Bal tutan barmaq yalar

 

Azərbaycanda arıçılığın inkişafı üçün təbii şərait, hərtərəfli imkan və zəngin təcrübə var

 

Arıçılıq qeyri-neft sektorunun aparıcı sahəsi olan kənd təsərrüfatında mühüm yer tutur. Odur ki, ölkədə ildən-ilə arıçılığın inkişafına diqqətin artırılması təsadüfi deyil. Arıçılıq aqrar sektorun ekoloji baxımdan da ən təhlükəsiz sahələrindən biridir. Ərzaq məhsullarının təhlükəsizliyi məsələlərinin qlobal əhəmiyyət daşıdığı müasir dövrdə bu amil də böyük önəm kəsb edir.

Statistik məlumatlara görə, dünyada 20 mindən artıq arı növü var. Antarktidadan başqa dünyanın istənilən yerində onlara rast gəlmək mümkündür və bir çox ölkələrdə kənd sakinlərinin müəyyən hissəsi özünün məşğulluq problemini arıçılıqda həll edir. Bu sahədə işini mütəşəkkil quran sahibkar və fermerlər yaxşı qazanc götürə bilirlər. Əbəs yerə deyilməyib ki, bal tutan barmaq yalar.

Azərbaycanda da arıçılıq qədim zamanlardan inkişaf etmişdir. İnsanlar hələ neçə-neçə əsrlər bundan əvvəl arıları tanımış, onlara qulluq edib müqabilində çox şirin və faydalı nemətdən bəhrələnmişlər. Zəhmətkeş və halal olduğu üçün insanlar arını sevmiş, ona qayğı və ehtiramla yanaşmışlar. Arıçılığın qədim ocaqları Quba-Xaçmaz, Şəki-Zaqatala, Şamaxı, Lənkəran-Astara, Kəlbəcər-Qubadlı, Dağlıq Qarabağ, Naxçıvan regionları sayılır. Bu, həmin bölgələrin bitkilərlə zəngin olması və əlverişli iqlimi ilə izah edilir.

Arıçılıq təsərrüfatına həm sadə kənd camaatı, həm də dövlət və alimlər tərəfindən diqqət yetirilmişdir. Hələ 1889-cu ildə Muğanda Qafqaz ipəkçilik stansiyası nəzdində təşkil edilmiş arıxana bütün Cənubi Qafqaz üçün rasional arıçılıq mərkəzinə çevrilmişdi. Burada arıçılığın sirlərini öyrənən, arı xəstəlikləri ilə maraqlanan, kəndlərdə yeni tip pətəklər yayan, arıçılığa dair kitabları Azərbaycan dilinə tərcümə edən alimlər və arıçılar işləyirdilər.

Beləliklə, Azərbaycanda arıçılıq təcrübəsi getdikcə zənginləşmişdir. 1919-cu ildə dövlət tərəfindən “Arıçılığın mühafizəsi haqqında” dekret qəbul olundu. Bu sənədə görə, arıçılıqla məşğul olan kəndlilər əvvəllər tutulan “arı pulu” vergisindən azad edilmişdilər.

Sovet hakimiyyəti dövründə Azərbaycanda arıçılığın inkişafı daha geniş vüsət almışdı. Əvvəlcə mövcud olan xırda dağınıq arıçılıq təsərrüfatları kolxoz və sovxozlara daxil edilmiş, sonralar ixtisaslaşdırılmış iri arıçılıq təsərrüfatlarına çevrilmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının Elmi-Tədqiqat Baytarlıq İnstitutunun arı xəstəliklərini öyrənən laboratoriyasının əməkdaşları arıxanaların bir çox xəstəliklərə görə sağlamlaşdırılması sahəsində xeyli iş görmüşlər.

XX əsrin 50-90-cı illərində Azərbaycanda arıçılıq dövlətə və arıçıların özlərinə gəlir gətirən inkişaf etmiş sahəyə çevrildi. Rəsmi məlumatlara görə, həmin vaxtlarda Azərbaycanda 10 mindən çox kənd sakini arıçılıqla məşğul olurdu. Demək olar ki, bütün kolxozların iri arıçılıq təsərrüfatları, 10 ixtisaslaşdırılmış arıçılıq sovxozu, Lənkəranda ittifaq əhəmiyyətli arıyetişdirmə sovxozu fəaliyyət göstərirdi. Qapaqtəpə və Bozdağ Qafqaz ana arıları təkcə Rusiyaya deyil, dünyanın bir çox ölkələrinə aparılırdı. Statistikaya görə, arı ailələrinin sayı 300-450 min təşkil edirdi. Alimlər onların sayını 8-10 dəfə artırmağı tövsiyə edirdilər. Onların fikrincə, Azərbaycanda mövcud olan 9 iqlim qurşağının balverən bitkilərlə zəngin yerlərindən, habelə iqlim xüsusiyyətlərindən səmərəli istifadə edilməsi şərti ilə buna nail olmaq mümkün idi.

Azərbaycan balı istər ölkəmizdə, istərsə də xaricdə yüksək qiymətləndirilirdi. Azərbaycanın misilsiz müalicəvi bal sortları olan dağ may balı, sitrus meyvələrindən və cənubdakı dağ çəmənlərindən toplanmış Lənkəran balı bütün dünyada layiqincə dəyərləndirilmiş və qəbul olunmuşdur. Ötən əsrin 70-80-ci illərində Şamaxı arıçılıq sovxozunun may balı Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində dəfələrlə nümayiş etdirilmiş və medallara layiq görülmüşdür.

Lakin 1990-cı ildən başlayaraq ölkədə arıçılıq təsərrüfatları getdikcə azaldı və sahə böhranlı vəziyyətə düşdü.

Son illərdə isə Azərbaycanda arıçılığın inkişafına xüsusi önəm verilir. Xüsusilə qeyri-neft sektorunun inkişafının prioritet elan edildiyi vaxtdan bu sahə də diqqət mərkəzindədir.

Azərbaycanda balı çox sevirlər, ondan həm qida, həm də dərman kimi istifadə edirlər. Baldan başqa digər arıçılıq məhsulları da var ki, onlar əczaçılıq üçün çox qiymətli xammaldır.

Arıçılıq çətin sahə sayılsa da, əslində, çox sərfəlidir. Bu, ilk növbədə arıların təbiətindən irəli gəlir. Mütəxəssislərin verdiyi məlumata görə, hər işçi arının ömrü 40 ilədək ola bilər. 17-18 günlükdə arılar artıq bala çıxarırlar. Qüvvəsi, yəni işçi arılarının sayı çox olan arı ailəsi ildə 35-40 kiloqrama qədər təmiz bal vermək imkanına malikdir.

Arıçılığı Azərbaycanın bütün bölgələrində inkişaf etdirmək mümkündür. Sadəcə, arıların bəsləndiyi bölgənin iqliminə və bitki örtüyünə uyğun olaraq onlardan alınan balın tərkibi, dadı və keyfiyyəti də digərlərindən fərqlənəcək. Üstəlik də arılar çox həssasdırlar. Onlar yerləşdikləri məkanda qida mənbəyi tapmayanda uzaqlara da uça bilirlər. Arının 15 kilometrə qədər məsafə qət etmək qabiliyyətinə malik olduğu məlumdur. Maraqlıdır ki, arılar qidalanmaq üçün münbit yer tapanda, qayıdıb bu barədə digər arılara da xəbər verirlər.

Cənubi Qafqazda nektar verən bitki örtüyünün 61 faizinin Azərbaycanın payına düşdüyünü nəzərə aldıqda, respublikamızda bu sahədə böyük potensial imkanların və perspektivlərin olduğu aydın görünür.

Bütün bunlara əsaslanaraq, 2009-cu il fevralın 2-də Prezident İlham Əliyev “Arıçılıq haqqında” Azərbaycan Respublikasının Qanununu imzalamışdır. Bu qanun ölkədə arıçılığın təşkilinin hüquqi və iqtisadi əsaslarını müəyyən edir, münasibətləri tənzimləyir.

Qanunun qəbul edildiyi vaxtdan keçən 8 il ərzində Azərbaycanda arıçılığın inkişafı istiqamətində mühüm addımlar atılıb.

Sahə ilbəil inkişaf edir. Arı ailələrinin sayı əvvəlki illərə nisbətən müqayisəyə gəlməyəcək dərəcədə artıb. Bu mühüm və gəlirli sahənin daha da inkişaf etdirilməsi üçün yenə də məqsədyönlü tədbirlər görülür.

2020-ci ildə respublika üzrə arı ailələrinin sayının 310 minə çatdırılması proqnozlaşdırılır. Arı ailələrinin sayının artırılması ilə yanaşı, məhsuldarlığının yüksəldilməsi, damazlıq-seleksiya işlərinin yaxşılaşdırılması, istehsal olunan balın mərkəzləşdirilmiş qaydada qablaşdırılması və etiketləmə məsələləri də diqqət mərkəzindədir. Hər il ardıcıl olaraq arıçılıq məhsullarının sərgi-satış yarmarkaları keçirilir ki, bu da arıçıların maddi imkanlarının yaxşılaşmasına şərait yaradır.

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev demişdir: “Arıçılıq üçün çox gözəl təbii şəraitimiz var. Biz indi müəyyən dərəcədə bal ixracına başlamışıq. Ancaq biz bunu daha kütləvi qaydada edə bilərik”.

2016-cı il üzrə arıçılıq məhsullarının istehsalına dair məlumatları əldə etmək məqsədilə cari ilin yanvar ayında Dövlət Statistika Komitəsinin keçirdiyi seçmə statistika müayinəsi hazırda bu sahədə olan vəziyyətin bir növ mənzərəsini yaratmışdır. Müayinəyə arı ailələri olan 25 kənd təsərrüfatı müəssisəsi, reprezentativlik təmin edilməklə seçmə qaydada 456 fərdi sahibkar, ailə kəndli, ev təsərrüfatları cəlb olunmuşdur.

Müayinənin yekunlarına əsasən, 2017-ci ilin əvvəlinə həmin təsərrüfatlarda 20014, o cümlədən kənd təsərrüfatı müəssisələrində 952, fərdi sahibkar, ailə kəndli və ev təsərrüfatlarında 19062 arı ailəsi mövcud olub. İl ərzində 4367 arı ailəsi beçə verib, 1543 arı ailəsi xəstəlikdən ölüb.

Məlum olub ki, təsərrüfatların 97,3 faizi balı satmaq üçün, 2,7 faizi öz istifadəsi üçün istehsal edir. Arı ailələrindən həm də kənd təsərrüfatı bitkilərinin tozlanması məqsədilə istifadə edilir və bu məqsədlə əkini olan təsərrüfatlar 191 arıçılıq təsərrüfatının xidmətindən yararlanır.

Müayinə ilə əhatə olunmuş təsərrüfatlar üzrə orta hesabla bir arı ailəsindən 10,4 kiloqram bal süzməklə il ərzində 207,8 ton bal istehsal edilib. Bu ilin əvvəlinə olan 16,7 ton qalıq da nəzərə alınmaqla 193,5 ton bal satılıb, 8,2 ton bal təsərrüfatların şəxsi istehlakı üçün istifadə edilib. İstehsalçılarda cari ilin əvvəlinə 22,8 ton bal ehtiyatı olub.

Baldan başqa, arıçılıq məhsullarına mum, vərəmum, güləm və arı südü də daxildir. 2016-cı ildə 5915 kiloqram mum, 433 kiloqram vərəmum, 442 kiloqram güləm və 13 kiloqram arı südü istehsal edilib. Mumun 1 kiloqramının orta satış qiyməti 11,9, vərəmumun orta satış qiyməti 134,8, güləmin orta satış qiyməti 48,4, arı südünün 1 qramının orta satış qiyməti 6,3 manat olub.

Seçmə müayinə məlumatları əsasında 2016-cı ildə arıçılıq məhsullarının statistik qiymətləndirilmiş istehsal həcmi ölkə üzrə 2700,2 ton bal, 76,2 ton mum, 5,6 ton vərəmum, 5,7 ton güləm və 169 kiloqram arı südü təşkil edib.

Ümumiyyətlə, “Arıçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildiyi dövrdən sonrakı 8 ildə arı ailələrinin sayı 82,5 faiz artaraq cari ilin əvvəlinə 260,1 minə çatıb. Göstərilən dövr ərzində bir arıçılıq təsərrüfatına düşən arı ailələrinin sayı 11,1-dən 12,6-dək yüksəlib, bal istehsalı 91,4 faiz və yaxud 1289,2 ton artıb.

Müayinə zamanı arıçılıq təsərrüfatları bu sahənin daha da inkişaf etdirilməsi üçün dövlət tərəfindən güzəştli kreditlərin ayrılması, arıçılıq üzrə damazlıq təsərrüfatlarının yaradılması, bal satışı yarmarkalarının mütəmadi keçirilməsi, qablaşdırılmış və satışa çıxarılmış arıçılıq məhsullarının keyfiyyətinin yoxlanılması kimi təkliflər irəli sürüblər.

Beləliklə, sahənin inkişafı üçün möhkəm maddi baza tələb olunur. Arıçılığın inkişafı üçün bu sahədə çalışan insanların lazım olan irili-xırdalı avadanlıq və materialları əldə edə bilməsi vacibdir. Müvafiq ədəbiyyatın nəşr edilməsi, baytarlıq xidmətinin, təlim kurslarının və təcrübə mübadiləsinin genişləndirilməsi işin nəticəsinə müsbət təsir edər. Arıçılar məhsullarını realizə etmək üçün daha geniş satış şəbəkəsinin olmasını istəyirlər. Başqa sözlə, balın alıcılara çatdırılması mexanizmi daha da təkmilləşdirilməlidir.

Azərbaycan balı xaricdə də yüksək qiymətləndirilir. Əgər ölkədə arıçılığın inkişafı üçün mövcud olan potensialdan səmərəli istifadə edilərsə, Azərbaycandan bal ixracı ölkə rəhbərinin dediyi kimi, kütləvi hal alar.

 

Flora SADIQLI,

 

Azərbaycan.- 2017.- 9 aprel.- S.5.