Azərbaycanın və Rusiyanın təhlükəsizlik orqanları arasında əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Dövlət Təhlükəsizliyi Xidmətinin ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə general-leytenant Mədət Quliyev Azərbaycanın hərtərəfli tərəqqisi yolunda tarixi xidmətlər göstərmiş ümummilli lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dövlət quruculuğu və hüquq-mühafizə sahəsində uğurla aparılan islahatlar, sosial-iqtisadi inkişafbu yöndə başlıca şərt olan sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üzrə görülən tədbirlər barədə ətraflı məlumat verib.

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev ölkələrimizin tərəqqisi naminə Rusiyanın və Azərbaycanın dövlət başçılarının rəhbərliyi ilə həyata keçirilən uğurlu sabitlik, təhlükəsizlik və inkişaf siyasətinə əlverişli şəraitin yaradılması üçün ümumi təhdidlərə qarşı mübarizədə hər iki ölkənin aidiyyəti orqanlarının əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Görüşdə təhlükəsizlik fəaliyyəti üzrə qarşılıqlı faydalı əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

 

Azərbaycan.- 2017.- 12 aprel.- S.2.