Estoniya
Respublikasının dövlət idarəçilik naziri Milli
Məclisdə olub
Aprelin 6-da Azərbaycan
Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov
ölkəmizdə səfərdə olan Estoniya
Respublikasının dövlət idarəçilik naziri, Azərbaycan-Estoniya
Hökumətlərarası Komissiyasının sədri Mixail
Korbun başçılıq etdiyi nümayəndə heyəti
ilə görüşüb.
AZƏRTAC xəbər verir ki,
spiker qonağın Estoniya parlamentində fəaliyyətini
xatırlayaraq, onun qanunverici orqanda Azərbaycanla parlamentlərarası
dostluq qrupunun rəhbəri kimi gördüyü işləri
yüksək qiymətləndirdi. Ümidvar olduğunu bildirdi
ki, yeni vəzifədə o, münasibətlərimizin daha da dərinləşməsi
üçün səylərini əsirgəməyəcək.
Bildirildi ki, ölkələrimiz arasında münasibətlərin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri və aparılan danışıqlar xüsusi rol oynayıb. Siyasi dialoqun yüksək səviyyədə olması, qarşılıqlı səfərlərin həyata keçirilməsi həyatın müxtəlif sahələrində əməkdaşlığımızın gələcək inkişafı baxımından çox əhəmiyyətlidir.
Sədr parlamentlərarası əlaqələrin inkişafından söz açaraq, deputatlarımızın mütəmadi görüşlərini, beynəlxalq təşkilatlarda qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparmalarını təqdir etdi.
Bildirildi ki, hər iki dövlət qısa zaman kəsiyində qarşıya qoyulmuş hədəflərə çatmaq üçün böyük yol qət edib. Bu yolun davam etdirilməsi, xalqlarımızın rifahı naminə qarşılıqlı faydalı əməkdaşlığın inkişafı vacib məsələlərdəndir. Biz etibarlı tərəfdaşlarla, dost ölkələrlə münasibətlərimizin daha da dərinləşməsinə xüsusi əhəmiyyət veririk.
Oqtay Əsədov ölkəmizdə həyata keçirilən qlobal layihələrdən danışaraq, Azərbaycanın Şimal-Cənub, qədim İpək yolunun bərpası kimi nəqliyyat dəhlizlərinin reallaşmasındakı rolu, Avropanın enerji təhlükəsizliyinə töhfələri barədə qonağa məlumat verdi. Qeyd edildi ki, qarşı tərəfin də bu kimi layihələrə marağı xalqlarımızın ümumi mənafeləri baxımından başadüşüləndir.
Mixail Korb ölkəmizə səfərindən və burada gördüklərindən məmnun qaldığını söylədi. Bildirildi ki, onun təmsil etdiyi ölkə Qafqazın bu bölgəsi ilə siyasi, iqtisadi, mədəni əlaqələrin daha da inkişafında maraqlıdır. Siyasi münasibətlərimizin yüksələn xətlə inkişaf etməsi əlaqələrimizin iqtisadi gələcəyinə də böyük ümidlərlə baxmağa şərait yaradır.
Estoniyanın dövlət idarəçilik naziri ölkəsinin Azərbaycanın fəal iştirakçısı olduğu Şimal-Cənub nəqliyyat dəhlizinə qoşulmaq istəyini, poçt-rabitə sahəsində əməkdaşlığı daha da inkişaf etdirmək niyyətini dilə gətirdi. Bildirildi ki, təkcə bu il iki ölkə arasında ticarət dövriyyəsi iki dəfədən çox artıb. Ancaq Estoniya Azərbaycanla iqtisadi münasibətlərini keyfiyyətcə daha yüksək səviyyəyə qaldırmaq arzusundadır. Bu baxımdan lazımi addımların atılması üçün qarşılıqlı səfərlərin həyata keçirilməsi çox əhəmiyyətlidir.
Görüşdə Estoniya ilə parlamentlərarası əlaqələr
üzrə işçi qrupunun
rəhbəri Hacı Salayev, ölkəmizin
Estoniyadakı səfiri Murad Nəcəfbəyli,
Estoniyanın Azərbaycandakı səfiri xanım Marin Mitus və digər rəsmi
şəxslər iştirak ediblər.
AZƏRTAC
Azərbaycan.-
2017.-7 aprel.- S.3.