Azərbaycanda qlobal böhran şəraitində milli
inkişafın dayanıqlığı təmin olunub
İlham Əliyev
respublikamızın artıq dünya miqyasında etibarlı tərəfdaş,
müstəqil, ləyaqətli ölkə kimi
tanındığını bəyan etdi
Aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı iclası giriş nitqi ilə açdı.
Azərbaycan
Prezidenti İlham Əliyevin giriş nitqi
-Bu gün biz birinci rübün
yekunlarını müzakirə edəcək, növbəti
aylarda görüləcək işlər haqqında
danışacağıq.
Birinci rübdə ölkəmiz
uğurla inkişaf edib, bizim bütün proqnozlarımız həyatda
öz əksini tapır. Hələ keçən ilin sonlarında
mən tam əminliklə qeyd etmişdim ki, 2017-ci ildə
ölkəmizin sürətli inkişafı təmin ediləcəkdir.
Birinci rübün nəticələri göstərir
ki, Azərbaycan bütün sahələrdə çox
sürətlə inkişaf edib, bizim beynəlxalq mövqelərimiz
möhkəmlənib, ölkə daxilində proseslər
müsbət istiqamətdə gedir, iqtisadi inkişaf təmin
edilir, bütün sosial məsələlər öz həllini
tapır. Çox ciddi sosial təşəbbüslər
irəli sürülmüşdür, ordu quruculuğu
uğurla gedir və əminəm ki, biz bu il
istədiyimiz nəticələrə, bütün hədəflərə
çatacağıq və 2017-ci il də ölkəmiz
üçün uğurlu il olacaqdır.
Əfsuslar olsun ki, dünyada
və regionda mövcud beynəlxalq vəziyyət hələ
ki, çox gərgindir. Mövcud olan münaqişələr,
qanlı toqquşmalar davam edir. Yeni risklər
yaranır, yeni təhdidlər ortaya çıxır və
bütövlükdə, əfsuslar olsun ki, 2017-ci ildə
bölgədə sabitlik istiqamətində ciddi addımlar
atılmamışdır. Əksinə,
bir daha qeyd etmək istəyirəm ki, risklər artır.
Əlbəttə, biz bu bölgədə yaşayan bir ölkə
kimi bundan narahatıq və öz tədbirlərimizi
görürük ki, Azərbaycan dövləti və Azərbaycan
xalqı inkişaf etsin, normal yaşasın, ölkəmizdə
təhlükəsizlik təmin edilsin və
özümüzü potensial risklərdən qoruya bilək.
İlin əvvəlindən
beynəlxalq fəaliyyətimiz də çox uğurlu
olmuşdur. Mən birinci rübdə 7 xarici səfər
etmişəm. Bu səfərlərin
çox böyük əhəmiyyəti var. İlk növbədə,
beynəlxalq konfranslarda mənim iştirakım ölkəmizin
maraqlarının təmin edilməsi üçün
çox böyük əhəmiyyət daşıyır.
Bilirsiniz ki, dünyanın iki mötəbər
beynəlxalq tədbiri var – biri Davos Ümumdünya İqtisadi
Forumu, hansı ki, siyasi və iqtisadi məsələləri
diqqətdə saxlayır və dünyanın siyasi və
iqtisadi elitası orada iştirak edir. İkincisi
isə Münxen Təhlükəsizlik Konfransıdır, bu da
daha çox təhlükəsizlik və siyasi məsələlərin
müzakirəsinə həsr olunur. Hər
iki mötəbər tədbirdə iştirak edərkən mən
ölkəmizin mövqeyini, o cümlədən Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın
işğalçı siyasəti ilə bağlı
mövqeyini dünya ictimaiyyətinə bir daha
çatdırdım. Eyni zamanda, Davos İqtisadi
Forumunda dövlət başçıları, aparıcı
beynəlxalq şirkətlərin rəhbərləri ilə
çoxsaylı görüşlərim, əlbəttə ki,
bizim maraqlarımızı təmin edir. Mən
10 ildən çoxdur ki, Davos Ümumdünya İqtisadi
Forumunda iştirak edirəm və o görüşlər əsnasında
ölkəmiz üçün bir çox önəmli layihə
həyata keçirilir. Əlbəttə,
bizim bu tədbirlərdə iştirakımız, fəal
rolumuz ölkəmizə rəğbəti, hörməti
artırır və bu gün Azərbaycan beynəlxalq arenada
çox etibarlı tərəfdaş kimi tanınır.
Birinci rübdə Avropa
Komissiyasına mənim uğurlu səfərim olub. Biz buna da
çox böyük əhəmiyyət veririk. Çünki Avropa ölkələri bizim əsas
ticarət tərəfdaşlarımızdır, əsas
investorlarımızdır və biz Avropa İttifaqı ilə
uzun illərdir ki, səmərəli əməkdaşlıq
aparırıq. Bu dəfə də Avropa
qurumlarının rəhbərləri ilə bütün
görüşlər çox səmimi,
qarşılıqlı anlaşma şəraitində
keçmişdir, bütün danışıqlar və
söhbətlər qarşılıqlı hörmət əsasında
aparılmışdır. Həm Avropa
Komissiyasının rəhbərləri, həm mən bunu rəsmi
çıxışlarda da qeyd etmişdik. Eyni zamanda, biz səfərdən dərhal sonra Avropa
Komissiyası ilə yeni saziş üzərində
danışıqlara başlamışıq və əminəm
ki, bu danışıqlar tezliklə yaxşı nəticələrə
gətirib çıxaracaqdır.
Mənim rəsmi səfərlərim
də olub. Pakistan İslam Respublikasına çox uğurlu səfərim
olubdur. Pakistan bizim üçün çox yaxın,
dost, qardaş ölkədir. Bilirsiniz ki,
Dağlıq Qarabağ münaqişəsinə görə
Pakistan Ermənistanla heç bir əlaqə qurmayıb,
diplomatik əlaqələri yoxdur. Biz bu
mövqeyi çox yüksək qiymətləndiririk.
İkitərəfli əlaqələrimizin gündəliyi
genişlənir, həm iqtisadi, siyasi, eyni zamanda, hərbi-texniki
əməkdaşlıq da müzakirə mövzusudur və
yaxşı nəticələr də var. Biz son 5 il ərzində
İqtisadi Əməkdaşlıq Təşkilatına
uğurlu sədrlik etmişik və Pakistanda bu təşkilatın
zirvə görüşündə də bizim sədrliyimiz
dövründə gördüyümüz işlərə
yüksək qiymət verilmişdir.
Qətər Dövlətinə
mənim uğurlu səfərim olubdur. Biz Körfəz
ölkələri ilə çox yaxın əlaqələr
qurmuşuq. Qətər bizim üçün çox
yaxın, dost ölkədir. Qətərin
Əmiri Azərbaycana səfər etmişdir, mən də
cavab səfərim çərçivəsində çox
uğurlu danışıqlar aparmışam, siyasi və
iqtisadi, sərmayə qoyuluşu, birgə iqtisadi fəaliyyət
sahələrində gələcək əməkdaşlıq
çox geniş müzakirə edilmişdir.
İran İslam
Respublikasına uğurlu səfərim də artıq ənənəvi
xarakter daşıyır. Mən son bir neçə il ərzində İrana 3 dəfə rəsmi
səfər etmişəm. İran Prezidenti də
Azərbaycana müntəzəm olaraq rəsmi səfərlər
edir. Mən son 3 il ərzində
İran Prezidenti ilə 8 dəfə
görüşmüşəm. İran bizim üçün
dost, qardaş ölkədir, yaxın qonşudur. İranla əlaqələrimizin möhkəmləndirilməsi
həm ölkəmizin maraqlarına xidmət edir, eyni zamanda,
bölgə üçün də çox önəmlidir.
Bu, bölgədə sabitliyi möhkəmləndirir
və ikitərəfli formatda çox önəmli məsələlər
müzakirə edildi. Yenə də bir
çox sazişlər imzalandı və əvvəlki illərdə
imzalanan sazişlər artıq həyatda öz əksini
tapır. Əldə olunmuş
bütün razılaşmalar icra edilir və həm ticarət
dövriyyəsinin artırılmasında, - İranla bizim
ticarət dövriyyəmiz təqribən 70 faiz səviyyəsində
artmışdır, - eyni zamanda, nəqliyyat, energetika, logistika
və digər sahələrdə çox uğurlu əməkdaşlıq
aparılır.
Yeddinci səfərim Fransaya
rəsmi səfərim olmuşdur. Bu səfərin də
çox böyük mənası var. Fransa dünyanın
aparıcı ölkələrindən biridir, BMT Təhlükəsizlik
Şurasının daimi üzvüdür, Minsk qrupunun həmsədridir.
Bu səfər də çox uğurlu
keçdi, Fransa-Azərbaycan dostluq əlaqələri bir daha
təsdiqləndi. Mənə Fransada
çox böyük hörmət göstərildi.
Siyasi, iqtisadi, humanitar məsələlərin müzakirəsi
göstərdi ki, Fransa-Azərbaycan əlaqələrinin
artıq çox möhkəm dayaqları var. Bu ölkədə
Azərbaycana çox böyük maraq var, orada Fransanın
aparıcı biznes qurumları ilə keçirdiyim
görüş, - bu görüş təqribən iki saata
yaxın çəkdi, - göstərdi ki, doğrudan da, həm
çox böyük maraq var, həm də bizim
gördüyümüz işlərə çox yüksək
qiymət verilir və Fransa şirkətləri Azərbaycanda
böyük həvəslə fəaliyyət göstərirlər.
Bax, sadaladığım
ancaq bu yeddi səfər göstərir ki, bizim diplomatiyamız
çox uğurludur, beynəlxalq mövqelərimiz möhkəmlənir
və Azərbaycan dünya miqyasında çox böyük
hörmətə malik olan ölkədir. Hətta
bir-biri ilə o qədər də yaxşı münasibətlər
qurmayan ölkələr Azərbaycanla əməkdaşlığa
gəldikdə, tərəddüdsüz və birmənalı
şəkildə bu əməkdaşlığın dərinləşməsinə
maraq göstərirlər və maraqlıdırlar. Biz isə bütün ölkələrlə,
xüsusilə bölgədə yerləşən ölkələrlə
əlaqələrimizi daha da genişləndiririk. Bu, həm siyasi, həm iqtisadi maraqlarımızı
təmin edir, həm də bölgədə əməkdaşlıq
ruhunu gücləndirir və sabitliyi möhkəmləndirir.
Eyni zamanda, bu ilin birinci
rübündə yeddi dövlət başçısı Azərbaycana
səfər etmişdir. Bu da çox önəmlidir. Çünki bu səfərlər həm ölkəmizə
olan hörmətin əlamətidir, eyni zamanda, səfərlər
çərçivəsində çox ciddi müzakirələr
aparılır və görün, bizim beynəlxalq təmaslarımız
nə qədər çoxşaxəlidir.
Birinci rübdə Azərbaycanda
V Qlobal Forum keçirilmişdir. Bu da artıq dünya
miqyasında önəmli beynəlxalq tədbirlərin
sırasına daxil edilib. Bu Forumda
dünyanın 40-dan çox fəaliyyətdə olan və
sabiq dövlət, hökumət başçıları
iştirak etmişlər.
Bir hadisəni də qeyd etmək
istəyirəm. Bu da çox əlamətdar hadisədir.
Əslində, bu hadisə bizim dünyadakı
rolumuzu əks etdirir. Bu da Amerika və
Rusiya ordularının Baş Qərargah rəislərinin
birinci görüşünün Bakıda keçirilməsi
hadisəsidir. Hər iki ölkə Azərbaycanı
birinci görüş üçün seçməklə həm
bizə olan hörmətini növbəti dəfə ifadə
edir, həm də bu, bizim rolumuzu əyani şəkildə
sübut edir. Azərbaycan bu gün nəinki
bölgə çərçivəsində, artıq
dünya miqyasında etibarlı tərəfdaş, müstəqil,
ləyaqətli ölkə kimi özünü təqdim edib.
Əlbəttə ki, birinci rübdə beynəlxalq
fəaliyyətimizdə bir çox digər önəmli hadisələr
də baş vermişdir. Ancaq əsas məsələlər
bundan ibarətdir.
Əlbəttə, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli həmişəki
kimi, diqqət mərkəzində olmuşdur. Baxmayaraq ki, Ermənistan
danışıqlar prosesini hər vəchlə
dayandırmağa, onu boykot etməyə
çalışır, ancaq buna nail ola
bilmir və nail ola bilməyəcək. Minsk
qrupunun həmsədr ölkələri artıq bir neçə
dəfə bəyan etmişlər ki, status-kvo qəbuledilməzdir
və dəyişdirilməlidir. Bu, əslində
işğala son qoyulması deməkdir. Hesab
edirəm, Ermənistana, onun işğalçı siyasətinə
Minsk qrupu tərəfindən təzyiq daha da güclənməlidir
ki, onlar beynəlxalq normalara riayət etsinlər və
işğala son qoysunlar.
Bizim danışıqlar prosesindəki
mövqeyimizdə heç bir dəyişiklik yoxdur, ola da bilməz. Ərazi
bütövlüyü prinsipi danışıqlar mövzusu
deyil və Azərbaycan öz ərazi
bütövlüyünü bərpa etməlidir. Mən bütün beynəlxalq təmaslarda qeyd edirəm
ki, bu məsələdə heç bir ölkə, yaxud təşkilat
tərəfindən ikili standartlar özünü göstərməməlidir.
Çünki bəzi hallarda biz bu ikili
standartlarla üzləşirik. Postsovet məkanında
mövcud olan digər münaqişələrə bəzən
daha böyük diqqət göstərilir, yaxud da ki, o
münaqişələrin həlli ilə bağlı daha dəqiq
ifadələr işlənilir.
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ərazi
bütövlüyü çərçivəsində həll
olunmalıdır. Postsovet məkanında mövcud olan digər
münaqişələrdən fərqli olaraq, BMT Təhlükəsizlik
Şurası bu münaqişə ilə bağlı dörd
qətnamə qəbul edib. O qətnamələr bəllidir,
bütün dünya bunu bilir, erməni
işğalçı qüvvələri işğal
edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz
çıxarılmalıdır. Bax, budur əsas
prinsip və bu prinsipdən kənarda heç bir başqa məsələ
müzakirə oluna bilməz.
Onu da qeyd etməliyəm ki,
Ermənistanın bütün cəhdlərinə baxmayaraq,
onların qeyri-konstruktiv və qeyri-səmimi siyasəti
artıq qınaq obyektinə çevrilib. Onlar nə qədər
tez danışıqlar masasına qayıtsalar, onlar
üçün bir o qədər yaxşı olacaq. Çünki Azərbaycan gündən-günə
güclənir, möhkəmlənir, həm siyasi, həm hərbi,
həm iqtisadi potensialımız artır və gec-tez biz bu məsələni
istədiyimiz kimi ədalətli həll edəcəyik.
Birinci rübdə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı bir neçə hadisəni qeyd etmək istəyirəm. Birincisi,
Dağlıq Qarabağda keçirilən qondarma “referendum”u
qeyd etmək istəyirəm. Bu “referendum”un
keçirilməsi ilə Ermənistan özünü bir daha
biabır və ifşa etdi. Mən bir dəfə demişəm
və bir daha demək istəyirəm ki, onlar orada nə qədər
çox qanunsuz “referendum” keçirsələr, bu, bir o qədər
çox bizim xeyrimizə işləyir. Çünki
bütün qonşu ölkələrimiz, Minsk qrupuna həmsədrlik
edən ölkələr, Avropa İttifaqı və bir
çox ölkələr dərhal bu “referendum”u pislədilər.
Bəyan etdilər ki, bu “referendum”u
tanımırlar və Dağlıq Qarabağ Azərbaycanın
ayrılmaz hissəsidir.
Əslində, bu “referendum”un keçirilməsi ilə onlar bütün
ölkələri bu həqiqəti bir daha təkrar etməyə
sövq etdilər. Əlbəttə ki, bütün beynəlxalq
aləm bu “referendum”u qəbul etməməklə bizim ərazi
bütövlüyümüzə və Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin məhz bu prinsip
əsasında həll edilməsinə öz dəstəyini
göstərmiş oldular.
Digər hadisə də əlamətdardır. Çünki ilk dəfə
olaraq, bizim qanunlarımızı bir neçə dəfə
kobudcasına pozmuş, Dağlıq Qarabağa qanunsuz səfərlər
etmiş, Azərbaycan dövlətini, xalqını təhqir
etmiş bir nəfər xaricdə saxlanılaraq bütün
dünyanın gözü qarşısında Azərbaycana təhvil
verildi və Azərbaycana gətirildi. Bu, ilk dəfə
baş verən hadisədir. Bu, ədalətin
bərpasıdır. Bu, beynəlxalq
hüququn aliliyidir. Ekstradisiya ilə
bağlı olan bütün məsələlər beynəlxalq
qanun və konvensiyalar əsasında baş verib. Əminəm ki, bu, həm bizim
qanunlarımızı kobudcasına pozan və bununla qürrələnən
şəxsə də, onun kimilərinə də dərs olub
və dərs olacaq.
Bir önəmli hadisə də
baş verdi. Biz Cocuq Mərcanlı
kəndinin bərpasına başladıq. Hesab
edirəm ki, bu da tarixi hadisədir. İndi
orada yeni qəsəbə salınır. Birinci növbədə
50 ev, məktəb, uşaq
bağçası, məscid tikilir, yeni yol salınır.
Sonra əlavə 150 ev və tibb məntəqəsi
tikiləcək. Onu da qeyd etməliyəm ki, o məscid Şuşa məscidinin
memarlığını təkrarlayır. Bu, mənim
göstərişim idi. Erməni vəhşiləri
tərəfindən dağıdılmış bütün
abidələrimizin, məscidlərimizin bərpası
günü də gələcək. Cocuq Mərcanlının
bərpası tarixi hadisədir, bir daha onu göstərir ki, Azərbaycan
xalqı heç vaxt bu işğalla barışmayacaq. Eyni zamanda, onu göstərir ki, Azərbaycan öz ərazilərini
bərpa edəndən sonra bütün kəndləri,
bütün şəhərləri yenidən quracaq. Bu, bir daha onu göstərir ki, 20 ildən artıq
başqa yerdə məskunlaşan Cocuq Mərcanlı kəndinin
sakinləri öz doğma kəndinə tezliklə qayıtmaq
arzusu ilə yaşayırlar. Baxmayaraq ki,
orada bütün evlər dağıdılıb, ora təmas
xəttinə yaxındır. Bax, budur
torpaq sevgisi, Vətən sevgisi. Ona görə
həm dövlət, həm bizim siyasətimiz, eyni zamanda, xalq
bu məsələdə vəhdət təşkil edir. Bu vəhdət, bu birlik bizi daha da ruhlandırır və
göstərir ki, biz haqq yolundayıq, ərazi
bütövlüyümüzü bərpa edəcəyik.
Onu da qeyd etməliyəm ki, bu il köçkünlər üçün digər
yerlərdə yeni binalar tikilir, qəsəbələr
salınır. Onlardan biri Tərtər rayonunda
inşa edilən böyük qəsəbədir, yaxın
aylarda istifadəyə veriləcək. Eyni
zamanda, Bakı və Sumqayıt şəhərlərində
qəzalı binalarda yaşayan köçkünlərin
problemləri də əminəm ki, yaxın vaxtlarda öz həllini
tapacaq. İlk növbədə, ən
ağır vəziyyətdə yaşayan dörd min
köçkün ailəsi yeni evlərə
köçürüləcəkdir. Bu proses mərhələli
yollarla həll ediləcək, həm yeni binalar tikilir, eyni
zamanda, vaxtilə tikilmiş mövcud binalarda mənzillər
alınacaq və məcburi köçkünlər orada yerləşdiriləcəkdir.
Hesab edirəm ki, yaxın bir neçə aydan
sonra birinci qrup köçkünlər yeni evlərə
köçürüləcəkdir.
Əlbəttə,
bütün bu məsələləri həll etmək
üçün bizim güclü iqtisadi potensialımız
olmalıdır. Biz bu potensialı yaratmışıq.
2017-ci ilin birinci rübünün yekunları
onu göstərir ki, Azərbaycan iqtisadiyyatı çox
dinamik şəkildə inkişaf edir. Mən
bəzi rəqəmləri ictimaiyyətin diqqətinə
çatdırmaq istəyirəm. Bu rəqəmlər
mövcud iqtisadi vəziyyətimizi hər şeydən
yaxşı əks etdirir.
İqtisadiyyatımızın
əsas göstəriciləri qeyri-neft sektorunun, qeyri-neft sənayesinin
və kənd təsərrüfatının
inkişafıdır. Bütün bu istiqamətlər üzrə
yaxşı nəticələr var. İqtisadiyyatın
qeyri-neft sektoru 2,4 faiz artıbdır, qeyri-neft sənayemizin
artımı 2 faiz səviyyəsində olubdur, kənd təsərrüfatı
3,5 faiz artıbdır. Xüsusilə qeyd etmək
istəyirəm ki, bitkiçilik 20 faizdən çox
artıbdır. Bu, onu göstərir ki,
bizim gördüyümüz işlər, ciddi islahatlar,
investisiyalar artıq öz nəticələrini verir.
Birinci rübdə bizim
valyuta ehtiyatlarımız 1 milyard dollar səviyyəsində
artıbdır. Bu gün valyuta ehtiyatlarımız 38,5
milyard dollardır. Bu, böyük rəqəmdir.
Biz keçən il valyuta ehtiyatlarımızı
qoruya bilmişik. Baxmayaraq ki, neftin qiyməti kəskin səviyyədə
aşağı düşüb, bu il nəinki
qoruya bilmişik, birinci üç ayda biz əlavə 1 milyard
dollar qazanmışıq. Əminəm ki, biz il
ərzində valyuta ehtiyatlarımızı
artıracağıq. Bax, bu, çox önəmli
məsələdir. Çünki
hamıya aydındır ki, 2015-2016-cı illər böhran illəri
idi. Neftin qiymətinin 3-4 dəfə aşağı
düşməsi, inşaat sektorunda keçən il yaşanan durğunluq istər-istəməz
təbii ki, bizim iqtisadi inkişafımıza mənfi təsir
göstərə bilərdi. Bəlkə də
hər hansı bir başqa hökumət bunun
çıxış yolunu ancaq valyuta ehtiyatlarının
istifadəsində görə bilərdi. Ən
asan yol da bu idi. Ancaq bax, məsuliyyətli
yanaşma və uzunmüddətli inkişaf planlarımız əlbəttə
ki, bizim üçün başqa seçimi diktə edir.
Bu, məsuliyyətli seçim idi, bu, xalqın
maraqlarını hər şeydən üstün tutan
seçim idi. Biz tezliklə ciddi
islahatları dəyərləndirdik, çox operativ tədbirlər
gördük. İqtisadiyyatımızın
restrukturizasiyası ilə bağlı çox ciddi
addımlar atıldı. Biznesi,
investisiyaları, ixracı stimullaşdırmaq istiqamətində
müvafiq qərar və qanunlar qəbul edildi. Beləliklə, biz iqtisadi
dayanıqlılığımızı qoruya və valyuta
ehtiyatlarımızı artıra bildik. Neftlə zəngin
olan ölkələrin demək olar ki, əksəriyyəti
keçən il və bu il öz valyuta
ehtiyatlarını itirirlər. Biz isə
artırırıq.
Bu ilin üç ayında
ticarət dövriyyəsi 15 faiz artmışdır. Bu da çox
yaxşı göstəricidir. İxrac təxminən
50 faiz artmışdır. Sevindirici hal
ondan ibarətdir ki, qeyri-neft ixracımız təqribən 10
faiz ətrafında artmışdır, idxal isə 17 faiz
azalmışdır. Bu da bizim siyasətimizin
təzahürüdür. Çünki biz
idxaldan asılılığımızı azaltmaq
üçün yerli istehsalı stimullaşdırdıq,
biznes qurumlarına çox gözəl şərait
yaratdıq, xüsusilə kənd təsərrüfatı sahəsinə
texnikanın alınmasına və digər tədbirlərə
dövlət investisiyaları qoyuldu. Bu barədə
artıq çox danışmışıq, təkrar etmək
istəmirəm. İdxalın azalması,
ixracın kəskin artması bizim iqtisadi sabitliyimizi təmin
edir. Ancaq birinci rübdə ticarət
dövriyyəmizin müsbət saldosu 1 milyard dollar səviyyəsindədir.
Bax, bu göstəricilər
bizim iqtisadi vəziyyətimizi real əks etdirir. Əgər əlavə etsəm
ki, bu il Davos Ümumdünya İqtisadi
Forumu iqtisadiyyatların rəqabət qabiliyyətliliyinə
görə Azərbaycanı 37-ci yerə layiq görüb,
artıq mənzərə tamamlanır. Biz böhranlı
illərdə öz reytinqimizi üç pillə artıra
bilmişik. İnkişafda olan ölkələr
arasında reytinqə görə isə Azərbaycan 1-ci, 2-ci
yerləri bölüşür. Budur bizim
işimizə verilən real və etibarlı qiymət. Biz bu yolla gedəcəyik, iqtisadi
potensialımızı gücləndirəcəyik.
Birinci rübdə 85 min yeni iş
yeri yaradılmışdır. Onlardan 70 mini daimi iş yeridir.
Doqquz min iş yeri bağlanıb. Biz artıq
yenə də gözəl mənzərəni
görürük. Sevindirici hal ondan ibarətdir ki, iş yerlərinin yaradılması təkcə
dövlət sektorunda yox, özəl sektorda da davam edir. Mən
əvvəlki toplantıda qeyd etmişdim ki, biz bu il dövlət sektorunda 40 mindən çox
yeni iş yeri yaradacağıq. Onlar artıq
yaradılıb. Amma 40 mindən çox iş
yeri özəl sektorda yaradılıbdır. Bu
da iqtisadi inkişafın təzahürüdür.
Bu il Cənub Qaz Dəhlizinin
icrası ilə bağlı da önəmli hadisə baş
verib. Cənub Qaz Dəhlizinin Məşvərət
Şurası üçüncü dəfə Bakıda
görüş keçirib. Bu layihədə
iştirak edən bütün ölkələrin, Avropa
Komissiyasının, Amerikanın, Böyük Britaniyanın
yüksək vəzifəli nümayəndələri öz
iştirakları ilə bir daha bu layihəyə dəstəklərini
göstərmiş oldular. Məşvərət
Şurasının yekunu olaraq qətnamə qəbul edildi.
Bu qətnamədə yenə də ölkəmizin
liderlik rolu qeyd edilir. Cənub Qaz Dəhlizinin
icrası artıq reallıqdır. Düzdür,
bizə əngəl törətmək istəyənlər də
var. Bu da təbiidir. Biz bunu hələ 10 il
bundan əvvəl görmüşük. Yadımdadır,
o vaxt Bakı-Tbilisi-Ceyhan neft kəməri tikiləndə bizim
siyasətimizə zərbə vurmaq istəyən qüvvələr,
eyni zamanda, erməni lobbisi və bu layihəyə müsbət
yanaşmayan bəzi dairələr müxtəlif yollarla daha
çox ekoloji bəhanələri gətirərək
çalışırdılar ki, bizim işimizə zərbə
vursunlar. Buna müəyyən dərəcədə nail
oldular. Yadımdadır, o vaxt hətta bəzi
beynəlxalq maliyyə qurumları da kreditləşməni bir
qədər yubatdılar. Ancaq buna
baxmayaraq, Bakı-Tbilisi-Ceyhan 2006-cı ildə
açıldı. Bu gün də bəzi
dairələr, bəzi kənar qüvvələr
çalışırlar ki, yenə də ekoloji bəhanələr
gətirərək Cənub Qaz Dəhlizinin bəzi seqmentlərində
işləri yubatsınlar. Ancaq bunun
heç bir əsası yoxdur. Bu, sadəcə
olaraq bir bəhanədir. Bütün
ekoloji normalar gözlənilir, bütün məsələlər
razılaşdırılıb. Tezliklə
Cənub Qaz Dəhlizinin istifadəyə verilməsi həm
bizim, həm də bu layihədə iştirak edən və bu
layihədən gələcəkdə xeyir götürəcək
bütün tərəflər üçün önəmlidir.
Mən əminəm ki, 2017-ci il bu
baxımdan həlledici il olacaq və biz gələn il TANAP
layihəsinin açılışını qeyd etməliyik.
Bu ilin əvvəlindən nəqliyyat
sektorunda da yaxşı nəticələr var. Xüsusilə
qeyd etməliyəm ki, Astaraçay çayı üzərində
tikdiyimiz körpü vasitəsilə bu ilin mart ayında Azərbaycandan
İrana artıq birinci qatar keçibdir. Biz Şimal-Cənub dəhlizi ilə bağlı ərazimizdə
olan bütün işləri yekunlaşdırdıq.
Əminəm ki, bu il Şimal-Cənub layihəsinin
icrasında birgə səylərlə müsbət irəliləyiş
olacaq. O ki qaldı, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə
verilməsinə, Türkiyə tərəfi artıq bir
neçə dəfə rəsmi qaydada bəyan edib ki, bu il bu layihə də istifadəyə veriləcək.
Bilirsiniz ki, Azərbaycan bu layihə ilə
bağlı öz üzərinə düşən
bütün vəzifələri artıq icra edib.
Bir rəqəmi də diqqətə çatdırmaq istəyirəm. Bu da turizmlə bağlıdır. Keçən il turistlərin, xarici vətəndaşların ölkəmizə səfərləri 11 faiz artmışdır. Bu ilin birinci rübündə artıq 25 faiz artım var. Bu da çox gözəl göstəricidir. Bunun əlbəttə ki, bir çox səbəbləri var. Birincisi, Azərbaycanda mövcud olan və son illər ərzində yaradılmış müasir infrastruktur. Bizim 6 beynəlxalq aeroportumuz var. Bizim ən son modellərlə təchiz edilmiş hava nəqliyyatımız var. Bütün bölgələrə gözəl yollar çəkilibdir. Bakıda və bölgələrdə gözəl otellər tikilibdir. Bakıda dünyanın demək olar ki, bütün aparıcı otel şəbəkələri öz otellərini idarə edirlər. Bütün bölgələrdə müasir otel infrastrukturu, müalicəvi turizm inkişaf edir. Biz ənənəvi turizm bölgələrini bərpa etdik. Vaxtilə - Sovet dönəmində Naftalana 70 min turist gəlirdi. Verilən son məlumata görə, hər il təxminən 30-35 min insan buraya müalicə almağa gəlir. Biz Qalaaltı kurortunu bərpa etmişik, özü də yüksək səviyyədə. Sovet vaxtında orada olan vətəndaş indi görür ki, burada yerlə göy qədər fərq var. Biz digər müalicəvi turizm zonalarını yaratdıq, yeni turizm obyektləri istifadəyə verildi. Qusarda Şahdağ, Qəbələdə Tufandağ xizək kompleksləri ən müasir turizm infrastrukturudur. Bunlar olmasaydı, ölkəmizə kim gələrdi? İkincisi, ölkəmizdə mövcud olan sabitlik. İndi turistlər də baxırlar ki, hara getsinlər, riskli yerlərə getmək istəmirlər. Bilirlər ki, Azərbaycanda onların təhlükəsizliyi qorunacaq. Bilirlər ki, Azərbaycan sabit ölkədir. Bu da önəmli amildir.
Növbəti amil mənim göstərişimlə “ASAN viza” sisteminin yaradılmasıdır. Mənə bu yaxınlarda məruzə edildi ki, üç ay ərzində “ASAN viza” xətti ilə 40 min viza verilib. Bu sistem Azərbaycana viza ilə gələnlərə şamil olunur. Səksəndən çox ölkənin vətəndaşı elektron viza alır. Bunlar olmasaydı, turizm inkişaf edə bilərdimi? Əlbəttə, bizim tariximiz, tarixi abidələrimiz, gözəl iqlimimiz, xalqımızın qonaqpərvərliyi, zəngin mətbəxi də bu işdə rol oynayır. Ancaq bunlar hamısı var idi. Bəs, niyə turizm inkişaf etmirdi? Biz bu sahədə inkişafı niyə görmürdük? Ancaq bu məsələni mən şəxsən öz nəzarətimə götürəndən sonra burada dönüş yarandı. Mənim yadımdadır, dəfələrlə müxtəlif dövlət qurumlarına göstəriş vermişdim ki, bu viza məsələlərini həll edin. Çünki vizalarla bağlı pozuntular bizim imicimizə zərbə vururdu. Xarici vətəndaş o vizanı səfirlikdən almaq üçün min əziyyətə qatlaşmalı olurdu, onu get-gələ salırdılar, qanunsuz tələblər irəli sürürdülər. Bu məsələ birdəfəlik həll olundu. İndi bu olmasaydı, Azərbaycana kim gələrdi? Bəzi xarici ölkələrdə olarkən görüşlər əsnasında mənə deyirdilər ki, biz Azərbaycana gəlmək istəyirik, bizim vətəndaşlar gəlmək istəyirlər, amma çox çətindir. Gərək bir həftə, iki həftə əvvəl planlaşdırasan, bilinmir hələ sənə viza verəcəklər, ya verməyəcəklər, bizim konsulumuz olan başqa şəhərə getməlisən. Xarici vətəndaş min bir əziyyətdən çıxırdı ki, Azərbaycana gəlsin. Mən bu məsələni tam diqqətə götürdüm və dərhal inqilabi dönüşlər yarandı. Ona görə turistlərin axınının əsas səbəbləri, bax, budur - bizim siyasətimiz, verdiyim göstərişlər, onların icrası, viza və təhlükəsizlik məsələləri, müasir infrastruktur, otellər, istirahət zonaları və əlbəttə ki, Bakının gözəlliyi.
Bu gün Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Ancaq Bakı necə idi? Bu, artıq yaddan çıxır. Qaranlıq küçələr, bulvar nə gündə idi. Adam qorxurdu bulvara getməyə. Heç kim bulvara çıxıb orada ailəsi ilə gəzmirdi. Dağılmış binalar, daxmalar, dar yollar - bu idi əvvəlki Bakı. İndi Bakının tarixi binaları tarixi irsimiz qorunmaqla təmir edildi. İçərişəhər artıq dünyanın ən cəlbedici tarixi yerlərinin birinə çevrildi. Bakı Bulvarının uzunluğu 3 kilometrdən 16 kilometrə çatdırıldı, söküntü işləri aparıldı, yeni yollar açıldı, yeni parklar salındı. Bu gün Bakı parklar, göllər şəhəridir. Biz gölləri təmizlədik. Biz ekoloji fəlakət mənbəyi olan Bibiheybət buxtasını təmizlədik. Biz ekoloji təhlükə mənbəyi olan Böyükşor gölünü təmizlədik və hələ ki, burada işlər davam edir. Bunlar olmasaydı, hansı turist Azərbaycana gələrdi? Biz beynəlxalq yarışlar keçirdik, dünyanın diqqətini cəlb etdik. Biz “Eurovision”, Avropa Oyunları, 500 milyon auditoriyası olan “Formula-1” keçirdik. Biz İslam Həmrəyliyi Oyunlarını keçirəcəyik. Bunlar olmasaydı, kimsə gələrdimi? Əsas amillər bunlardır, bunu hamı bilsin və düzgün qiymətləndirsin.
Biz gələn ay İslam Həmrəyliyi Oyunlarını keçirəcəyik. Bütün hazırlıq işləri yekunlaşır. Bu da böyük bir idman bayramı olacaq. Mən artıq təntənəli mərasimdə qeyd etdim ki, bu, təkcə idman Oyunları deyil, həm də birlik Oyunlarıdır. Biz bu istiqamətdə də səylərimizlə müsəlman ölkələri arasındakı birliyi möhkəmləndirəcəyik.
İndi də keçək müzakirələrə.
***
Müdafiə sənayesi naziri Yavər CAMALOV çıxış edərək dedi:
-Möhtərəm cənab Prezident.
Hörmətli iclas iştirakçıları.
Ümummilli lider Heydər Əliyevin qurucusu olduğu müasir Azərbaycan Respublikası müstəqilliyini bərpa etdiyi 25 il ərzində böyük inkişaf yolu keçib. Möhtərəm Prezident, Sizin tərəfinizdən yürüdülən qətiyyətli daxili və xarici siyasət nəticəsində respublikada siyasi, iqtisadi və hərbi sahədə böyük uğurlar qazanılıb.
Cənab Prezident, Sizin Bakıda, eləcə də ölkə xaricində keçirilən forum, konfrans və sammitlərdə etdiyiniz dərin məzmunlu çıxışlarınız və qəbul etdiyiniz qərarlar Azərbaycanın beynəlxalq arenada nüfuzlu söz sahibi olduğunu bir daha təsdiq edir. Belə ki, Sizin düşünülmüş və uzaqgörən siyasətiniz nəticəsində ölkənin milli təhlükəsizliyini təmin etmək məqsədilə yaradılmış Müdafiə Sənayesi Nazirliyi bu gün bir çox dövlətlərdə nümunə kimi qəbul edilib və bu sahədə qazanılmış təcrübə öyrənilməkdədir.
Bütün bunlar bu günlərdə Saatlıda keçirilmiş müşavirədə söylədiyiniz “Biz bu gün bir nümunə göstəririk - ölkəni necə idarə etmək lazımdır” fikrinizi bir daha təsdiq edir.
Təbii ki, belə qurumun yaradılması müharibə şəraitində olan ölkəmizin Milli Ordusunun təminatını daha da gücləndirmək məqsədi daşıyır. Eyni zamanda, bunun əyani sübutu olaraq bir il öncə aprel döyüşləri zamanı təmas xəttində Silahlı Qüvvələrimiz tərəfindən işğalçı ölkənin ordusuna sarsıdıcı zərbələr endirilməsi nəticəsində bir sıra yaşayış məntəqələri və əhəmiyyətli yüksəkliklər azad edildi.
Bildiyiniz kimi, aprel döyüşləri zamanı yerli istehsal olan bir sıra müdafiə təyinatlı məmulatlardan geniş istifadə olunub. Düşmənin canlı qüvvəsinin və döyüş texnikalarının dəqiq müəyyənləşdirilib məhv edilməsində Azərbaycan istehsalı olan yeni növ hərbi təyinatlı məhsullar mühüm rol oynayıb.
Bu istiqamətdə məqsədyönlü işlər davam etdirilir. Belə ki, Sizin tapşırığınızla Milli Ordumuzu daha müasir silahlar və texnikalarla təmin etmək məqsədilə qısa müddət ərzində yaradılmış yeni nəsil “Zərbə KM” (təsir gücü artırılmış qəlpəli-fuqaslı) pilotsuz uçuş aparatının sınaqları uğurla başa çatdırılıb və ötən ilin sentyabr ayında təqdimatı keçirilib. Adıçəkilən məmulatın seriyalı istehsalı üzrə müqavilələr bağlanıb və istehsal edilərək sifarışçilərə təhvil verilib.
Cənab Prezident, Sizin digər tapşırığınıza əsasən hazırda düşmənin canlı qüvvəsini, hərbi texnikasını və hərbi obyektlərini 100 kilometr məsafədə tam müəyyən edən və məhv etmək iqtidarında olan “Zərbə KH” (kumulyativ başlıqlı) pilotsuz uçuş aparatının yaradılması istiqamətində intensiv işlərə başlanılıb. Eləcə də ötən ilin sentyabr ayında Bakıda keçirilən ADEX-2016 Beynəlxalq müdafiə sərgisində Sizə göstərilən “Tufan” milli zirehli maşını üzrə işlər uğurla başa çatdırılıb və cari ilin fevral ayında Müdafiə Nazirliyi və digər güc strukturlarının aparıcı mütəxəssislərinin iştirakı ilə təqdimatı keçirilib. Sınaqlar zamanı milli zirehli nəqliyyat vasitəsi qarşıya qoyulan tələblərə cavab verib və mütəxəssislər tərəfindən müsbət qiymətləndirilib. Onu da qeyd edim ki, zirehli maşının üzərində quraşdırılmış 12,7, 14,5, 23 və 30 millimetrlik silahlarla təchiz edilmiş universal döyüş modulu da nazirliyin müəssisələrində istehsal olunub.
Sizin verdiyiniz tapşırığa uyğun olaraq, yüksək güclü elektromaqnit impuls şüalanma layihəsi işlərinə başlanılıb. Bu layihə iki istiqamətdə - zirehlı texnika üzərində yerləşdirilmiş elektromaqnit impuls qurğusunun və yüksək impulslu elektromaqnit şüa verən aviasiya bombasının yaradılması istiqamətində aparılacaq.
Məmulatların əsas təyinatı istiqamətlənmiş elektromaqnit şüalanma yaratmaqla, hədəfdə olan müxtəlif hərbi və mülki təyinatlı texnikaların idarəetmə elektron sistemlərini sıradan çıxarmaqdır. Artıq bu layihələr üzrə intensiv və təxirəsalınmaz işlərə başlanılıb. Bu silahların döyüşdə tətbiqi düşmən ordusunu tam iflic vəziyyətə salacaq.
Ümumilikdə, 2017-ci ildə nazirliyin müəssisələrində 136 adda müdafiə təyinatlı məmulatların yaradılması istiqamətində təcrübi-konstruktor işləri aparılır.
Möhtərəm Prezident, 2017-ci ildə əsas diqqət keçid layihələri üzrə işlərin davam etdirilməsinə yönəldiləcək. İstismara buraxılacaq 3 istehsalat müəssisəsində 100, 122, 130, 152 millimetrlik, eləcə də NATO standartlarına uyğun 155 millimetrlik artilleriya və 125 millimetrlik tank topları üçün mərmilərin və onların gilizlərinin, 40x46 millimetrlik qumbaraatan üçün müxtəlif növ qumbaralı atəş yığımlarının, RPQ-7V2 tipli tank əleyhinə əl qumbaraatanı üçün 4 növ qumbaralı atəş yığımlarının istehsalı üzrə son tamamlama işləri başa çatdırılacaq.
Eyni zamanda, döyüş sursatlarının hazırlanmasında əsas komponent kimi istifadə olunan partlayıcı maddələr - piroksilin, ballistit barıtlar, trotil və heksogen istehsalı üzrə zavodların, eləcə də müxtəlif çaplı artilleriya mərmiləri üçün 4 növ başlıq partladıcılarının və müxtəlif çaplı minaatan atəş yığımları üçün müasir növ tullayıcı barıt atımlarının istehsalı sahələrinin yaradılması işləri davam etdiriləcək.
2017-ci ilin istehsal proqramına əsasən, Müdafiə Nazirliyi və digər güc qurumları tərəfindən verilmiş sifarişə uyğun olaraq 123,7 milyon manat məbləğində müdafiə təyinatlı məmulatların istehsalı, təmiri və utilizasiyası nəzərdə tutulur. Artıq müqavilələr bağlanıb və məmulatların istehsalı üzrə işlər həyata keçirilir. Onu da qeyd etməliyəm ki, hazırda nazirliyin müəssisələrində məhsul istehsalı həcminin artırılması üçün geniş imkanlar mövcuddur və sifarişlər artdıqca bu sahədə işləri daha da təkmilləşdirəcəyik.
Silahlanmaya tövsiyə olunan 7,62x51 millimetrlik xüsusi təyinatlı “Yalquzaq” snayper tüfənginin, 7,62x54 millimetrlik xüsusi təyinatlı əl pulemyotunun, 30 millimetrlik avtomatik qumbaraatan kompleksinin, 40x46 millimetrlik əl qumbaraatanının, 7,62x39 və 5,56x45 millimetrlik avtomatların, F-1 tipli əl qumbarasının, VOQ-25P tipli atəş yığımının, M-6, M-12 tipli mina partladıcıların və s. məmulatların cari ildə seriyalı istehsalı nəzərdə tutulur.
Birinci rübdə ümumi məhsul istehsalının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,7 faiz artıb. Əldə olunan artım ixrac əməliyyatları hesabına təmin edilib. İstehsal olunan məhsulların 88,3 faizini müdafiə və xüsusi təyinatlı məmulatlar təşkil edir. İstehsalı mənimsənilmiş müdafiə təyinatlı məmulatların çeşid sayı 1200-ə çatdırılıb.
Cənab Prezident, Sizin göstərişinizlə mütəmadi olaraq həm ölkə daxilində, həm də xarici ölkələrdə keçirilmiş beynəlxalq müdafiə sərgilərində iştirakımız ixrac sahəsində uğurlar qazanmağa imkan verib. Cari il mayın 9-12-də Türkiyənin İstanbul şəhərində keçiriləcək 13-cü “İDEF-2017” Beynəlxalq sərgisində Müdafiə Sənayesi Nazirliyi tərəfindən 260 adda məmulat nümayiş etdiriləcək. Adıçəkilən sərgidə ilk dəfə olaraq nazirliyin müəssisələrində istehsal olunan 8,6x70 millimetrlik “Vaşaq” snayper tüfəngi, 40 millimetrlik QP-25 lüləaltı qumbaraatanı, 12,7 millimetrlik silahla təchiz edilmiş məsafədən idarə olunan döyüş modulu, “Tufan” milli zirehli maşını kimi bir sıra yeni məhsullar ziyarətçilərə təqdim ediləcək. Sərgi müddətində Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında sazişin də imzalanması gözlənilir. Sərginin keçiriləcəyi günlərdə hərbi-texniki əməkdaşlığın müxtəlif istiqamətləri üzrə razılaşmaların əldə olunması, eləcə də məmulatların ixracı üzrə memorandum və niyyət protokollarının imzalanması nəzərdə tutulur.
Cənab Prezident, ölkə sənayesinin dayanıqlı inkişafının təmin edilməsinin əsas istiqamətlərindən olan ixrac potensialının genişləndirilməsi və idxalın yerli istehsalla əvəzlənməsi ilə bağlı nazirlikdə məqsədyönlü işlər aparılır. Bu məqsədlə məmulatların ixracı üzrə müqavilələr bağlanıb və icrasına başlanılıb. İxrac edilən məmulatlardan bütün növ döyüş sursatlarını, müasir atıcı və artilleriya silahlarını, pilotsuz uçuş aparatlarını, zirehli texnikaları və s. göstərmək olar.
Bu gün 10-dan çox ölkənin müvafiq qurumlarına Azərbaycanın istehsalı olan hərbi məhsulların ixracı həyata keçirilir. Hazırda bağlanmış müqavilələrin dəyəri 101 milyon ABŞ dolları təşkil edir. Bu məbləğin 57 milyon dolları icrada olan müqavilələrdir, qalan 44 milyon dolları isə qarşı tərəfdən son istifadəçi sertifikatları təqdim edildikdən sonra qüvvəyə minəcək.
Bir məsələni də vurğulamaq yerinə düşərdi. Bu gün nazirliyin müəssisələrində ixtisaslı işçi qüvvəsi formalaşıb, eyni zamanda, böyük təcrübəyə malik mütəxəssislər toplanıb. Onların bilik və bacarığı sayəsində mürəkkəb istehsal prosesləri keçməklə, məmulatlar hazır vəziyyətə gətirilir. Bunun nəticəsidir ki, artıq ixrac üçün sifarişlər yalnız məhsulun deyil, həm də müəssisələrimizdə mövcud olan müasir texnologiyaların ötürülməsini də əhatə edir.
Möhtərəm Prezident, ötən il Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Sizin verdiyiniz tapşırıqların və “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulan tədbirlərin icrası olaraq nazirliyinin kollektivi məqsədyönlü işləri davam etdirir. Belə ki, məhsul istehsalında istifadə olunan xammal və materiallarda idxal həcminin azaldılması məqsədilə müəssisələrdə fəaliyyət göstərən metaləritmə sahələrinin gücündən səmərəli istifadə olunması, müasir texnologiyaların tətbiqini genişləndirməklə məmulatların materialtutumu həcminin azaldılması və s. tədbirlər həyata keçirilir.
Sizin tapşırığınıza əsasən idxalın yerli istehsalla əvəzlənməsi məqsədilə regionlarda suya olan tələbatı ödəmək üçün “Azərsu” və “Meliorasiya və Su Təsərrüfatı” səhmdar cəmiyyətlərinin sifarişləri əsasında Gəncə Maşınqayırma Zavodunda illik istehsal gücü 3 min ədəd olan “Dalma” tipli dərinlik su nasoslarının istehsalı sahəsi yaradılıb və məmulatların istehsal edilərək sifarişçilərə təhvil verilməsi təmin edilir.
Cənab Prezident, çıxışımın sonunda Sizi əmin edirəm ki, Sizin tapşırığınızla yaradılan yeni nəsil döyüş silahları Ermənistan ordusunu iflic etməklə yanaşı, işğal olunmuş ərazilərimizin Sizin rəhbərliyinizlə qısa müddət ərzində azad edilməsində mühüm rol oynayacaq.
Diqqətinizə görə təşəkkür edirəm.
***
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid QURBANOV çıxış edərək dedi:
-Zati-aliləri, möhtərəm cənab Prezident.
Hörmətli iclas iştirakçıları.
Dünyada davam edən iqtisadi və maliyyə böhranına baxmayaraq, Zati-aliləri, Sizin rəhbərliyiniz altında Azərbaycan iqtisadiyyatının bütün aparıcı sahələrində, xüsusilə də qeyri-neft sektorunda köklü dəyişikliklər baş verir. Azərbaycan iqtisadiyyatının vacib sahələrindən olan nəqliyyat sisteminin təkmilləşdirilməsi və nəqliyyat müstəqilliyinin genişləndirilməsi istiqamətində davamlı və məqsədyönlü iş aparılır. Ölkənin digər nəqliyyat növləri ilə yanaşı, dəmir yolu nəqliyyatı da demək olar ki, yenidən qurulur.
Zati-aliləri, Sizin Azərbaycan Dəmir Yollarının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə 2015-ci il 18 sentyabr tarixli Sərəncamınız Azərbaycan Dəmir Yollarının daha operativ və çevik fəaliyyət göstərməsini təmin edib.
Diqqətinizə çatdırmaq istəyirəm ki, Azərbaycan dəmir yollarında mövcud infrastrukturun yenilənməsi istiqamətində son iki ildə təxirəsalınmaz tədbirlər həyata keçirilir. Bu müddət ərzində ümumilikdə 383 kilometr dəmir yolu əsaslı təmir olunub, kontakt şəbəkə üzrə əsaslı təmir və yenilənmə işləri aparılıb, 153 dəst yeni yoldəyişən qurğu alınıb. Bakı-Böyük Kəsik sahəsində yolun enerji təchizatı sisteminin sabit cərəyandan dəyişən cərəyana keçirilməsi üçün yarımstansiyalarda tikinti işləri başa çatdırılıb, kontakt şəbəkə üzrə yenilənmə və dəyişikliklər, rabitə və işarəvermə sisteminin təkmilləşdirilməsi işləri aparılır. Hazırda Asiya İnkişaf Bankının ayırdığı texniki yardım hesabına Fransanın “Sistra” məsləhətçi şirkəti tərəfindən Bakı-Yalama dəmir yolu xətti üzrə yolun əsaslı təmiri və eləcə də Dünya Bankı tərəfindən maliyyələşdirilən “Dəmir yolu Ticarətinin Dəstəklənməsi Layihəsi” çərçivəsində bütövlükdə Yalama-Astara marşrutu üçün texniki-iqtisadi əsaslandırma hazırlanır.
Sizin iştirakınız və xeyir-duanızla 2015-ci il sentyabrın 12-də 84 kilometr uzunluğu olan Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən sürətli elektrik qatarı istifadəyə verilib. Ötən 19 ay ərzində bu qatardan artıq 1 milyon 375 min vətəndaşımız istifadə edib. Hazırda 98 kilometr uzunluğu olan Bakı-Pirşağı-Sumqayıt dəmir yolunun təmiri aparılır ki, bunun nəticəsində Bakı-Biləcəri-Sumqayıt-Pirşağı-Bakı dairəvi dəmir yolu sərnişinlərin istifadəsinə veriləcək.
Sərnişinlərin rahatlığını təmin etmək məqsədilə yenidən qurulmuş Bakı dəmir yolu vağzalı binası əsaslı təmir olunduqdan sonra, 2017-ci il fevralın 10-da, cənab Prezident, Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə istifadəyə verilib. Təmir-bərpa işləri, ümumilikdə, 200 min kvadratmetr sahəni əhatə edir. İşlər 1883-cü ildə inşa olunmuş və “Bakının Tiflis vağzalı” adı ilə tanınan binada, 1976-cı ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilmiş vağzal–mehmanxana kompleksində və ümumiyyətlə, bütün vağzal ərazisində aparılıb. Təmir-bərpa işləri hər iki binanın memarlıq üslubunun saxlanması ilə həyata keçirilib. 1926-cı ildə tikilmiş vağzal binasının dəmir yolu muzeyinə çevrilməsi məqsədilə lazımi yenidənqurma işlərinə başlanacaq.
Sizin verdiyiniz tapşırığa əsasən, Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarı artıq fəaliyyətə başlayıb. Astara-Rəşt dəmir yolunun inşası başa çatdıqdan sonra isə Naxçıvan-Bakı qatarı işə salınacaq ki, bununla da Naxçıvan əhalisinin Bakı ilə dəmir yolu vasitəsilə asan əlaqəsi təmin olunacaq, həmçinin Naxçıvanda istehsal olunan travertin, mərmər, gips, Badamlı və Sirab kimi məşhur təbii mineral sular, duz, müxtəlif növ kənd təsərrüfatı, o cümlədən meyvə-tərəvəz məhsullarının təqribən 30-32 saata paytaxt Bakıya daşınması mümkün olacaq. Eyni zamanda, sadaladığımız ixrac məhsullarının qonşu ölkələrin bazarlarına çıxarılmasına imkan yaranacaq. Bu məqsədlə hazırda muxtar respublikanın dəmir yolu təsərrüfatında yenilənmə prosesi həyata keçirilir.
Cənab Prezident, Sizin dəstəyinizlə Azərbaycan dəmir yollarının beynəlxalq nəqliyyat dəhlizlərinə inteqrasiya olunması üçün müvafiq infrastrukturun yaradılması istiqamətində lazımi tədbirlər görülməkdədir. Bakı-Tbilisi-Qars dəmir yolunun artıq bu il istismara verilməsi planlaşdırılır. Layihə çərçivəsində Gürcüstan ərazisində, Türkiyə sərhədinə qədər ümumilikdə 183 kilometr, o cümlədən 30 kilometr uzunluğunda Qars-Axalkalaki yeni dəmir yolunun inşası, Axalkalaki stansiyasında vağzal və təkər cütlərinin dəyişdirilməsi kompleksinin və 4450 metr uzunluğunda tunelin inşası reallaşdırılıb. Gürcüstan ərazisində Türkiyə sərhədinə qədər sınaq qatarının hərəkəti təmin edilib. Hazırda Türkiyə ərazisində layihənin tamamlanması istiqamətində işlər sürətləndirilib.
Şimal-Cənub və Cənub-Qərb beynəlxalq nəqliyyat marşrutları çərçivəsində Azərbaycan və İran dəmir yollarının birləşdirilməsinə dair işlərə Sizin 2015-ci il dekabrın 7-də imzaladığınız “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında Sərəncamdan və 2016-cı il fevralın 23-də İran İslam Respublikasına səfəriniz zamanı müvafiq müqavilələrin imzalanmasından sonra başlanılıb. Azərbaycan ərazisində 2016-cı il aprelin 20-də başlayan tikinti işləri qısa müddət ərzində başa çatdırılıb. Görülən işlər nəticəsində, ümumilikdə, 16 kilometrdən çox dəmir yolunun və Azərbaycan-İran sərhədində, Astara çayı üzərində 82,5 metr uzunluğu olan körpünün tikintisi tam yekunlaşdırılıb, 2017-ci il martın 3-də ilk sınaq qatarı inşa edilən körpüdən keçərək İran ərazisinə daxil olub. İran ərazisində 1,4 kilometr uzunluğunda yolun və yük terminalının inşası isə hazırda davam edir. Dəmir yolu infrastrukturunun yenilənməsi yaxın gələcəkdə Sizin tərəfinizdən qarşımıza qoyulan məqsədə - sərnişin qatarlarının sürətini saatda 100 kilometrə, yük qatarlarının orta sahə sürətini saatda 60 kilometrə çatdırılmasını mümkün edəcək.
Möhtərəm cənab Prezident.
Sizin verdiyiniz tapşırığa əsasən, Azərbaycan dəmir yollarında hərəkət heyətinin yenilənməsinə dair bir sıra işlər görülüb və hazırda davam etdirilməkdədir. Vaqon parkının yenilənməsi məqsədilə 3101 ədəd yeni yük vaqonları alınaraq vaqon parkına daxil edilib. Lokomotiv parkının sağlamlaşdırılması məqsədilə 10 ədəd yeni teplovoz və 4 ədəd yeni elektrovoz, Gürcüstanda əsaslı təmir keçmiş 3 ədəd elektrovoz, 5 ədəd teplovoz alınaraq istifadəyə verilib, tərəfimizdən təmir edilmiş 5 ədəd lokomotiv də istismara buraxılıb. Fransanın “ALSTOM” şirkətinin istehsalı olan 50 ədəd müasir elektrovozların alınmasına dair müqavilə imzalanıb və həmin elektrovozların Bakı-Böyük Kəsik marşrutunda istifadəyə verilməsi planlaşdırılır. Həmçinin Sizin Fransaya səfəriniz çərçivəsində həmin elektrovozların standartlara uyğun texniki istismarını təmin etmək üçün Biləcəri qəsəbəsi və Gəncə şəhərində depoların inşasının maliyyələşdirilməsi məqsədilə Fransa İnkişaf Agentliyi ilə kredit müqaviləsi imzalanıb.
İslahatlar çərçivəsində aparılan sağlamlaşdırma prosesi sərnişin vaqon parkını da əhatə edir. İsveçrənin “Stadler Reil Qrup” şirkətinin istehsalı olan 4 vaqondan ibarət 5 ədəd ikimərtəbəli sürət qatarı alınaraq ölkəyə gətirilib və həmin şirkətlə Bakı-Tbilisi-Qars marşrutu ilə hərəkət edəcək daha 30 vaqonun alınmasına dair təchizat müqaviləsi imzalanıb, maliyyələşməni təmin etmək üçün kredit müqaviləsi ilə bağlı danışıqlar aparılır.
Dünya iqtisadi böhranı və region ölkələri iqtisadiyyatlarının əsas lokomotivi olan karbohidrat resurslarının qiymətlərinin kəskin şəkildə aşağı düşməsi həmin ölkələrin yük daşıma fəaliyyətində də ciddi geriləmə yaradıb. Ancaq 2015-ci oktyabrın 21-də Sizin tərəfinizdən verilən Sərəncam əsasında ölkəmizdə Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradılması bu sahədə köklü dəyişikliklərə səbəb olub. Yükdaşıyıcılara vahid tariflər təqdim edilib, bu sahədə ciddi şəffaflıq və açıq rəqabətlilik mühiti yaranıbdır.
Möhtərəm cənab Prezident, Sizin tapşırığınıza əsasən, respublikanın tranzit potensialının artırılması məqsədi ilə Azərbaycan Dəmir Yolları ölkəmizin digər nəqliyyat strukturları ilə birgə, artıq bir neçə iri beynəlxalq layihələrin təşəbbüskarı və iştirakçısıdır. Ötən ilin sonunda Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun Assosiasiyası yaradılıb, marşrutda vahid qiymətlər və vahid pəncərə sistemi tətbiq olunub. Hazırda Şərq-Qərb dəhlizində alternativ marşrutların hazırlanması istiqamətində işlər aparılır. Çinin cənub rayonlarından Avropaya nəql olunan yüklərin Qırğızıstan, Özbəkistan və Türkmənistandan keçməklə Azərbaycana və daha sonra Avropa ölkələrinə daşınmasını nəzərdə tutan yeni marşrutun yaradılması istiqamətində danışıqlar aparılır.
Şimal-Cənub Beynəlxalq Nəqliyyat Marşrutunun inkişaf etdirilməsi məqsədi ilə Rusiya, Azərbaycan və İran dəmir yolları administrasiyalarının birgə fəaliyyəti nəticəsində İranın Bəndər Abbas limanından Rusiyanın Moskva şəhərinə 14 gün ərzində sınaq yüklərin daşınması həyata keçirilib və bu yüklərə vahid qiymət siyasətinin tətbiq olunması üzrə razılıq əldə edilib. Bundan başqa, Hindistandan Rusiyaya test olaraq konteynerlər nəql edilib və Hindistan yüklərinin bu dəhlizə daha intensiv və davamlı cəlb olunması üçün qarşı tərəflə ardıcıl iş aparılır.
Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin yeni bir qolu kimi, Cənub-Qərb Nəqliyyat Marşrutunun inkişafı üçün iştirakçı ölkələrlə İran-Azərbaycan-Qara dəniz-Avropa və əks istiqamətdə yüklərin daşınmasının təhlükəsiz, sürətli və vahid qiymət siyasəti tətbiq edilməklə nəql olunması üçün davamlı iş aparılır.
Ümumiyyətlə, dünyada baş verən iqtisadi böhrana baxmayaraq 2016-cı il ərzində Azərbaycan Respublikası dəmir yolları vasitəsilə 15,4 milyon ton yük daşımağa müvəffəq olub. 2017-ci ilin ilk üç ayı ərzində isə 3,8 milyon ton yük daşınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11 faiz çoxdur. Bu tendensiya ölkəmizdə beynəlxalq yükdaşımalar üzrə aparılan son islahatların bariz nümunəsidir.
Ali diqqətinizə çatdırmaq istəyirəm ki, dəmir yolu sistemində idarəetmənin daha səmərəli həyata keçirilməsi üçün tədbirlərin icrası davam etdirilir. Azərbaycan Dəmir Yollarında maliyyə hesabatlılığı sistemində səmərəliliyə və şəffaflığa nail olunması məqsədi ilə onun Beynəlxalq Maliyyə Hesabatlılığı Standartlarına uyğun qurulması və sənəd dövriyyəsinin tam elektronlaşdırılması işlərinə başlanılıb. Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində “Döyçe Bahn” və “KPMG” şirkətləri tərəfindən Azərbaycan Dəmir Yollarının 5 illik biznes planı və aktivlərinin vahid idarə olunması layihəsi hazırlanır.
Yük daşımalarında sifarişlərin onlayn şəkildə verilməsi və tariflərin onlayn hesablanması xidməti istifadəyə verilib. Eyni zamanda, sərnişinlərin məmnunluğunu təmin etmək məqsədi ilə biletlərin onlayn satışına başlanılıb.
Zati-aliləri, Sizin ölkədə yürütdüyünüz müdrik sosial siyasət dəmiryolçuların sosial rifahının yaxşılaşdırılması istiqamətində də əməli işlərin görülməsinə təkan verib. Uzun müddət mənzil növbəsində dayanan 200-ə yaxın dəmiryolçu ailəsi yeni mənzillə təmin olunub. Hazırda Azərbaycan Dəmir Yollarında 22063 işçi çalışır ki, onların da orta aylıq əməkhaqqı 30 faiz artırılıb. Son dövr ərzində isə 2000 yeni iş yeri yaradılıb. Dəmiryolçuların iş şəraitinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Dəmir Yollarının inzibati binası əsaslı təmir edilərək istismara verilib. Sizin təşəbbüsünüzlə formalaşdırılmış və dünya səviyyəsində tanınmış Azərbaycan brendinə çevrilən “ASAN xidmət” innovasiya sisteminin bir hissəsi olan, Sizin də açılış mərasimində iştirak etdiyiniz, “ASAN qatar” istifadəyə verilib və qısa müddət ərzində regionlarda 10 minə yaxın vətəndaşa xidmət göstərilib.
Zati-aliləri, Azərbaycan dəmir yollarının hazırkı vəziyyəti, son dövr ərzində Sizin təşəbbüsünüz və dəstəyinizlə həyata keçirilən islahatlar gələcəyə ümidlə baxmağa əsas verir. Bununla belə, inkişaf etmiş dünya ölkələrinin səviyyəsinə çatmaq üçün modernləşmə baxımından daha çox iş görülməlidir. Sizin tapşırığınıza uyğun olaraq, dəmir yollarının inkişaf proqramı hazırlanıb. Belə ki, qarşıdakı 3 il müddəti üçün müəyyən edilmiş investisiya portfelinə əsasən, Yalama–Astara istiqamətində dəmir yolunun əsaslı təmiri, Bakı-Gəncə-Bakı sürət qatarının istifadəyə verilməsi, Yevlaxda Kür çayı üzərində ikinci körpünün tikintisi işlərinin yerinə yetirilməsi nəzərdə tutulur. Daha sonrakı illər üçün müəyyən edilmiş perspektiv planda isə Heydər Əliyev Beynəlxalq Aeroportuna, Şahdağ və Qəbələ turizm mərkəzlərinə dəmir yolu xətlərinin çəkilməsi planlaşdırılır ki, hazırda bu xətlərin layihələndirilməsi işləri aparılır.
Bütün bunlar, cənab Prezident Sizin, Azərbaycan dəmir yollarının inkişafına, müasirləşməsinə və mövcud problemlərinin həllinə böyük həssaslıqla, diqqətlə yanaşmanızın bəhrəsidir. Sizin rəhbərliyiniz altında həyata keçirilən məqsədyönlü siyasətin və dəmir yollarında son dövrdə başlamış islahatlar nəticəsində Azərbaycan dəmir yolları regionun mühüm və əhəmiyyətli nəqliyyat–logistika holdinqinə çevrilərək dünyanın inkişaf etmiş ölkələrinin dəmir yolları sırasında öz layiqli yerini tutacaq.
Diqqətinizə görə təşəkkür edirəm.
***
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf VƏLİYEV çıxış edərək dedi:
-Möhtərəm cənab Prezident.
Hörmətli iclas iştirakçıları.
Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu və cənab Prezident, Sizin rəhbərliyinizlə uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası Azərbaycan Respublikası iqtisadiyyatının bütün sahələri kimi, gəmiçilik sahəsini də hərtərəfli şəkildə özündə əhatə edir. Gələn il 160 illik yubileyini qeyd edəcəyimiz “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin tarixində Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi və SSRİ-nin ali rəhbərliyində çalışdığı illər donanmanın zənginləşməsi və sürətli inkişafı dövrü hesab edilir. Məhz həmin dövrdə Gəmiçiliyin donanması üçün dünyanın ayrı-ayrı ölkələrində inşa olunmuş 450-yə yaxın müxtəlif təyinatlı gəmi alınıb.
Cənab Prezident, Sizin ölkəmizin nəqliyyat sektoruna, Azərbaycanda gəmiçiliyin inkişafına göstərdiyiniz xüsusi diqqət və qayğını biz dənizçilər daim hiss edirik. Sizin 2013-cü il 22 oktyabr tarixli Sərəncamınıza əsasən yenidən təşkil edilmiş və balansında 300-ə yaxın müxtəlif təyinatlı gəmi olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti donanmasının tərkibinə və göstərdiyi xidmətlərin müxtəlifliyinə görə dünyanda ən nadir gəmiçiliklərdən biri sayılır.
Yeni iqtisadi konyunkturada müasir çağırışlara cavab vermək imkanına malik olan və səmərəli fəaliyyət göstərən yüksək rentabelli kommersiya qurumunun yaradılması barədə Sizin tapşırıqlarınızı rəhbər tutaraq, Gəmiçiliyin inkişaf hədəfləri müəyyənləşdirilib, bu hədəflərə çatmaq üçün Strateji İnkişaf Proqramı hazırlanıb və fəaliyyətimiz bu Proqrama, eyni zamanda, Sizin 2016-cı il 7 noyabr tarixli Sərəncamınızla təsdiq edilmiş “2016-2020-ci illərdə Azərbaycan Respublikasında gəmiçiliyin inkişafına dair Dövlət Proqramı”na uyğun surətdə təşkil olunub.
Gəmiçiliyin beynəlxalq standartlara uyğun hazırlanmış maliyyə hesabatları və “Davamlı İnkişaf Haqqında Hesabat”ı beynəlxalq audit şirkəti Ernst&Young tərəfindən hər il audit olunur, şəffaflıq və açıqlıq prinsiplərinə uyğun surətdə Gəmiçiliyin rəsmi internet səhifəsində yerləşdirilir və aidiyyəti maraqlı tərəflərə təqdim edilir. 2016-cı ildə tanınmış “Fitch Ratings” şirkəti tərəfindən Gəmiçiliyin biznes modeli təhlil edilib, onun dayanıqlı olduğu müəyyənləşdirilərək, tarixində ilk dəfə Gəmiçiliyə kredit reytinqi verilib.
Səhmdar cəmiyyət yaradıldığı ilk gündən tətbiq edilən korporativ idarəetmə sisteminin davamlı təkmilləşdirilməsi məqsədilə “Ernst&Young” şirkətinin bu sahədə ixtisaslaşmış mütəxəssisləri tərəfindən təhlil aparılıb, nəticədə “Yol Xəritəsi” hazırlanıb və 2016-cı ildə bu “Yol Xəritəsi” üzrə layihələrin böyük qismi artıq tamamlanıb. O cümlədən, fəaliyyətin nəticələrinə əsaslanan ödəniş sistemi hazırlanıb və 2017-ci il yanvarın 1-dən Gəmiçilikdə tətbiq edilib. Bundan əlavə, 2015-ci ildə Amerika Gəmiçilik Bürosu tərəfindən Xəzər Dəniz Gəmiçiliyində tətbiq edilən Gəmiçiliyin Təhlükəsiz İdarəetmə Sistemi audit olunub və Gəmiçiliyə 5 illik uyğunluq sertifikatı təqdim edilib.
Möhtərəm cənab Prezident, Sizin gəmiçilik sahəsinə xüsusi qayğı və diqqətinizin nəticəsidir ki, son üç il ərzində Gəmiçiliyin donanmasına 15 gəmi alınaraq istismara verilib. Bu işlərə Gəmiçiliyin daxili imkanları hesabına 139 milyon ABŞ dolları investisiya yatırılıb.
Gəmiçiliyin fəaliyyət sahələrinin şaxələndirilməsi və bir bazardan asılılığının azaldılması ilə əlaqədar verdiyiniz tapşırıqlara uyğun olaraq, 2014-cü ildə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Xəzərdən kənar beynəlxalq sularda fəaliyyətini bərpa edib. Hazırda Xəzərdən kənarda Azərbaycan bayrağı altında 10 gəmi fəaliyyət göstərir. Onu da deyim ki, 2016-cı ildə Gəmiçiliyin quru yük daşımalarının 34 faizini Xəzərdə, 66 faizini isə Xəzərdən kənar beynəlxalq sularda daşımalar təşkil edib. Bu da xaricdən ölkəyə əlavə valyutanın gətirilməsinə imkan verir.
Cənab Prezident, son illər ölkəmizdə həyata keçirilən irimiqyaslı infrastruktur layihələri, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ilə əlaqədar Xəzər dənizi üzərindən artması gözlənilən yükdaşıma həcmlərinin qarşılanması üçün donanmamızın davamlı olaraq yenilənməsi çox vacibdir. Bu baxımdan, 2010-cu ildə təməlqoyma mərasimində, 2013-cü ildə açılışında şəxsən iştirak etdiyiniz Bakı gəmiqayırma zavodu böyük əhəmiyyət kəsb edir. Bu zavod tərəfindən Gəmiçilik üçün indiyədək dörd gəmi tikilərək istifadəyə verilib. Bu yaxınlarda daha dörd gəminin-vaqon-TIR və sərnişin daşınması üçün nəzərdə tutulan yeni nəsil iki unikal Ro-Pax/Bərə və iki tankerin tikintisi üzrə yeni sifariş verilib. Bundan əlavə, Sizin tapşırığınıza uyğun olaraq, Qazaxıstanın və digər Xəzəryanı ölkələrin aidiyyəti qurumları tərəfindən Bakı gəmiqayırma zavodunda gəmi tikintisi sifarişlərinin yerləşdirilməsi, eyni zamanda, Xəzər Dəniz Gəmiçiliyi ilə birgə sifarişlərin yerləşdirilməsi istiqamətində iş aparılır.
Hazırda Bakı gəmiqayırma zavodunda təkcə Xəzərdə deyil, dünya miqyasında təyinatına görə nadir gəmi sayılan və Sizin tərəfinizdən “Xankəndi” adı verilən gəmi inşa edilir. Cari ilin ortalarında istifadəyə verilməsi planlaşdırılan bu çoxtəyinatlı sualtı tikinti gəmisi Xəzərdə müxtəlif mürəkkəb layihələrin, o cümlədən “Şahdəniz” layihəsinin yerinə yetirilməsində mühüm rol oynayacaq.
Gəmiçiliyin əsas fəaliyyəti liman infrastrukturu ilə sıx əlaqəli olduğundan, Xəzərdə ən böyük və müasir Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikilməsi və orada azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması Azərbaycanın regionda nəqliyyat-logistika qovşağına çevrilməsi üçün mühüm əhəmiyyət kəsb edir.
2015-ci ilin sonunda yaranmış vəziyyətlə əlaqədar, Sizin tapşırığınıza uyğun olaraq, Tranzit Yükdaşımaları üzrə Koordinasiya Şurası və aidiyyəti qurumlar, eləcə də Gəmiçilik tərəfindən Türkiyəyə məxsus TIR-ların Xəzər üzərindən daşınması üçün əlverişli şərait yaradılıb. Hazırda, alternativ Şimal marşrutunda qoyulan məhdudiyyətlərin getdikcə aradan qalxmasına baxmayaraq, onlar yenə də Xəzər üzərindən olan marşrutdan istifadə etməyə davam edirlər. Bu, Azərbaycan üzərindən keçən marşrutun tranzit cəlbediciliyinə, onun etibarlı, risksiz və stabil marşrut olmasına bariz nümunədir.
Dünyada davam edən iqtisadi böhran, o cümlədən ümumi ticarət dövriyyəsinin kəskin azalması ilə əlaqədar gəmiçilik sahəsində yaranan ciddi problemlərə baxmayaraq, Sizin rəhbərliyinizlə ölkəmizdə həyata keçirilmiş qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycan üzərindən tranzit yükdaşımalarda, eləcə də Gəmiçiliyin fəaliyyətində müsbət nəticələr əldə olunub. Belə ki, son üç il ərzində Gəmiçiliyin gəlirləri, xalis mənfəəti, dövlət büdcəsinə müxtəlif formada ödənişlər davamlı olaraq ilbəil artım dinamikası ilə inkişaf edir. Gəmiçiliyin 2016-cı il üçün mənfəəti 2015-ci il ilə müqayisədə iki dəfə artıb. Təkcə 2016-cı il ərzində Gəmiçiliyin dövlət büdcəsi və Dövlət Sosial Müdafiə Fonduna ödənişləri, ümumilikdə, 100 milyon manata yaxın məbləğ təşkil edib.
Hazırda Gəmiçiliyin dövlət zəmanəti ilə xarici banklardan alınmış kreditləri, müddəti keçmiş və ya ödənilməmiş kredit öhdəlikləri yoxdur. Növbəti 5 il ərzində mövcud kreditlər və onların faizləri üzrə öhdəliklər Gəmiçiliyin illik gəlirinin yalnız 1,5 faizini təşkil edir.
Yükdaşıma göstəricilərinə gəldikdə, Gəmiçiliyin ayrı-ayrı yükdaşıma növlərində artım müşahidə olunur. 2015-ci illə müqayisədə 2016-cı ildə Gəmiçilik tərəfindən daşınan vaqonların miqdarında 18 faiz, avtotexnikanın sayında ümumilikdə 2,8 dəfə, o cümlədən Qazaxıstan istiqamətində isə 8 dəfəyə yaxın artım qeydə alınıb.
2017-ci ilin birinci rübündə də eyni artım tendensiyası müşahidə edilib. Belə ki, ötən ilin analoji dövrü ilə müqayisədə tankerlərlə 70 faizdən, quru yük gəmiləri ilə isə 8 faizdən çox yük daşınıb. Eyni zamanda daşınan vaqonların miqdarında 35 faiz, avtotexnikanın sayında isə 44 faiz artım olub.
Gəmiçiliyin dövlət büdcəsindən ayrılan vəsait hesabına tikilmiş və 2010-cu ildə istifadəyə verilmiş “Zığ quru yük limanı”ndan 2016-cı ildə 100 min tona yaxın quru yük, o cümlədən 3 min ədəd TIR, 2017-ci ilin birinci rübündə isə 49 min ton quru yük, o cümlədən 1600 ədəd TIR daşınıb.
Möhtərəm cənab Prezident.
Hazırda qlobal səviyyədə, o cümlədən Xəzərdə tranzit yüklər üstündə kəskin mübarizə gedən bir dövrdə Gəmiçilik öz fəaliyyətini Sizin tapşırıqlarınıza uyğun olaraq, ölkəmizin yükdaşımalarda iştirak edən bütün aidiyyəti qurumları ilə birgə Azərbaycanın regionda müasir nəqliyyat-logistika qovşağına çevrilməsi istiqamətində aparılan dövlət siyasətinə uyğun qurur.
Sonda fürsətdən istifadə edərək, gəmiçilik sahəsinə göstərdiyiniz davamlı qayğı və diqqətə görə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin çoxminli kollektivi adından Sizə təşəkkürümü bildirir və bir daha bütün dənizçilər adından Sizi əmin edirik ki, bundan sonra da qarşımızda qoyduğunuz tapşırıqları yerinə yetirmək üçün bütün səylərimizi və qüvvəmizi səfərbər edəcəyik. Diqqətinizə görə minnətdaram.
***
Dövlətimizin başçısı iclasda yekun nitq söylədi.
Azərbaycan.-
2017.- 11 aprel.- S. 1, 2. 3, 4.