Azərbaycanda qlobal böhran şəraitində milli
inkişafın dayanıqlığı təmin olunub
İlham Əliyev
respublikamızın artıq dünya miqyasında etibarlı tərəfdaş,
müstəqil, ləyaqətli ölkə kimi
tanındığını bəyan etdi
Prezident
İlham Əliyevin yekun nitqi
-Beləliklə, 2017-ci il yaxşı başlayır, yaxşı nəticələr var. Çalışmalıyıq ki, il ərzində bu dinamikanı saxlayaq və 2017-ci ili də uğurla başa vuraq.
Önəmli məsələlərdən
biri təbii ki, makroiqtisadi sabitlikdir. Bu makroiqtisadi sabitliyi
möhkəmləndirməliyik. Süni qiymət
artımına yol verilməməlidir. İstehlak qiymətlərinə
daim diqqət göstərilməlidir, bu, nəzarət
altında olmalıdır. Hesab edirəm ki,
bütövlükdə makroiqtisadi sabitlik baxımından
2017-ci il əvvəlki illərlə müqayisədə daha
uğurlu olacaqdır. Bunu deməyə kifayət qədər əsaslar
var. Bu istiqamətdə düşünülmüş və
çox çevik siyasət aparılmalıdır.
Dövlət büdcəsinin
icrası da uğurla gedir. Həm gömrük, həm vergi
orqanları rüblük planı artıqlaması ilə yerinə
yetiriblər. Bu, yaxşı haldır. Eyni zamanda, büdcə
xərcləri də 100 faiz icra edilməlidir. Çünki əvvəlki
illərdə bəzi hallarda investisiya xərclərində nəzərdə
tutulan vəsaitdən tam istifadə edilmirdi. Bu il isə həm
qəbul edilmiş pul proqramı, eyni zamanda, xərclərlə
gəlirlər arasındakı tarazlıq tam təmin edilməlidir.
Builki investisiya proqramı kifayət qədər təsirli
olmalıdır. Bu gün ölkə üçün ən
lazımlı layihələrə kifayət qədər vəsait
ayrılır və birinci rübdə işlər
yaxşı gedir. Gərək investisiya proqramı tam şəkildə
icra edilsin.
Mən qeyd etmişəm ki, bizim
maliyyə vəziyyətimiz yaxşıdır. Biz bu il valyuta
ehtiyatlarımızı üç ay ərzində 1 milyard
dollar səviyyəsində artırmışıq. Bizim
valyuta ehtiyatlarımız xarici borcumuzdan beş dəfədən
çox artıqdır. Hesab edirəm ki, bu, dünya
miqyasında çox nadir hallarda rast gəlinən bir mənzərədir.
Bu baxımdan Azərbaycan əlbəttə ki, fərqlənir.
Bir çox inkişaf etmiş ölkələrdə xarici
borc ümumi daxili məhsuldan çoxdur. Valyuta ehtiyatları
xarici borcun heç 20 faizini ödəyə bilmir. Ancaq bizdə
xarici borc ümumi daxili məhsulun 20 faizini təşkil edir,
çox aşağı göstəricidir. Valyuta
ehtiyatlarımız isə xarici borcdan beş dəfədən
çox artıqdır. Hesab edirəm ki, müxtəlif reytinq
agentlikləri, bax, bu amilləri nəzərə
almalıdır. Eyni zamanda, giriş sözümdə qeyd
etdiyim kimi, ilin birinci rübünün iqtisadi göstəriciləri
də ən gözəl nəticələrdən biridir.
Bu il inşaat sektorunda canlanma
müşahidə olunur. Bu da təbiidir. Çünki
keçən il görülmüş işlər, qəbul
edilmiş qərarlar artıq özünü büruzə
verir. Mənə verilən məlumata görə, hazırda
Bakı şəhərində 300-dən çox yeni
hündürmərtəbəli bina tikilir. Bu da
özlüyündə gözəl bir göstəricidir.
Burada minlərlə yeni iş yeri yaradılır. Keçən
il biz daha çox inşaat sektorunda iş yerlərini itirdik.
Bu il bu, bərpa edilir. Həm qəbul edilmiş qərarlar,
dövlət investisiyaları və əlbəttə, özəl
sektorun fəallaşması yeni bir vəziyyətə gətirib
çıxarır. Keçən il Mənzil
İnşaatı Dövlət Agentliyinin xətti ilə
böyük şəhərciyin təməl daşı
qoyuldu, inşaat işləri gedir. İndi ikinci layihənin
icrası gözlənilir. “Ağ Şəhər” layihəsinin
birinci mərhələsi başa çatıb. Hələ
növbəti beş il ərzində onlarla bina tikiləcəkdir.
Bakının müxtəlif yerlərində artıq müddəti
keçmiş və yararsız vəziyyətdə olan binalar
sahibkarlar tərəfindən sökülür. Orada
yaşayan vətəndaşlara ya kompensasiya verilir, ya da vəsait
ayrılır ki, onlar kirayədə yaşasınlar. Köhnəlmiş,
qəzalı vəziyyətdə olan o binaların yerində
artıq hündürmərtəbəli, gözəl
memarlığı ilə seçilən binalar tikilir.
Birinci belə pilot layihə
Sabunçu rayonunda icra edilmişdir. Yeni tikilmiş o
binanın açılışında mən şəxsən
iştirak etmişdim. Gördüm ki, vətəndaşlar da
buna çox sevinirlər. Çünki onlar həm yeni mənzillərə
köçürülür, onların qəzalı binalardan
canı qurtarır. Eyni zamanda, mən xüsusi
tapşırıq vermişdim ki, yeni binalarda mənzillərin
sahəsi daha da böyük olsun. Vətəndaşlara əvvəlkindən
təxminən 10, bəzi hallarda 20, yaxud 30 faiz daha
böyük ölçüdə təmirli mənzillər
verilir. Əlbəttə ki, vətəndaşlar buna çox
sevinirlər. Bu, sahibkarlar üçün də əlverişlidir.
Çünki onlar üç-dörd mərtəbəli
binanın yerinə hündürmərtəbəli bina tikirlər.
Onlar da gəlir götürürlər, inşaat sektoru da
inkişaf edir, inşaat materiallarının istehsalı
artır, iş yerləri yaradılır. Yəni, bu proses
artıq geniş vüsət almışdır. Mənə
verilən son məlumata görə, Bakı şəhərində
bu yolla həyata keçirilən layihələrin sayı
artıq 75-ə çatıb. Bu proses davam edir. Mən yerli
icra orqanlarına, sahibkarlara bir daha müraciət edirəm ki,
onlar bu işi düzgün təşkil etsinlər. Sahibkarlar
təşəbbüs göstərsinlər, yerli icra
orqanları isə öz növbəsində onlara şərait
yaratsınlar, kömək etsinlər. Beləliklə, biz
burada bir neçə məqsədi təmin edəcəyik.
Qeyd etdim ki, iş yerləri açılacaq, inşaat sektoru
inkişaf edəcək, insanların təhlükəsizliyi,
rifahı və şəhərimizin abadlaşması təmin
olunacaq.
Növbəti önəmli layihə
mikrorayonlarla bağlıdır. Artıq birinci mikrorayonla
bağlı layihə hazırlanıb, əminəm ki, tezliklə
icra ediləcək. Orada köhnəlmiş binaların yerində
yeni, müasir, gözəl memarlıq üslubunda binalar tikiləcəkdir.
Mən xüsusi tapşırıq vermişəm ki, yeni tikilən,
xüsusilə sökülən o binaların yerində tikilən
binaların birinci mərtəbəsində mütləq
ictimai yerlər, uşaq bağçası nəzərdə
tutulsun. Beləliklə, bu yolla tikilən 75 binanın hər
birinin birinci mərtəbəsində uşaq
bağçası olacaqdır. Bu da Bakının uşaq
bağçası ilə bağlı mövcud olan probleminin
həllinə müsbət təsir göstərəcək.
Bu yolla biz gələn üç-dörd il ərzində
uşaq bağçası problemini həll edəcəyik.
Çünki indi buna daha böyük tələbat var, həm
əhalinin, həm də uşaqların sayı artır. Eyni
zamanda, iş yerləri yaradılır. İndi bir çox
hallarda ailədə hər iki valideyn işlə təmin
edilir. Ona görə, bizdə uşaq bağçalarına
çox böyük ehtiyac olacaqdır. Uşaq
bağçasının tikintisi üçün xüsusi
yer də ayrılmalıdır. Amma ən yaxşı variant
odur ki, yeni tikilmiş binalarda mütləq uşaq
bağçası olsun. Tikintiyə icazə verənlər də,
yerli icra orqanları da sahibkarlara mütləq bax, bu tövsiyəni
versinlər.
Sənaye istehsalı və kənd təsərrüfatı
əsas prioritet istiqamətlərdir. Hər iki istiqamət
üzrə yaxşı nəticələr var. Qeyd etdiyim kimi,
qeyri-neft sənayesi 2 faiz, kənd təsərrüfatı 3,5
faiz artıb. İndi rayonlarda sənaye zonaları
yaradılır. Mingəçevir Sənaye Parkında ilk
zavodlar bu ilin sonunda istifadəyə veriləcək.
Sumqayıt Texnologiyalar Parkında, Kimya Sənaye Parkında,
Pirallahı və Balaxanı Sənaye parklarında,
Neftçala Sənaye Məhəlləsində işlər
yaxşı gedir. Yəni, bu proses artıq gedir. Bir neçə
il bundan əvvəl mən qeyd etdim və tapşırıq
verdim ki, hər bir rayonda sənaye zonası tikilsin. Biz
artıq bunu görürük. Bütün rayonlar bu işlərə
fəal qoşulmalıdır.
Mən sahibkarların diqqətini
böyük bir layihəyə cəlb etmək istəyirəm.
Bu, Sumqayıt Kimya Sənaye Parkında yaradılmaqda olan “SOCAR
Polymer” zavodudur. Bu, çox nəhəng sənaye müəssisəsidir,
yüz milyonlarla dollar sərmayə qoyulur və çox
gözəl məhsul istehsal edəcək. Bu məhsul əlbəttə,
həm daxildə istifadə olunacaq, həm də
ixracyönümlüdür. Ancaq mən qeyd etməliyəm
ki, bu xammalın əsasında çox ciddi bir sənaye sahəsi
yaradıla bilər. Biz demək olar ki, indi bütün
hazır plastik məhsulları xaricdən idxal edirik. Ancaq
“SOCAR Polymer”in işə düşməsindən sonra Azərbaycanda
hazır məhsul istehsal etmək üçün
yaxşı imkanlar yaranır və bu, biznes üçün
də çox gəlirli bir sahə olacaq. Ona görə, bizim
dövlət qurumlarına müraciət edirəm, onlar
sahibkarlara bunu daha da yaxşı başa salsınlar ki, “SOCAR
Polymer”in bir çox hazır məhsulu əsasında zavodlar,
fabriklər yaradıla bilər. Bu, həm yeni iş yerlərinin
yaradılması deməkdir, həm də sahibkarlara əlavə
gəlir gətirəcək və bizim ixrac məhsulumuz da daha
böyük qiymətə xarici bazarlara
çıxarılacaq. Əgər belə olmasa, “SOCAR
Polymer”in məhsulu ancaq xammal kimi xaricə satılacaq. Əlbəttə,
bu da yaxşı haldır, amma əminəm ki, mənim məsləhətim
nəzərə alınacaqdır.
Kənd təsərrüfatı sahəsində
görüləcək işlər haqqında bu ilin yanvar
ayında regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramının ikinci ilinin yekunlarının müzakirəsi
zamanı mən kifayət qədər geniş
danışdım. Bütün tapşırıqlar, göstərişlər
verildi. Onları təkrar etmək istəmirəm. Sadəcə,
bir neçə məqamı qeyd etmək istəyirəm. Kənd
təsərrüfatının inkişafı
üçün bu il 150 min hektar yeni torpaq sahəsinin
suvarılması nəzərdə tutulur, vəsait
ayrılıb və bu layihələr nəzarət altında
olmalıdır ki, biz il ərzində bu rəqəmə
çata bilək. Hesab edirəm ki, bu, inqilabi bir dəyişiklik
olacaq və kənd təsərrüfatı istehsalını əlbəttə
ki, artıran amillərdən biridir, bəlkə də
birincisidir. Kənd təsərrüfatı məhsullarının
həcmi artmalıdır, daxili tələbatı tam təmin
etməliyik. İxracyönümlü məhsulların həcmini
artırmalıyıq, məhsuldarlıq yüksəldilməlidir,
ən müasir texnologiyalar tətbiq olunmalıdır.
Torpaqların dəqiq uçotu aparılmalıdır. Bu
istiqamətlərdə işlər gedir, göstərişlər
verilibdir. Torpaqların müasir üsullarla dəqiq təhlili
aparılmalıdır. Torpaqların keyfiyyəti haqqında
bizdə müfəssəl məlumat olmalıdır. Biz bu sahədə
böyük təcrübə toplamış ölkələrin
təcrübəsini gətirməliyik, ondan istifadə etməliyik
ki, hansı sahədə, hansı bölgədə hansı məhsul
yetişdirilməlidir. Yəni, bundan sonra da biz buna kortəbii
yox, ancaq fərdi qaydada yanaşmalıyıq və subsidiya məsələləri
də buna görə hesablanmalıdır. Mən artıq
müvafiq göstərişlər vermişəm, biz buna
baxmalıyıq. İndi subsidiyaların verilmə
prosedurları təkmilləşdirilir. Ancaq hesab edirəm ki,
biz gələcəkdə rayonlaşma siyasətinə daha da
ciddi baxmalıyıq. Biz bilməliyik, hansı bölgələrdə
hansı məhsulun yetişdirilməsinə nə qədər
subsidiya verilməlidir ki, təbii imkanlarımızdan daha da səmərə
ilə istifadə edək.
Bu il kənd təsərrüfatının
inkişafında mühüm rol oynayan iki zavodun - pivot suvarma
sistemləri və pestisid zavodlarının istifadəyə
verilməsi nəzərdə tutulur. Bu il artıq bu, təmin
edilməlidir. Gələn il isə azot gübrəsi zavodu
istifadəyə verilməlidir. Biz bunu təxminən bir ildən
sonra gözləyirik. Beləliklə, biz azot gübrələri
ilə özümüzü nəinki təmin edəcəyik
və ixrac imkanlarımız da yaranacaqdır.
Bütövlükdə
özümüzü ərzaq məhsulları ilə təminetmə
istiqamətində işlər yaxşı gedir. Hər il
regionların sosial-iqtisadi inkişafına dair konfransda mən
bu rəqəmləri səsləndirirəm. Deyə bilərəm
ki, bizim yeganə zəif yerimiz
taxılçılıqdır. Bunu nəzərə alaraq mən
göstəriş verdim ki, Prezident Administrasiyasında
geniş müşavirə keçirilsin və keçirildi.
Bütün tapşırıqlar verildi. Ondan sonra mən
taxılçılığın inkişafı və ilk
növbədə təhlilin aparılması ilə
bağlı müvafiq Sərəncam imzaladım. Burada
çox geniş informasiya yığılmalıdır,
statistika düzgün təhlil edilməlidir və bir çox
suallara cavab verilməlidir. Necə olur ki, biz
taxılçılığa bir milyon hektar torpaq
ayırmışıq, amma özümüzü ərzaq
buğdası ilə təmin edə bilmirik. Bu sual sadə səslənsə
də onun arxasında bir çox məqamlar var. Ona görə,
dəqiq təhlil aparılmalıdır, bizə nə qədər
ərzaq buğdası, bütövlükdə
taxılçılıq üçün torpaq sahəsi
lazımdır ki, özümüzü keyfiyyətli buğda
ilə, taxılla təmin edək və əlbəttə,
idxaldan asılılığı azaldaq. Çünki mənə
verilən məlumata görə, biz hər il idxala təxminən
300 milyon manat pul ayırırıq. Burada əlbəttə ki,
uçot, təhlil, elektron nəzarət, peyk nəzarəti
olmalıdır. Bizim peykimiz var və qısa müddət ərzində
torpaqların münbitliyinin, məhsuldarlığının
dəqiq analizi aparılmalıdır.
Digər önəmli məsələlərdən
biri qeyri-neft sektorunun istehsal etdiyi malların ixracı ilə
bağlıdır. Bu da indi uğurla inkişaf edən bir
istiqamətdir. Həm islahatlar aparıldı, həm
institusional tədbirlər görüldü, “Azexport”
portalı yaradıldı. Azərbaycan brendi indi dünyada təbliğ
edilir. Biz bir çox sərgilərdə iştirak etmişik
və yenə də iştirak etməliyik. Müxtəlif
ölkələrdə ticarət evləri yaradılır,
ticarət-ixrac missiyaları həyata keçirilir. Müvafiq
sərəncamlar verildi, vəsait ayrıldı. Xarici media
vasitələrində reklam kampaniyaları
aparılmalıdır ki, biz “Made in Azerbaijan” brendini
tanıtdıraq.
Mən giriş sözümdə qeyd
etdim ki, qeyri-neft sektorunun ixracı təxminən 10 faiz
artmışdır, amma potensial daha da böyükdür. Ona
görə, biz yeni ixrac bazarlarına
çıxışı təmin etməliyik. Ənənəvi
olan ixrac bazarlarına daha geniş çeşiddə məhsulla
çıxmalıyıq. Eyni zamanda, yeni ixrac
bazarlarını axtarmalıyıq. Logistika mərkəzləri
yaradılmalıdır. İndi Qazaxıstanın Aktau vilayətində
Azərbaycan Logistika Mərkəzi yaradılıb.
Görürük ki, bunun böyük faydası var. Bir
sözlə, bu, həm daxili istehsalı, eyni zamanda, valyuta gəlirlərimizi
artırmaq üçün böyük əhəmiyyət
daşıyan sahədir.
Təbii ki, həmişə
olduğu kimi, il ərzində infrastruktur layihələrinə,
onların icrasına diqqət yetiriləcəkdir. Elektrik
enerjisi ilə təminat diqqət mərkəzindədir, yeni
yarımstansiyalar tikilir, xüsusilə buna ehtiyac olan bölgələrdə.
Bu layihələr kənd təsərrüfatının
inkişafı ilə paralel şəkildə
aparılmalıdır ki, həm əhaliyə, eyni zamanda, kənd
təsərrüfatının inkişafına da xidmət
göstərsin.
Azərbaycanda qazlaşdırmanın
səviyyəsi 92 faizdir. Bu il daha da artacaq. İçməli
su layihələri nəzərdə tutulan investisiya həcmində
tam icra edilməlidir. Eyni zamanda, bu il biz kəndlərdə
yaşayan əhalinin təmiz içməli su ilə təmin
edilməsi üçün 270 kiçik layihə icra edəcəyik.
Bu təmizləyici qurğuların 170 kənddə
quraşdırılması “Azərsu” ASC-nin, 100 kənddə
isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xətti
ilə təmin ediləcək. Müvafiq Sərəncam
imzalanmışdır. Bütün kəndlərin adları
bu Sərəncamda göstərilmişdir. Mən xüsusilə
belə tapşırıq verdim ki, həm o kəndlərin
sakinləri, həm bu işi icra edənlər bilsinlər, bu
məsələ nəzarət altındadır. Əgər
sadəcə o Sərəncamda yazılsaydı ki, 100 və ya
200 kəndin su problemi həll edilsin, buna filan qədər vəsait
ayrılsın, sonra ona nəzarət etmək çox çətin
olacaqdı: 100 kəndəmi, yoxsa 50 kəndə su verildi? Sərəncamda
bütün o rayonların, kəndlərin adı göstərilib
və mən o kəndlərin sakinlərindən xahiş edirəm
ki, onlar da nəzarət etsinlər. Götürsünlər o
Sərəncamı baxsınlar. Əgər onların kəndi
o siyahıda varsa və o iş görülmürsə dərhal
yerli icra orqanlarına, Prezident Administrasiyasına məlumat
versinlər. Əlbəttə ki, əgər o işdə
hansısa bir qüsur olarsa, buna yol verən şəxslər
müvafiq qaydada cəzalandırılacaqlar. Mən bunu ona
görə deyirəm ki, ictimai nəzarət güclənsin.
Mən dəfələrlə bu barədə demişəm
ki, ictimai nəzarəti gücləndirmək
üçün gərək ictimaiyyətdə məlumat
olsun. Bax, bu məlumatı biz veririk, 270 kəndin modul tipli təmizləyici
qurğularla təmin edilməsi bu il başa
çatmalıdır, vəsait ayrılıb və nəzarət
də olmalıdır.
Kənd yolları layihələri
icra edilir. Bu il yüzlərlə kəndi birləşdirən
layihələr icra ediləcək. Bakı şəhərində
yeni yollar salınır, “Sovetski” adlanan ərazidə
böyük yol infrastrukturu yaradılır, yaxın gələcəkdə
istifadəyə veriləcək və ümumiyyətlə,
şəhərimizin bu hissəsi gözəl bir məkana
çevriləcəkdir. İndi işlər gedir, ilk növbədə,
yollar çəkilir. Bu yollar əvvəlki yollardan öz
gözəlliyi ilə fərqlənəcək. Əgər əvvəlki
yolların eni 3-5 metr idisə, indi salınan yolların eni
15-20 metrdir. Yəni, bu, gələcəyə hesablanan və
Bakıda nəqliyyatın hərəkətini böyük dərəcədə
yüngülləşdirən bir layihədir. Bu yolun
qurulması ilə paralel olaraq, bütün o zonada
yaşıllıqlar, parklar salınacaq və şəhər
sakinləri üçün yeni gözəl istirahət məkanı
yaradılacaq. Onilliklər ərzində o zonada layihəni icra
etmək mümkün olmamışdır və biz artıq
buna nail olduq. Əminəm ki, sakinlər də razı
olmalıdırlar. Göstəriş vermişdim ki, kompensasiya
tam ödənilsin. Əlbəttə ki, parklarda istirahət edəcək,
o yollardan istifadə edəcək vətəndaşlar da
razı qalacaqlar.
Bakı şəhərində digər
yollar salınır. Göstəriş vermişəm ki, harada
mümkündür, necə deyərlər, yeni, damarlar
açmalıyıq. Onlardan biri Yusif Səfərov
küçəsinə paralel olaraq indi tikilən küçədir.
O küçə də şəhər nəqliyyatının
bir hissəsini özünə cəlb edəcək. Onun
böyük mənası var. Bilgəh-Sumqayıt yolunun
tikintisi, genişləndirilməsi işləri gedir. Bu da
Sumqayıtı alternativ yolla Bakı ilə, xüsusilə
Bakıətrafı qəsəbələri ilə, Beynəlxalq
Aeroportla birləşdirəcək. Ən yüksək
standartlara səviyyəsində salınan yol bu il istifadəyə
verilməlidir.
Sosial infrastruktur layihələri icra
edilir. Mənə verilən məlumata görə, qəzalı
məktəblərin yerində artıq modul tipli 3 məktəb
tikilibdir və əlavə modul tipli 12 məktəbin tikintisi
nəzərdə tutulur. Bu il və gələn il Azərbaycanda
bir dənə də olsun qəzalı məktəb
qalmamalıdır. Bakı şəhərində məktəblərin
böyük əksəriyyəti artıq təmirlidir, yeni məktəblər
tikilib, hələ ki, harada təmirə ehtiyac var, bu məsələlər
də öz həllini tapır.
Birinci rübdə 13 tibb müəssisəsi
tikilib və ya əsaslı təmir edilib. Bu il iki Olimpiya
kompleksi - Abşeron və Ağcabədi Olimpiya kompleksləri
istifadəyə verilməlidir. Sosial proqramlardan biri də əhalinin
tibbi müayinədənkeçmə layihəsidir. Builki layihə
gələn ay başa çatacaq. Beş milyon insan tibbi
müayinədən pulsuz keçəcək. Əgər əvvəlki
illərdə daha çox təbliğat işi
aparılırdı ki, insanlar getsinlər, bu müayinədən
keçsinlər, indi biz görürük, buna ehtiyac yoxdur.
İndi vətəndaşlar da görürlər, bilirlər
ki, bu, onlar üçün, onların
sağlamlığı üçün lazımdır. Biz
son illər ərzində bütün rayonlarda müasir tibb
müəssisələri yaratdıq, ən müasir
laboratoriyalar var. Burada ən müasir avadanlıq
quraşdırılıb və indi istənilən analizi,
müayinəni hətta kiçik rayonlarda da aparmaq
mümkündür.
Bölgələrdə məşğulluğun artırılması daim diqqət mərkəzindədir. Mən bunu dəfələrlə demişəm ki, biz bu məsələni daim diqqətdə saxlamalıyıq. Çünki bizdə əhali artır, bu il də, gələn illərdə də artacaq və artan əhali üçün gələcəkdə yeni iş yerləri lazım olacaq. Azərbaycanda demoqrafik vəziyyət çox yaxşıdır, əhali artır. Ancaq bu, bizi daha da fəal işləməyə sövq etməlidir. Ona görə, məşğulluğun artırılması həmişə gündəlikdə duran məsələ olacaqdır. Biz bunu həll edirik. Mən qeyd etdim ki, həm dövlət, həm özəl sektorda 70 min daimi iş yeri yaradılıbdır, mövsümi işlərlə bərabər 85 min. Bu, üç ay üçün böyük rəqəmdir və bu işləri davam etdirməliyik. Eyni zamanda, özünüməşğulluq proqramı geniş vüsət almalıdır. Artıq birinci addımlar atılıb və bu, həm dövlət orqanları, yerli icra orqanları, həm də özəl qurumlar tərəfindən həyata keçirilən layihələr olmalıdır. Çünki hər bir ailənin, yəni, hələ yoxsulluq şəraitində yaşayan ailənin imkanı olmalıdır ki, öz ehtiyacını özü ödəsin və biz bu imkanı yaratmalıyıq. Əlbəttə, dövlət çətin vəziyyətdə yaşayan vətəndaşlara həmişə qayğı, diqqət göstərir, ünvanlı sosial yardım proqramı icra edilir. Ancaq biz tədricən özünüməşğulluq sisteminə keçməliyik. Bu, vətəndaşlar üçün də daha əlverişlidir, daha yaxşıdır. Onların öz ailə büdcələri olacaq. Sadəcə biz onlara kömək etməliyik. Kənd yerində onlara şərait yaradılmalıdır, mal-qara, ev quşları verilməlidir. Arıçılıq, heyvandarlıq burada çox böyük rol oynaya bilər ki, onlar öz büdcələrini özləri təmin etsinlər. Amma dövlət əlbəttə ki, ilk mərhələdə onlara kömək göstərəcək. Ona görə, Nazirlər Kabineti özünüməşğulluq proqramına xüsusi diqqət yetirməlidir. Yenə də deyirəm, burada bütün müvafiq qurumlar, strukturlar vahid siyasət aparmalıdırlar. Əlbəttə ki, bu işlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə aparılır, ancaq hesab edirəm ki, digər nazirliklər - İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, yerli icra orqanları və sahibkarlar buna qoşulmalıdır. Mənə mütəmadi qaydada məruzə edilməlidir ki, bu istiqamətdə hansı işlər görülübdür.
Bu il sahibkarlığın inkişafı ilə bağlı güzəştli kreditlərin verilməsi prosesi davam edir və 150 milyon manat məbləğində güzəştli kreditlər veriləcəkdir. Eyni zamanda, qeyd etməliyəm, son illər ərzində yenə də bizim siyasətimizə uyğun olan bir proses ondan ibarətdir ki, Azərbaycanda 32 iri fermer təsərrüfatı yaradılıb. Bu fermer təsərrüfatlarının əkin sahəsi 44 min hektardır. Hazırda 24 rayonda 142 min hektarda 33 aqropark yaradılır. Bu aqroparkların yaradılmasına xərclənən vəsait 1 milyard manat dəyərindədir. Bu 33 aqropark və bundan əvvəl yaradılmış 32 iri fermer təsərrüfatı məhsuldarlığın artmasına, daxili tələbatın ödənilməsinə və ixrac potensialının güclənməsinə çox böyük təsir edəcək. Xüsusilə nəzərə alsaq ki, bu aqroparklar və təsərrüfatlar müasir texnologiyalar əsasında qurulur.
Biz xarici sərmayənin cəlb edilməsi ilə bağlı daha da fəal iş aparmalıyıq - həm dövlət orqanları, həm də yerli icra orqanları. Yerli icra hakimiyyətləri də sərmayə cəlb etməlidirlər. Onlar həm yerli, həm xarici iş adamlarını maraqlandırmalıdırlar ki, gəlib investisiya qoysunlar. Yerlərdən təşəbbüs daha da geniş vüsət almalıdır.
Bir məsələni də qeyd etmək istəyirəm ki, bizim büdcə təşkilatlarımız istifadə etdikləri elektrik enerjisinin dəyərini yüz faiz ödəməlidirlər.
Bu il iki “ASAN xidmət” mərkəzi açılmalıdır - Quba və Mingəçevir şəhərlərində. İlin sonuna qədər bu, təmin edilməlidir. Vəsait nəzərdə tutulub və iki mərkəzin tikintisi aparılır - İmişli və Şəki şəhərlərində. Beləliklə, bu iki mərkəz də gələn il istifadəyə verilməlidir.
Qarşımızda duran əsas
məsələlər bundan ibarətdir. Yenə də deyirəm,
ilin birinci rübü ümidvericidir, bir daha onu göstərir
ki, həm proqnozlarımız yerinə yetirilir, həm siyasətimiz
uğurludur. Elə etməliyik ki, cari ilin sonuna qədər bu
müsbət dinamikanı saxlayaq, ölkəmizi daha da gücləndirək.
Sağ olun.
Azərbaycan.-
2017.- 11 aprel.- S. 4, 5.