Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

 

Məzahir Pənahovun sədrliyi ilə aprelin 7-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

Mərkəzi Seçki Komissiyası Katibliyinin mediaictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Komissiyanın 2016-cı il sentyabrın 21-də və oktyabrın 11-də, eləcə də 2017-ci il martın 6-da keçirilmiş iclaslarının protokolları təsdiq olunub.

Sonra MSK-nın bəzi normativ xarakterli aktlarına dəyişikliklər edilməsi məsələsinə baxılıb. Komissiya üzvləri tərəfindən aparılan müzakirələrdən sonra müvafiq dəyişikliklər qəbul edilib.

MSK-nın iclasında, həmçinin bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib.

Cari məsələlərin müzakirəsi zamanı seçici siyahılarının dəqiqləşdirilməsi prosesindən danışılıb və qeyd edilib ki, yanvarın əvvəllərindən başlanılmış bu irimiqyaslı prosesə mayın sonlarında yekun vurulacaq. Seçici siyahılarının dəqiqləşdirilməsi hazırda davam edir.

Komissiyanın iclasında siyasi partiyaların 2016-cı il üzrə illik maliyyə hesabatlarının MSK-ya təqdim olunması fəaliyyəti ilə bağlı vəziyyət də müzakirə olunub.

İclas kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

 

Azərbaycan.- 2017.- 8 aprel.- S.7.