Bakı ilə yanaşı, bölgələrimizdə
də müasir turizm infrastrukturu yaradılıb
Prezident
İlham Əliyev “AITF-2017” XVI Azərbaycan Beynəlxalq turizm və
səyahətlər sərgisi ilə tanış olub
Aprelin 6-da Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və birinci
xanım Mehriban Əliyeva Bakı Ekspo Mərkəzində
“AITF-2017” XVI Azərbaycan Beynəlxalq turizm və səyahətlər
və “HOREX Caucasus-2017” XI Qafqaz Beynəlxalq mehmanxana, restoran və
supermarketlər üçün avadanlıq və ləvazimatlar
sərgiləri ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sərgilər barədə dövlətimizin başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verdi. Bildirildi ki, builki sərgidə 22 ölkəni təmsil edən 272 şirkət iştirak edir. Ziyarətçilər 90-dan artıq xarici turizm istiqaməti, eləcə də ölkə daxilində istirahət imkanları ilə tanış ola biləcəklər. Sərgidə 17 milli və regional stend təmsil olunur.
Prezident İlham Əliyev əvvəlcə Mədəniyyət və Turizm Nazirliyinin stendi ilə tanış oldu. Nazirlikdən başqa, burada 7 qurum təmsil olunur. Bu şirkətlər sərgidə turizmin müxtəlif istiqamətləri üzrə xidmətlər təklif edir. Ümumilikdə, stenddə Azərbaycanın turizm marşrutları, turizm məkanları, paytaxtla yanaşı, bölgələrimizdə mövcud turizm infrastrukturu və rayonlarımızın turizm potensialı barədə məlumat verilir.
Dövlətimizin başçısı sonra Azərbaycan Turizm Assosiasiyasının stendinə baxdı. Burada 15 şirkət təmsil olunur. Şirkətlər otel və turizm üzrə ixtisaslaşmış qurumlardır. Stenddə Bakı və regionlarda mövcud otel kompleksləri, istirahət məkanları, əyləncə mərkəzləri barədə məlumat almaq mümkündür.
Kuba sərgidə birinci dəfə
iştirak edir.
Bu ölkənin Azərbaycandakı səfirliyinin
stendində Kubanın turizm imkanları barədə məlumat
verilir. Kubanın belə mötəbər
sərgidə iştirak etməsində əsas məqsədlərdən
biri turizm potensialını təbliğ etmək və daha
çox turist cəlb etməkdir.
Azərbaycanın qədim
diyarı olan Naxçıvan da sərgidə geniş təmsil
olunur. Stenddə muxtar respublikadakı otellər və
istirahət mərkəzləri barədə ətraflı məlumat
verilir. Naxçıvan özünün qədim
tarixi və müasir siması ilə turistlərin diqqətini
cəlb edir. İlbəil artan turist
sayı da bunu təsdiqləyir. Əsasən
qonşu dövlətlərdən – İran və Türkiyədən
gələn turistlər çoxluq təşkil edir.
Sərgidə ölkəmizin
digər bölgələrinin turizm imkanları da
nümayiş etdirilir. Prezident İlham Əliyev ölkəmizdə
turizmin inkişafını vacib istiqamətlərdən biri
kimi hər zaman diqqətdə saxlayır. Bunun
nəticəsidir ki, indi paytaxtla yanaşı, bölgələrimizdə
də müasir turizm infrastrukturu yaradılıb. Azərbaycanın qədim və zəngin mədəniyyəti,
milli mətbəximizin müxtəlifliyi, xalqımızın
qonaqpərvərliyi də turistləri ölkəmizə cəlb
edir. Azərbaycanda turizmin kənd,
müalicə-sağlamlıq, ekoloji, mədəni, sosial, idman
və digər növləri inkişaf etməkdədir. Ölkəmizin zəngin flora və faunası,
gölləri, çayları, dağları respublikamıza
bir dəfə səfər edən turistləri yenidən Azərbaycana
gəlməyə sövq edir.
Prezident İlham Əliyev və
birinci xanım Mehriban Əliyeva Qarabağ stendi ilə də tanış oldular. Bu stend də
sərgidə böyük maraqla qarşılanır. Burada Azərbaycanın ayrılmaz hissəsi olan
Qarabağ barədə ətraflı məlumat verilir.
Sərgiyə Ukrayna da
böyük maraq göstərir. Bu ölkənin turizm
imkanlarını nümayiş etdirmək baxımından sərgi
mühüm platformadır. Son 6 ildə
Ukrayna mütəmadi olaraq bu sərgidə iştirak edir.
Ukrayna stendində bu ölkənin otel-kurort
kompleksləri, həmçinin səhiyyə turizm obyektləri
də xidmətlərini təklif edir.
Dövlətimizin
başçısına “ASAN Viza”nın
stendi barədə məlumat verildi. Bildirildi ki,
sistem işə başlayandan bu günədək 40 min 63 nəfərə
elektron viza verilib. Elektron viza
üçün müraciət edənlər arasında
İran İslam Respublikasının vətəndaşları
çoxluq təşkil edir. Almaniya, Böyük
Britaniya, ABŞ, Pakistan, Hindistan, İsrail, Türkmənistan,
İtaliya və Fransa vətəndaşları da bu xidmətdən
istifadə edənlər arasındadır. Elektron
viza alanların əksəriyyətinin ölkəmizə səfərində
məqsəd turizmdir.
Sərgidə Türkiyənin
İzmir valiliyi də ayrıca stendlə təmsil olunur. Stenddə
İzmirin səfalı məkanları, otel xidmətləri
nümayiş etdirilir. Burada 6 şirkətin
xidmətləri təklif olunur. Qardaş
Türkiyə Respublikasının bu diyarı turistlərin
diqqətini yay turizmi, o cümlədən sörfinq kimi əyləncəvi
istirahətlə də cəlb edir.
Sonra Prezident İlham Əliyev
və birinci xanım Mehriban Əliyeva Bakı Şopinq
Festivalının stendində oldular. Aprelin 10-dan mayın
10-dək Azərbaycanın paytaxtında ilk dəfə Ticarət
Festivalı keçiriləcək. İldə
iki dəfə təşkil olunması planlaşdırılan
festivalın keçirilməsində məqsəd turizm
baxımından ölkəmizin cəlbediciliyinin yüksəldilməsi,
sahibkarlıq fəaliyyətinin təşviq edilməsi ilə
ticarət dövriyyəsinin artırılmasının
stimullaşdırılmasıdır.
Prezident İlham Əliyevə
festival zamanı alınacaq məhsula görə ödənilmiş
əlavə dəyər vergisinin qaytarılması prosesi
nümayiş olundu.
Rusiyanın Stavropol vilayəti
də sərgidə geniş təmsil olunur. Vilayətin qubernatoru Vladimir
Vladimirov dövlətimizin başçısına stend
haqqında məlumat verdi. Burada
50-yə yaxın şirkət, 30-dək sanatoriya öz xidmətlərini
təklif edir. Şirkətlər turizm,
idman turizmi, sağlamlıq, müalicə istiqamətləri
üzrə turlar təşkil edirlər. Bu il Azərbaycandan Rusiyanın bu bölgəsinə
gedən turistlərin sayında 20 faizə yaxın artım
olub. Bakı ilə Mineralnıye Vodı
arasında həftədə 3 dəfə hava əlaqəsinin
olması qarşılıqlı turizm mübadiləsinin
artmasına şərait yaradır. Stavropol
şirkətləri sərgiyə böyük maraq göstərir.
Sərgidə iştirak edən
şirkətlər arasında Sankt-Peterburqun Ermitaj Media
şirkəti də var. Bu, Dövlət Ermitaj Muzeyini və
onun qəzetini, həmçinin rəsmi dövlət Ermitaj
otelini birləşdirən media holdinqdir. İlk
dəfədir sərgidə təmsil olunan şirkət burada
öz otel və muzey xidmətlərini təklif edir. Əsas məqsədi Rusiyanın mədəni dəyərlərini
qorumaq və təbliğ etməkdir.
“Azərbaycan Hava Yolları” – AZAL bu
gün nəinki regionda, eləcə də dünyada
aparıcı şirkətlərdən biridir. Bu gün Azərbaycanın
mülki aviasiyası Beynəlxalq Mülki Aviasiya Təşkilatının
standartlarına uyğun olmaqla, sərnişindaşımada
bütün norma və tələblərə
tam cavab verir. Təyyarə parkını və maddi-texniki
bazasını müasirləşdirən “Azərbaycan Hava
Yolları”nın təyyarələri
dünyanın onlarla şəhərinə müntəzəm
uçuşlar yerinə yetirir. Azərbaycanda
turizmin inkişafına bir çox ölkələrlə olan
birbaşa hava əlaqəsi də töhfə verir.
Tatarıstan da bu sərgiyə
yeni qoşulanlar arasındadır. Kazan stendində 4
şirkət təmsil olunur. Onlar turizm,
otel və yeməkxana komplekslərini təmsil edirlər.
Tatarıstan növbəti illərdə də sərgiyə
qatılmaq niyyətindədir.
Macarıstan artıq 7-ci dəfədir
ki, sərgidə iştirak edir. Üç şirkətlə
təmsil olunan bu ölkə geniş turizm imkanlarına
malikdir. Burada Macarıstanın
böyük otellər şəbəkəsi, kurortlar və
turizm şirkətləri təmsil olunur. Turizm
mövsümündə bu ölkəyə gedən azərbaycanlıların
sayı ilbəil artır.
Gürcüstan sərgiyə
Milli Turizm Administrasiyasının stendi ilə qatılıb. Administrasiyanın
stendində 6 şirkət xidmətlərini təklif edir.
Onlardan 3-ü otel, 3-ü isə region turizm
müəssisəsidir. Şirkətlər
əsasən bu ölkənin bölgələrində
yaradılmış turizm potensialı, müxtəlif turizm
istiqamətləri üzrə xidmətlər göstərir.
Gürcüstan hər il bu sərgiyə
qatılır və gələn şirkətlərin sayı
da ilbəil artır.
Dövlətimizin
başçısı İlham Əliyev “Natural Halı”
şirkətinin stendinə də baxdı. Şirkət
Azərbaycanın müxtəlif bölgələrində
xalçalar toxutdurur. Onların
hamısı əllə toxumadır. Burada
əsasən Təbriz şəhərinin, eləcə də
Türkmənistanın və digər ölkələrin əllə
toxunan xalçaları da var.
Bolqarıstan stendində bu
ölkənin turizm potensialı nümayiş olunur. Stenddə
Varna meriyası və 3 şirkət Bolqarıstanın mədəni,
dəniz, sağlamlıq və qış kurort turizmi istiqamətlərini
təqdim edirlər.
Qardaş Türkiyə həmişə
olduğu kimi, bu il də sərgidə
geniş təmsil olunur. Bu ölkənin müxtəlif
bölgələrinin turizm marşrutları, turizm xəritələri
böyük maraqla qarşılanır. Sərgidə
Türkiyəni təmsil edən 15 şirkət turizm,
sağlamlıq və müalicəvi xidmətlərini də
təklif edirlər.
Üç şirkətlə
təmsil olunan Mərakeş də sərgiyə böyük
maraq göstərir. Mərakeş azərbaycanlı turistlərin
bu ölkəyə səfər etməsi, həmçinin Mərakeş
vətəndaşlarının Azərbaycana gəlməsində
maraqlıdır.
Dominikan da 3-cü dəfədir
sərgiyə qatılır. Bu ölkənin turizm
şirkətləri sərgidə öz xidmətlərinin
geniş çeşidini təklif edirlər. Dominikan turizm üçün cəlbedici ölkə
sayılır.
Rusiya Federasiyasının
Dağıstan Respublikasının stendində turizm
marşrutları, turizm xəritəsi barədə geniş məlumat
verilir. Respublika sərgidə 4 şirkətlə təmsil
olunur.
Sərgidə iştirak edən
ölkələr arasında Kolumbiya da var. Bu ölkə ilk dəfədir
Bakı sərgisinə qatılıb. Kolumbiya sərgiyə
növbəti ildə daha böyük nümayəndə heyəti
ilə qatılmaq niyyətindədir.
Belarus ötən il
bu sərgidə 6 şirkətlə təmsil olunmuşdusa, bu
il şirkətlərin sayı 10-a çatıb. İkinci dəfə sərgidə iştirak edən
Belarusun bu beynəlxalq tədbirə marağı ilbəil
artır. Belarus stendində əsasən,
sanatoriya, kurort, müalicə, tibbi və idman turizmi növləri
üzrə xidmətlər təqdim olunur.
BMT-nin Ümumdünya Turizm Təşkilatı
və Asiya-Sakit Okean Turizm Assosiasiyası kimi beynəlxalq
qurumlar tərəfindən də dəstəklənən sərginin
təşkilatçıları qismində “Iteca Caspian” və
onun Böyük Britaniyadan olan tərəfdaşı “ITE
Group” şirkətləri çıxış edir.
Stendlərlə
tanış olan Prezident İlham Əliyev və birinci
xanım Mehriban Əliyeva sərgilərin işinə
uğurlar arzuladılar.
Azərbaycan.-
2017.- 7 aprel.- S.1, 2.