Azərbaycan ilə Estoniya arasında siyasi
münasibətlər yüksək səviyyədədir
Aprelin 6-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə ölkəmizdə səfərdə olan Estoniya Respublikasının dövlət idarəçilik naziri, Azərbaycan-Estoniya Hökumətlərarası Komissiyasının həmsədri Mixail Korbun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan-Estoniya münasibətlərinin siyasi baxımdan kifayət qədər yüksək səviyyədə olduğunu diqqətə çatdıran Baş nazir Artur Rasi-zadə adekvat olaraq iqtisadi əlaqələrin daha da genişləndirilməsinin zəruriliyini vurğulayıb. Bu baxımdan Azərbaycan-Estoniya Hökumətlərarası Komissiyasının iclasında müzakirə olunan bütün mühüm layihələrə dəstək veriləcəyini bildirən Baş nazir iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən texnologiya, telekommunikasiya, kənd təsərrüfatı, ticarət, xidmət və s. istiqamətlərdə yaxşı potensialın mövcudluğunu qeyd edib.
Şimal-Cənub nəqliyyat dəhlizinin imkanları və Azərbaycanın bu istiqamətdə gördüyü işlər barədə qonaqlara ətraflı məlumat verən Baş nazir regional problemlər fonunda diqqəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəldib, bu münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü və sərhədlərimizin toxunulmazlığı prinsipləri əsasında həllinin mümkünlüyünü vurğulayıb.
Bölgədə lider dövlət olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşün onlarda böyük təəssürat yaratdığını deyən Estoniyanın dövlət idarəçilik naziri Mixail Korb bildirib ki, səfər çərçivəsində azərbaycanlı həmkarları ilə çox səmərəli müzakirələrə qatılıb, qarşılıqlı əməkdaşlığın, ticarət dövriyyəsinin və ixrac imkanlarının daha da genişləndirilməsinə dair faydalı danışıqlar aparıblar. Azərbaycan və Estoniya iş adamlarının hər iki ölkədə biznes imkanlarının inkişafı üçün münbit şəraitin olduğunu qeyd edən Mixail Korb səmimi görüşə görə Azərbaycanın Baş nazirinə təşəkkürünü bildirib.
Görüşdə
qarşılıqlı maraq doğuran bir sıra məsələlər
ətrafında fikir mübadiləsi
aparılıb.
Azərbaycan.- 2017.-7 aprel.- S.3.