Şirvan sakinləri su səyahətini xoş ovqatla qarşıladılar

 

Su səyahətinə Şirvan şəhərində böyük hazırlıq işləri görülmüşdü. Küçələrdə, meydanlarda Azərbaycanın üçrəngli bayrağı dalğalanır, hər tərəfdə şüarlar, transparantlar asılmış, səliqə-sahman yaradılmışdır. Şəhər bayram libasına bürünmüşdür.

Kür ölkəmizdən keçən ən böyük çaydır. O, mənbəyini qardaş Türkiyənin dağlarından götürüb qıvrıla-qıvrıla neçə eli-obanı, kəndi-şəhəri keçərək Xəzər dənizinə qovuşur. Bu çay keçdiyi ərazilərdə boz çölləri cana gətirir, əkin sahələrini, bağ-bağatları su ilə təmin edir. IV İslam Həmrəyliyi Oyunları çərçivəsində ölkəmizi gəzib dolaşan su səyahəti Kür çayını da əhatə edir. Tədbirin simvolu olan su aprelin 5-də Xəzərdən götürülüb bölgələrə yola salınmışdır. Şirvan şəhəri üzrə bu missiyanı yerinə yetirmək şərəfi şəhər 10 saylı tam orta məktəbin 3-cü sinif şagirdi Səma Əliyevaya nəsib olmuşdur. Aprelin 11-də isə Kür çayından suyu Azərbaycanın əməkdar məşqçisi, sərbəst güləş üzrə SSRİ idman ustası İsmayıl Həşimovun və taekvondo idman növü üzrə 2015 və 2017-ci illərdə Azərbaycan mükafatçısı olmuş Arif Şükürovun müşayiəti ilə yenə də Səma Əliyeva götürdü.

Şirvan şəhəri keçən əsrin 50-60-cı illərindən neftçilər, energetiklər və gənclər şəhəri kimi şöhrət tapıb. Gənclik deyəndə ilk növbədə idman yada düşür. O dövrdə bu şəhərdə, sözün əsl mənasında, idmançılar ordusu yetişmişdi. Bu torpağın yetirmələri Mirələm Bayramoğlu, Ağası Kamalbəyov, Hacıbala Hacıquluoğlu, Zəkulla Həbibov və başqaları güləş üzrə yüksək titullar qazanıblar. İdmanın ən məşhur növü olan futbol da burada sürətlə inkişaf etmişdir. Şirvan 2 saylı tam orta məktəbi bitirmiş adlı-sanlı futbolçu Səmədağa Şıxlarov ilk addımlarını burada atmışdır. O, 1973-cü ildə “Neftçi” futbol klubunun əsas heyətində oynamışdır. Sonralar isə “Xəzər” (Lənkəran), “Kəpəz” (Gəncə), “Avtomobil” (Bakı), MOİK (Moskva), OİK (Kiyev) komandalarının heyətində çıxış etmişdir. 1982-ci ildə SSRİ olimpiya yığma komandasının tərkibində İngiltərə və Cənubi Amerika turnirlərində uğurlu oyunlar nümayiş etdirmişdir. 1985-ci ildə S.Şıxlarov ovaxtkı Çexoslovakiyaya dəvət almışdı. O, SSRİ birinciliyinin II liqasında 180 oyunda 98 qol vurmuşdur. SSRİ idman ustasıdır.

Şirvan idman mühiti eyni zamanda 1982-1983-cü illərdə sərbəst güləş üzrə yeniyetmələr arasında SSRİ çempionu olmuş Rövşən Umudov, 1991-ci ildə yunan-Roma güləşi üzrə yeniyetmələr arasında SSRİ çempionatında II yeri tutmuş Zakir Məmmədov, idmanın bu növü üzrə gənclər arasında dünya çempionu olmuş Zöhrab Abbasov və başqaları kimi titullu idmançılar da yetirmişdir. Buranın 20 nəfər SSRİ, 9 nəfər Azərbaycan, 1 nəfər beynəlxalq dərəcəli idman ustası, 14 nəfər Azərbaycanın əməkdar məşqçisi, 1 nəfər Azərbaycanın fəxri bədən tərbiyəsi və idman ustası, 1 nəfər əməkdar bədən tərbiyəsi işçisiidman xadimi, 5 nəfər Azərbaycanın fəxri bədən tərbiyəsi və idman ustası adına layiq görülmüş nümayəndələri olmuşdur. 1962-ci ildə yaradılmış şəhər futbol komandası müxtəlif illərdə “Neftçi”, “Energetik” adı ilə çıxış etmişdir. Hazırda o, “Şirvan” komandası kimi fəaliyyət göstərir. Bunlar Şirvan şəhərinin idman tarixinin qısa xronikasıdır. Hazırda Şirvanda 4 uşaq-gənclər idman məktəbi var. Şəhərdə 32 idman qurğusu, olimpiya idman kompleksi, 5 trenajor zalı, şahmat məktəbi və “Şirvan” idman klubunun 2 zalı idmançıların ixtiyarındadır. 17 min 285 nəfər bədən tərbiyəsi və idmanla məşğul olur ki, onun da 7 min 585 nəfəri qızlardır.

Regionlarımızda tikilib istifadəyə verilən olimpiya idman kompleksləri ölkəmizdə bədən tərbiyəsi və idmanın prioritet sahə olmasının göstəricisidir. 2013-cü ilin iyul ayında istifadəyə verilən Şirvan Olimpiya İdman Kompleksinin açılışında Prezident İlham Əliyev iştirak etmiş, xeyir-duasını vermişdir. Kompleksdə yeniyetmələr və gənclər müxtəlif idman növləri: sərbəst, yunan-Roma güləşi, boks, cüdo, futbol, üzgüçülük, bədii gimnastika, kinqboks və əlbəyaxa döyüş üzrə bölmələrdə məşğul olurlar. Bu gün kompleks şirvanlı yeniyetmələrin, gənclərin ən sevimli yerinə çevrilmişdir.

Su səyahəti ilə əlaqədar kompleks 100 nəfərdən ibarət idmansevəri öz qoynuna almışdır. Onlardan 50-si oğlan, 50-si qızdır. 9-13 yaşlarında olan bu uşaqların hər biri gözəl bahar fəslində əlvan bir çiçəyi xatırladır. Şəhər ictimaiyyətinin nümayəndələri, titullu idmançılar da buradadırlar. Balaca idmançıların çıxışları təkrar-təkrar alqışlarla qarşılanır. Daha çox fərqlənən idmansevərlər münsiflər tərəfindən mükafatlandırılır.

Su səyahəti tədbirinin növbəti mərhələsi axşam saatlarında Şirvan şəhərinin mərkəzindəki Heydər Əliyev meydanında davam edir. Xatırladaq ki, I Avropa Oyunları zamanı səyahətə çıxan məşəl də burada qarşılanmışdı. Meydanda yenə bayram əhvali-ruhiyyəsi hökm sürür. Hər tərəf xüsusi zövqlə bəzədilib. Üçrəngli bayrağımız dalğalanır, şüartransparantlar asılıb. Bir tərəfdə isə səyyar səhnə quraşdırılıb. Meydanda böyük bir izdiham yaşanır. Nəinki Şirvan şəhərinin, yaxın qəsəbələrin, yaşayış məntəqələrinin əhalisi də buraya gəlmişdir. Tədbir Azərbaycanın təbiətini, tarixini, yüksəlişini, milli-mənəvi dəyərlərini və IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar Xəzərdən suyun götürülüb mis qablarda respublikamızın bölgələrinə göndərilməsini əks etdirən videoçarxla başlayır. Az sonra isə yuxarıda adlarını çəkdiyimiz məktəbli Səma Əliyevanın, adlı-sanlı idmançılar İsmayıl Həşimov və Arif Şükürovun iştirakı ilə Xəzərin və Kür çayının suyu tamaşaçıların alqışları altında buraya gətirilir. Meydanda mahnılar, rəqslər bir-birini əvəz edir. Hər bir insanın çöhrəsində sevinc, təbəssüm var. Onlardan bir neçəsinin təəssüratını öyrənirik. Şirvan şəhər 21 saylı tam orta məktəbin müəllimi Səadət Quliyeva deyir: “Bu günlərdə ölkəmizin hər yerində böyük təntənə yaşanır. “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Azərbaycanın dünya, o cümlədən müsəlman ölkələri arasında necə bir nüfuza sahib olduğunu nümayiş etdirir. Azərbaycan Prezidenti İlham Əliyev müsəlman ölkələrini birliyə, həmrəyliyə çağırır. Bu sahədə idmanın da böyük rolu olduğunu göstərir. Ölkəmizin başçısının bu siyasəti misilsizdir. Sevinirəm ki, su marşrutlarından biribizim Şirvan şəhərindən keçir”.

Şəhər Ağsaqqallar Şurasının sədri Fəxrəddin Rəhimov, Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyi rayon şöbəsinin sədri Pənah Xəlilov, Şirvan Şəhər Dövlət İqtisadiyyatHumanitar Kollecinin direktor müavini Rasim Xəlilov da IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsinin əhəmiyyətindən söhbət açdılar, su səyahətinin gəlişini alqışladılar.

Şəhər əhalisi ruh yüksəkliyi ilə keçən su səyahəti gecəsindən yüksək zövq aldı. Tədbir musiqi sədaları altında atəşfəşanlıqla başa çatdı.

 

Seyran CAVADOV,

 

Azərbaycan.- 2017.- 12 aprel.- S.4.