Anar Bilik Fondunda “İmzalı görüşün qonağı oldu

 

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində “İmzalı görüş” layihəsinin növbəti tədbiri keçirilib.

Bu dəfə fondda Azərbaycan Yazıçılar Birliyinin sədri xalq yazıçısı Anarla müxtəlif ali məktəb tələbələrinin və ədəbiyyatsevərlərin “İmzalı görüşü təşkil olunub.

Tədbiri Bilik Fondunun icraçı direktoru Oktay Səmədov açaraq qonaqları salamlayıb, “Mədəni maarifləndirmə” proqramı haqqında ətraflı məlumat verib. O, müasir gənclərin mütaliəyə marağının gücləndirilməsi üçün belə görüşlərin əhəmiyyətini vurğulayıb. O.Səmədov Anarın yaradıcılığından bəhs edərək deyib: “Yaşlı nəsil Nigar Rəfibəylinin, Rəsul Rzanın əsərlərini oxuyaraq yetişib. Gənc nəsil isə bu iki böyük şairin yetişdirdiyi Anarın əsərlərini oxuyur. Anar Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixində böyük xidməti olan ziyalılarımızdandır”.

Bilik Fondunda təcrübə keçən tələbələrin yazıçının həyat yolu və yaradıcılıq uğurları ilə bağlı hazırladıqları videomaterialı tədbir iştirakçıları maraqla qarşılayıb.

Sonra şair Əjdər Ol xalq yazıçısının yaradıcılığından söhbət açıb. Anarın əsərlərinin hər zaman oxunaqlı və aktual olduğunu vurğulayan şair onun həm də Azərbaycan xalqının tarixi, taleyi haqqında düşünən ziyalılarımızdan olduğunu deyib.

Professor Rahid Ulusel də tələbələrə xalq yazıçısı Anarın yaradıcılığı və fəaliyyəti ilə bağlı müfəssəl məlumat verib. Anarı zəmanəmizin və bütün dövrlərin yazıçısı kimi dəyərləndirən professor onun geniş təfəkkür sahibi kimiön sıralarda olduğunu, ədəbiyyatımızı, mədəniyyətimizi şərəflə təbliğ etdiyini diqqətə çatdırıb.

Səmimi mühitdə keçən görüşdə xalq yazıçısı Anar ona verilən sualları ətraflı cavablandırıb, müəllifi olduğu əsərlərin müzakirəsi maraqlı məqamlarla yadda qalıb.

Sonda gənclərə xalq yazıçısı Anarın imzalı kitabları paylanıb.

 

Azərbaycan.- 2017.- 8 aprel.- S.7.