İnsan alverinə qarşı mübarizənin
qanunvericilik nəzarəti gücləndirilir
Milli Məclisin
iclasında
Aprelin 7-də Milli Məclisin
növbəti plenar iclası keçirildi. Əvvəlcə
deputatlar bir sıra məsələlər, o cümlədən
Rusiya Federasiyası Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycanlılar
Konqresinin (ÜAK) fəaliyyətinin dayandırılması
barədə Ali Məhkəməyə müraciəti ilə
bağlı fikirlərini bildirdilər.
Deputatlardan Siyavuş Novruzov, Zahid
Oruc, Elmira Axundova, Əhliman Əmiraslanov, Çingiz Qənizadə
bu məsələnin narahatlıq doğurduğunu qeyd etdilər.
Bildirdilər ki, vaxtilə ulu öndər Heydər
Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsləri
ilə təsis olunan ÜAK azərbaycanlıları birləşdirən
mühüm diaspor təşkilatı olmaqla bərabər Azərbaycan-Rusiya
münasibətlərinin inkişafına da mühüm
töhfələr verib. Bu təşkilat
Rusiyanın ictimai həyatında mühüm rol oynayır,
daim xeyriyyəçilik və digər vacib sosial proqramlar həyata
keçirir. Ona görə də
ÜAK-ın fəaliyyətinin dayandırılması ilə
bağlı müraciət Azərbaycanla Rusiya arasındakı
münasibətlərin ruhuna uyğun deyil. Deputatlar qeyd etdilər ki, iki ölkənin münasibətlərinin
inkişaf etdiyi bir vaxtda bu məsələnin ortaya
atılması təxribatçılıq məqsədlərinə
xidmət edir. Bu təxribatın
arxasında isə iki dövlət, rus və Azərbaycan xalqları
arasında dostluq münasibətlərini pozmağa
çalışan müəyyən dairələr
dayanıb.
Deputat Mixail Zabelin bu məsələnin
Azərbaycandakı rus icmasını narahat etdiyini diqqətə
çatdırdı. ÜAK-ın fəaliyyətinin həmişə
qanunauyğun olduğunu deyən Mixail Zabelin ümidvar
olduğunu bildirdi ki, məhkəmə ÜAK-ın
bağlanmasına dair qərar verməyəcək.
Məsələyə münasibət
bildirən Milli Məclisin Sədri Oqtay Əsədov problemin
tezliklə müsbət həll olunacağına ümidvar
olduğunu bildirib dedi ki, söhbət Rusiyadakı ən
böyük icma ilə bağlı narahatlıqdan gedir, ona görə də bu istiqamətdə işləri
davam etdirmək lazımdır.
Parlamentin Hüquq siyasəti
və dövlət quruculuğu komitəsinin sədri, Azərbaycan-Rusiya
parlamentlərarası əlaqələr üzrə
işçi qrupunun rəhbəri Əli Hüseynli məsələyə
hüquqi baxımdan münasibət bildirdi. Onun fikrincə,
Azərbaycanla Rusiya arasında əməkdaşlıq səmimi
xarakter daşıyır. Məhz bu
baxımdan ÜAK-ın fəaliyyətinin
dayandırılması ilə bağlı Rusiyanın
Ədliyyə Nazirliyinin Ali Məhkəməyə müraciəti
təəccüb doğurmaqla yanaşı, bu məsələdə
təxribatların olması ilə bağlı fikir də
yaradır. Ötən ilin dekabrında
ÜAK-ın qurultayı keçirilib və həmin ay yeni sənədlər
Ədliyyə Nazirliyinə təqdim olunub. Buna baxmayaraq, Ədliyyə Nazirliyi birliyin vahid
dövlət reyestrindən çıxarılması ilə
bağlı cari ilin mart ayında Ali Məhkəməyə
müraciət edib. Lakin Rusiya qanunvericiliyi
belə vəziyyətdə bir neçə tədbiri
özundə ehtiva edir. Belə ki, bu
cür məsələlərdə qanunvericiliyə əsasən
cərimə, eləcə də sənədlərin qaydaya
salınması kimi qərarlar qəbul edilə bilərdi.
Amma onlar son addımı - ÜAK-ın ləğvini
seçiblər. Əli Hüseynli əlavə
etdi ki, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr
üzrə işçi qrupu Rusiya Ədliyyə Nazirliyi və
Ali Məhkəməyə bununla bağlı müraciət
ünvanlamağı nəzərdə tutur.
Sonra gündəlikdəki məsələlərin
müzakirəsi başladı. İlk olaraq insan
alverinə qarşı mübarizə üzrə milli
koordinatorun illik məlumatı dinlənildi. İnsan alverinə qarşı mübarizə
üzrə milli koordinator, daxili işlər nazirinin birinci
müavini polis general-leytenantı Vilayət Eyvazov illik məlumatı
diqqətə çatdırdı. İllik hesabatda qeyd
olunur ki, insan alverinin qanunların aliliyinə, demokratik dəyərlərə
xələl gətirməsi, iqtisadiyyata dağıdıcı
təsiri nəzərə alınaraq respublikamızda da onun
qarşısının alınması, şəxsiyyətin və
cəmiyyətin qanuni mənafelərinin həmin hüquqazidd əməllərdən
müdafiəsi məqsədilə davamlı iş
aparılır. Konkret olaraq insan alverinə
qarşı mübarizədə normativ hüquqi bazanın və
institusional mexanizmlərin inkişaf etdirilməsi, izahat və
maarifləndirmə işləri, cinayət təqibi,
qurbanların hərtərəfli yardımla əhatə
olunması, bütövlükdə müvafiq beynəlxalq
öhdəliklərin icrası 2016-cı ildə də məqsədyönlü
xarakter daşımışdır.
İnsan alverinin yeni forma və
metodlarının ortaya çıxması, risk qrupuna aid təbəqənin
mütəmadi yenilənməsi və digər mühüm
amillər nəzərə alınaraq maarifləndirmə tədbirləri
hesabat dövründə də ardıcıllıqla davam
etmişdir.
Daxili İşlər və Təhsil
nazirliklərinin birgə fəaliyyət planına uyğun
olaraq, orta ümumtəhsil məktəblərinin 9-11-ci siniflərinin
70 mindən çox şagirdi, valideynlər, psixoloqlar, icra
hakimiyyətləri yanında yetkinlik yaşına
çatmayanların işləri üzrə komissiyaların təmsilçiləri
cəlb edilməklə uşaqların insan alverindən
müdafiəsi mövzusunda tədbirlər
keçirilmişdir.
Analoji iş hüquq mühafizə və
yerli icra hakimiyyəti orqanlarının, tibb, təhsil,
uşaq və gənclər, sosial müdafiə və məşğulluq
qurumlarının əməkdaşları, sahibkarlar və
kütləvi informasiya vasitələrinin nümayəndələrinin
iştirakı ilə respublikamızın 54 şəhər və
rayonunda da təşkil edilmişdir.
Hesabat ilində BMT, Avropa
Şurası, ATƏT, Avropa İttifaqı, GUAM, İslam
Əməkdaşlıq və Beynəlxalq Miqrasiya təşkilatları,
BMT-nin və Avropa Şurasının ixtisaslaşmış
qurumları, eləcə də 40-a yaxın ölkənin
aidiyyəti dövlət strukturları ilə imzalanmış
ikitərəfli və çoxtərəfli saziş, memorandum
və protokol çərçivəsində insan alveri ilə
mübarizə sahəsində qarşılıqlı əlaqələr
2016-cı ildə daha məqsədyönlü olmuşdur.
İnsan alverinin ən
geniş yayılmış formalarından olan məcburi əməyin
səbəb və şəraitinin aradan qaldırılması
üzrə 2016-cı ildə həyata keçirilən
preventiv və nəzarət tədbirləri həmin
hüquqazidd əməlin dinamikasında müsbət təmayülləri
şərtləndirmişdir.
Paytaxtın və
respublikanın müxtəlif şəhər və
rayonları üzrə tikinti sahələrində və
istehsal müəssisələrində keçirilmiş tədbirlərlə
6 məcburi əmək cinayəti müəyyən
edilmişdir.
Hesabatda qeyd olunur ki, miqrantların məcburi
əməyə cəlb olunmasının
qarşısının alınmasında ölkədə
yaşama və olma qaydalarını pozan 26 min 435 əcnəbi
və vətəndaşlığı olmayan şəxsin aşkarlanaraq
barələrində qanunvericiliyə uyğun məsuliyyət
tədbirləri görülməsinin, o cümlədən 5
min 523 nəfərin ölkə hüdudlarından kənara
çıxarılmasının da böyük əhəmiyyəti
olmuşdur.
Ərazi polis orqanları, eləcə
də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən
keçirilmiş reydlər zamanı küçə həyatına
məruz qalan, dilənçilik edən və qeyri-qanuni
qulluğa cəlb olunan 600-ə yaxın azyaşlı müəyyən
edilmişdir. Müvafiq yoxlamalarla həmin
uşaqların insan alverinin və məcburi əməyin
qurbanı olmaları təsdiqlənməmişdir.
Bununla belə, övladlarının təlim-tərbiyəsi
ilə bağlı vəzifələri yerinə yetirməyən,
onları hüquqazidd əməllərə cəlb edən
240 valideyn barəsində inzibati tənbeh tədbirləri tətbiq
olunmuş, habelə uşaqlara müvafiq qayğı və
yardımların göstərilməsi, sosial problemlərinin həlli
ilə əlaqədar yerli icra hakimiyyətləri yanında fəaliyyət
göstərən komissiyalara baxılması üçün
300 material göndərilmişdir.
Hesabat dövründə həyata
keçirilmiş əməliyyat-profilaktik tədbirlər zamanı
141 insan alveri faktı aşkarlanmış, 15 cinayətkar qrup
zərərsizləşdirilmiş və həmin cinayətlərin
qurbanı olmuş 70 şəxs müəyyən
edilmişdir. Onların hər birinə 400 manat
məbləğində birdəfəlik müavinət
verilmiş, 25-i işlə təmin edilmiş, 38 nəfər
peşə kurslarına göndərilmişdir.
Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi yanında İnsan alveri qurbanları
üçün Yardım Mərkəzi tərəfindən
63 qurbana hüquqi və psixoloji yardım, Səhiyyə
Nazirliyinin xüsusi tibb müəssisələrində 7
qurbana və 450 potensial qurbana dövlət hesabına tibbi xidmətlər
göstərilmişdir.
31 azyaşlı uşaq müxtəlif
təhsil proqramlarına cəlb edilmiş, 3 uşağa
aliment ödənilməsində, 2 uşağa doğum
haqqında şəhadətnamə alınmasında köməklik
göstərilmiş, daha 7-si Azərbaycan Uşaqlar Birliyinin nəzdindəki
sığınacağa yerləşdirilmişdir.
Bütün bunların məntiqi nəticəsi
olaraq respublikamızda insan alverinin və məcburi əməyin
qarşısının alınması sahəsində fəaliyyətin
effektivliyi ABŞ Dövlət Departamentinin 2016-cı ilin iyun
ayında açıqladığı illik hesabatda, habelə
Avropa Şurasının, ATƏT-in və digər nüfuzlu
beynəlxalq təşkilatların aidiyyəti sənədlərində
xüsusi vurğulanmışdır. Eyni zamanda
Azərbaycan son dörd ildə 2-ci qrup nəzarət
siyahısından 2-ci qrup ölkələr siyahısına
yüksəlmişdir.
Müvafiq istiqamətdə
profilaktik, əməliyyat-axtarış və digər zəruri
təşkilati-praktiki tədbirlər Azərbaycan
Respublikasının qanunlarına, dövlət
başçısının fərman və sərəncamlarına,
ölkəmizin beynəlxalq öhdəliklərinə
uyğun davam etdirilir.
Müzakirələrdən
sonra insan alverinə qarşı mübarizə üzrə
milli koordinatorun illik məlumatı nəzərə
alındı.
İclasda xarici ölkələrlə
imzalanmış sənədlərə münasibət
bildirildi. “Azərbaycan
Respublikası Hökuməti və Belarus Respublikası
Hökuməti arasında pensiya təminatı sahəsində
əməkdaşlıq haqqında 21 noyabr 2013-cü il tarixli
Sazişin tətbiqinə dair Azərbaycan Respublikasının
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə
Belarus Respublikasının Əmək və Sosial Müdafiə
Nazirliyi arasında” Saziş, “Azərbaycan Respublikası
Prezidentinin və Belarus Respublikası Prezidentinin Birgə Bəyanatı”,
1997-ci il 10 iyun tarixində Almatı şəhərində
imzalanmış “Azərbaycan Respublikası və Qazaxıstan
Respublikası arasında mülki işlər üzrə
hüquqi yardım və hüquqi münasibətlər
haqqında Müqavilə”nin 5-ci maddəsinə dəyişiklik
və əlavələrin edilməsi haqqında Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi ilə
Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyi
arasında notalar mübadiləsi, “Azərbaycan Respublikası
Prezidentinin və Venesuela Bolivar Respublikası Prezidentinin Birgə
Bəyanatı”, “Azərbaycan Respublikasının Hökuməti
ilə Venesuela Bolivar Respublikasının Hökuməti
arasında diplomatik, xidməti və rəsmi pasportlara malik
şəxslərin viza tələbindən azad edilməsi
haqqında” Saziş, “Azərbaycan Respublikası ilə
İsrail Dövləti arasında gəlirlərə görə
vergilərə münasibətdə ikiqat vergitutmanın aradan
qaldırılması və vergidən yayınmanın
qarşısının alınması haqqında” Konvensiya və
onun Protokolu təsdiq edildi.
Aqrar siyasət komitəsinin
sədri Eldar İbrahimovun məlumatından sonra “Meliorasiya və
irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə qanun layihəsi qəbul olundu.
Daha sonra “Dövlət qulluğu
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə” Azərbaycan Respublikasının
2016-cı il 14 oktyabr tarixli 358-VQD nömrəli Qanununun tətbiqi
ilə əlaqədar “Siyasi partiyalar haqqında”, “Siyasi
repressiya qurbanlarına bəraət verilməsi haqqında”, “Hərbi
qulluqçuların dövlət icbari şəxsi
sığortası haqqında”, “Qeyri-dövlət (özəl)
mühafizə fəaliyyəti haqqında”, “Veteranlar
haqqında”, “Milli arxiv fondu haqqında”, “Təhsil haqqında”,
“Mülki dövriyyədə olmasına yol verilməyən
(mülki dövriyyədən çıxarılmış) əşyaların
siyahısı haqqında” və “Aviasiya haqqında” Azərbaycan
Respublikasının qanunlarında, Azərbaycan
Respublikasının 1993-cü il 2 mart tarixli 525 nömrəli
qanunu ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasının Dövlət himni haqqında Əsasnamə”də
dəyişiklik edilməsi barədə qanun layihələri
təsdiq olundu.
“Mühasibat uçotu haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”
Azərbaycan Respublikasının 2016-cı il 30 sentyabr tarixli
315-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar
Cinayət Məcəlləsinə, Vergi Məcəlləsinə
və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin
və ya digər əmlakın leqallaşdırılmasına
və terrorçuluğun maliyyələşdirilməsinə
qarşı mübarizə haqqında” qanuna təklif olunan dəyişikliklərə
müsbət münasibət bildirildi.
Həmçinin dövlət
satınalmaları ilə bağlı məsələlərlə
əlaqədar Cinayət Məcəlləsinə, İnzibati
Xətalar Məcəlləsinə və “Dövlət
satınalmaları haqqında” qanunda nəzərdə tutulan dəyişikliklər
təsdiq olundu.
Günün ikinci
yarısında Milli Məclis öz işini davam etdirdi.
“Banklar haqqında” qanunda dəyişikliklər
edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat
verən parlamentin İqtisadi siyasət, sahibkarlıq və sənaye
komitəsinin sədri Ziyad Səmədzadə bildirdi ki, dəyişikliyin
məqsədi ödəniş qabiliyyətini itirmiş
bankların problemlərinin həll edilməsi
üçün hüquqi bazanın yaradılmasıdır. Bu çərçivədə kredit təşkilatlarının
maliyyə vəziyyətinin
yaxşılaşdırılması üçün
restrukturizasiya planı əsasında inzibati, hüquqi, maliyyə,
təşkilati-texniki və digər tədbir və
prosedurların həyata keçirilməsi nəzərdə
tutulur. Dəyişiklik nəticəsində
banklar kreditorların razılığı ilə kredit
borclarının müddətini uzada, onları silə, faizləri
azalda və yaxud ləğv edə biləcək. Layihəyə əsasən, bank öhdəliklərinin
könüllü restrukturizasiyası ilə əlaqədar ərizə
ilə məhkəməyə müraciət edə biləcək.
Ərizəyə məhkəməyə təqdim
olunandan sonra 10 təqvim günü ərzində baxılacaq
və qərar qəbul ediləcək. Bundan
başqa, qanun layihəsində “körpü bank”ların
yaradılması da nəzərdə tutulur. Başqa sözlə, layihəyə əsasən,
maliyyə bazarlarına nəzarət orqanı müvəqqəti
müddətə sadələşdirilmiş qaydada bank
yaradır. Bankın sağlam aktiv və
öhdəlikləri bu “körpü bank”a keçirilir. Bu səlahiyyətlər Maliyyə Bazarlarına Nəzarət
Palatasına veriləcək.
Müzakirələr zamanı Milli Məclisin
İctimai birliklər və dini qurumlar komitəsinin sədri
Siyavuş Novruzov, deputatlardan Əli Məsimli,Vahid Əhmədov,
Qüdrət Həsənquliyev, Mahir Abbaszadə, Kamran Nəbizadə,
Aydın Hüseynov, Səttar Mehbalıyev və Aydın Mirzəzadə
çıxış edərək qeyd etdilər ki, dəyişikliklər
bank sektorunun daha da sağlamlaşdırılmasına, təkmilləşdirilməsinə
xidmət edir. Sənəd səsə qoyularaq qəbul
edildi.
İclasda “Banklar haqqında”
qanunda dəyişikliklər edilməsi ilə bağlı
qanun layihəsinə uyğunlaşdırmaq məqsədilə
İnzibati Prosessual, Mülki Prosessual və Mülki Məcəllədə
dəyişikliklər edilməsi haqqında qanun layihələri
birgə müzakirəyə çıxarıldı. Sənədlərlə
bağlı məlumat verən parlamentin Hüquq siyasəti və
dövlət quruculuğu komitəsinin sədri Əli
Hüseynli bildirdi ki, dəyişikliklər bankların
rezolyusiyası və bank öhdəliklərinin
restrukturizasiyası ilə bağlı hüquqi prosedurların
kompleks şəkildə və tam olaraq tənzimlənməsi
məqsədilə təklif olunur.
Maliyyə Bazarlarına Nəzarət
Palatasının Direktorlar Şurasının sədri Rüfət
Aslanlı çıxış edərək dəyişikliklə
bağlı bəzi məsələlərə
aydınlıq gətirdi. Bildirdi ki, sistem əhəmiyyətli
banklar dövlət hesabına müvafiq icra hakimiyyəti ilə
razılaşdırılmaqla
sağlamlaşdırılır. Burada
söhbət institutlardan deyil, dövlət və biznes
arasındakı münasibətlərdən gedir. Rəhbərlik etdiyi quruma geniş səlahiyyətlərin
verilməsi məsələsinə toxunan R.Aslanlı qeyd etdi
ki, banklarda əhalinin, dövlətin və biznesin vəsaitləri
toplanır. Bunun üçün xüsusi
tənzimləmə rejimi ilə yanaşı, maliyyə nəzarəti
orqanına da səlahiyyətlər verilməlidir.
Azərbaycanda qəbul edilmiş
“Nağdsız hesablaşmalar haqqında” qanuna əsasən,
ölkədə hesablaşmalar nağdsız qaydada
aparılmalıdır: “Dövlət vəsaiti hesabına
aparılmış satınlamalar da nağdsız
olmalıdır. Ölkədə 5 milyon 400 min kart var. Bu
kartların 55 mini debet, qalanı kredit kartıdır. Azərbaycanda kart sahiblərinin sayı 3 milyon 800 min
nəfərdir. Bu, həmin şəxslərin
banklarda əməliyyat imkanlarını təsdiq edir. Biz bundan sonra nağdsız qaydada hesablaşmalar
aparmaq istəmiriksə, burada cavabdan çox, suallar
yaranır. Tənzimləyici olaraq, bu
proseslərin ağrısız keçirilməsini istəyirik.
Texniki səbəblərdən müəyyən
çətinliklər yaranır. Amma bizə
bank sektorundan və sahibkarlardan ciddi sorğular gəlmir.
Bu baxımdan qəbul edilmiş qanunlara yenilik gətirməyə
ehtiyac yoxdur”.
Rüfət Aslanlının
çıxışından sonra hər üç sənəd
ayrı-ayrılıqda səsə qoyularaq qəbul edildi.
Gündəlikdəki Cinayət Məcəlləsində
və İnzibati Xətalar Məcəlləsində dəyişikliklər
edilməsi haqqında qanun layihələri barədə məlumat
verən Hüquq siyasəti və dövlət quruculuğu
komitəsinin sədri Əli Hüseynli bildirdi ki, Cinayət Məcəlləsinin
314-1 (Dövlətin müstəsna mülkiyyətində olan
torpaq sahələrinə dair qanunsuz qərar qəbul etmə)
maddəsinə əsasən, vəzifəli şəxs tərəfindən
dövlətin müstəsna mülkiyyətində olan torpaq
sahələrinin bələdiyyələrin, fiziki və ya
hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə
və ya onlara icarəyə verilməsi haqqında qanunsuz qərar
qəbul etməyə 3 ilədək müddətə müəyyən
vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə 2
ildən 5 ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırma nəzərdə tutulur. Dəyişiklik
layihəsində həbs müddətinin aşağı həddinin
3 il olması təklif edilir.
İnzibati Xətalar Məcəlləsinə
edilən dəyişikliklər isə vəzifəli şəxs
tərəfindən qanunla müəyyən olunmuş
qaydaları pozmaqla torpaq sahələrini tikinti üçün
ayırma ilə bağlı mübarizənin gücləndirilməsi
məqsədilə bu inzibati xətanın ləğv edilməsini
və bu əmələ görə cinayət məsuliyyətinin
müəyyən olunmasını nəzərdə tutur.
Dəyişikliklər səsverməyə
çıxarılaraq qəbul edildi, eyni zamanda deputatlar
“Dövlət borcu haqqında” qanunda dəyişiklik edilməsi
barədə qanun layihəsinə müsbət rəy bildirdilər.
“Bələdiyyələrin statusu
haqqında” qanunda dəyişiklik edilməsi ilə
bağlı qanun layihəsi barədə Milli Məclisin
Regional məsələlər komitəsinin üzvü
Rüstəm Xəlilov məlumat verərək qeyd etdi ki, dəyişikliyə
görə, bələdiyyələr vətəndaşın
vergilər və ödənişlərlə bağlı
borcları barədə arayışı 1 gün müddətində
verəcəklər. Əvvəlcə bu
müddət 5 gün idi. Sənəd səsə
qoyularaq qəbul edildi.
“Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı parlamentin Regional məsələlər komitəsinin üzvü Malik Həsənov məlumat verdi. Bildirdi ki, dəyişikliyə əsasən, yerli əhalini tanış etmək məqsədilə auditin nəticələri onların bələdiyyəyə təqdim edildiyi gündən bir ay müddətinə bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdiriləcək. Layihə səsə qoyularaq qəbul edildi.
Gündəliyin sonuncu məsələsi - “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” qanun layihəsi barədə Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə məlumat verdi. Bildirdi ki, 3 fəsil 17 maddədən ibarət olan qanun layihəsi bələdiyyə üzvləri üçün etik davranış qaydalarını, prinsiplərini, və onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmləri müəyyən edir. Layihədə qeyd olunur ki, etik davranış qaydalarının pozulması bələdiyyə üzvünün intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Bələdiyyə iclasının qərarı əsasında etik davranış qaydalarının pozulmasına görə intizam məsuliyyəti tədbirlərindən biri kimi xəbərdarlıq, töhmət verilə bilər. İntizam tənbehi tətbiq edilərkən bələdiyyə üzvünün şəxsiyyəti, kollektivdə nüfuzu, peşəkarlıq səviyyəsi, onun törətdiyi xətanın xarakteri nəzərə alınmalıdır. Etik davranış qaydalarını pozmuş bələdiyyə üzvü barəsində intizam məsuliyyəti tədbiri pozuntunun aşkar edildiyi gündən etibarən 30 gün ərzində tətbiq edilir.
Müzakirələr zamanı deputatlardan Azay Quliyev, Tahir Kərimli, Qənirə Paşayeva, Kamran Bayramov çıxış edərək rəy və təkliflərini səsləndirdilər. Komitə sədri Arif Rəhimzadə təkliflərin ikinci oxunuş üçün nəzərə alınacağını vurğuladı.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edildi. Bununla da Milli Məclisin plenar iclası başa çatdı.
Rəşad CƏFƏRLİ,
Rəşad BAXŞƏLİYEV,
Azərbaycan.- 2017.- 8 aprel.- S.2.