Ümummilli
lider Heydər Əliyevin anadan olmasının 94-cü
ildönümü Respublika Veteranlar Təşkilatında qeyd
edilib
Ümummilli lider Heydər
Əliyevin anadan olmasının 94-cü ildönümü
münasibətilə aprelin 12-də Azərbaycan
Respublikası Müharibə, Əmək və Silahlı
Qüvvələr Veteranları Təşkilatında anım
mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə
ulu öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi
və ərazi bütövlüyü uğrunda canlarından
keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik
sükutla yad edilib.
Sonra kinorejissor Vaqif Mustafayevin
xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat
və fəaliyyətinə həsr olunan “Əsl məhəbbət
haqqında” sənədli televiziya filmi nümayiş etdirilib.
Respublika Veteranlar Təşkilatının
sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov
çıxış edərək ulu öndər Heydər
Əliyevin mənalı həyatı və çoxşaxəli
fəaliyyəti barədə geniş məlumat verib. “Ulu
öndər Heydər Əliyev zamanın fövqündə
duran, illər keçdikcə dühası və əzəməti
daha parlaq şəkildə görünən qüdrətli
şəxsiyyətlərdəndir”, - deyən C.Xəlilov
vurğulayıb ki, ümummilli lideri xalqın, dövlətin
tarixində əbədi yaşadan mühüm cəhətlərdən
biri onun Azərbaycanın ən çətin zamanlarında
xalqı və dövləti düşdüyü bəladan
qurtarması, onu yeni inkişaf mərhələsinə
çıxarmasıdır. Tarixi yaradan, onun gedişini dəyişməyə
qadir insan kimi Heydər Əliyevin adı dünyanın ən
böyük dövlət adamları olan Bismark, Atatürk,
Adenauer və digər tarixi şəxsiyyətlərlə bir
sırada çəkilir.
Azərbaycanın müstəqilliyinin
ilk illərində üzləşdiyi dərin ictimai-siyasi,
sosial-iqtisadi problemlərə, cəbhədəki
uğursuzluğa, hakimiyyət böhranına, vətəndaş
müharibəsi təhlükəsinə toxunan C.Xəlilov
bildirib ki, belə ağır vəziyyətdə xalqın
imdadına məhz ulu öndər Heydər Əliyev
yetişdi. Dahi rəhbər xalqın təkidli dəvətini
qəbul edib 1993-cü il iyunun 9-da Bakıya gəldi, bununla da
daxili və xarici düşmənlərimizin bütün
planları puça çıxdı. Xilaskarlıq
missiyasını üzərinə götürən ulu
öndər vətəndaş qarşıdurmasının
qarşısını aldı, ölkəni parçalanmaq təhlükəsindən
xilas etdi. 1993-cü il iyunun 15-də ulu öndər Heydər
Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri
seçildi. Bundan sonra Azərbaycan gələcəyə
inamla baxan qüdrətli dövlətə çevrilmək
yoluna qədəm qoydu.
Məruzəçi daha sonra Azərbaycanın
bu gün siyasi və iqtisadi sahədə qazandığı
böyük uğurlardan, ulu öndərin siyasi kursunun layiqli
davamçısı Prezident, Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi ilə regionun lider dövlətinə
çevrilməsindən, dünyanın sürətlə
inkişaf edən ölkələri sırasına
çıxmasından danışıb.
Tədbirdə
çıxış edən Prezident Administrasiyasının
İctimai-siyasi məsələlər şöbəsinin
müdir müavini Ərəstun Mehdiyev kinorejissor Vaqif Mustafayevin
ulu öndər Heydər Əliyev haqqında çəkdiyi
filmin dahi şəxsiyyətin həyat və fəaliyyətini
dolğun əks etdirən ən maraqlı ekran əsərlərindən
biri olduğunu vurğulayıb.
Ərəstun Mehdiyev qeyd edib ki, Azərbaycan
xalqı zəngin tarixi ərzində bir sıra görkəmli
şəxsiyyətlər yetişdirib. Həmin şəxsiyyətlərin
arasında ümummilli lider Heydər Əliyevin özünəməxsus
yeri var. Ulu öndər Heydər Əliyev Azərbaycan
xalqının və dövlətinin tarixində silinməz
izlər qoyub. Bütün fəaliyyəti dövründə
“Xalq dövlət üçün yox, dövlət xalq
üçün olmalıdır” prinsipinə əsaslanan Heydər
Əliyev ümumxalq mənafeyini hər şeydən
üstün tuturdu. Ulu öndərin həyatına, fəaliyyətinə
nəzər salanda bunu aydın şəkildə görmək
mümkündür. Heydər Əliyev xalqının
ümummilli lideri səviyyəsinə yüksələnə qədər
mühüm vəzifələrdə çalışıb,
zəngin həyat yolu keçib. Xüsusi xidmət
orqanlarında uğurlu fəaliyyətdən sonra sovet
dövründə Azərbaycana rəhbərlik edib, daha sonra
keçmiş SSRİ-nin ali rəhbərlərindən biri
olub. Sovet İttifaqının süqutundan sonra müstəqil
Azərbaycana rəhbərlik edən Heydər Əliyev fəaliyyətinin
hər iki dövründə ölkəmizin dinamik
inkişafı, xalqın rifahı üçün yorulmadan
çalışıb. Müstəqillik illərində Azərbaycanın
beynəlxalq aləmdə tanınmasında və yüksək
mövqe qazanmasında ulu öndər Heydər Əliyevin rolu
əvəzsizdir. Bu uğurları şərtləndirən əsas
amil Heydər Əliyevin həmişə xalqa arxalanması
olub.
Prezident Administrasiyasının rəsmisi
bildirib ki, dahi şəxsiyyət 1990-cı illərin əvvəllərində
Azərbaycanı bütün sahələrdə yaşanan tənəzzüldən,
vətəndaş qarşıdurmasından, parçalanmaq təhlükəsindən
xilas edib, dövlət çevrilişi cəhdlərinin
qarşısını müdrikliklə alıb. Heydər
Əliyev məhz xalqa güvənərək respublikada
ictimai-siyasi sabitliyi bərqərar edib, Azərbaycanı dinamik
inkişaf yoluna çıxarıb, bütün sahələrdə
dərin islahatlar həyata keçirib. Ümummilli lider Heydər
Əliyev cəmiyyətin bütün təbəqələrini,
o cümlədən gəncləri, yaşlıları,
müharibə veteranlarını da daim diqqət mərkəzində
saxlayırdı. Ulu öndər Heydər Əliyev
çıxışlarında vurğulayırdı ki,
iqtisadiyyatı güclü olan dövlət xalqın mənafeyinə
xidmət etməlidir. Belə dövlət beynəlxalq arenada
mövqelərini möhkəmləndirə, ordusunu gücləndirə
bilər. Dövlət özünün güclü ordusuna
arxalanmalıdır. Dövlətin və xalqın orduya
qayğısı yüksək səviyyədə olmalı və
bu birlik daim təmin edilməlidir. Bu məsələlərə
xüsusi diqqət yetirən ümummilli lider dövlət
quruculuğu siyasətində həmin prinsiplərin təmin
olunmasını daim nəzarətdə saxlayırdı.
“Ötən il biz Azərbaycan
Respublikasının müstəqilliyinin bərpasının
25 illiyini dövlət səviyyəsində qeyd etdik. Müstəqilliyin
bərpasından ötən illər ərzində Azərbaycan
sürətlə inkişaf edərək dünya dövlətləri
sırasında özünə layiqli yer tutub. Bu uğur dahi rəhbər
Heydər Əliyevin əsasını qoyduğu siyasətin
müvəffəqiyyətlə həyata keçirilməsi sayəsində
əldə olunub. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi
siyasət hazırda dövlət başçısı
İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və
inkişaf etdirilir. Məhz bu siyasət sayəsində regionun
lider dövləti olan Azərbaycan artıq bölgədə
və dünyada mühüm söz sahibinə çevrilib. Azərbaycan
dövləti yaşadıqca ulu öndər Heydər
Əliyevin xatirəsi qədirbilən xalqımız tərəfindən
daim ən yüksək hörmət və ehtiramla yad ediləcək.
Çünki ümummilli lider Heydər Əliyevin adı Azərbaycan
tarixinə və xalqımızın yaddaşına əbədi
həkk olunub”, - deyə Ərəstun Mehdiyev bildirib.
Sonra Bakı Şəhər
İcra Hakimiyyəti başçısının müavini
Fidumə Hüseynova, “İnterfaks-Azərbaycan” agentliyinin
baş direktoru Aleksandr İvanov, veteranlar Vladimir Timoşenko,
Tofiq Ağahüseynov, kinorejissor, xalq artisti, Dövlət
Mükafatı laureatı, Heydər Əliyev haqqında sənədli
televiziya filmlərinin müəllifi Vaqif Mustafayev və digərləri
çıxış edərək müasir müstəqil Azərbaycan
dövlətinin qurulmasında, inkişafında və
dünyaya tanıdılmasında ümummilli liderimizin tarixi
xidmətlərindən bəhs edib, ulu öndərlə
bağlı xatirələrini bölüşüblər.
Natiqlər vurğulayıblar ki, ümummilli lider Heydər
Əliyevin ideyalarına sadiq qalan gənclərimiz dahi rəhbərin
siyasi xəttini uğurla davam etdirərək, Azərbaycana
yeni uğurlar qazandıran Prezident İlham Əliyevin ətrafında
sıx birləşərək ölkəmizin
inkişafına öz töhfələrini verirlər.
Sonda kinorejissor Vaqif Mustafayevə
Respublika Veteranlar Təşkilatının “Veteran həmrəyliyi”
medalı təqdim edilib.
Azərbaycan.-
2017.-13 aprel.- S.2.