsə, bu iqtisadi böhran, sosial böhran daha da gərginləşəcək və bizim üçün ağır problemlər yaradacaq”.

Heydər Əliyev həmin müşavirədə bütün dövlət orqanlarına verdiyi tapşırıqların icrası üçün müharibə dövrünün tələblərinə uyğun olaraq cəmi 3-5 gün vaxt qoyur və həmin vaxt ərzində təkliflər verilməsini qəti tapşırırdı. Müstəqillik əldə olunduqdan sonra islahatların gecikdirilməsi ilə heç cür razılaşa bilməyən ulu öndər izah edirdi ki, bazar iqtisadiyyatı ümumiyyətlə sosialist iqtisadiyyatına zidd olan bir iqtisadiyyatdır. Ancaq respublika rəhbərliyinin bütün səviyyələrində təmsil olunan və özünü sosialist iqtisadiyyatına, sosialist ideologiyasına zidd hesab edən qüvvələrin hakimiyyətə gəldikdən sonra bazar iqtisadiyyatının tətbiqi üçün heç bir iş görmədiklərini anlaya bilmədiyini göstərərək soruşurdu ki, konservativ, yəni mühafizəkar elementlərin, mühafizəkar qüvvələrin onlara heç bir maneçiliyi olmadığı halda, həmin şəxslər bu sərbəst iqtisadiyyatın yaradılmasını nə üçün həyata keçirməyiblər? Heydər Əliyevin bu sözlərində böyük həqiqət vardır və bir daha sübut edir ki, o zaman iş başına gətirilən təcrübəsiz kadrlarla heç bir islahat aparmaq olmazdı.

Heydər Əliyev özündən əvvəl hakimiyyətdə olanların bacarıqsızlığını diqqətə çatdıraraq deyirdi ki, onlar bunu bacara bilmirdilərsə, heç olmasa bu barədə lazımi qərarlar verib bir yol açmaq lazım idi: “Ola bilərdi ki, bu yolda müəyyən səhvlər olsun... Amma buna yol açmaq lazım idi. Ancaq mən belə görürəm ki, kommunist ideologiyasını, sosialist iqtisadiyyatını tənqid edən qüvvələr hakimiyyəti ələ keçirəndən sonra, hakimiyyəti ələ alandan sonra onun ziddinə olan yeni bir iqtisadiyyat sistemini tətbiq etmək istəmirdilər. Mən belə başa düşürəm... Ona görə də mən birmənalı deyirəm, biz hazırkı iqtisadiyyata keçməliyik, digər anlaşmaya keçməliyik və bunun qarşısına cürbəcür bəhanələr qoymamalıyıq”. Ulu öndər bu yolda hətta itkilərin də ola biləcəyini qeyd edir və buna cəsarətlə getməyi tövsiyə edirdi.

Heydər Əliyev o dövrdə Ali Sovetin funksiyalarını yerinə yetirən Milli Məclisin fəaliyyətindən də narazılığını ifadə edərək ölkə üçün taleyüklü məsələlərin diqqətdən kənarda qoyulmasına təəssüfləndiyini qeyd edir və deyirdi: “Milli Məclis 1992-ci ilin ortasından 1993-cü ilin iyun ayına qədər mütəmadi işləyib. Çox qanunlar qəbul edib... Ancaq əsas məsələlər haqqında ya qanun qəbul olunmayıbdır, ya da qanun qəbul olunubdur və həyata keçirilməyib. Bu, ümumiyyətlə, çox təəccüblü şeydir”.

Həmin müşavirədə ulu öndər əsas məsələlərdən birinin özəlləşmə məsələsi olduğunu xüsusi qeyd edir, bu işdə riskə getmək lazım olduğunu deyir, belə naməlum vəziyyətdə yaşamağın mümkünsüzlüyünü qeyd edərək bizim bir sistemdən çıxsaq da, başqa sistemə keçmədiyimizi göstərir, keçid dövrünü başa vurmağın vacibliyini vurğulayaraq deyirdi: “Bu keçid dövründə gəlin bir yığışaq, gücümüzü yığaq, bir sıçrayış edək. Ya onda biz o biri sahilə düşəcəyik, ya da ki, bataqlığa düşəcəyik. Yoxsa elə bu sahildə durub fikirləşək ki, buradan mən hoppana biləcəyəm, atıla biləcəyəm o tərəfə, yaxud da bilməyəcəyəm. Bu qədər düşünmək olmaz”.

Dünyada və ölkədə gedən prosesləri diqqətlə izləyən Heydər Əliyev yaranmış vəziyyətdən çıxmaq üçün qəti qərarlar, qəti addımlar atmağın zəruriliyini çox gözəl dərk edir və xalqı islahatlar aparmağa səfərbər edir, keçmiş sosialist iqtisadiyyatına və SSRİ-nin bərpasına qayıdışı tam yolverilməz hesab edir, ölkənin geriyə yox, yalnız irəliyə, bazar iqtisadiyyatına doğru getməsini qarşıya məqsəd qoyurdu.

Ulu öndər görülən işlərin mahiyyətini şərh edərək deyirdi ki, onun rəhbərliyi dövründə iş adamları üçün, biznes, sahibkarlıq üçün şərait yaradılacaqdır və bu şərait ona görə yaradılacaq ki, iqtisadiyyatımız inkişaf etsin.

Ulu öndər xalqa, iş adamlarına müraciət edərək onların özlərini də bu təşəbbüsə qoşulmağa çağırır, biznesin sərbəstliyinin həm iqtisadiyyatın inkişafına, həm də xalqın bütün təbəqələrinin həyat səviyyəsinin yüksəldilməsinə xidmət edəcəyini bildirirdi. Heydər Əliyevin təşəbbüsü ilə sonradan bir çox mühüm qərarlar qəbul olunub həyata keçirilməsəydi, Azərbaycan iqtisadiyyatının bugünkü inkişafı olmazdı.

Heydər Əliyev 1995-ci il martın 7-də respublikada iqtisadi islahatların həyata keçirilməsinə həsr olunmuş müşavirədə bir daha qeyd edirdi ki, Azərbaycan dövlətinin iqtisadi sahədə siyasəti onun iqtisadiyyatını bazar iqtisadiyyatı yolu ilə qurmaqdan və bu yol ilə Azərbaycan iqtisadiyyatını dünya iqtisadiyyatı ilə bağlamaqdan, yəni inteqrasiya etməkdən ibarətdir. Ulu öndər təkcə belə bəyanatlar verməklə kifayətlənməyərək əməli iş görür, onun təşəbbüsü ilə kolxoz və sovxozların islahatını aparmaq üçün ilk qəti addımlar atılırdı. Həmin müşavirədə ümummilli lider deyirdi: “Bir Prezident kimi, dövlət başçısı kimi mənim mövqeyim məlumdur. Mən Azərbaycanda dövlət başçısı, Prezident vəzifəsini həyata keçirməyə başlamamışdan bir neçə il öncə də, ümumiyyətlə Sovetlər İttifaqı dağılandan, Azərbaycan müstəqillik qazanandan, hətta Azərbaycan müstəqilliyə can atan vaxt özəlləşdirmənin, iqtisadi islahatların tərəfdarı olmuşam: nəinki tərəfdarı olmuşam, hətta onların Azərbaycanda həyata keçirilməsinin həddindən ziyadə zəruri olduğunu bildirmişəm”.

Heydər Əliyevin dahiliyi və uzaqgörənliyi bilavasitə onun rəhbərliyi ilə hazırlanıb qəbul edilmiş yeni Azərbaycan Konstitusiyasında bütün parlaqlığı ilə sübut olunmuşdur. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsində qəbul olunmuş Konstitusiyanın 13-cü maddəsində Azərbaycanda mülkiyyət toxunulmazlığının dövlət tərəfindən müdafiə olunması, mülkiyyətin dövlət, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə olması, mülkiyyətdən insan və vətəndaş hüquq və azadlıqlarının, cəmiyyət və dövlət, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməməsi, 15-ci maddəsində dövlətin bazar münasibətləri əsasında sosialyönümlü iqtisadiyyatın inkişafına şərait yaratması, azad sahibkarlığa təminat verilməsi, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol verilməməsi, 29-cu maddəsində mülkiyyət hüququnun, o cümlədən xüsusi mülkiyyət hüququnun qanunla qorunması və digər məsələlər, 59-cu maddəsində isə hər kəsin azad sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməsi məsələləri təsbit olunmuşdur.

Ümummilli liderin uzaqgörənliyi sayəsində Azərbaycan dövlətinin yeni iqtisadi idarəetmə sistemi yaranır və formalaşırdı. Bu məsələlər o zaman mövcud olan gərginliyə və ölkə daxilində ayrı-ayrı siyasi qüvvələrin müqavimətinə baxmayaraq, ardıcıl olaraq həyata keçirilir, qəbul olunan hər bir qərar geniş müzakirələrin nəticəsi olurdu. 1996-cı il yanvarın 8-də Nazirlər Kabinetinin ilk dəfə Heydər Əliyevin sədrliyi ilə keçirilən iclasında ölkə iqtisadiyyatının idarə edilməsinin təşkilati strukturunun təkmilləşdirilməsi və özəlləşdirmənin həyata keçirilməsi tədbirləri, həmin il aprelin 4-də isə respublikada kənd təsərrüfatının vəziyyəti və “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının qanun layihəsi müzakirə olunmuş və uzun müddətə hesablanmış proqramlar qəbul edilmişdir. Təbiidir ki, bu məsələlər hər müzakirədən sonra daha da dəqiqləşdirilir və ən məqbul qərarlar qəbul olunurdu.

Ulu öndər müstəqilliyimizin ilk illərində Türkiyədən Azərbaycana ayrılmış 250 milyon dollar kreditdən vaxtında istifadə olunmamasına 1993-cü il noyabrın 19-da keçirilən müşavirədə çox sərt münasibət bəsləyərək ondan necə istifadə edilməsi barədə cəmi 5 gün ərzində təkliflər verilməsini tələb edirdi. Həmin müşavirənin sonunda bir daha vurğulayırdı ki, bu görüşdən sonra hər bir vəzifəli şəxs iqtisadiyyatımızın bundan sonrakı vəziyyəti haqqında öz məsuliyyətini hiss etməli, Azərbaycanın böyük iqtisadi potensialından səmərəli istifadə edilməsinə səy göstərməlidir.

Ulu öndərin bütün müəssisə və idarə rəhbərlərindən əsas tələbi bu idi ki, istər özəl, istərsə də dövlət müəssisəsi olsun, onların rəhbərləri ümumi məqsəddən yayınmamalı, dövlət müəssisələrini özəlləşdirib ondan yalnız şəxsi qazanc götürmək üçün istifadə etməməlidirlər. O deyirdi: “Bilirsinizmi, əgər biz hamımız respublikanın qayğısı ilə yaşayırıqsa, hər birimiz onu bu ağır vəziyyətdən çıxarmaq istəyiriksə, onda hərə öz sahəsində bütün imkanlardan istifadə edərək, var qüvvə ilə səy göstərərək, bütün bilik və təcrübəsini səfərbərliyə alaraq müəyyən bir iş görməlidir ki, ümumi işimiz irəliləsin”.

Ümummilli liderin başladığı və həyata keçirdiyi iqtisadi islahatları sadalayarkən ilk növbədə ölkədə sosialist mülkiyyət formasından və idarəetmə sistemindən bazar iqtisadiyyatına keçmək üçün qəbul etdiyi müdrik və uzaqgörən qərarları, təsdiq etdiyi dövlət proqramlarını, respublikada tamamilə yeni mülkiyyət formalarının tətbiqinə yol açan fərman və sərəncamları qeyd etməliyik. Bu baxımdan dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında I və II dövlət özəlləşdirmə proqramlarını qeyd etmək xüsusilə vacibdir. Qısa müddət ərzində Azərbaycanda fəaliyyətsiz qalan yüzlərlə iri və kiçik müəssisə özəlləşdirilərək sahibkarlar sinfinin formalaşmasına şərait yaradıldı.

Öz mənalı ömrünü bütünlüklə Azərbaycan xalqına xidmətə həsr edən Heydər Əliyev ölkədə həyata keçirilən islahatlar üçün daşıdığı tarixi məsuliyyətini dərk edərək müdrik siyasi rəhbər kimi Azərbaycanın əsas təbii sərvəti olan neftdən Azərbaycan xalqının mənafeyi naminə düzgün istifadə olunmasına müstəsna əhəmiyyət verirdi. Hakimiyyətə qayıtdıqdan dərhal sonra bu sahədə bağlanmış beynəlxalq müqavilələrin yalnız Azərbaycanın mənafeyinə uyğun olaraq imzalana biləcəyini bəyan etmiş və onların imzalanmasını təxirə salmışdı.

1994-cü il fevralın 4-də Azərbaycanın neft yataqlarının istismarı sahəsində müqavilələr bağlanmasına dair danışıqların gedişi haqqında məsələ üzrə keçirilmiş müşavirədə deyirdi ki, neft sənayesi onun iqtisadiyyatının əsas hissələrindən biridir və neft sənayesinin bugünkü vəziyyəti və gələcək inkişafı Azərbaycanın, xüsusən müstəqil Azərbaycan dövlətinin iqtisadiyyatına çox böyük təsir göstərir. Bununla əlaqədar dərhal ciddi araşdırmalar aparılmasını təşkil edən Heydər Əliyev deyirdi ki, əgər Azərbaycan xalqının ən böyük sərvəti olan neft məhsulundan biz bundan sonra xarici şirkətlərlə müştərək istifadə edəcəyiksə, onu elə edək ki, Azərbaycanın mənafeyinə burada nəinki zərər dəyməsin, onun qazancı maksimum yüksək olsun.

Ümummilli lider belə kontraktların 30 illiyə bağlanıldığını qeyd edərək deyirdi: “...Bizim indiki nəslimiz və gələcək nəsillərimiz uzun müddət bu kontraktdan bəhrələnməlidirlər. Azərbaycan iqtisadiyyatı bundan istifadə etməlidir və müstəqil Azərbaycan dövləti üçün bu, mənfəət gətirməlidir... Bu iş 30 illik bir müddət üçün nəzərdə tutulan bir işdirsə, onu gərək biz tam məsuliyyətlə, eyni zamanda, tam arxayınlıqla edək ki, bu gün də və gələcəkdə də heç vaxt heç kəs əziyyət çəkməsin ki, haradasa nəsə səhv buraxıldı və buraxılan səhv bu gün olmasa da, 10 il, 15 il bundan sonra Azərbaycanın iqtisadiyyatına zərər gətirə bilər”. Çox güclü xarici təzyiqlərə və maneələrə baxmayaraq, 1995-ci il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” məhz Heydər Əliyevin səyləri nəticəsində Azərbaycan üçün ən əlverişli şərtlərlə hazırlanmışdır.

1994-cü il dekabrın 22-də keçirilən “Azərbaycan Respublikasının iqtisadiyyatında aqrar islahatların aparılması haqqında” müşavirədə və ondan bir gün sonra dekabrın 23-də keçirilən Azərbaycan Respublikasında aqrar islahatların aparılmasına həsr olunmuş ümumrespublika müşavirəsində keçmiş Sovet məkanında ilk dəfə Azərbaycanda torpaq islahatının aparılmasına start verildi. Xalqın torpaq üzərində mülkiyyət hüququ bərpa edilərək torpağın öz sahibinə, kəndliyə verilməsi barədə tarixi əhəmiyyət daşıyan qərar qəbul olundu. Heydər Əliyevin fərmanı ilə Dövlət Torpaq Komitəsi yaradıldı, son dərəcə məsuliyyətli və respublika üçün taleyüklü bir məsələ olan torpaq islahatı bilavasitə onun özünün rəhbərliyi altında bir neçə il ərzində uğurla başa çatdırıldı. Belə bir islahatın aparılması beynəlxalq təşkilatlar, dünyanın iqtisadi qurumları tərəfindən yüksək qiymətləndirildi. Torpaq islahatının ən uğurlu nümunəsinin Azərbaycanda tətbiq olunması məhz Heydər Əliyevin cəsarətli, müdrik siyasətinin nəticəsi idi.

Həmin müşavirədə Heydər Əliyev deyirdi ki, aqrar sektorda islahatların aparılması çox vacib məsələ olduğuna görə bu məsələ dəfələrlə müzakirə olunmuş və olunmalıdır. Respublika sarayında müzakirəyə çıxarılan məsələ ilə əlaqədar deyirdi: “Biz sərbəst fikir mübadiləsi apararaq müəyyənləşdirməliyik ki, bu işdə nəyi düz eləyirik, nəyi düz eləmirik. Yəni mənim fikrim ondan ibarətdir ki, ümumi fikir bildirilsin, səhvlərə yol verilməsin”.

Qarşıya qoyulan məsələlər hərtərəfli öyrənildikdən, xalqın dəstəyini aldıqdan sonra torpaq islahatının aparılması barədə müvafiq proqramlar və qərarlar təsdiq edilərək həyata keçirildi.

Heydər Əliyev ideyalarının layiqli davamçısı Prezident İlham Əliyevin bu yola, bu ideyalara sadiq olduğunu respublikada ulu öndərin vəfatından sonra həyata keçirilən nəhəng proqramların icrası, iqtisadi islahatların gündən-günə dərinləşməsi əyani sübut edir.

Ulu öndərin yadigar qoyduğu Azərbaycan dövlətinin iqtisadi və hərbi qüdrətinin gündən-günə artırılması ölkə Prezidenti İlham Əliyevin apardığı dərin islahatlarla davam etdirilmişdir.

Azərbaycanda iqtisadi islahatlar daimi proses olaraq həmişə davam etdirilmiş və etməkdədir. Dövlət başçısının 2016-cı il 19 iyul tarixli fərmanı ilə özəlləşdirmənin davamı sürətləndirilmiş, Əmlak Məsələləri Dövlət Komitəsinin xətti ilə ötən il ərzində 4-dən artıq hərrac keçirilmiş və bu hərraclarda 111 dövlət əmlakı, ümumilikdə isə ilin əvvəlindən indiyədək 230-a yaxın kiçik dövlət müəssisəsi və obyekti, qeyri-yaşayış sahəsi, yarımçıq tikililər, 140-dan çox müəssisə və obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilmişdir. Ötən dövrdə 126 mindən çox daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydə alınmış və bunlardan 36 mini ilkin, 90 mini isə təkrar qeydiyyatdır. Məhz ulu öndərin başladığı islahatların davamının nəticəsidir ki, bu gün Azərbaycan iqtisadiyyatında ümumi məhsulun 75 faizi özəl sektorun payına düşür.

Heydər Əliyev yolunun ən böyük davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi islahatlardan danışarkən ilk növbədə ölkənin ali idarəetmə sistemində və digər idarəetmə qurumlarında aparılan islahatlar üzərində də dayanmaq lazımdır. Konstitusiyaya edilmiş dəyişikliklər əsasında ayrı-ayrı mərkəzlər tərəfindən hüquqdan sui-istifadə etməklə milli dövlətlərin iradəsinə təzyiq göstərilməsinin yolverilməz olduğu, sahibkarların sosial öhdəlik subyektinə çevrilməsi, torpaq üzərində mülkiyyət hüququnun təminatının torpaqlardan səmərəli istifadə etmə prinsipi əsasında tənzimlənməsi, məhkəmə orqanlarında süründürməçiliyə son qoyulmasının və ədalətli mühakimənin, qərəzsizliyin təmin olunması təsbit edilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev İsveçrənin Davos şəhərində hər il keçirilən Ümumdünya İqtisadi Forumunda iştirak edərək onun imkanlarından Azərbaycan iqtisadiyyatının inkişafı və Azərbaycan həqiqətlərinin təbliği üçün çox səmərəli istifadə edir, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasını gücləndirir. 2017-ci ildə keçirilən və 50-dən çox dövlət, hökumət başçısının, dünyanın aparıcı korporasiyaları rəhbərlərinin iştirak etdiyi bu forumda Azərbaycan Prezidenti yenə diqqət mərkəzində olmuşdur.

İqtisadi islahatların dərinləşməsindən bəhs edərkən 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyəsi ilə hazırlanmış yol xəritələri xüsusi qeyd edilməlidir. Bu xəritələrin hazırlanmasında 400-dən artıq xarici və yerli ekspert iştirak etmiş, çoxsaylı görüşlər keçirilmiş, 1000-dən çox yazılı təklif nəzərə alınmışdır. Həmin xəritələr milli iqtisadiyyatın perspektivliyini, neft və qaz sənayesi, kənd təsərrüfatı, kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalı, ağır sənaye və maşınqayırma, turizm, logistika və ticarət, uyğun qiymətə mənzil təminatı, peşə təhsili və təlimi, maliyyə xidmətləri, telekommunikasiya və informasiya, kommunal xidmətlər kimi mühüm sahələri əhatə edir.

Azərbaycanın dövlət müstəqilliyinin 25-ci ildönümünə həsr olunmuş rəsmi qəbulda Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, 2003-cü ildən bugünə qədər Azərbaycanda sürətli inkişaf dövrü yaşanır, Heydər Əliyev siyasəti davam etdirilir və biz iqtisadi sahədə analoqu olmayan inkişaf dövrünü keçmişik.

Xalqımızın böyük siyasi xadimi kimi təkcə Azərbaycanın deyil, keçmiş Sovetlər İttifaqının, eləcə də bütün türk dünyasının tarixində öz izini qoymuş ulu öndər Heydər Əliyev Azərbaycanın xoşbəxt gələcəyinə, bu ölkəyə rəhbərlik edərək onun yolunu davam etdirən hörmətli Prezidentimiz İlham Əliyevə dərindən inanır və buna böyük nikbinliklə baxdığını deyirdi. Onun ümidlərinin və arzularının reallaşdığını Azərbaycan dövlətinin bugünkü iqtisadi inkişafı bir daha sübut edir.

Azərbaycan dövlətinin müstəqilliyinin əbədiliyini, onun müstəqil iqtisadiyyatında, demokratik inkişafında, güclü ordusunda, ən başlıcası, xalqının iqtidarla monolit birliyində görən Heydər Əliyevin bütün sahələrdə bizim üçün miras qoyduğu inkişaf və tərəqqi yolu daimidir və dönməzdir.

 

Süleyman İSMAYILOV,

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının

Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri,

YAP Siyasi Şurasının üzvü

 

Azərbaycan.- 2017.-7 aprel.- S.1, 4.