Azərbaycan
Stavropol vilayəti üçün ticarət və iqtisadi əməkdaşlıq
baxımından vacib tərəfdaş ölkədir
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev aprelin 6-da Rusiya Federasiyasının
Stavropol vilayətinin qubernatoru Vladimir Vladimirovun
başçılıq etdiyi nümayəndə heyətini qəbul
edib.
AZƏRTAC xəbər verir ki,
görüşdə Azərbaycan ilə Rusiya arasında ikitərəfli
əlaqələrin yüksək səviyyədə olduğu
bildirildi, ölkəmizin Rusiyanın ayrı-ayrı
regionları ilə əməkdaşlığının
önəmi vurğulandı, Azərbaycanın Stavropol vilayəti
üçün ticarət və iqtisadi əməkdaşlıq
baxımından ən vacib tərəfdaş ölkə
olduğu qeyd edildi.
Dövlətimizin
başçısı Rusiya Federasiyasının Stavropol vilayətinin
qubernatoru Vladimir Vladimirovun başçılıq etdiyi
nümayəndə heyətinin ölkəmizə səfərindən
və XVI Beynəlxalq Turizm və Səyahətlər Sərgisində
iştirakından məmnunluğunu ifadə etdi. Stavropol vilayətinin
Beynəlxalq Turizm və Səyahətlər Sərgisində
bir neçə dəfə iştirak etdiyini vurğulayan
Prezident İlham Əliyev ötən dövr ərzində
Stavropol vilayətində turizmin daha da inkişaf etdiyini əminliklə
bildirdi.
Turizmin cəlbedici investisiya sahəsi olduğunu vurğulayan Rusiya Federasiyasının Stavropol vilayətinin qubernatoru Vladimir Vladimirov rəhbərlik etdiyi vilayətdə artıq 5 sanatoriyanın inşasına başlanıldığını və bu layihələrdən birinin Azərbaycandan olan investorlar tərəfindən həyata keçirilməsini məmnunluqla vurğuladı. Vladimir Vladimirov bildirdi ki, Rusiyanın Baş naziri Dmitri Medvedev Stavropolda olarkən həmin sanatoriyanın inşasını yüksək qiymətləndirdi və Kislovodskda növbəti bir layihənin azərbaycanlı investorlara həvalə edilməsi ilə bağlı tapşırıq verdi.
Azərbaycanlı investorlar tərəfindən həyata keçirilən bu layihələrin yüksək səviyyədə icra olunduğunu vurğulayan Prezident İlham Əliyev bunu əməkdaşlığımızın yaxşı nümunəsi kimi dəyərləndirdi.
Söhbət
zamanı yeni inşa olunan Şimal-Cənub beynəlxalq nəqliyyat
dəhlizi vasitəsilə Stavropoldan kənd
təsərrüfatı məhsullarının xarici bazarlara
çatdırılmasının əhəmiyyəti
vurğulandı, Azərbaycan ilə Rusiyanın Stavropol vilayəti arasında əməkdaşlığın
müxtəlif sahələrdə, o
cümlədən turizm sektorunda
daha da inkişaf
etdirilməsi üçün böyük potensialın və
qarşılıqlı marağın olduğu
qeyd edildi.
Azərbaycan.-
2017.- 7 aprel.- S. 2.