Yeni İslam
intibahı Bakıdan başlayacaq
Müsəlman
dünyasının uğurlu gələcəyinə, səmimi
həmrəyliyinə və mənəvi dirçəlişinə
gedən yol Azərbaycan nümunəsindən keçir
Son onilliklərdə fərqli
sivilizasiyaların dialoq məkanına, bəşəriyyətin
gələcəyi ilə bağlı qlobal mövzuların
müzakirə ünvanına, Yer üzündə
sülhün, sabitliyin, rifahın təminatı məramı
ilə faydalı təşəbbüslərin irəli
sürüldüyü düşüncə mərkəzinə
çevrilmiş Azərbaycan bu niyyətlərə xidmət
edən daha bir möhtəşəm tədbir ərəfəsindədir.
Mayın 12-də
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları
başlanacaq.
Bu sətirlərin qələmə
alındığı anlarda açılış tarixinə
bir ay qalır.
Bəzən müəyyən
bir yenilik barədə söhbət düşəndə onun
mahiyyəti haqqında insanların yetərincə məlumatlı
olmalarını nəzərə alıb, əlavə təfərrüatlara
lüzum görmürsən.
Amma elə hadisələr də
var, mahiyyətinə varanda, fərqinə də varırsan ki,
cəmiyyət bu barədə nə qədər çox məlumatlansa,
onun məğzi, təfsilatları haqqında nə qədər
ətraflı bilgi alsa, bir o qədər faydalı olar.
IV İslam Həmrəyliyi
Oyunları da belə mühüm hadisələrdəndir.
Hər il
dünyanın müxtəlif səmtlərində, fərqli
formatlarda saysız-hesabsız idman yarışları
keçirilir. Ayrı-ayrı ölkələrdən
gəlmiş idmançılar çeşidli növlərdə
güclərini sınayır, biri qalib gəlir, o biri məğlub
olub qələbə üçün növbəti
yarışları gözləyir.
Dörd ildən bir
keçirilən və bütün dünyanın
marağını cəlb edən olimpiya oyunları,
çempionatlar da var, hər biri insanlar üçün
xoş bir mədəni hadisəyə, ruhun istirahəti
imkanına çevrilir.
Bu mədəniyyət əlvanlığında,
görəsən, İslam Həmrəyliyi Oyunlarının
yeri necə görünür - sıradan bir idman tədbiri
kimi, yoxsa bundan daha üstün?!.
Yazı boyu,
düşüncə imkanlarımızın yetdiyi qədər
bu suala cavab tapmağa çalışacağıq, ona qədər
isə İslam Həmrəyliyi Oyunları ilə bağlı
sadəcə müəyyən faktlara nəzər
salmağımıza ehtiyac var.
Beynəlxalq idman leksikonunda
daha çox İslamiada kimi sabitləşmiş bu Oyunlar
dörd ildən bir düzənlənən və İslam
Əməkdaşlıq Təşkilatına üzv olan
ölkələrdən idmançıların iştirak
etdiyi beynəlxalq idman tədbiridir. Özəlliyi
ondadır ki, İslam Oyunları həm olimpiya, həm də
qeyri-olimpiya idman növləri üzrə keçirilir.
I İslam Həmrəyliyi
Oyunları 2005-ci ildə Səudiyyə Ərəbistanında
baş tutub.
2005-ci il aprelin 8-20-də Məkkə, Mədinə və Ciddə
şəhərlərində təşkil edilən
yarışlarda Azərbaycan yığması da 12 idman
növü üzrə 103 idmançı ilə təmsil
olunub. Yığmamız 15 medalla (4
qızıl, 4 gümüş və 7 bürünc) 8-ci pillədə
qərarlaşıb.
II İslam Həmrəyliyi
Oyunları planlaşdırılırdı ki, 2009-cu ilin
oktyabrında İranda təşkil olunsun, sonra bu tarix 2010-cu
ilin aprelinə keçirilsə də, II İslamiada
ümumiyyətlə baş tutmadı. Səbəb isə ev sahibi olan ölkə ilə ərəb
dövlətlərinin “Fars körfəzi” ifadəsində
razılığa gələ bilməməsi idi. İranla ərəb dövlətləri arasında
körfəzin adı ilə bağlı mübahisələrin
çoxdan mövcud olduğu məlumdur. Təşkilatçı
ölkənin Oyunların loqotipinə “Fars körfəzi” ifadəsini
daxil etməsi, ərəblərinsə “Ərəb körfəzi”
adında israrlı olması onda idman tədbirinin ləğvi
ilə nəticələndi.
III İslam Həmrəyliyi
Oyunları 2013-cü ilin 22 sentyabr - 2 oktyabrında
İndoneziyanın Palembanq şəhərində təşkil
olundu. Turnirdə Azərbaycanı 9 idman növü üzrə
53 idmançı təmsil edirdi. Turnirin
yekununda idmançılarımız qazandıqları 24
medalla (7 qızıl, 8 gümüş, 9 bürünc)
iştirakçı ölkələr arasında 7-ci yeri
tutdular.
***
Və “Bakı-2017” IV İslam Həmrəyliyi
Oyunları...
Bu dəfə İslamiadanın Azərbaycanda
keçirilməsi haqqında qərar İslam Həmrəyliyi
İdman Federasiyasının (İHİF) 2013-cü il iyulun 24-də Səudiyyə Ərəbistanının
Ciddə şəhərində keçirilmiş 8-ci Baş
Assambleyasında 57 üzv ölkənin nümayəndələrinin
səsverməsi yolu ilə təsdiq olunub.
2015-ci ilin aprel ayında isə
IV İslam Həmrəyliyi Oyunlarına Azərbaycanın
evsahibliyi etməsi barədə İHİF ilə müqavilə
imzalanıb.
Yarışa “Həmrəylik
bizim gücümüzdür” şüarı seçilib. 2015-ci il
sentyabrın 18-də Azərbaycan Prezidenti İlham Əliyev IV
İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə
Bakı şəhərində keçirilməsi üzrə
Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam
imzalayıb. Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Milli Olimpiya
Komitəsi İcraiyyə Komitəsinin üzvü, UNESCO-nun və
ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Təşkilat
Komitəsinin sədri təyin olunub.
***
Bir neçə kəlmə də
“Bakı-2017”nin proqramı haqqında.
Bu idman tədbirinin
proqramı xeyli rəngarəngdir. Bura 22 idman növü - atletika və
paraatletika, suya tullanma, üzgüçülük, su polosu,
basketbol 3x3, futbol, bədii gimnastika, idman gimnastikası,
uşu, tennis, stolüstü tennis, həndbol, cüdo və
paracüdo, yunan-Roma güləşi, sərbəst güləş,
atıcılıq, voleybol, boks, zorxana, karate, taekvondo və
ağır atletika daxildir.
Yarışlar Bakı Olimpiya Stadionu,
Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı Su
İdmanı Sarayı, Su Polosu Arenası, Basketbol Arenası,
“Bayıl Arena”, “AZAL Arena”, Bakı İdman Sarayı, “Baku Crystall
Hall-1”, “Baku Crystall Hall-2”, Bakı Tennis Akademiyası, Heydər
Əliyev adına İdman Sarayı, Sərhədçi
İdman Kompleksi, Azərbaycan Ağır Atletika Akademiyası,
“Dalğa Arena”, Bakı Atıcılıq Mərkəzi və
Milli Gimnastika Arenasında keçiriləcək.
10 gün davam edəcək
yarışlarda dünyanın 57 müsəlman ölkəsindən
gəlmiş 3 min atlet gücünü sınayacaq.
***
Əlbəttə, bu
yarışlarda hansı ölkələrin daha böyük
üstünlük qazanması, idmançıların öz vətənlərinə
neçə medalla dönmələri sadəcə bir
azarkeş marağıdır. Bundan da əhəmiyyətli
olanı adında, loqosunda “İslam həmrəyliyi” ifadəsi
olan belə bir beynəlxalq idman tədbirinin təşkili və
məkan kimi məhz paytaxtımızın seçilməsidir.
Bəşəriyyətin
tarix boyu qazandığı bütün maddi və mənəvi
nailiyyətləri özündə cəm edən mədəniyyətin
çox müxtəlif qolları, fərqli istiqamətləri,
sahələri var.
İdman da dünyanın
ciddi mədəniyyət hadisələrindəndir. Digər mədəniyyət
nümunələri kimi, idman da insanın mahiyyətini təşkil
edən cisim və ruh arasındakı münasibətlərin
harmoniyasına, ahənginə xidmət göstərir. İdman yarışlarının mövcudluğu
sübuta yetirir ki, insanın mahiyyətindəki ən qorxulu
meyilləri də humanizm duyğularının gücü ilə
yaxşı tərəflərə yönəltmək
mümkündür.
Bu, həyatın inkaredilməz
həqiqətidir, dünyadakı bütün canlılar yeri
düşəndə bir-biri ilə vuruşur, bir-birinə
müqavimət göstərir, bir-birinin qismətini əlindən
almaq üçün ona fiziki təzyiq göstərməyə
çalışır.
İnsan təbiətindəki
şeytani hislər baş qaldıranda bütün bunların
eynisini bəşər övladları arasında da izləyirik.
Amma insan yeganə
varlıqdır ki, şüurunun gücü ilə hətta
bunu da mədəniyyət elementinə çevirə bilib. Yüz illərdən
bəri dünyanın irili-xırdalı bütün idman
arenalarında keçirilən yarışların mahiyyətində
məhz bu məram dayanır. Bütün
bunlar insanın fiziki təzyiq, fiziki müqavimət,
başqaları üzərində zorakı üstünlük
hissinin döyüş meydanlarından idman arenalarına
daşınmasıdır, insanların döyüş
meydanlarında qarşılaşmalarının müharibələrdən
sülhə, faciələrdən parlaq mədəniyyət
hadisələrinə çevrilməsidir.
Rəqiblərin
qarşılaşdığı idman
yarışlarının qalib elan olunan ən son epizoduna, yəqin
ki, hər kəs diqqət yetirib. Çox cüzi
istisnaları nəzərə almasaq, həmin epizodda qaliblə
məğlub, adətən, əl tutub qucaqlaşırlar.
Bu, o ana qədər meydanda aparıcı olan,
qarşısındakına güc gəlmək istəyən
sağlam bədənin o məqamdan sonra öz yerini sağlam
ruha verməsidir, bədənin gücü, enerjisi ilə
bir-birinə qənim kəsilənlərin yenidən sağlam
ruhda birləşərək həyatlarına bu birgəlik
içində davam etməsidir.
Bəşəriyyəti
ayaqda saxlayan, inkişafa yönəldən qüvvə də
elə budur - ruhun birgəliyi.
***
Tarixi soraqlara görə, qədim
Elladada olimpiya oyunları keçirilən zaman bütün hərbi
münaqişələrə son qoyulurdu. Fikrimcə,
bu, “sağlam bədəndə sağlam ruh” həqiqətinin ən
parlaq ifadəsidir.
İdmanı bir mədəniyyət
hadisəsi kimi formalaşdıran, öz heyrətamiz
yaradıcılıqları ilə cəmiyyətin mədəni,
humanist minilliyə qədəm qoymasının göstəricisi
kimi olimpiya oyunlarını düşünən qədim
insanlar sülhün, humanizmin, döyüş
meydanlarındakı qanlı çarpışmaların idman
yarışlarına daşınmasının nə qədər
vacibliyini öz sağlam ruhları ilə dərk edir,
duyurdular. Bu nailiyyətdə çox qədim
idman ənənələrinə malik Azərbaycanın da
böyük payı var.
Qədim dastanlarımızda
bəzən hətta bir-birinə qarşı vuruşan iki
düşmən ordunun və ya dəstənin taleyini iki pəhləvanın
görüşü həll edirdi. Sərkərdələr
nəticələrlə razılaşıb ləşkərlərini
geri çəkirdilər, beləliklə, qarşıdurma
qansız-qadasız başa çatırdı.
Xalqımız minilliklərdən
üzü bəri yol gələn bu missiyanı indi
bütün bəşəriyyətin gələcəyi naminə
davam etdirməkdədir.
Azərbaycan bu gün
bütün dünyada idman dövləti kimi tanınır. Ölkəmizdə
bir sıra beynəlxalq idman tədbirləri keçirilib.
Azərbaycan 2015-ci ildə dünyanın idman
tarixində bir ilk olan I Avropa Oyunlarına evsahibliyi edib,
bütün dünyanın böyük maraqla izlədiyi bu
möhtəşəm yarışların meyarlarını
müəyyənləşdirib.
Hər il müxtəlif idman növləri
üzrə keçirilən beynəlxalq yarışlar,
2015-2016-cı illərdə Bakıda təşkil olunmuş
Şahmat üzrə Dünya Kuboku və Ümumdünya
Şahmat Çempionatı, Bakı baharının xoş bir ənənəsinə
çevrilməkdə olan “Formula-1” yürüşləri
çağdaş mədəniyyət tariximizin fərəh
doğuran hadisələridir.
Ölkəmiz bu cür beynəlxalq
idman tədbirlərinə evsahibliyini, yəqin, gələcəkdə
də davam etdirəcək, Azərbaycan cəmiyyətimizdə
mövcud olan ictimai-siyasi sabitlik mühiti, inkişafa, tərəqqiyə
açıqlığı, sosial-iqtisadi imkanları,
müasir idman və turizm infrastrukturu ilə bu cür tədbirlərin
yüksək səviyyədə keçirilməsinə, beləliklə,
dünyada idman mədəniyyəti ənənələrinin
inkişafına öz misilsiz töhfələrini verəcək.
“Həmrəylik bizim
gücümüzdür” devizi altında təşkil olunan
İslam Həmrəyliyi Oyunlarına Azərbaycanın
evsahibliyi isə təkcə bu böyük idman tədbirinin təşkilati
zəhmətini çəkmək deyil, eyni zamanda müasir
dünyamızda İslam aləmi üçün yeni bir dəyər
yaratmaq, İslam adında birləşən böyük bir
toplumun mənəvi vəhdətinə nail olmaq, bu toplumun
problemlərinin həllinə, gələcəyinin
aydınlığına çalışmaqdır.
***
İslam dünyası bu gün
çətin sınaqlar qarşısındadır...
Əslində, bu sınaqlar
zaman-zaman heç bitməyib, islami dəyərlərin
gözdən salınmasına, bu dinin işığına
toplaşan xalqların müxtəlif təxribatlarla bir-birindən
ayrı düşməsinə, İslam ölkələri
arasında təfriqələrin yaradılmasına cəhdlər
hər zaman davam edib. Bu günsə bu cəhdlər daha
güclü və daha açıq şəkildədir.
Elmi ədəbiyyatlarda sivilizasiyaların
toqquşması kimi yozulan qarşıdurmanın, əslində,
Qərblə Şərqin, siyasi mənada xristian
dünyası ilə İslam mədəniyyətinin
münaqişəsindən ibarət olduğu kimsəyə
sirr deyil.
Bunu toqquşmadan daha
çox İslama qarşı səlib yürüşlərinin
davamı kimi nəzərdən keçirmək, bəlkə,
daha ədalətli yanaşma olardı. Çünki
indiki durumda əsl islami dəyərlər, müsəlman aləminin
mütərəqqi qüvvələri toqquşmadan çox
müdafiə mövqeyindədir. Orta əsrlərin
səlibçiləri funksiyasını yerinə yetirən Qərb
institutları isə son dərəcə hiyləgər bir
yürüş taktikası seçib. Bu dəfə səlib
yürüşləri, islami dəyərlərə zərbələr
bu dinin adından çıxış edib öz mənfur fəaliyyətləri
ilə İslam dininin zorakı, terrorçu, cahil, nadan
obrazını formalaşdırmağa çalışan təxribatçıların
əli ilə həyata keçirilir və nə qədər
ağrılı da olsa, kifayət qədər istədikləri
nəticələr əldə olunur.
Cəmiyyət həyatının
hansı sahəsinə üz tutsan, bu təxribatların izlərini
görərsən.
Belə bir zamanda əsl
islami dəyərlərin bu dəyərlərə sahib
çıxanlara, onları müasir inkişafın tərkib
elementinə çevirməyə can atanlara, dinlə elmin ahənginə
nail olmağı bacaranlara, dini mövhumatdan qoruyub
çağdaş texnologiyalarla uzlaşdırmaq
qayğısına qalanlara çox böyük ehtiyacı
var.
Qərb açıq da olmasa, gizli fəndlərlə
buna mane olur, etiraf edək, amma onunla da razılaşaq ki,
İslam dünyasına qarşı təxribatların öz
məqsədinə çatmasında əksər müsəlman
ölkələrinin fəaliyyətsizliyinin, öz
aralarında həmrəyliyə nail ola
bilməməsinin, uzun illər boyu elmdən-kitabdan uzaq
düşməsinin, dini dəyərlərə münasibətdə
müasir dövrün çağırışlarını
eşidə bilməməsinin də böyük rolu var.
Bir çox İslam ölkələrinin
ortaq dərdlərə biganəliyini Azərbaycanın üzləşdiyi
hərbi təcavüz faktına münasibətdə
bütün ağrısı ilə biz də hiss etmişik.
Ermənistan xristian dünyasındakı havadarlarının əli
ilə torpaqlarımızın 20 faizini işğal edib
soydaşlarımızı yurd-yuvalarından didərgin
salanda, Azərbaycan ərazilərini illərdən bəri
işğal altında saxlayanda, bir-iki istisnanı nəzərə
almasaq, İslam ölkələri səsimizə səs vermədi.
Hətta, bunu xatırlamaq nə qədər
acı olsa belə, aralarında işğalçıya
müəyyən vasitələrlə kömək edənlər
də tapıldı.
Əlbəttə, hər bir
ölkənin dövlət maraqları var və bir çox məsələlərə
münasibətdə bu maraqların əsas götürülməsi
təbiidir. Amma onu da nəzərə almaq lazımdır ki,
İslam ölkələri arasında ümumi vəhdətin
təmin olunması, bir çox taleyüklü məsələlərdə
çəkicin eyni zindana vurulması ayrı-ayrılıqda
bu ölkələrin hər birinin mövqeyinin güclənməsinə
və belədə dövlət maraqlarının da daha
güvənli şəkildə müdafiə olunmasına zəmin
yaradardı.
***
Daha başqa bir yol
görünmür...
Qloballaşan
dünyamızda islami dəyərlərin qorunması və
inkişafı müsəlman ölkələrinin də,
avropalı qonşularımız kimi, tərəqqi tapması,
ortaq mənəvi dəyərlərdə birləşən
İslam ümmətinin təxribatlardan, süni münaqişələrdən
qorunması, bu dəyərlərə bağlı cəmiyyətlərin
həmrəyliyindən keçir.
Bu gün dünyadakı bir
çox problemlərin həlli İslam həmrəyliyindən
asılıdır.
İslam həmrəyliyi
bugünün mövzusu deyil əslində. Hələ XIX əsrin sonu,
XX əsrin əvvəllərində Cəmaləddin
Əfqani, Həsən bəy Zərdabi, Əli bəy
Hüseynzadə, Əhməd bəy Ağaoğlu kimi mütəfəkkirlərimiz
bu həmrəyliyin ideoloji əsaslarını yaratmağa
çalışırdılar.
Azərbaycan Xalq Cümhuriyyətinin
sonradan müstəqil Azərbaycan Respublikasının əsas
dövlət atributlarından biri kimi qəbul olunacaq
üçrəngi bayrağında bir rəngin məhz islami
dəyərləri ifadə etməsi də elə bu fəaliyyətin
nəticəsi idi.
İslam həmrəyliyi sadəcə
bir şüar, çağırış deyil. Bu həmrəyliyin təməlində
dayanan mədəniyyət birgəliyidir, İslam mədəniyyətinin
inkişafı üçün müştərək
çalışmaqdır, dinimizin elmə-təhsilə
verdiyi önəmə, bir vaxtlar İslamın malik olduğu
böyük elmi ənənələrə, Fərabi, Buxari,
İbn Sina, Qəzali, Nizami, Füzuli və başqaları
kimi İslam dühalarının zəngin irsinə əsaslanaraq
yenidən bütün dünyanı təəccübləndirən
birgə dünyəvi fəaliyyətlər ərsəyə
gətirməkdir. İslamın nuru ilə cəmiyyətlərin
tərəqqisinə kömək göstərməkdir, bəşəriyyətin
qoluna güc, gözünə işıq, fikrinə
açıqlıq verməkdir. Bu müqəddəs
dəyəri şeytan yosunlu təxribatçıların əllərində
siyasi alətə çevrilməyə qoymayıb, əxlaq, bəsirət,
irfan qaynağı kimi yenidən dünyanın
inkişafına yönəltməkdir. Bir
sözlə, İslamın üzərindəki qara pərdələri
götürüb, xurafat dumanlarını aydınladıb
dünyanı dinimizin nur simasının işığına
qərq etməkdir.
Bu, o qədər də asan məsələ
deyil. Həsən
bəy Zərdabinin yazdıqlarını xatırlasaq, monqol
istilasından və geniş xalq kütlələri dünyəvi
elmlərdən uzaqlaşdırılandan sonra 500 il sərasər üzü tənəzzülə
doğru getmiş İslam aləmini yenidən
özünün intibah dövrünə qaytarmaq indi
böyük hünər istər.
Amma bu, mümkünsüz də
deyil.
Və belə bir şərəfli
missiyanı yerinə yetirmək işi yenə də ötən
əsrin əvvəllərində müsəlman Şərqinin
ilk demokratik cümhuriyyətini qurmuş, bu gün də o
cümhuriyyətin müqəddəs bayrağı altında
milli dövlətçilik tarixinin ən qüdrətli
dönəmini yaşayan Azərbaycana düşər.
***
İslam Həmrəyliyi
Oyunlarına evsahibliyi Azərbaycanın illərdən bəri
bu yöndə gördüyü işlərin davamı və
indi bu işin daha fəal, daha məqsədyönlü bir mərhələyə
adlamasıdır.
Son illər Azərbaycanda bir
sıra qlobal problemlərin müzakirəsi ilə
bağlı humanitar forumlar, başqa beynəlxalq tədbirlər
keçirilir.
Qərblə Şərqin təmas nöqtəsi
kimi Azərbaycan irəli sürdüyü faydalı dialoq təşəbbüsləri
ilə mədəniyyətlər arasında körpü
yaradır, multikulturalizm ideyasını aktuallaşdıraraq fərqli
mədəniyyətlərə hörmət hissi
aşılamağa çalışır.
Bütün bunların bir əsas
məqsədi də islami dəyərlərə sahib
çıxmaq, əsl İslamın mahiyyətini dünyaya
göstərmək, zəngin Şərq mədəniyyətini
başqa sivilizasiyaların hücumlarından qorumaq, eyni zamanda
İslam ölkələrinin aydınlarını bir araya gətirərək
İslam dünyasının düşüncə həmrəyliyinə
nail olmaqdır.
Bu həmrəyliyə nail olmaqdan
ötrü Azərbaycan dövləti bütün
mümkün vasitələrdən istifadə edərək məqsədinə
addım-addım nail olur. Ona görə ki,
ölkəmiz bu niyyətində tam səmimidir. Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin İslam həmrəyliyinə dair bəyanatları
hər hansı qısamüddətli maraqlara, yaxud pafosa deyil,
İslam dünyasının həqiqi həmrəyliyi və
inkişafını nəzərdə tutan strateji fəaliyyətə
əsaslanır.
Bu fəaliyyət təkcə
bir istiqamətlə məhdudlaşmır, hər hansı bir
idman, mədəniyyət tədbirinin təşkili çərçivəsində
qapanıb qalmır, İslam həmrəyliyi məqamı ilə
eyni vaxtda bir-birinə paralel şəkildə həyata
keçirilən aydın, məqsədyönlü,
ardıcıl proqrama əsaslanır.
2017-ci il Azərbaycanda
“İslam həmrəyliyi ili” elan edilib.
Bütün müsəlman
ölkələrini bir-biri ilə daha sıx birləşdirmək
məqsədi daşıyan bu son dərəcə önəmli
təşəbbüsün müəllifi cənab İlham
Əliyevdir.
Fevralın son günlərindən başlayaraq Azərbaycan
Prezidentinin cəmi bir həftə ərzində 3 İslam
ölkəsinə səfər etməsi, aparılan
danışıqlar, cənab İlham Əliyevin bir sıra
Avropa ölkələrində islamofobiya, ksenofobiya hallarına
qarşı daim kəskin bəyanatlarla çıxış
etməsi, Qərb dövlətlərinə səfərlərində,
Qərb rəsmiləri ilə görüşlərində bu
məsələləri, İslam dünyasının mütərəqqi
maraqlarını zaman-zaman dilə gətirməsi də
göstərir ki, İslam həmrəyliyi Azərbaycan Prezidenti
üçün hər hansı vasitə, siyasi dividend elementi
deyil, bütün bunların fövqündə dayanan yüksək
mənəvi dəyərdir, tarixi missiyadır.
Bu yanaşma, bu yöndə
məqsədyönlü fəaliyyət, belə bir səmimi
niyyət bu gün Azərbaycanı bütün dünyada
İslam həmrəyliyinin mərkəzinə çevirib.
Və bir çox amilləri
nəzərə alsaq, məhz Azərbaycan bu həmrəyliyə
nail olmaq gücündədir.
Xalqımızın ümummilli lideri
Heydər Əliyevin irəli sürdüyü və bu gün
uğurla davam etdirilən milli dövlətçilik kursuna
uyğun olaraq Azərbaycan cəmiyyətində dini dəyərlərə
çox aydın bir münasibət var. Cəmiyyətimiz bu
münasibətlərin dinin dövlət institutlarından kənarda,
dövlətin işinə qarışmadan sadəcə
insanın mənəvi dünyasının ərazisi kimi
formalaşmasına nail ola bilib.
Dövlətimizin bir
çox pozucu cəhdlərdən, bəd əməllərdən
əzmlə qoruduğu bu münasibətlə Azərbaycan
bütün İslam dünyası üçün xoş bir
örnəkdir. Eyni zamanda ölkəmizdə dini
dözümlülük mühiti də çox yüksək
səviyyədədir. Çoxmillətli
Azərbaycan dövləti tariximizin bizlərə ən qiymətli
ərməğanlarından olan tolerantlıq mühitini
qoruyaraq daha da inkişaf etdirir. Dinindən, dilindən
asılı olmayaraq hər kəsin qanunların gücü ilə
özünü güvəndə hiss etdiyi, dövlətin
diqqət və qayğısı ilə əhatələndiyi
belə bir cəmiyyət modeli bütün dünyada xoş təəssürat
yaradır və İslam həmrəyliyinin mərkəzi
rolunda belə bir cəmiyyətin çıxış etməsi
bəri başdan bu ideyanın uğurunu təmin edir.
Üstəlik, Azərbaycanın
İslam ölkələri arasında həmrəyliyə nail
olmaqdan ötrü seçdiyi, təlqin etdiyi yol da bunun ən
düzgün, alternativsiz, bir vaxtlar Azərbaycan mütəfəkkirlərinin
irəli sürdükləri prinsiplərə əsaslanan
yoludur.
Xoş niyyətlərə əsaslanan
istənilən həmrəyliyin qayəsi inkişafdır, tərəqqidir,
bu həmrəyliklə bəşər mədəniyyətinin
yüksəlişinə azdan-çoxdan nəsə töhfələr
verməkdir.
İslam zəngin bir mədəniyyətdir,
İslam ölkələri ancaq mədəniyyət
işığında birləşə bilər. Ona görə Azərbaycan
mədəniyyət birliyinə xitab edir, İslam ölkələri
arasında mədəni bağların möhkəmlənməsinə
can atır.
İdman da toplumlar
arasında ən mühüm mədəniyyət
bağlarından biridir. İdman böyük birləşdirici
gücə malikdir. Təsəvvür edək
ki, düz 10 gün Azərbaycan paytaxtında 50-dən
çox müsəlman ölkəsi bir araya gəlir. Bu ölkələrin iştirakı ilə İslam
aləminin tam bir mədəni rəsmi cızılır.
Bir çoxlarına bəlkə də mücərrəd
görünən İslam dünyası anlayışı
irreal təsəvvürlərdən aydın bir şəklə
çevrilir.
Azərbaycan Prezidenti bu xüsusda
demişdir: “Bu gün bütün müsəlman ölkələri
birlik, həmrəylik nümayiş etdirməlidirlər. Əminəm ki, gələn ay keçiriləcək
Oyunlar həm böyük idman bayramı olacaq, həm də
bizim dostluğumuzu əks etdirəcək. Bütün
müsəlman ölkələri 10 gün ərzində
Bakıda öz təmsilçiləri vasitəsilə bir-biri
ilə sıx əlaqələr quracaq, bir-birinin əlini
sıxacaqlar. Biz Bakıdan bütün
dünyaya nümayiş etdirəcəyik ki, İslam aləmi
birdir və bizim birliyimiz bizim gücümüzü
artırır”.
Hələ bu 10 gün ərzində
sərgilənən İslam mədəniyyəti nümunələrinə,
yarışan idmançılara dünyanın müsəlman
tamaşaçılarının marağı, eyni mənəvi
dəyərlərə aidlik duyğusunun insanlarda
yaratdığı emosional hislər və bu hislərin mərkəzində
Azərbaycan kimi abad, inkişaf etmiş, füsunkar bir ölkənin
dayanması...
Bütün bunların
pozitiv təsir gücünü sözlə ifadə etmək
çətindir.
***
IV İslam Həmrəyliyi
Oyunlarına hazırlıq işləri artıq başa
çatmaq üzrədir.
Azərbaycan yenə
dünyanı yaxşı mənada heyrətləndirəcək. İslam Həmrəyliyi
Oyunlarının illər sonrakı növbəti silsilələri
üçün yeni meyarlar, daha üstün səviyyələr
müəyyənləşdirəcək.
Hamılıqla buna əminik.
Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Milli
Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü,
UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban
Əliyevanın rəhbərlik etdiyi təşkilati-hazırlıq
işlərinin nəticəsini, zatən, başqa cür təsəvvür
etmək mümkün deyil.
Yaxın tariximiz bu həqiqəti,
misilsiz təşkilati qabiliyyətin, görülən işə
məsuliyyətli münasibətin, intizamın, komanda qurma
bacarığının heyrətamiz bəhrələrini
zaman-zaman ortaya qoyub. 2012-ci ilin “Eurovision” Beynəlxalq Mahnı Müsabiqəsi,
2015-ci ilin I Avropa Oyunları kimi hər biri insan iradəsinin, əzminin,
el birliyinin hüdudsuzluğunu, xalqımızın
böyük potensialını göstərən möhtəşəm
nümunələr yaradıb.
Hazırlıq üçün
müəyyən edilmiş vaxtın da, təcrübənin də
azlığına rəğmən Azərbaycan təşkilati
səviyyəsi ilə “Eurovision” Beynəlxalq Mahnı
Müsabiqəsini də, I Avropa Oyunlarını da
dünyanın mədəniyyət tarixinə qızıl hərflərlə
yazmağa müvəffəq olub.
...Və 2017-ci ilin mayından sonra bu
tarixdə IV İslam Həmrəyliyi Oyunlarının xoş
xatirələri, işıqlı təəssüratları
da parlaq şəkildə öz əksini tapacaq.
***
Bütün cəmiyyətlərdə
hər işə dodaq büzənlər
tapıldığı kimi, mətbuatda, sosial şəbəkələrdə,
elarası söhbətlərdə hərdən Azərbaycanın
bu cür möhtəşəm beynəlxalq tədbirlərə
evsahibliyindən giley-güzar edənlərə, bu cür
yarışların niyə, məsələn, başqa
inkişaf etmiş ölkələrdə deyil, bizdə
keçirilməsini o qədər düzgün anlamayan az sayda
dovtələblərə də rast gəlirsən.
Hökumətin bütün
işlərinə qara yaxıb, ictimai rəyi
çaşdırmağa çalışan destruktiv qruplarla
bağlı məsələ bəllidir. Nə qədər
əsaslandırmağa çalışsan da, belələrinə
kar etməz, onlar Azərbaycan dövlətinə qarşı
pozucu fəaliyyətlərindən əl götürməzlər.
Bu təxribatçı ünsürlərin
yazdıqlarını, söylədiklərini ciddiyə alan bəzi vətəndaşlarımızın
isə bilməsində fayda var ki, bu cür tədbirlərin
yazı boyu söhbət açdığımız siyasi-mənəvi
əhəmiyyəti hələ bir yana, müasir
dünyamızda əmtəə və xidmətlər kimi,
bütövlükdə ölkələrin də reklam və
marketinqi prosesi gedir. Əgər ölkəni
dünyada tanıtmaq, onun potensialını sərgiləmək
və milli iqtisadiyyatın müxtəlif sahələrinə
investorlar, xarici müştərilər cəlb etmək,
bununla əhalinin imkanlarını daha da
yaxşılaşdırmaq istəyirsənsə, ölkə
marketinqi üsullarından faydalanmalısan. Böyük izləyici marağı ilə
müşayiət olunan idman tədbirləri, beynəlxalq
müsabiqələrə evsahibliyi bunun ən səmərəli
üsullarındandır.
Diqqət edək, “Eurovision” Beynəlxalq
Mahnı Müsabiqəsindən, I Avropa Oyunlarından heç
iki-üç il keçməmiş Azərbaycana
kütləvi turist axını başladı. Xüsusilə
ərəb ölkələrindən, qonşu İrandan
böyük turist qruplarının gəlişi, onların sayının
getdikcə artması Azərbaycanın iqtisadi həyatında
özünü göstərən xoş bir trenddir. Onlar öz ölkələrində
qazandıqları pulları burada istirahətlərinə,
alış-verişlərinə xərcləməyə,
müxtəlif sahələrdə çalışan
insanlarımıza xeyir verməyə gəlirlər.
Beləliklə, ölkənin tanıtımına sərf edilmiş əmək insanlarımızın əlindən tutur, bu tədbirlərə xərclənən vəsaitlər dolayı yolla Azərbaycan insanının çörək təknəsinə qayıdır. Hələ bunlar ilkin nailiyyətlərdir, arzuladığımız turist axını, qeyri-neft sektorunu ayağa qaldıracaq böyük sərmayələr, “Made in Azerbaijan” brendini dünyada tanıdacaq tərəfdaşlıqlar hələ qabaqdadır.
İqtisadiyyat belə qurular, iş belə görülər. Yoxsa hər şeyə ağız büzməklə bir nəticə hasil olmaz.
İslam Həmrəyliyi Oyunlarının rəmzi mənəvi dünyamızda böyük mahiyyət daşıyır. İslamiadanın rəmzi olaraq su seçilib.
Aprelin 5-də paytaxtımızdakı Daş Salnamə Muzeyində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinə start verildi.
Su həyatdır, duruluqdur, aydınlıqdır.
“Su qədər ömrün olsun”, - birinə alqış edəndə belə deyib ulularımız.
Yola çıxanların ardınca su atıblar ki, uğuru xeyir olsun.
İndi Azərbaycandan da İslam dünyasının gələcəyinə doğru böyük bir yol başlanır.
Sabahımıza, həmrəyliyimizə, intibahımıza sarı yola çıxırıq.
Qoy Xəzərin ardımızca səpdiyi zümrüd sular yolumuzu, ömrümüzü aydın və uğurlu etsin...
Hüseynbala
MİRƏLƏMOV,
Milli Məclisin
deputatı,
yazıçı-publisist
Azərbaycan.- 2017.- 12 aprel.- S.1, 3.