Məsuliyyətin, şəffaflığın və operativliyin ASAN nümunəsi
Sumqayıt “ASAN xidmət” mərkəzinə indiyədək
iki milyondan artıq vətəndaş
müraciət edib
Mühafizə xidmətinin əməkdaşları hərtərəfli yoxladıqdan sonra vətəndaş içəri daxil olur. Məlumat bölməsinə yaxınlaşır və istədiyi xidmətlə bağlı elektron növbəyə duraraq gözləmə yerlərində əyləşir. Hər şey nizamla, qayda-qanunla tənzimlənir. Bu proses ölkəmizdə fəaliyyət göstərən bütün “ASAN xidmət” mərkəzlərində hər gün yaşanır.
Fiziki qüsurlu şəxslərə
xidmət ən yüksək səviyyədədir
İnnovativ yeniliklərlə təchiz edilmiş Sumqayıt “ASAN xidmət” mərkəzində eyni ab-havanı görmək mümkündür. Burada vətəndaşların rahatlığı üçün hər cür şərait var. Sumqayıt şəhəri, 15-ci məhəllə, Bakı küçəsi 42d ünvanında yerləşən Sumqayıt “ASAN xidmət” mərkəzinin açılışı Prezident İlham Əliyevin iştirakı ilə 2013-cü il may ayının 3-də olub.
Mərkəzdə olarkən oradakı iş mühiti ilə və yeni nəsil texnologiyalarla yaxından tanış olmaq imkanımız yarandı. İlk diqqətimizi çəkən cəhət üçmərtəbəli binada əlillər üçün bütün zəruri elementlərin yer alması oldu. Belə ki, binanın girişində onlar üçün xüsusi lift quraşdırılıb. Fiziki cəhətdən qüsurlu olan şəxslər binaya daxil olmadan bu lift vasitəsilə birbaşa ikinci mərtəbəyə qalxa bilirlər. Gözdən əlillərin sərbəst hərəkəti üçün isə hər bir mərtəbənin döşəməsinə xüsusi örtüklər çəkilib və müvafiq yerlərdə onların oxuya biləcəkləri hərflərlə - brayn əlifbası ilə hazırlanmış lövhələr quraşdırılıb. Əlil şəxslər bu lövhələrə toxunmaqla hansı istiqamətə getməli olduqlarını asanlıqla müəyyən edirlər.
İlk innovativ
yenilik - “Touch Screen”
Sumqayıt “ASAN xidmət”də böyük
məsləhətçi - bizə bələdçilik
edən Səbinə Nəsirovanın sözlərinə
görə, mərkəzdə
vətəndaşların qəbulunun
elektron növbə əsasında həyata keçirilməsi üçün
ən müasir avadanlıq quraşdırılıb. Elektron lövhələr
və işarələr
vətəndaşların məlumat
əldə etməsini
asanlaşdırır. “ASAN xidmət” mərkəzinin
əsas prinsipləri operativlik, şəffaflıq,
nəzakətlilik, məsuliyyət,
etik davranış qaydalarına nəzarət
və rahatlıqdır.
Mərkəz internetə daim
açıq olan kompüterlərlə təchiz
edilib və vətəndaşların burada
bütün növ elektron xidmətlərdən
yararlanması üçün
hər cür şərait yaradılıb.
Binada vətəndaşların gözləməsi
və vaxtını səmərəli keçirməsi
üçün funksional
yardımçı xidmətlər
- bank, sığorta, hüquqi
yardım və tərcümə mərkəzləri,
laboratoriya, tibbi xidmət, uşaq əyləncə guşəsi,
internet-kafe, poçt şöbələri, fotostudiya
fəaliyyət göstərir. Burada ilk dəfə
ölkədə tətbiq
olunan elektron ərizə doldurma aparatı (Touch Screen) var. Mərkəzə
müraciət edən
vətəndaş bu aparat vasitəsilə elektron ərizəni dolduraraq çap etdirə bilir.
Bir kitab gətir, bir kitab apar
Mərkəzdəki xüsusi terminallar vasitəsilə mobil rabitə, internet, işıq,
su, qaz və
digər kommunal xidmətlərinin, kredit və sığorta ödənişlərinin həyata
keçirilməsi mümkündür. Burada videomüşahidə
kameraları və rüsumların məbləğlərini
əks etdirən rüsum tablosu da quraşdırılıb.
“ASAN xidmət” mərkəzində
Ədliyyə, Daxili İşlər, Vergilər
nazirlikləri, Əmlak
Məsələləri Dövlət
Komitəsi, Dövlət
Gömrük Komitəsi,
Dövlət Miqrasiya Xidməti, Dövlət Sosial Müdafiə Fondu və Milli
Arxiv İdarəsi tərəfindən müxtəlif
hüquqi xidmətlər
həyata keçirilir.
Mərkəzdə vətəndaşlara funksional yardımçı
xidmətlər də
göstərilir. Korrupsiya hallarının
qarşısının alınması,
şəffaflığın təmin edilməsi məqsədilə mərkəzdə
xidmət prosesi videokamera vasitəsilə qeydiyyata alınır.
Xidmət prosesi müasir
İP telefon və
İP şəbəkə sistemi ilə təmin edilib.
Sumqayıt “ASAN xidmət”
mərkəzində yer
alan kitab
guşəsi də insanların marağına
xidmət edir. Guşədə müxtəlif mövzuları
əks etdirən onlarla kitab var. Maraqlı cəhət ondan ibarətdir ki, bu kitab
guşəsini formalaşdıran
elə vətəndaşların
özləridir. Belə ki,
hər bir şəxs əvəzində
bir kitab qoymaq şərtilə guşədən başqa
bir kitab götürüb özü
ilə apara bilər. Burada gözləmə mövqeyində olan və guşənin ətrafında kitab oxuyan vətəndaşları
hər vaxt görmək mümkündür.
Bütün xidmət
sahələrində könüllülərin
əməyi var
Qeyd edək ki, “ASAN xidmət” sektorunda konüllülərin rolu danılmazdır. Sumqayıt “ASAN xidmət” mərkəzində
də vətəndaşlara
könüllülük prinsipi
əsasında xidmət
göstərmək üçün
hazırda 70 gənc müxtəlif işlərə
cəlb olunub. Onların xidmətindən geniş istifadə edilir. Elektron növbə, uşaq guşəsi, ərizə
masası, bir sözlə, buradakı hər bir bölmədə
könüllü gəncləri
görmək olar.
Təqdirəlayiq haldır ki,
mərkəzin fəaliyyətə
başladığı ilk vaxtdan
bu günə qədər onlarca könüllü gənc işlə təmin olunub. Hazırda şəxsiyyət vəsiqəsi və xarici pasport bölmələrinin bütün
əməkdaşları vaxtilə
burada könüllü
kimi çalışanlardır.
Onlardan Leyla Babayeva, Günel Quliyeva, İlahə Səmədova və Firuzə Hacıyeva “ASAN xidmət” mərkəzində
çalışdıqlarına görə qürur duyduqlarını və işlərindən zövq
aldıqlarını bildirdilər.
Prezident İlham Əliyev Sumqayıt “ASAN xidmət” mərkəzinin açılışı zamanı könüllülərlə görüşərkən onların fəaliyyətini yüksək qiymətləndirmişdir: “Bu, sizin üçün də gözəl təcrübədir. İlk növbədə, gələcək fəaliyyətiniz üçün, hesab edirəm ki, çox vacib olan təcrübədir. Digər tərəfdən, bax, bu valantyorluq sizin niyyətinizi göstərir, onu ifadə edir. Yəni siz cəmiyyətin fəal üzvlərisiniz. Əgər siz könüllü şəkildə, necə deyərlər, vətəndaşlara və dövlətə təmənnasız kömək etmək istəyirsinizsə, deməli, sizin niyyətiniz çox xoşməramlıdır və ölkəmizin ümumi inkişafına tam uyğundur. Bax, belə gənclər olmalıdır, Vətəni sevən, insanlara xoş münasibət bildirən, peşəkar, bilikli və müasir. Mən sizə uğurlar arzulayıram. Sizə bax, bu təşəbbüsə görə minnətdarlığımı bildirmək istəyirəm”.
Bu gün həmin gənclərin müxtəlif vəzifələrdə çalışdıqlarını görərkən onların Prezident İlham Əliyevin etimadını layiqli şəkildə doğrultduğuna əmin olursan. Yəqin ki, “ASAN” brendi könüllülər institutunun formalaşmasında xüsusi rol oynadığı kimi, könüllülər də dövlətin möhkəmlənməsində, onun müdafiəsində aparıcı olacaqlar.
Xatırladaq ki, Sumqayıt “ASAN xidmət” mərkəzi Sumqayıt şəhəri ilə yanaşı, Abşeron, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz, Şamaxı və Qobustan rayonlarında qeydiyyatda olan sakinlərə də xidmət göstərir. Bu günə qədər mərkəzdə 2 milyondan çox vətəndaş müraciəti qeydə alınıb.
Digər “ASAN xidmət” mərkəzləri kimi Sumqayıt “ASAN xidmət” də hər gün saat 10:00-dan 20:00-dək fəaliyyət göstərir. Şənbə və bazar günlərində isə iş vaxtı saat 10:00-dan 17:00-dək müəyyənləşib. Xidmətin “asan.gov.az” internet saytı vasitəsilə vətəndaşlar üçün “online” növbəyə yazılma, elektron ərizələr doldurma, sənədlərin müvafiq orqanlara elektron qaydada göndərmə və digər imkanlar da yaradılıb. “Çağrı xidməti” (108) vasitəsilə vətəndaş mərkəzə gəlmədən internet və ya telefonla bütün xidmət növləri, tələb edilən sənədlər barədə məlumat ala və növbə tuta bilir.
Elgün MƏNSİMOV,
Azərbaycan.-
2017.-9 aprel.- S.1, 3.