Ədəbiyyatımızda izi qalan alim
Ölüm haqdır deyiblər. Bir gün gələn bir gün də
karvanını çəkib
getməlidir bu dünyadan... Əsas şərt isə
Tanrı tərəfindən
verilən bu ömür payını necə yaşamaqdan ibarətdir. Uzun illər
ədəbiyyatımıza məhəbbətlə, sədaqətlə
xidmət edən ədəbiyyatşünas alim,
professor İmamverdi Xankişi
oğlu Əbilov bu mənada şərəfli bir ömür yaşamışdır.
Alimin vəfatından
bir il
keçir. Onunla görüşmək, həmsöhbət olmaq sözün əsl mənasında hər kəsin qəlbində silinməz izlər buraxırdı. Elmi, zəkası,
işıqlı fikirləri,
rəvan, səlis, məntiqli çıxışları,
söhbətləri adamda
xoş hisslər oyadırdı. Yaşasaydı, 90 yaşı tamam olacaqdı.
1927-ci ildə
Neftçala rayonunun Qoltuq kəndində doğulmuşdu. Hələ uşaq ikən
atasını itirmiş,
əmisi Əbil müəllimin himayəsində
böyümüşdü. Müharibə hamı kimi,
onun da uşaqlıq
illərinin ağrılı-acılı
keçməsinə səbəb
olmuşdu. Qoltuq kənd
yeddillik məktəbini
bitirdikdən sonra ailəni dolandırmaq üçün 16 yaşlı
İmamverdi 1943-cü ildə
Balıq vətəgəsində
işləməyə başlamışdı.
Lakin qabiliyyəti, yaşına
xas olmayan təmkini, elmə marağı, mərifəti
ilə yoldaşları
və müəllimləri
arasında hörmət
qazanmış bu gəncin qəlbi daim yazmaq, yaratmaq,
xalqına, millətinə
gərək olmaq eşqi ilə alovlanırdı. O, beləcə
1946-cı ildə Pedaqoji
Texnikumu bitirərək
gənc müəllim
kimi fəaliyyətə
başlamış, 1955-ci ilə
qədər pedaqoqluqla
yanaşı, yaşadığı
Neftçala rayonunun ictimai işlərində də yaxından iştirak etmişdir. Çox keçmir ki, biliyinə, istedadına görə irəli çəkilir:
rayon komsomol komitəsinin
katibi, Neftçala
Rayon Partiya Komitəsinin
təbliğat-təşviqat şöbəsinin müdiri,
daha sonra ikinci katibi işləyir.
Lakin o dövrün sərt qayda-qanunları sərbəst
fikirli bu gəncin qarşısına
sədlər çəkir.
İ.Əbilov əmək fəaliyyətinin
bütün dövrlərində
müəllimlik peşəsinə
sadiq qalır, qiyabi yolla pedaqoji
təhsilini artırır,
dissertasiya müdafiə
edərək filologiya
elmləri doktoru alimlik dərəcəsi alır. Bir sözlə, müəllimlik
onun həyat məramına çevrilir.
Böyükdən kiçiyə hamı
onu sonsuz hörmət və məhəbbətlə İmamverdi
müəllim kimi tanıyır, sevir.
1988-ci ildə
Moskvada keçirilən
Ümumittifaq Təhsil
İşçilərinin, 1989-cu ildə isə pedaqoji cəmiyyətlərin
təsis qurultaylarına
(Moskva) nümayəndə
seçilir. Publisistik əsərlərindən bəzi nümunələr
o zamanlar tam orta məktəblərdə tədris
olunan “Ailə” dərsliyinə daxil edilir. 1985-ci ildə
SSRİ Maarif əlaçısı,
1990-cı ildə Krupskaya adına Ümumittifaq
Pedaqoji mükafatına
layiq görülür.
Müəllimliklə elmi və bədii-publisistik fəaliyyət
qoşa qanad kimi İmamverdi müəllimin yaradıcılığında
paralel gedir, biri digərini tamamlayırdı.
Yaradıcılığa XX əsrin 40-cı illərində başlayan İ.Əbilovun ilk şeiri 1944-cü ildə “Bolşevik” qəzetində dərc olunmuşdu. Bu şeirə xüsusi qiymət verən böyük Səməd Vurğun o vaxt: “Bax səndən ədəbiyyat qoxusu gəlir” - deyərək, ədəbi aləmin, “uzun yolun ilk pilləsində dayanan” gənc yazara öz xeyir-duasını vermişdi. Lakin İ.Əbilov poeziyanı nə qədər çox sevsə də, sonralar nəsrə daha çox meyil göstərmiş, mətbuatda müntəzəm olaraq elmi-nəzəri məqalələrlə çıxış etmişdir. Nəzəriyyələri, tənqidi yanaşmaları ilə ədəbiyyatşünaslıq sahəsində yeni fikirlərini, düşüncələrini bildirmiş, öz sözünü deməyə çalışmış və buna nail olmuşdur.
İ.Əbilovun yaradıcılığının çiçəklənən dövrü ötən əsrin 60-cı illərinə təsadüf edir. Bu zaman o, böyük şairimiz Rəsul Rzanın yaradıcılığına həsr etdiyi ilk kitabını (1960) çap etdirir. Burada onun R.Rzanın lirikası, sənətdə novatorluğu, həyata baxışları, şairin yaradıcılığı haqqındakı orijinal fikir və qənaətləri ədəbiyyatşünaslar tərəfindən yüksək qiymətləndirilir. İmamverdi müəllim həmin il həm də Qabaqcıl maarif xadimi fəxri adına layiq görülür.
Böyük həvəs, yeni nəfəslə ədəbi mühitə gələn gənc ədəbiyyatşünas alimin bundan sonra bir-birinin ardınca ənənə və novatorluq, şeirimizdə forma axtarışları, epik janrın imkanları, uşaq ədəbiyyatı, lirik əsərlərin növləri, ədəbiyyat və tərbiyə mövzusunda, Azərbaycan ədəbiyyatının bütün görkəmli nümayəndələrinin yaradıcılığı haqqında yazdığı sanballı əsərləri, dəyərli elmi məqalələri geniş oxucu kütləsinin marağına səbəb olur. O, 1970-ci ildə namizədlik, 1991-ci ildə doktorluq dissertasiyası müdafiə edir.
Respublika Yazıçılar İttifaqının üzvü olan İ.Əbilov Azərbaycan Yazıçılarının I qurultayı istisna olmaqla sonrakı bütün qurultaylarında iştirak etmiş, VIII qurultayda təftiş komissiyasının, XI qurultayda idarə heyətinin üzvü seçilmişdir.
Yeni dərsliklərin yaradılması üzrə komissiyanın üzvü olan İ.Əbilovun respublika və keçmiş İttifaqın bir sıra mətbuat orqanlarında elmi, ədəbi, nəzəri, pedaqoji məsələlərdən bəhs edən 700-dən çox məqaləsi, habelə resenziyası dərc olunmuşdur. Müxtəlif illərdə “Rəsul Rza”, “Rəsul Rzanın yaradıcılıq yolu”, “Könül dünyamız”, “Xatirələrin ay işığında”, “Uzaq keçmişimizdən uzaq gələcəyə”, “Şəhidlər mehrabı, rəhmət duası”, “Ömrün anları”, “Əsrlər... Nəsillər... Əməllər...”, “Ağsaqqal ləyaqəti”, “Ömrün dan qızartısından qürub şəfəqlərinədək...”, “Zamanla vaxt arasında”, “Xalqa məhəbbət - el məhəbbətinə körpüdür”, “Təbiətin və təfəkkürün möcüzəsi”, “Ağsaqqal ömrü” kitabları çap edilmişdir. Ədəbi aləmdə böyük nüfuz qazanmış, 70 ildən artıq yaradıcılıq həyatı yaşamışdır bu tanınmış istedad sahibi.
İmamverdi müəllimin yaradıcılığının əsas istiqamətini ədəbiyyatımızın nadir qolu olan epistolyar üslub təşkil edirdi. Ədəbiyyatşünas alimin arxivində müxtəlif vaxtlarda dostluq etdiyi, yaradıcılıq ünsiyyətində olduğu görkəmli elm, sənət, ədəbiyyat xadimlərinin məktubları, səs yazıları, müxtəlif hədiyyələri, nadir fotoşəkilləri qorunub saxlanılır. Onların hər biri alimin şəxsiyyətinə, yaradıcılığına yüksək qiymət vermişdir. Mirzə İbrahimov alim haqqında yazırdı: “İmamverdi müəllim, mən sizin yazdıqlarınızı oxuyuram və onlarda həqiqət üçün, xalqın səadəti və idraki inkişafı üçün çırpınan əsl vətəndaş ürəyinin səsini eşidib sevinirəm...” Məmməd Araz “İmamverdi müəllim işıqlı oğullardan biri, ədəbiyyatımızın nurunu xalqımıza çatdıran alimlərin ən qeyrətlilərindəndir” - deyirdi. İlyas Əfəndiyev alimin insani keyfiyyətlərini yüksək qiymətləndirirdi: “İstedadlı ədəbiyyatçı alim, gözəl dost, həssas insan, bizi Muğan torpağında həmişə məhəbbətlə qarşılayıb, ehtiramla yola salan İmamverdi Əbilovla bütün Azərbaycan fəxr edə bilər”. Mir Cəlal İ.Əbilovun alimlik fəaliyyətini dəyərləndirərək yazırdı: “Dissertasiya yazdığı müddətdə İmamverdini diqqətlə müşahidə edirdim. Onu başqa qələm yoldaşlarından fərqləndirən budur ki, çox təmkinlidir, səbirlidir. Gənc alim üçün bunlar başlıca keyfiyyətdir”. Çingiz Aytmatov bu insanla tanışlığından məmnun olduğunu söyləyirdi: “İmamverdi Əbilovla Bakıda - Bəxtiyar Vahabzadənin 60 illik yubileyində tanış oldum... Qeyri-adi bir insandır. Tanışlığımızdan məmnunluq duyuram”.
Bəxtiyar Vahabzadə, Süleyman Rəhimov, Anar, Elçin, Bəkir Nəbiyev, Yaşar Qarayev, İsmayıl Şıxlı, Firudin Köçərli, Əzizə Cəfərzadə, Qulu Xəlilov, Nodar Dumbadze, Ziya Bünyadov, Əbdüllətif Bəndəroğlu, Məsud Əlioğlu, Osman Sarıvəlli, Əliağa Kürçaylı, Xəlil Rza, Xudu Məmmədov və onlarca digər elm, ədəbiyyat, incəsənət xadimi İ.Əbilovun yaradıcılığını, parlaq zəkasını, istedadını, humanist ideyalarını yüksək qiymətləndirmişlər. Şairlərdən Xəlil Rza Ulutürk, Qabil, Zəlimxan Yaqub, Məmməd Araz, İlyas Tapdıq və başqaları ona şeirlər həsr etmişlər. Akademik Bəkir Nəbiyevin “El ağsaqqalı, elm fədaisi İmamverdi Əbilov”, Gülhüseyn Hüseynoğlunun “İmamverdi Əbilov tənhalığı” kitabları onun yaradıcılığını izləyən oxucular tərəfindən maraqla qarşılanmışdır.
İ.Əbilovun ədəbi, elmi-pedaqoji fəaliyyəti dövlət tərəfindən layiqincə qiymətləndirilmişdir. O, müxtəlif fəxri fərmanlar və medallarla təltif edilmiş, “Səməd Vurğun” xatirə diplomuna, “Araz” ədəbi, “Akademik Mehdi Mehdizadə” adlı pedaqoji, “Milli-kulturoloji”, “Rəsul Rza” və “Xudu Məmmədov” mükafatlarına, “Azərbaycanın tanınmış maarifçisi” beynəlxalq diplomuna, “Azərbaycan Respublikasının Əməkdar müəllimi” fəxri adına layiq görülmüşdür. Azərbaycan Teleradio Şirkəti onun həyat və yaradıcılığı haqqında “İmamverdi Əbilov” və “Ömrün dan qızartısı” filmlərini çəkmişdir. 1998-ci ildə İran İslam Respublikasının rəsmi dairələri onu Tehranda və Təbrizdə keçirilən Ustad Şəhriyar simpoziumunda məruzə etmək üçün dəvət etmiş, məruzəsinin mətnini kitab halında nəfis şəkildə nəşr etmişlər. 2006-cı ildə Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının üzvü (akademiki) seçilmiş, 2007-ci ildə “Vektor” Beynəlxalq Elm Mərkəzi Şurası tərəfindən Azərbaycan-türk ədəbiyyatının inkişafındakı xidmətlərinə görə professor, fəxri doktor adına layiq görülmüş, yenə 2007-ci ildə Ümumdünya Sülh Federasiyası və Dinlərarası Beynəlxalq Federasiyanın Sülh elçisi seçilmişdir. O, Neftçala Rayon Ziyalılar Cəmiyyətinin, Ağsaqqallar Şurasının, habelə Respublika Ağsaqqallar Şurasının üzvü idi.
İmamverdi Əbilov layiqli, milyonlara nümunə olacaq bir ziyalı ömrü yaşadı. Yaxşı adam kimi yaxşı da övladlar böyütdü. Ədəbiyyatımıza isə Azər Turanın simasında tanınmış bir qələm sahibi yadigar qoyub getdi. Son dövrlərdə təqaüddə idi, işləmirdi. Tez-tez keçmiş şagirdləri, yetirmələri ona baş çəkir, darıxmağa qoymurdular. Nurlu adam idi. Heç vaxt heç kəsdən köməyini əsirgəməmişdi. Belə insanlar ölmürlər, yalnız dünyalarını dəyişirlər. İmamverdi müəllim daim xatirələrdə və ədəbiyyatımızın tarixində yaşayacaqdır.
Seyran CAVADOV,
Azərbaycan.- 2017.- 8 aprel.- S. 7.