MİDA-nın bir illik
fəaliyyəti uğurlu olub
Dünən Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) bir illik fəaliyyətinin nəticələrinə və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib.
Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev agentliyin yaradılmasının bir illiyi münasibətilə tədbir iştirakçılarını təbrik edərək ötən dövr ərzində görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib. O bildirib ki, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında son illərdə respublikada iqtisadi inkişafın sürətləndirilməsi məqsədilə həyata keçirilən köklü islahatlar nəticəsində əhalinin sosial müdafiəsinin gücləndirilməsi və rifahının daha da yüksəldilməsi istiqamətində mütərəqqi addımlar atılıb. Tikinti-quruculuq sahəsində də işlər uğurla davam edib. Prezidentinin göstərişlərinə əsasən ötən bir il ərzində əhalinin sosial məsələlərinin həlli, aztəminatlı ailələrin güzəştli şərtlərlə mənzillərə sahib olması üçün mühüm tədbirlər görülüb. Agentliyin direktoru qeyd edib ki, fəaliyyətə başladıqları ilk gündən bu vəzifələrin icrasını uğurla həyata keçirmək məqsədilə yüksəkixtisaslı mütəxəssislərdən ibarət işçi heyəti formalaşdırılaraq çoxmənzilli binaların tikintisi sahəsində beynəlxalq təcrübənin öyrənilməsinə başlanılıb. Eyni zamanda agentliyin mütəxəssisləri tərəfindən mənzillərin tikintisi üçün paytaxt Bakıda və ölkənin digər şəhər və rayon mərkəzlərində münasib torpaq sahələrinə baxış keçirilib və ərazinin inkişaf perspektivləri, iş yeri mərkəzlərinə yaxınlığı, kommunikasiya şəbəkəsinin mövcudluğu və digər meyarlara əsasən qiymətləndirmələr aparılıb. Bu araşdırmalar nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyul 2016-cı il tarixli sərəncamı ilə Yasamal rayonunda, Xarici dairəvi avtomobil yolunun kənarında yerləşən 11,6 hektar ərazi çoxmənzilli binaların tikintisi üçün MİDA Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılıb.
Bildirildi ki, ərazidə tikintiyə başlanılması üçün kompleks tədbirlər görülmüş və ötən ilin dekabr ayının 24-də Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə Yasamal Yaşayış Komleksinin ilk doqquzmərtəbəli yaşayış binasının və ərazidə yerləşəcək 960 yerlik ümumtəhsil məktəbinin təməli qoyulmuşdur. İndi Yasamal Yaşayış Kompleksinin tikintisi sürətlə davam etdirilir. Hazırda ikibloklu doqquzmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsi, ümumtəhsil məktəbinin isə 2-ci mərtəbəsi tikilməkdədir. Kompleksin daha 15 yaşayış binasının tikintisinə başlanılmışdır.
Tədbirdə vurğulandı ki, çoxmənzilli binaların tikintisinin həyata keçirilməsində məqsəd mənzilə sahib olmaq istəyən insanların ehtiyacının ödənilməsinə kömək etməklə yanaşı, ölkə iqtisadiyyatının digər sahələrinin inkişafına, inşaat sektorunun canlanmasına, əlavə iş yerlərinin açılmasına şərait yaratmaqdır. Yasamal Yaşayış Kompleksinin tikintisi ilə əlaqədar olaraq 20-dən çox yerli şirkət işə cəlb ediləcək, 2500-dən artıq işçinin layihədə iştirakı təmin olunacaqdır. Yerli tikinti materiallarından geniş istifadə olunması sözügedən bazarın inkişafına öz müsbət təsirini göstərəcəkdir.
Tədbir iştirakçılarının diqqətinə çatdırıldı ki, ölkə vətəndaşlarının mənzilə olan tələbatının ən yüksək göstəricilərinin Bakıda olduğu nəzərə alınaraq Mənzil İnşaatı Dövlət Agentliyinin ikinci layihəsinin də paytaxtda həyata keçirilməsi qərara alınıb. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 fevral 2017-ci il tarixli sərəncamı ilə Bakı şəhərinin, Suraxanı rayonunun, Hövsan qəsəbəsinin qərb hissəsində 20 hektar torpaq sahəsi də güzəştli mənzillərin tikintisi üçün MİDA Məhdud Məsuliyyətli Cəmiyyətinə verilib. Mənzilləri güzəştlə əldə etmək hüququna malik olan şəxslərin kateqoriyaları və ödəniş şərtləri müəyyən edilmişdir. “Güzəştli mənzil” elektron sisteminin yaradılması və 1 may 2017-ci il tarixindən etibarən istifadəyə verilməsi ilə bağlı tapşırıq verilib. Hazırda “Güzəştli mənzil” elektron sisteminin əsasnaməsinin hazırlanması istiqamətində işlər davam etdirilir.
Təsdiq olunmuş qaydaya əsasən güzəştlə mənzil əldə etmək üçün müraciət edən vətəndaşlar mənzilə orta bazar qiymətindən aşağı qiymətə, Azərbaycan İpoteka Fondunun güzəştli ipoteka krediti, həmçinin öz vəsaiti və ya digər kredit təşkilatından cəlb etdiyi maliyyə vəsaiti hesabına sahib ola biləcəklər. MİDA Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan mənzilləri əldə etmək istəyən vətəndaşlara qeydiyyatdan keçmək və mənzilləri əldə etmək imkanı yaradacaq “Güzəştli mənzil” elektron sistemi fəaliyyətə başlayanadək vətəndaşların rahatlığını təmin etmək məqsədilə onların məlumatlandırılması və suallarının cavablandırılması işi müvafiq “ASAN xidmət” mərkəzlərində həyata keçirilməyə başlanıb. 10 mart 2017-ci il tarixindən etibarən MİDA MMC-nin xüsusi təlimlərdə iştirak etmiş gənc mütəxəssisləri Bakı şəhərində yerləşən 1, 3 və 5 saylı, habelə Sumqayıt “ASAN xidmət” mərkəzlərində vətəndaşlara xidmət göstərir. “ASAN xidmət”in “Çağrı” mərkəzi vasitəsilə də sualların cavablandırılması prosesi həyata keçirilir.
Tədbirdə çıxış edən agentliyin səlahiyyətli şəxsləri müvafiq sahələrdə görülmüş işlər, qarşıda duran vəzifələr barədə ətraflı məlumat verdilər.
Elnur HADIYEV,
Azərbaycan.-
2017.-12 aprel.- S.5.