Su səyahəti Astarada bayrama çevrildi

 

Su birlik, aydınlıq, saflıq, paklıq, bolluq rəmzidir. Eyni zamanda su yaranışın dörd ünsüründən biridir. Baharın yurdumuza gəlişi ilə xalqımız bu dörd ünsürün onun ilki olan su çərşənbəsinin əziz tutulmasını, hər il layiqincə qeyd edilməsini vacib bilir. Bu mənada ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi Oyunları üçün suyun rəmz kimi seçilməsi böyük məna kəsb edir.

Məlum olduğu kimi, aprelin 5-də Bakıdakı Daş Salnamə Muzeyində “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinə start verilmişdir. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident, “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva, Səudiyyə Ərəbistanı Krallığının Şahzadəsi, İslam Həmrəyliyi İdman Federasiyasının Səudiyyə Ərəbistanı Milli Olimpiya Komitəsinin prezidenti Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səud iştirak etmişlər. Ölkə rəhbəri İlham Əliyev burada Xəzər dənizindən götürülmüş suyu özləri ilə aparmaq üçün Azərbaycanın hər bir bölgəsindən gəlmiş uşaqlara təqdim etmişdir. Həmin uşaqların arasında Astara şəhər 2 saylı tam orta məktəbin 3-cü sinif şagirdi, dərs əlaçısı Mirrahil Ağayev vardı. Mis qaba doldurulmuş bu su ilə məktəbli M.Ağayev IV İslam Həmrəyliyi Oyunlarının məramını doğulub boya-başa çatdığı Astaraya gətirib. Bu, bayram əhvali-ruhiyyəsi yaşayan Astara camaatının ovqatını bir az da yüksəldib. Xatırladaq ki, ölkəmizin 15-dən çox şəhərini, 5 göl, 1 su anbarını, 3 çay, 2 bulaq, 3 şəlaləsini Xəzər dənizini əhatə edəcək su səyahəti 3 min kilometrdən çox məsafə qət edəcəkdir. Bu səyahətdəki bulağın 1-i Astaradadır.

Astara rayonu respublikamızın dilbər guşələrindəndir. O, şərqdən Xəzər dənizi, cənub-qərbdən isə meşə örtüklü Talış dağları ilə əhatə olunmuşdur. Çayları, şəlalələri, buz bulaqları, ətir saçan limon, naringi, portağal, feyxoa bağları bir ən əsası, zəhmətkeş, vətənpərvər, qeyrətli insanları var bu torpağın. Rayondakı bulaqlar arasında da Ərçivan qəsəbəsindəki Yanarbulaq adı ilə məşhur olan su mənbəyinin öz yeri, öz şöhrəti var. Burada suyun tərkibində kükürd olduğundan kibrit çəkəndə alışıb yanır. Yanarbulaq Odlar yurdu adlanan məmləkətimizin bir möcüzəsidir. Ölkəmizdəki belə yerlər insanları zaman-zaman düşündürmüş, onların diqqətini özünə çəkmiş, bəzən ziyarətgaha çevrilmişdir. Elə buna görə tədbir çərçivəsində bu bulaqdan su götürülməsi qərara alınmışdır. Bu məqsədlə rayon idmançıları, fəallar aprelin 9-da səhər saat 10 radələrində Ərçivan qəsəbəsinə, Ələt-Astara magistral şose yolunun kənarında yerləşən Yanarbulağa gəldilər. Qəsəbə əhalisi, habelə yaxın yaşayış məntəqələrinin sakinləri buraya toplaşmışdılar. İdman ustası, Azərbaycan Respublikasının əməkdar məşqçisi Məhərrəm Ağayev sərbəst güləş üzrə 50 kiloqram çəkidə dünya Avropa birinciliyi yarışlarının qalibi, idman ustası, gənclərdən ibarət respublika yığma komandasının üzvü, 18 yaşlı Əliabbas Rzazadə Yanarbulağa yaxınlaşdılar. Onlar gətirdikləri su qablarını bulaqdan doldurduqdan sonra maşınlarla rayon mərkəzinə qayıtdılar.

...Günortaya az qalır. Astara Olimpiya İdman Kompleksinin qarşısında böyük bir izdiham var. Rayon idmançılarının, gənclərin sevimli yeri olan bu kompleks 2012-ci ildə istifadəyə verilib. Onun təməlqoyma açılış mərasimlərində dövlət başçısı İlham Əliyev iştirak etmişdir. İndi idmanın müxtəlif növləri üzrə burada məşqlər, yarışlar keçirilir. Bütövlükdə rayonda bu gün 151 stadion, idman zalı, meydançası digər idman qurğuları fəaliyyət göstərir. 3 min 800 nəfər yeniyetmə gənc idmanın bu ya digər növü ilə məşğuldur. Görülən işlər, həyata keçirilən tədbirlər öz bəhrələrini verməkdədir.

IV İslam Həmrəyliyi Oyunlarının su səyahəti tədbirində Astara Olimpiya İdman Kompleksində 9-13 yaşlı 100 nəfər uşaq yeniyetmənin çıxışı burada idmanın daha da inkişaf edəcəyini əyani şəkildə nümayiş etdirdi. Tamaşaçıların gurultulu alqışları altında onlar nəyə qadir olduqlarını göstərdilər. Daha çox fərqlənən uşaqlar təşkilatçılar tərəfindən mükafatlandırıldılar.

Artıq günəş yavaş-yavaş qüruba doğru enir. Dənizdən əsən bahar mehi ürəklərə sərinlik gətirir. Hər yerdə olduğu kimi, burada da ağaclar, güllər tumurcuq bağlayıb, alça, ərik, şaftalı ağacları çiçək açıb. İnsanlar dəstə-dəstə dənizkənarı bulvara gəlirlər. Astaradakı bu şərait artıq turistlərin diqqətini özünə cəlb etməyə başlamışdır. Qonşu İran İslam Respublikasından, Rusiya Federasiyasının ayrı-ayrı şəhərlərindən, vilayətlərindən istirahət edənlərin sayı artmaqdadır.

İndi bulvarda böyük izdiham var, necə deyərlər, iynə atsan, yerə düşməz. Tədbirin yüksək səviyyədə keçirilməsi üçün geniş səhnə düzəldilmişdi. Müğənnilərin oxuduqları mahnıların səsi dalğa-dalğa ətrafa yayılır. Rəqqaslar sümüyə düşən musiqi sədaları altında şıdırğı rəqs edir, yallı gedirlər. Nurani bir kişiyə yaxınlaşıb təəssüratlarını öyrənirik. Bu, Astara şəhər sakini Fuad Musayevdir. O deyir: “Artıq 70 yaşı adlamışam. Sovetlər birliyi zamanında rayon partiya komitəsində işləmişəm. Demək istəyirəm ki, indi Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkanlardan birinə çevrilmişdir. Elə il yoxdur ki, burada mühüm əhəmiyyət kəsb edən tədbir olmasın. Bu günün özünü götürək. İslam Həmrəyliyi Oyunları Bakıda reallaşır. Bütün bunlar ölkəmizin, onun lideri cənab İlham Əliyevin dünyadakı hörmət nüfuzunun, uzaqgörən siyasətinin, səriştəsinin nəticəsidir. Siz baxın, indi dünyada İslam ölkələrinin bir çoxunu sıxışdırırlar. Belə bir zamanda idman vasitəsilə müsəlman ölkələrini bir araya gətirmək böyük istedad, həm cəsarət tələb edir. Suyun bu oyunlar üçün rəmz seçilməsinin xüsusi mənası, əhəmiyyəti var. Su birlik, paklıq, aydınlıqdır. Bəli, İslam da məhz paklığı sevir. Əminik ki, keçirilən bu tədbir İslam ölkələri xalqları arasında birliyin, qarşılıqlı anlaşmanın yaranmasına öz müsbət təsirini göstərəcəkdir. Arzumuz budur ki, dünyamız aydınlıq içində olsun. İnsanlar sülh, bərabərlik, bolluq içində yaşayıb ömür sürsünlər”.

El ağsaqqalının dediyi bu sözlər bütün astaralıların, eləcə Azərbaycan xalqının ürəyindən gələn sözlərdir. Su səyahəti konsert sədaları Astara şəhərinin səmasında gül çələngini xatırladan atəşfəşanlıqla başa çatdı.

 

Seyran CAVADOV,

 

Azərbaycan.- 2017.- 11 aprel.- S. 6.