Azərbaycanın siyasi-hərbi üstünlüyü diplomatik uğurlarını şərtləndirir

 

Dünyanın ən müxtəlif bölgələrində yaşanan ciddi siyasi, iqtisadi və hərbi kataklizmlər fonunda Cənubi Qafqazdakı münaqişə ocaqlarının söndürülməmiş qalması da ümumi siyasi mənzərəyə mənfi təsir göstərir. Münaqişənin həlli məsələsinin regional müstəvidən çıxaraq beynəlxalq səciyyə daşıması da məhz bu amillə şərtlənir. Ermənistanın dünya miqyasında təcavüzkar dövlət kimi tanınmasına nail olmaq və Azərbaycanın ərazi bütövlüyünü təmin etmək dövlət başçısı İlham Əliyevin xarici siyasətinin prioritet məqsədləri sırasındadır.

Azərbaycan dövləti münaqişənin sülh yolu ilə həll olunmasına tərəfdar olduğunu dəfələrlə bəyan edib. Buna baxmayaraq, təcavüzkar Ermənistan bütün beynəlxalq hüquq normalarını pozmaqda davam edir, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur, Azərbaycan torpaqlarını işğal altında saxlayır. Azərbaycan rəhbərliyi proses görüntüsü yaradanheç bir problemi həll etməyən danışıqların aparılmasında maraqlı olmadığını zaman-zaman müxtəlif səviyyəli görüşlərdə bildirib.

Ermənistanın cəzasızlıq şəraitində olması tələb edir ki, ATƏT-in Minsk qrupu ölkələri, o cümlədən həmsədr dövlətlər səmərəli danışıqlar vasitəsilə ciddi nəticələr əldə etsin. Təcavüzkar dövlətin rəhbərliyi 2014-cü il Paris danışıqlarından sonra Minsk qrupu çərçivəsində davam etdirilən sülh müzakirələrini pozub, hər dəfə danışıqlarda irəliləyişə ümid yarananda cəbhə xəttində təxribatlara əl atıb. Ötən il aprelin əvvəllərində də işğalçı Ermənistan ordusu təmas xəttində gərginliyi artırmağa cəhd etsə də, ciddi uğursuzluğa düçar oldu.

Dördgünlük müharibənin ermənilər üçün sarsıdıcı nəticələri rəsmi Bakının son illər faktiki dalana dirənmiş danışıqlar prosesindəki hərbi-siyasi, psixoloji mövqeyinin təmin edilməsi, ATƏT-in Minsk qrupu həmsədrlərinin, habelə dünyanın əsas güc mərkəzlərinin münaqişə ilə bağlı səylərinin gücləndirilməsi baxımından əhəmiyyətli sayıla bilər. Azərbaycan qısamüddətli hərbi əməliyyatlarda qazandığı real zəfərlərlə münaqişənin həllini süni şəkildə uzatmaq yolu tutmuş qüvvələrə ciddi və sərt mesaj verdi: danışıqlar prosesi sonsuz və mənasız şəkildə uzadıla bilməz və Azərbaycan beynəlxalq hüquq normalarına söykənərək ən qısa müddətdə öz torpaqlarını azad etmək, ərazi bütövlüyünüsuverenliyini təmin etmək əzmindədir.

Hər bir münaqişə son nəticədə danışıqlar masası arxasında, sülh yolu ilə həllini tapmalıdır. Ancaq bu yanaşmanın özü də şərtidir. Heç bir danışıq prosesi müddətsiz, nəticəsiz ola bilməz. Hər bir danışıqlar prosesində qarşılıqlı güzəştlər də beynəlxalq hüquqla müəyyən olunur. Təcavüzkarla təcavüzə məruz qalan dövlətdən eyni dərəcədə güzəşt tələb etmək isə beynəlxalq hüquq normalarını ayaq altına atmaqdır. Həmsədrlərin indiyədək münaqişə tərəflərinə “Ermənistan və Azərbaycan rəhbərliyi öz aralarında dil tapsın, istənilən razılaşmanı qəbul edəcəyik” təklifi isə Azərbaycanı açıq-aşkar hərbi yola məcbur etməkdir.

Təəssüf doğuran haldır ki, sözdə münaqişənin tez bir zamanda həllini arzulayan hegemon dövlətlər təcavüzkar Ermənistanı BMT-nin münaqişə ilə bağlı qəbul etdiyi dörd məlum qətnamənin icrasına məcbur etmirlər. Lakin son hadisələr göstərir ki, müasir dünyada ikili standartların nəticəsi olandondurulmuş münaqişələr” həmin aparıcı dövlətlərin öz maraqları üçünböyük təhdidlər doğurur. Eyni zamanda, BMT-nin üzvü olan dövlətin ərazi bütövlüyünün pozulmasına biganə münasibət göstərmək, işğal faktının aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər görməmək ilk növbədə beynəlxalq hüquqa qarşı da açıq qəsddir.

Ötən ilin aprelində hərbi əməliyyatların aktivləşməsi dünyanın nəzərlərini bir daha bu regiona yönəltdi. Təmas xəttində Ermənistan tərəfinin növbəti təxribatçı hərəkətlərə yol verməsi ilə bağlı nüfuzlu təşkilatlar və bir sıra dövlətlərin rəsmiləri narahatçılıqlarını ifadə etdilər. Ən maraqlısı isə odur ki, yenə də işğalçı tərəflə işğala məruz qalan ölkə atəşkəsə dəvət edildi. Ermənistan tərəfinin təxribatçı hərəkətlərinə baxmayaraq, Azərbaycan rəhbərliyi bu dəfə də sülhə hörmət edərək atəşkəs elan etdi. Ölkəmiz hərbi əməliyyatlar zamanı üstünlüyü və təşəbbüsü ələ alaraq haqlı mövqeyini qətiyyətlə ortaya qoydu. Ermənistan, eləcə də ATƏT-in Minsk qrupunun üzvü olan dövlətlər də başa düşdülər ki, mövcud status-kvonun zamanı artıq bitib, vaxt uzatmaqla Azərbaycan dövlətini işğal faktı ilə barışmağa məcbur etmək mümkün deyil, bundan sonra da münaqişə dondurulmuş vəziyyətdə saxlana bilməz.

Azərbaycan dövləti, xalqı konstruktiv danışıqlar ruhuna sadiq olmaqla yanaşı, münaqişənin istənilən vaxt beynəlxalq hüquq çərçivəsində güc yolu ilə həllinə qadirdir. Aşkar göründü ki, tənzimləmə prosesində beynəlxalq hüquq normalarına istinad imkanları tamamilə daralan işğalçı dövlət, ideoloji, siyasi, hüquqi, iqtisadi və hərbi müstəvilərdə Azərbaycana uduzur.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan Ordusunun aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçi ilə keçirdiyi görüşdə bildirib: “Bu gün həm danışıqlar prosesində, həm də bölgədə yeni bir vəziyyət yaranıb. Düzdür, Ermənistan çalışır ki, danışıqlardan boyun qaçırsın. Ancaq buna müvəffəq olmayacaq. Nə qədər çalışsa da, məcbur olub danışıqlara qayıdacaq. Çünki danışıqlar aparılmasa, onlar yaxşı bilirlər ki, vəziyyət hansı istiqamətdə inkişaf edəcək. Əlbəttə ki, aprel döyüşlərindən sonra danışıqlar masasında bizim mövqeyimiz daha da möhkəmlənib və bunu bütün beynəlxalq aləm əyani şəkildə gördü. Əlbəttə, onlar bilirdilər ki, Azərbaycan dövləti Dağlıq Qarabağ problemini istənilən yolla həll edə bilər. Bu məsələ ilə məşğul olan vasitəçilər dəfələrlə bəyan etmişlər və bu yaxınlarda da bəyanatlar səsləndi ki, status-kvo qəbuledilməzdir, dəyişdirilməlidir. Biz bunu dəstəkləyirik. Status-kvonun dəyişdirilməsi işğala son qoymaq deməkdir. Çünki status-kvonu Ermənistan dəyişdirməlidir. Onlar işğalçı qüvvələrini işğal edilmiş torpaqlardan çıxarmaqla status-kvo dəyişdiriləcək və sülh üçün əsas yaranacaq”.

Azərbaycan öz qətiyyətli addımları, uğurlu hərbi əməliyyatları ilə ədalətsiz yanaşmaya üstünlük verənləri bərk silkələdi. İndi ATƏT-in Minsk qrupu həmsədrləri anlayırlar ki, Azərbaycanın iqtisadi cəhətdən qüdrətlənməsi, hərbi büdcəsinin əhəmiyyətli dərəcədə artması fonunda danışıqlar prosesində dönüşün baş verməsi qaçılmazdır. Azərbaycan danışıqlar prosesində ədalətli, prinsipial və beynəlxalq hüquqa əsaslanan mövqe nümayiş etdirir. Bu dəyişməz mövqeyi Prezident İlham Əliyev xarici ölkələrə səfərlərində, eləcə də respublikamıza gələn nüfuzlu beynəlxalq təşkilatların və dövlətlərin rəhbərlərinin diqqətinə dəfələrlə çatdırır. Rəsmi Bakı istənilən beynəlxalq gərginlik və münaqişənin ayrı-ayrı dövlətlərin siyasi iddiaları, ikili standartlar əsasında deyil, məhz aparıcı beynəlxalq təşkilatların qərar və qətnamələri əsasında həllinin tərəfdarı kimi çıxış edir. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, sülh danışıqlarına sadiqdir. Ancaq işğalçı Ermənistan danışıqlar prosesində qeyri-konstruktiv mövqe nümayiş etdirir. Ölkə rəhbərliyi birmənalı şəkildə bildirib ki, sülh danışıqları nəticə verməzsə, hərbi vasitələrlə işğal edilmiş bütün torpaqlar azad olunacaq.

Ermənistan prezidenti Serj Sarkisyan son vaxtlar xarici KİV-də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə, Helsinki Yekun Aktına, digər beynəlxalq təşkilatların müvafiq sənədlərinə zidd olan fikirlər səsləndirib. Ən maraqlısı da odur ki, Ermənistan prezidenti yenə də öz ampluasında qalaraq iddialarla və şikayətlərlə də çıxış edib.

Prezident İlham Əliyev işğalçı Ermənistan rəhbərliyinin düşdüyü acınacaqlı vəziyyəti belə xarakterizə edib: “Bu gün Ermənistan rəhbərliyi öz təxribatçı fəaliyyətini davam etdirir. Aprel döyüşlərindən sonra bir müddət təşviş, qorxu içində idi. İndi, elə bil ki, o stresdən bir qədər çıxmağa çalışır və yenə də cəfəng bəyanatlar verir, bizi hədələməyə, hansısa silahlarla qorxutmağa çalışır. Bizim buna gülməyimiz gəlir. Çünki onlar yaxşı bilməlidirlər və bilirlər, bu gün Azərbaycan Ordusu o qədər güclüdür ki, bu gün bizim o qədər güclü texnikamız, silah-sursatımız, müasir silahlarımız var ki, düşmənin istənilən strateji və hərbi obyektini məhv etməyə hər an hazırıq. Onlar bunu bilir və bilməlidirlər, elə bir strateji və hərbi hədəf yoxdur ki, biz onu məhv edə bilməyək. Biz sadəcə olaraq çalışırıq ki, məsələ sülh yolu ilə həll olunsun. Ancaq son illər ərzində aldığımız ən müasir, - mən onu bir daha qeyd etmək istəyirəm, - dünyanın ən müasir silahları bizə çox böyük imkan yaradır”.

Ermənistan Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı güc tətbiq edərək onun ərazilərinin işğalını və törədilmiş etnik təmizləmənin nəticələrini “öz müqəddəratını təyinetmə” kimi təqdim etmək cəhdləri göstərir. Bu, sadəcə olaraq Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətini və ölkəmizin ərazilərinin ilhaqını pərdələmək cəhdindən başqa bir şey deyil. Xalqların öz müqəddəratını təyin etməsi hüququnun ifadəsi hər hansı dövlətin ərazi bütövlüyüya siyasi müstəqilliyinə qarşı fəaliyyətin həyata keçirilməsinə imkan verən hal kimi təfsir oluna bilməz. Helsinki Yekun Aktının 8-ci bəndində deyilir: “İştirakçı dövlətlər xalqların bərabər hüquqları və öz müqəddəratını təyin etmək hüququna hörmət edərək bütün hallarda BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə və beynəlxalq hüququn müvafiq normalarına, eləcə də dövlətlərin ərazi bütövlüyünə uyğun şəkildə fəaliyyət göstərəcəklər”.

Azərbaycanın qüdrəti qarşısında işğalçı Ermənistan son dərəcə dərin sosial-iqtisadi böhran keçirir. Bölgədə gerçəkləşdirilən bütün qlobal layihələrdən kənarda qalan Ermənistan əhalisinin durumu olduqca acınacaqlı vəziyyətdədir. Azərbaycan dövləti isə bütün sahələr üzrə davamlı inkişaf edərək dünyanın inkişaf etmiş ölkələri sırasına qoşulmaqdadır. Azərbaycanın qüdrəti qarşısında xaricdən gələn ianə puluna möhtac qalan Ermənistanın uzun müddət tab gətirəcəyi mümkünsüzdür.

 

Elnur HACALIYEV,

 

Azərbaycan.- 2017.-8 aprel.- S.1, 5.