“Bakı-2017”nin biletləri böyük coşqu ilə
alınır
İslamiadanın
açılış-bağlanış mərasimləri və
190 idman yarışı üçün 500 min bilet
satışı nəzərdə tutulub
İslam dünyasının səbirsizliklə gözlədiyi sayca IV Həmrəylik Oyunlarının başlamasına 29 gün qalır. Müasir Azərbaycanın dünyaya dolğun şəkildə təqdimatı, qazandığımız uğurların, habelə üzləşdiyimiz münaqişə ilə bağlı əsl gerçəkliklərin dünyaya çatdırılması baxımından unikal təbliğat platformasına çevrilən “Bakı-2015” I Avropa Oyunlarından sonra ölkəmizin IV İslamiadaya evsahibliyi etməsi müstəqilliyinin cəmi 25 yaşı tamam olan dövlətimizin qüdrətindən xəbər verir.
Odlar Yurdunun evsahibliyi edəcəyi növbəti beynəlxalq turnir sivil dünyanın ayrılmaz hissəsi olan Azərbaycanın mütərəqqi bəşəri dəyərlərə malik olduğunu bir daha bütün dünyaya nümayiş etdirəcək və hər zaman bölgədə sülhün, əmin-amanlığın tərəfdarı olduğunu sübut edəcəkdir.
Azərbaycan yeni rekorda hazırlaşır
Artıq IV Həmrəylik Oyunlarının keçiriləcəyi günlər və məkanlar bəllidir. Bir çox beynəlxalq yarışların keçirildiyi Bakı şəhəri idmançıları və ölkəmizə təşrif buyuracaq qonaqları qəbul etməyə tam hazırdır. Bu Oyunları keçirməklə Azərbaycan həm də yeni rekord müəyyənləşdirəcək. Aprelin 5-də paytaxtımızdakı Daş Salnamə Muzeyində “Bakı-2017”nin Xəzərdən başlayan su səyahətinə start verilmə mərasimində Prezident İlham Əliyev bunu belə izah etdi: “Biz bütün qonaqları qəbul etməyə hazırıq, onları səbirsizliklə gözləyirik. Bu Oyunlarda 57 ölkənin idmançıları iştirak edəcəklər və bu, Oyunların tarixində bir rekorddur. Biz buna çox sevinirik. Eyni zamanda, minlərlə rəsmi nümayəndə, qonaq ölkəmizə gələcək. Əminəm ki, qonaqların ölkəmizlə, onun reallıqları ilə, bizim qədim tariximizlə tanış olmaq üçün imkanları olacaq”.
17 obyektdə idmanın 22 növü üzrə keçiriləcək yarışların artıq bilet satışlarına da start verilib. Oyunlara tamaşa etmək istəyənlər mart ayının 19-dan satış məntəqələrinə və İslamiadanın rəsmi internet səhifəsinə müraciət etməyə başlayıblar.
Öncə onu vurğulayaq ki, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının ilk biletləri martın 18-də - Novruz bayramı münasibətilə Bakıda keçirilən ümumxalq şənliyində Prezident İlham Əliyevə və xanımı, Birinci-vitse-prezident, “Bakı-2017” Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya təqdim olunub.
“Bakı-2017”nin biletləri necə əldə edilir?
Oyunlarla əlaqədar
satışa 500 min bilet çıxarılıb. Bunun
üçün paytaxtda 12 şəhər bilet
satışı məntəqəsi fəaliyyət göstərir.
Biletləri əsasən “Park Bulvar”, “Gənclik Mall”, Heydər
Əliyev Sarayı, “28 Mall” və “ASAN xidmət” mərkəzlərindən
əldə etmək olar. Bununla yanaşı,
Oyunların keçiriləcəyi 17 idman obyektində də
satış köşkləri fəaliyyət göstərəcək.
“Bakı-2017”nin
Əməliyyat Komitəsi biletlərin I Avropa Oyunlarında
olduğu kimi, münasib və əlverişli qiymətlərlə
satılmasını təmin edib ki, daha çox ailələr
və gənc azarkeşlər bu yaz baş tutacaq mötəbər
idman yarışından zövq ala bilsinlər.
Artıq bir aya
yaxındır ki, bilet satışı davam edir. Bir neçə
şəhər bilet satışı məntəqəsinə
baş çəkərək proseslə maraqlandıq.
Qeyd edək ki, biletləri
internet vasitəsilə www.baku2017.com saytına daxil olmaqla əldə
etmək də mümkündür. Bilet almaq
üçün qeydiyyatdan keçilməli və hesab
yaradılmalıdır. Bilet
alışı üçün ödəniş tam şəkildə
və yalnız plastik ödəniş kartı vasitəsilə
edilməlidir.
16 yaşdan yuxarı olan yerli
tamaşaçılardan şəxsiyyət vəsiqəsi,
etibarlı əlaqə məlumatları və ödəniş
kartı (Visa, Visa Electron, MasterCard, Maestro), 16 yaşdan yuxarı
olan əcnəbilərdən isə səfər
üçün etibarlı sənədlər, əlaqə məlumatları
və etibarlı ödəniş kartı tələb olunur. Vizaya ehtiyacı olan bütün bilet sahibləri
ölkəyə daxil olmaq üçün bilet almazdan öncə
viza tələbinin təminatına inanmalıdırlar. Azərbaycana səyahət edən şəxslər,
vizanı Azərbaycanın diplomatik xidmətlərindən
birindən, yaxud E-viza vasitəsilə əldə edə bilərlər.
Biletlərin çatdırılma xidməti
olmayacaq. Onlayn alınan bütün biletlər
tədbirdən öncə bilet alışının təsdiqi
formasını təqdim etməklə götürülməlidir.
Biletləri şəhər bilet
satışı məntəqələrindən və oyunlar
zamanı yarış obyektinin bilet satışı
kassalarından əldə etmək mümkündür.
Gənclər
İslamiadaya böyük maraq göstərirlər
“Gənclik Mall” Ticarət Mərkəzi
izdihamlı yer olduğundan ilk müşahidəmizə elə
buradakı bilet satışı məntəqəsindən
başladıq. Öncə kənardan müşahidə
apardıq. Məntəqədə
çalışan gənclər onlara yaxınlaşan hər
bir şəxsin bütün suallarını
cavablandırır və yarışlar barədə ətraflı
məlumat verirlər.
Bir qədər keçdikdən
sonra üç xanım məntəqəyə
yaxınlaşdı. Onlardan birinin İslamiadanın
açılış və bağlanış mərasiminə
8 bilet sifariş etməsi diqqətimizi çəkdi. Dərhal xanıma yaxınlaşıb
özümüzü təqdim etdik. Özünü
Aynur Arazova kimi təqdim edən xanım biletlərin pulunu
ödədikdən sonra təəssüratlarını
bölüşdü: “Çox sevinirəm ki, ölkəmizdə
daha bir mötəbər idman yarışı keçiriləcək.
I Avropa Oyunlarının
açılış və bağlanış mərasimi
möhtəşəm oldu və yaddaşımızda xoş
xatirə kimi qalır. İndi Azərbaycan İslam Həmrəyliyi
Oyunlarına evsahibliyi edir və inanıram ki,
açılış mərasimi heç də Avropa
Oyunlarının açılışından fərqlənməyəcək.
Ona görə də böyük səbirsizliklə
mayın 12-sini gözləyirik. 8 bilet
aldım.
4-ü
açılış, 4-ü isə bağlanış mərasimləri
üçün. Yarışların biletlərini isə
Oyunlar başlayandan sonra arenaların bilet satış
kassalarından alacağıq. Əsasən
gimnastika yarışlarına tamaşa etməyi
xoşlayıram. İnanıram ki, Azərbaycan
idmançıları yenə də qələbələri
ilə xalqımızı sevindirəcəklər”.
Açılış mərasiminə
bilet alan digər şəxs isə
Gülnarə Mustafazadə idi. Gənc xanım əlində
tutduğu biletə tamaşa edib sevinc hissi keçirirdi.
Elə sevincini bizimlə də bölüşdü:
“Çox sevincliyəm. Çünki
eşitmişdim ki, açılış mərasiminə
biletlər artıq qurtarıb. Gəlib
soruşanda dedilər ki, var. Avropa Oyunlarının
açılış mərasimini də canlı izləmişəm
və hələ də o gözəl anları rəfiqələrimlə
birlikdə olanda paylaşıram. Bu gözəl
anların canlı şahidi olmaq tam başqadır. Düşünürəm ki, yenə də möhtəşəm
açılış mərasimi ilə Azərbaycan
dünyaya səs salacaq”.
Güzəştli
və pulsuz biletlər də var
Gülnarə xanımın
xoş təəssüratlarını dinlədikdən sonra
satış məntəqəsinin supervayzeri Aytən
Ağasıyeva ilə söhbətləşdik. Bəlli oldu ki, həftənin
bütün günü səhər saat 11:00-dan axşam
21:00-a qədər bilet satışı həyata keçirilir.
Bilet alıcılarının çox hissəsini
25-35 yaş arası gənclər təşkil edir. Biletlərin qiymətinə gəldikdə isə
bütün Oyunlara görə məbləğ 2-5 manat
arasında dəyişir. Yalnız
Oyunların açılış və bağlanış mərasimlərinin
qiymətləri fərqlidir. Açılış
mərasiminə bilet alışının qiyməti
kateqoriyalara görə 20-200 manat, bağlanış mərasiminə
olan biletlərin dəyəri isə 10-100 manat
arasındadır. Bununla belə, 16
yaşından aşağı olan uşaqlar 13 yarış
sessiyalarına pulsuz girmək hüququna malikdirlər. Bu pulsuz biletləri şəhər bilet
satışı məntəqələrindən və
yarış obyektlərinin kassalarından doğum haqqında
şəhadətnaməni, fiziki qüsurlu şəxslər
üçün isə tibbi şəhadətnaməni
göstərməklə əldə edə bilərlər.
Əməliyyat Komitəsi bərabər
imkanlar prinsipini dəstəkləyir və fiziki məhdudiyyətli
şəxslərin bilet əldə etməkdə
ayrı-seçkiliyə məruz qalmamalarına təminat
verir. Fiziki məhdudiyyətli şəxslər və
onları müşayiət edənlər bütün
yarış sessiyalarına (açılış və
bağlanış mərasimlərindən başqa) pulsuz
biletlər əldə edə biləcəklər.
16 yaşından
aşağı olan uşaqlar isə yarışlara himayəçi
şəxslə birgə buraxılacaqlar. Hər
böyük yalnız bir uşağı müşayiət edə
bilər. Pulsuz bilet alarkən və
yarış obyektinə daxil olarkən doğum haqqında
şəhadətnamə təqdim edilməlidir. Pulsuz bilet üçün lazımi sənədin
olmadığı təqdirdə yarış obyektinə
keçmək mümkün olmayacaq. 2
yaşdan aşağı uşaqlar üçün bilet tələb
olunmur. Valideyn, yaxud himayəçi şəxs
onu qucaqda tutmalı və yarış obyektində başqa
yerin tutulmamasına diqqət etməlidir.
2-16 yaşlı uşaqlar
üçün Heydər Əliyev adına
İdman Sarayına, Milli Gimnastika Arenasına və Tofiq Bəhramov
adına Respublika Stadionuna təyinatlı biletlərin qiyməti
1 manatdır.
Aytən
Ağasıyevanın sözlərinə görə, təqvimlər
açıqlandıqdan sonra gənclər əsasən futbol,
güləş, cüdo yarışlarına biletlər
almağa üstünlük verirlər. Gimnastika
yarışlarının biletləri aprelin ortasından
satışa çıxarılacaq.
“2017”
Tamaşaçı Məlumat Mərkəzindən
bütün məlumatlar əldə oluna bilər
“28 Mall” Ticarət Mərkəzində
də fəallıq müşahidə olunur. Burada bilet satışı
uğurla həyata keçirilir. İnsanlar
biletlərin qiymətləri, yarışların keçirilmə
vaxtı ilə maraqlanırlar. Onlara
broşürlər təqdim olunur. Satış
məntəqəsində “2017” qaynar xətti də
gözümüzə dəydi. Bu,
İslamiadanın Tamaşaçı Məlumat Mərkəzidir.
İnsanlar heç bir yerə getmədən bu xətt vasitəsilə
Oyunların keçiriləcəyi yerlər, biletlər və
s. ilə bağlı istədikləri məlumatı öyrənə
bilərlər.
Bilet satışı ilə maraqlanan
gənclər Nadir İbrahimov, Cavid Əskərov və Xəyyam
Xəlilov bildirdilər ki, Azərbaycan bütün idman tədbirlərini
yüksək səviyyədə təşkil edir və
tamaşaçıların yarışları rahat izləməsi
üçün hər cür şərait yaradılır. Gənclər deyirlər ki, ölkəmiz dünyada
idman dövləti kimi tanınır. Çünki
dövlətin idmana və idmançılara göstərdiyi
qayğı çox müsbət nəticələr verir.
Bu səbəbdən də yetişməkdə
olan yeniyetmələrin idmana marağı getdikcə
böyüyür. İslam Həmrəyliyi
Oyunlarında qazanılacaq qələbələr də Azərbaycan
gənclərini çox sevindirəcək.
Çox möhtəşəm
və unudulmaz anların canlı şahidi olacağıq
“Park Bulvar” Ticarət Mərkəzindəki
bilet satışı məntəqəsinə baş çəkdik. Məntəqədə
biletlər üzrə menecer Seymur Məmmədov qeyd etdi ki,
biletlərin satışına burada da gənclər daha
çox maraq göstərirlər: “Elə günlər olur
ki, burada növbə yaranır. İnsanlar həm
yarışlarla maraqlanır, həm də bilet alırlar.
Bizim əməkdaşlarımız yorulmadan istənilən
şəxsə bütün məlumatları ətraflı
şəkildə başa salırlar”. Seymur
deyir ki, gənclərin əksəriyyəti güləş,
cüdo, futbol, üzgüçülük
yarışları ilə maraqlanır və müxtəlif təqvim
günləri üçün biletlər alırlar.
Menecerlə söhbət
zamanı 2 gənc - Rövşən Əsədov və Məhəmməd
Əliyev satış məntəqəsinə
yaxınlaşıb biletlərin qiyməti ilə maraqlanaraq
açılış mərasimi üçün iki bilet
aldılar.
Bizim jurnalist olduğumuzu bildikdə çəkinmədən
fikirlərini də bildirdilər: “Avropa Oyunlarının
açılış mərasimini canlı izləyə bilmədik.
Televiziya önündə izləyəndə
gözlərimizə inanmadıq. Belə
bir möhtəşəm mərasimi canlı izləyə bilmədiyimizə
çox təəssüfləndik. İndi
ölkəmiz daha bir idman bayramına hazırlaşır.
Qərara gəldik ki, necə olur-olsun biz də
Olimpiya Stadionunda unudulmaz anların canlı şahidi olaq.
İnanırıq ki, çox əzəmətli
açılış olacaq və o anları canlı şəkildə
görməyə dəyər”.
Qiymətlərin
münasib olması hər bir tamaşaçıya
yarışları seyr etmək şansı yaradır
“Bakı-2017”nin
Əməliyyat Komitəsi hər bir tamaşaçıya
yüksək səviyyəli beynəlxalq idman
yarışlarını seyr etmək şansı yaradır. Bilet qiymətlərinin münasib olması hər bir
kəsin keçiriləcək 190 idman sessiyasını
canlı izləməsinə imkan verir.
Beləliklə, may ayının 12-də
Avropa və Asiyanın kəsişməsində yerləşən
dünyanın ən cazibədar və kosmopolit şəhərlərindən
biri sayılan paytaxtımız Bakıda möhtəşəm
açılış mərasimi ilə İslamiadaya start
veriləcək və 57 ölkəni təmsil edən 3 mindən
çox idmançı mübarizəyə başlayacaq. Müsəlman aləmini bir araya gətirəcək
İslamiada əsl bayram təntənəsinə çevriləcək
və uzun müddət xoş təəssüratlarla
xatırlanacaq.
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.- 2017.- 13 aprel.- S. 1; 6.