Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti Birinci Dünya müharibəsi illərində

 

Azərbaycanlıların türk əsirlərə yardımları

 

Birinci Dünya müharibəsinin başlaması ilə Osmanlı imperiyası da öz müttəfiqlərinin yanında çar Rusiyasına qarşı müharibə etmək məcburiyyətində qaldı. Osmanlı ordusu 1914-cü il dekabrın sonuna qədər bir sıra uğurlu əməliyyatlar keçirsə də, 1915-ci ilin ilk günlərində Sarıqamışda baş verən faciədən sonra irəliləyə bilmədi və sürətlə Şərqi Anadoludakı torpaqlarını təkrarən itirməyə başladı. Bu döyüşlərdə minlərlə türk əsgəri ruslara əsir düşdü. Fəlakətlə bitən Sarıqamış hərəkatında IX korpus komandiri Ehsan paşa ilə birlikdə 200-dək zabit və digər korpuslardan da 100-ə qədər ali rütbəli hərbçi zabit olmaqla 15 mindən çox türk əsgəri əsir düşmüşdü.

Hərbi əsirlərlə yanaşı bir çox türk vətəndaşı da Rusiyada əsir idi. Belə ki, müharibədən əvvəl Qara dəniz sahilləri, əsasən də Trabzon və Rizə ətrafından olmaqla minlərlə adam Novorossiysk, Odessa və digər şəhərlərdə çalışırdı. Onlar ticarət, şirniyyatçılıq və başqa işlərlə məşğul idilər. Limandakı estakadalarda ağır işlərdə çalışanlar da çox idi. Bir çox türk fəhləsi həm də müxtəlif rus şəhərlərində çalışırdı. Əsasən BatumiOdessada Türkiyədən qaçan və “İttihad və Tərəqqi” rejiminə qarşı olan siyasi qaçqınlar çoxluq təşkil edirdi. Müharibə başlayanda bunların böyük hissəsi Moskvanın cənubundakı Kaluqa şəhərinə, əsir düşərgəsinə göndərildi.

Rusiyada olan türk əsirlərin bir hissəsini də Qars, Ərdəhan, Batumdaha sonra Ərzurum, Ərzincan kimi Anadoluda rus işğalına məruz qalan bölgələrdən aparılan mülki əsirlər təşkil edirdi. Bunlar əsasən ruslar tərəfindən şübhəli bilinən və daha çox da ermənilərin təxribat və böhtanları nəticəsində həbs olunan, içlərində yaşlı adamlar, azyaşlı uşaqlar və qadınların da olduğu əsirlər idi.

Qızıl Aypara Cəmiyyətinin hərb tarixi qurumuna Rusiyadakı türk əsirlərin sayı barədə təqdim edilən hesabat məlumatlarına görə, 20-30 mini Şimali Qafqazda və 30 minə yaxını isə Rusiyanın digər yerlərində olmaqla əsirlərin ümumi sayının 60 min nəfər olduğu bildirilmişdir.

Türk əsirlərinin bir qismi Abşeron yarımadasının Nargin adasındakı düşərgəyə göndərilir, bir hissəsi isə Rusiyanın daxili şəhərlərinə köçürülürdü. Hərbi əsirlərdən adətən çavuşlarkiçik rütbəli əsgərlər Bakıda saxlanılır, qaçma ehtimalını aradan qaldırmaq üçün zabitlər daha çox Sibirə - Çin sərhədinə yaxın, İrkutska sürgün edilirdibu zabitlərin arasında Ehsan paşa da var idi.

Müharibə meydanlarında əsir düşən türk əsgərlərinə edilən əziyyətlər Rusiyaya aparılan yoldan başlayırdı. Məsələn, yaralı və sağlam əsirlər bir yerdə saxlanılır, cəbhədən hər vaqona əlli nəfər olmaqla mindirilirçox hissəsi Qafqaz ermənilərinin nəzarəti altında ac-susuz bir halda göndərilirdi. Gəldikləri yerlərdə vaqonlar açıldığı zaman hər vaqondan 10-15 türk əsgərinin cəsədi çıxarılırdı.

Birinci Dünya müharibəsində ruslara əsir düşən Hüsaməddin Tugaç əsirlərin Rusiyaya aparıldıqları zaman yaşadıqları hadisələri belə şərh edir: “1915-ci ilin ilk ayının ikinci həftəsində idik. Kuybışev adını daşıyan Samara stansiyasına gəlmişdik. Bir rus hərbi həkimi vaqonumuza daxil oldu. Xəstə olub-olmadığımızı soruşdu. Şəhərdə səpmə yatalaq xəstəliyi yayılmışdı. Əsir qatarlarını karantin altına almışdılar. Sonradan rus qəzetlərindən öyrəndik ki, o vaxtlar bu stansiyada böyük bir faciə baş vermişdir”. Belə ki, türk əsirlərlə dolu heyvan daşımaq üçün istifadə olunan vaqonların karantin səbəbilə qapıları qıfıllanmış, içində qalan insanlar həftələrlə acsusuz saxlanılmış, hamısı aclıqdan, susuzluqdan və xəstəlikdən vəfat etmişdi.

Yuxarıda da qeyd edildiyi kimi, Rusiyaya gətirilən türk əsirlərin bir qismi Xəzər dənizindəki Nargin adasında saxlanılırdı. Bakıya gətirilən əsirlər buradan Nargin adasına aparılırdı. Demək olar ki, hər gün Bakıya Qafqaz cəbhəsindən türk əsirlər gətirilir və bəzən bunların sayı gündə 1000 nəfəri keçirdi. Məsələn, 1915-ci il yanvarın 1-də Bakıya 1283 türk əsir gətirilmiş, bunlardan 46-sı xəstə olduğu üçün Bakıda saxlanılmış, digərləri buradan Sibirin müxtəlif bölgələrinə göndərilmişdi.

Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti istər Bakıdakı, istərsə də Nargin adasında türk əsirlərin ehtiyaclarını ödəmək və köməkçi olmaq üçün fəaliyyət göstərirdi. Cəmiyyət əsirlərlə daha yaxından məşğul olmaqdaha sərbəst bir şəkildə yardım etmək məqsədilə Bakıdakı türk əsirlərinin rəsmi himayədarlığını öz üzərinə götürmək istəmişdi. Xeyriyyə cəmiyyəti hökumət yanında aparmış olduğu təşəbbüslər nəticəsində rəsmi olaraq icazə almış və beləliklə, əsirlərin olduqları yerlərə rahat girib-çıxma və nəzarətetmə haqqına da sahib olmuşdur.

Xeyriyyə cəmiyyəti türk əsirlərin rəsmi himayəçiliyini üzərinə götürdüyündən, həftədə bir gün (bazar günləri) onların şəhərə çıxarılaraq gəzdirilməsi üçün icazə almışdı. Beləliklə, türk əsirlərin həftədə bir gün belə olsa, istirahəti təmin edilirdi. Həmin günlərdə Bakıda olan Fəxrəddin Ərdoğan bu məsələ ilə bağlı xatirələrində yazırdı: “Ərzurumun alınmasından sonra rus cəbhəsi Ərzincana qədər irəliləmiş, burada əsir götürülən zabitmatroslar Sibirə deyil, Xəzər dənizinin ortasındakı Nargin adasına gətirilmişdi. Hər bazar bu düşərgədə olan əsir zabitlər mühafizəçilərlə şəhəri ziyarətə gətirilirdi. Biz də onları görmək üçün limana getdik. Xalq yığılmış, avtomobillər düzülmüş, içində gənc qızlar sərnişinlərin gəlməsini gözləyirdilər. Bu avtomobillərin kimlərin olduğunu soruşdum. Bakı milyonçularının qızları olduqlarını öyrəndim. Məsələn, Əli Mərdan bəy Topçubaşov, Nağıyev, Tağıyev və Quliyevlərin xüsusi taksilərindəki qızları ən başda dururdu. Qayıqlar yanaşdı. Əsir türk zabitləri sahilə çıxdılar. Taksidən çıxan qızlar hərəsi bir neçə zabiti qollarından tutub taksilərinə oturtdular. Şəhərin hər tərəfini gəzdirdikləri kimi, zabitlərin və düşərgədəki yoldaşlarının ehtiyaclarını mağazalardan alır və bunun pulu qurum tərəfindən ödənilirdi. Onları evlərinə apararaq səhər yeməklərini ailə arasında yedizdirdikdən sonra yenə taksilərlə götürdükləri sahilə gətirib təslim edirdilər. Türk ordusu Bakıya girənə qədər bu ənənə hər bazar davam edirdi”.

Cəmiyyətin türk əsirləri üçün etmiş olduğu xidmətlərdən biriRusiyaya nəql edilərkən vaqonlardaya gətirildikləri yerlərdə ölən türk əsirlərin islami qaydalarla dəfn edilməsi, yaralı və xəstə olanların isə müalicə olunmasını təmin etməsi idi. Bu işlə məşğul olmaq İsmayıl bəy Səfərəliyevə tapşırılmışdı. Əslində, rus hökuməti ölən hərbi əsirlərin dəfn haqlarının ödənilməsi üçün müəyyən miqdar vəsait ayırmışdı. Amma türk əsirlərə bu tətbiq olunmamışdı. Həmin səbəbdən xeyriyyə cəmiyyəti türk əsirlərin dəfn xərclərini özü qarşılayırdı.

Nağı Şeyxzamanlı türk hərbi əsirlərdən xəstə olanların xüsusi yaradılan xəstəxanalara yerləşdirildiyini bildirdikdən sonra onların ehtiyaclarını təmin etmək üçün gördükləri işlər haqqında yazırdı: “...Daha sonra aramızda yığışıb hər gün əsirlər üçün hazırlıq görməyi, yeyəcək və siqareti daha öncədən təmin etməyi qərarlaşdırdıq. Beləliklə, yüzlərlə xəstəni istirahət və müalicə etdirir, sağalanları Sibirdəki düşərgələrə göndərirdik. Düşərgədə daimi olaraq iki yüz xəstə olurdu. Bunların idarə olunmasını əsir zabit Murad bəy təşkil edirdi. Mərkəz komandirinin yavəri də əlimizdə idi. Həmçinin düşərgənin komandiri də sözümüzdən çıxmazdı. Yoldaşlarla birlikdə düşərgəyə gedər, istədiyimiz qədər qala bilərdik. Əsirləri Azərbaycanda nəşr edilmiş türkcə kitablar, jurnallarla təmin edirdik. Bakıda Məmməd Əmin Rəsulzadənin çıxardığı “Açıq söz” əsirlərin gündəlik qəzetinə çevrilmişdi. Bundan başqa, Gəncədəki bütün müəllim və şairləri düşərgəyə aparır və əsirlərin darıxmamasını təmin edirdik. Ən çox sevdikləri şair Əhməd Cavad idi”.

Bakıya gətirilən əsirlərin bir qisminimülki əsirlər təşkil edirdi. Bunların bir qismi Nargin adasına aparılmayıb, şəhərdə Xəzər dənizinin sahilində olanbütün xərcləri Hacı Zeynalabdin Tağıyev tərəfindən qarşılanan bir həbsxanada saxlanılırdı. Bu həbsxana Nargindən çox fərqli və şəraiti yaxşı idi. Fəxrəddin Ərdoğan özünün də qaldığı bu həbsxanada “ çörək, bol ətli lobyadüyü plovuverildiyini bildirir.

Nargin adasındakı türk əsirlərin vəziyyəti hamını narahat edirdi. Hətta yardım heyətləri və cəmiyyətlərdən başqa ayrı-ayrı şəxslər də inzibati orqanlara müraciət edərək türk əsirlərə yardım göstərmək arzusunda idilər. Nargin adasında əsir olan türk zabitlərindən Əhməd Göze Azərbaycan türklərinin onlara yardımlarından danışarkən azərbaycanlı Aişə xanım adlı bir qadının xeyirxahlığını belə xatırlayır: “Aişə xanım zəngin bir qadın, çox böyük bir vətənpərvər, milli hissləri qüvvətli və çox comərd bir xanım əfəndidir. Nargin adasında yüzlərlə türk əsirin olduğunu bilən kimi onların ziyarətinə gəlir, “əsgər övladlarım, ziyarətə gəldim” deyərək hallarını, xatirlərini soruşmaqdadır.

Hər halıyla bütün sərvətini onlara fəda etməyə hazır olduğunu bildirməkdədir. Bu vətənpərvər yaşlı xanım bütün düşərgənin anası olmuşdu sanki. Xüsusilə bayramlarda səhər-səhər düşərgəyə qaçmaqda və “əsgər övladlarının” bayramlarını təbrik etməkdədir. Amma necə təbrik!.. Bütün əsirlərə maaşları qədər maaş, yəni polkovnikə polkovnik, kapitana kapitan maaşı, bayram cibxərcliyi və hər kəsə bir qat paltar, ayaqqabı və s. müxtəlif boğçalar verməkdədir”.

Yenə Bakıda Nargin adasında saxlanılan hərbi əsirlərdən Haqqı Məmməd də buradan xilas olduqdan sonra 1918-ci il 1 fevral tarixli hesabatında Bakıda əsirlərə göstərilən yardımlar haqqında bunları qeyd edir: Bu vaxta qədər Bakı milyonçularından mərhum İsrafil Qacırovun xanımı Seniha xanım hər həftə zabit və əsgərlərimizi ziyarət edərək yardımlar etmiş, hətta xəstələrimizin şəxsən yarasını sararaq böyüklük göstərmişdi. Lakin bir müddət sonra ruslar bu xanımın əsirləri ziyarət etməsini qadağan etmişdilər.

Verilən yeməklər çox pis, çörək palçıq kimi idi. Bakı milyonçularından müsəlman bir şəxs rusların verdikləri qara unu alaraq onun yerinə un verərək əsirlərə çox böyük bir yaxşılıq etmişdi”.

Azərbaycan xalqının istər fərdi qaydada, istərsə də müxtəlif təşkilatlar və Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti vasitəsilə türk əsirlərə etmiş olduğu bu yardım fəaliyyətlərinə baxmayaraq, Qafqaz cəbhəsindən gələn əsirlərin artması, rəhbərliyin Nargindəki əsir düşərgəsinə laqeyd yanaşması səbəbindən burada vəziyyət çox pis idi. Adada əsirlər arasında müxtəlif xəstəliklər yayılmış, şaxtaların da artması ilə ölüm hadisələri çoxalmışdı.

Bu hadisələrdən sonra adaya gələn Qızıl Xaç Təşkilatı əsirlərin vəziyyətini görmüş və əlaqədar qurumlara şikayət edərək bu vəziyyətin dərhal düzəldilməsini istəmişdi. Çar II Nikolayın dayısı və Rus Qızıl Xaç Təşkilatının sədri Oldenburq bu məsələ ilə məşğul olmaq və bəzi tədbirlər görmək məcburiyyətində qalmışdı.

Oldenburq Nargin adasındakı əsirlərin vəziyyətini təftiş üçün şəxsən özü Bakıya gəlmişdi. Nargin adasında araşdırmalar aparan 75 yaşlı şahzadə buradakı əsirlərin faciəvi vəziyyətini, balaca evlərin bərbad halda olduğunu görəndə vəziyyətin düzəldilməsi üçün göstəriş vermişdi.

Şahid olduğu vəziyyətə əsasən, şahzadə Qafqaz qubernatoru qraf Vorontsov Daşkova bu məsələdə olduqca sərt bir teleqram göndərmişdi: “...Qafqaz Baş Komandirliyinizin türk əsirlərə nəzarət edən ermənilərin etdikləri zülmlərdən, deyəsən, xəbəri yoxdur. Bu kimi haqsızlıqların böyük Rusiya imperiyasına yaraşmadığını və bu halların rus ordularının üzünü qızardacağını bilməyiniz lazımdır. İnsaniyyət adına dərhal Qafqaz cəbhələrinə əmr verərək türk əsirlərin üzərində və türklərin yaxınlığında nəzarətçi tək bir erməni əsgəri olmamasını təmin etməyinizi xahiş edirəm. Bu barədə imperatora məlumat göndərirəm”.

Şahzadə Oldenburq Bakıda ikən Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin xəstəxanasında da araşdırmalar aparmış, həkimindən xəstə baxıcısına qədər hamısı türk olan bu xəstəxana rəhbərliyinin buradakı xəstələrə heç bir irqdin fərqi güdmədən xidmətindən təsirlənmişdi. Hətta taleyin qəribə bir təsəllisidir ki, xəstəxanada erməni xəstələrin də yatdığını və bunların da türk həkimlərindən və xəstəxanasından məmnun olduqlarını görən şahzadə Oldenburq, xəstəxana rəhbərliyini və əməkdaşlarını bu səyləri və xidmətlərinə görə təbrik etmişdi.

Azərbaycan türkləri bir tərəfdən əsir türk qardaşlarının vəziyyətini yaxşılaşdırmaq və ehtiyaclarını ödəmək üçün səy göstərərkən, bir tərəfdən də fürsət tapdıqca Nargin adasındakı əsirlərin qaçmalarına kömək edərək onların Türkiyəyə çatmasını təmin edirdilər. Bu məsələ ilə bağlı bir çox məlumat var. Məsələn, Bakıdakı türk əsirlərin rəsmi himayədarlığını üzərinə götürəndən sonra xeyriyyə cəmiyyəti əsirlərin müəyyən günlərdə Bakıya çıxarılmalarına da icazə almışdı. Məhz 1915-ci ilin iyulavqust aylarında Türk Bayramı Günü 8 əsir zabit şəhərə çıxmış və bir daha geri qayıtmamışdı. Böyük ehtimalla bu əsirlərə cəmiyyət üzvləri tərəfindən yardım edilərək İrana qaçmaları təmin olunmuşdu ki, bu hadisədən sonra xeyriyyə cəmiyyəti təmsilçilərinin adaya gedib-gəlməsi məhdudlaşdırılmışdı.

Yenə eyni dövrdə Nargin adasından türk əsirlərin qaçırılması üçün bir çox cəhdlər olmuşdu. Qafqazlı türk gəncləri tərəfindən yaradılan Qafqaz Müsəlman Tələbələri Komitəsi türk əsirlərin qaçırılmasında iştirak etmiş, bir çox əsirin qaçırma hadisəsində xeyriyyə cəmiyyəti ilə birlikdə çalışmışdı.

Azərbaycan türklərinin əsirlərə qarşı bu xoş rəftarı və yardımları heç vaxt unudulmamışdır. Bir çox türk əsirlikdən azad olduqdan sonra ya öz xatirə qeydlərində, ya da verdikləri hesabatlarda buqardaş köməyi”ndən bəhs etmişdilər.

 

Hüseyn GÜNƏŞLİ,

AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı

 

Azərbaycan.- 2017.- 9 aprel.- S.7.