Bakıda IV Beynəlxalq “Caspian Energy Forum-2017”
keçirilib
Aprelin 12-də Bakıda IV
Beynəlxalq “Caspian Energy Forum–2017” keçirilib. Forum Azərbaycan
Respublikası hökumətinin və “Caspian European Club”un (Caspian Business Club) dəstəyi ilə təşkil
edilib.
AZƏRTAC xəbər verir ki, “Caspian
European Club” və “Caspian American Club”un sədrinin birinci
müavini və baş icraçı direktoru Telman Əliyev tədbirin
keçirilməsində əsas məqsədin biznes-dövlət
ünsiyyətinin daha da möhkəmləndirilməsinə dəstək
olduğunu deyib. “Bundan əvvəlki üç
forum da Bakıda təşkil olunmuşdu. Ümid edirik
ki, bu forum da uğurlu olacaq”, - deyə T.Əliyev bildirib.
T.Əliyev qeyd edib ki, növbəti V Beynəlxalq “Caspian Energy Forum-2018” dekabr ayında Çexiyanın paytaxtı Praqa şəhərində təşkil olunacaq. Həmçinin bu ilin sentyabr ayında Bakı şəhərində Birinci Beynəlxalq Caspian-American Forum keçiriləcək.
Forumun açılış mərasimində Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviçin “Caspian Energy Forum -2017”nin iştirakçılarına videomüraciəti səsləndirilib. Xorvatiya Respublikasının Prezidenti Kolinda Qrabar-Kitaroviçin müraciətini isə Xorvatiyanın Azərbaycandakı səfiri Drajen Hrastiç çatdırıb.
Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviçin videomüraciətində bildirilib ki, Azərbaycan qazı 2020-ci ilə qədər Avropaya çatdırılacaq və beləliklə, Avropa İttifaqı öz enerji resurslarını diversifikasiya edəcək. “Cənub Qaz Dəhlizi” layihəsi Avropanın enerji birliyinin həyati əhəmiyyətli elementidir. “Cənub Qaz Dəhlizi” üzrə bütün müqavilələr artıq imzalanıb və tikinti işləri bütün layihə məntəqələrində aparılır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər cəhətdən bu layihəni dəstəkləyir və bu prosesdə şəxsən iştirak edir.
Xorvatiya Respublikasının Prezidenti Kolinda Qrabar-Kitaroviçin müraciətində qeyd edilib ki, Avropa İttifaqı qaz tədarükünün şaxələndirilməsi ilə bağlı bir çox işlər görüb. Bununla belə, Avropa İttifaqının müəyyən nailiyyətlərinə baxmayaraq, bu məsələdə zəif məqamlar qalır. Energetika sahəsində əməkdaşlığın genişləndirilməsi Avropaya özünü daha müdafiə olunmuş və rəqabətqabiliyyətli hiss etməyə imkan verəcək. Bu məqsədlərə çatmaq üçün Avropa Xəzər regionu ölkələri ilə daha sıx əməkdaşlıq etməyə başlayıb.
K.Qrabar-Kitaroviç müraciətində əlavə edib ki, Xorvatiya Azərbaycanla energetika sahəsində əməkdaşlığı davam etdirmək niyyətindədir. Bu, təkcə Xorvatiya üçün deyil, qonşu ölkələr üçün də böyük əhəmiyyət daşıyır.
Sonra forum öz işini
sessiyalarla davam etdirib.
İlk sessiyada “Biznesin
stimullaşdırılması - dövlәt siyasәtinin prioriteti”, “Dünya
bazarlarının böhran şəraitində inkişaf
perspektivləri”, “Azәrbaycan Respublikasının iqtisadiyyatının
islahatlaşmasında Dövlәt Gömrük Komitəsinin rolu”,
“Dövlәt
müəssisələrinin səhmləşdirilməsinin
perspektivləri, iqtisadiyyatda islahatların aparılması”,
“Keyfiyyәtli
infrastrukturun inkişafı – rəqabətədavamlı
ixracyönümlü məhsul istehsalının əsas
aspekti”, “İxracın təşviqi istiqamətində
görülən işlər və yaratdığı
imkanlar” mövzuları müzakirə olunub.
“Caspian European Club” və “Caspian
American Club”un sədrinin birinci müavini və baş
icraçı direktoru Telman Əliyevin moderatorluğu ilə
keçirilən birinci sessiyada Dövlət Gömrük Komitəsinin
sədri Aydın Əliyev bildirib ki, ötən il
gömrük tarixində ciddi islahatlar və şəffaflığın
təmin olunması ilə yadda qalıb. Görülən
işlərə elektron bəyannaməyə keçid,
yaşıl dəhlizin tətbiqi və sair işlər
daxildir. Azərbaycanda gömrük xidməti aprel
ayından pilot layihə olaraq, may
ayının əvvəllərindən isə
bütünlüklə elektron xidmətə keçib: “10 təşkilat
artıq bizim təşəbbüslə yaşıl dəhlizdən
istifadə edə bilir. Bundan əlavə,
spesifik rüsumların tətbiqinə
başlamışıq. Məqsəd aqrar məhsulları
və tikinti materiallarını qorumaq, istehsalı inkişaf
etdirməkdir”, - deyə komitə sədri vurğulayıb.
A.Əliyev qeyd edib ki,
dünya iqtisadiyyatında baş verən iqtisadi
böhranın Azərbaycana təsirlərini minimuma endirmək
üçün Prezident İlham Əliyevin
tapşırığı ilə islahatlar davamlı xarakter
alıb. Gömrük sahəsində şəffaflığın
artırılması və gömrük orqanlarının fəaliyyətinin
daha da təkmilləşdirilməsi ilə bağlı
dövlətimizin başçısı tərəfindən
bir sıra mühüm fərman və sərəncamlar
imzalanıb.
DGK sədrinin sözlərinə
görə, Azərbaycanda meyvə-tərəvəzin
ixracı ötən ilin müvafiq dövrünə nisbətən
73 faiz artıb, idxal isə 17 faiz azalıb. Artıq sərhəd-keçid
məntəqələrində və hava limanlarında “Tax
free” sisteminin tətbiqinə başlanılıb. Ölkəni tərk edən turistlər sərbəst
şəkildə qəbzlərini təqdim edib
pullarını geri ala bilirlər.
Standartlaşdırma, Metrologiya və
Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov
bildirib ki, Azərbaycanın 940 milli standartının 45 faizi
beynəlxalq standartlara uyğunlaşdırılıb. “Texniki tənzimləmə haqqında” qanun hələ
qəbul olunmadığı üçün standartlar məcburidir.
İxrac potensialının
gücləndirilməsi barədə danışan R.Həsənovun
sözlərinə görə, ixracın təmin edilməsi
üçün məhsul və istehsal sahələri
olmalıdır. Bu məqsədlə dövlət tərəfindən
böyük işlər görülüb və görülməkdədir:
infrastruktur baxımından yollar və elektrik şəbəkələri
təmin olunub. İş adamları bu
infrastrukturdan yararlanmalı, öz məhsullarını xarici
bazarlara ixrac etməyə çalışmalıdırlar.
İkinci vacib məsələ istehsal edilən
məhsulların ixrac olunduğu ölkələrin normativ sənədlərinə
uyğunluğudur. Komitə tərəfindən
bununla bağlı geniş islahatlar aparılır. 2008-ci ildə Avropa İttifaqı ilə “Tvinninq”
layihəsi həyata keçirilib və avropalı ekspertlərin
köməyi ilə “Standartlaşma haqqında” qanun
hazırlanıb.
Keyfiyyət infrastrukturunun
inkişafına toxunan R.Həsənov qeyd edib ki, metrologiya sahəsində
ölçmələr düzgün olmazsa, məhsulun təhlükəsizliyindən
söhbət gedə bilməz. “Bu sahədə də
Avropa İttifaqı ilə “Tvinninq” layihəsi həyata
keçirilib. Milli etalon bazası yaradılıb və
bu iş davam etdirilir. Azərbaycan metrologiya sahəsində
müvafiq beynəlxalq təşkilatlara qəbul olunub. Bu da bizim ölçmələrin tanınmasına
xidmət edir. Ölçmələrin tanınması
isə məhsulun ixracına birbaşa olmasa da, dolayısı
ilə təkan verir”, - deyə komitə sədri
vurğulayıb.
Keyfiyyət infrastrukturunun digər
vacib atributunun akkreditasiya sistemi olduğunu bildirən R.Həsənov
deyib: “Bizim akkreditasiya olunmuş laboratoriyaların verdiyi sənədlər
bir çox ölkədə tanınmır. Bununla
bağlı 2017-ci ildə yenidən Avropa İttifaqı ilə
“Tvinninq” layihəsi nəzərdə tutulub. Məqsəd bizim Akkreditasiya Xidmətinin və bu sahədə
qanunvericiliyin təkmilləşdirilməsi, eyni zamanda,
Akkreditasiya Xidmətinin işinin beynəlxalq miqyasda
tanınmasından ibarətdir”.
Azərbaycanın ilk ticarət
nümayəndəliyinin Rusiyada yaradıldığını
bildirən iqtisadiyyat nazirinin müavini Sahil Babayev məlumat
verib ki, növbəti nümayəndəlik Birləşmiş
Ərəb Əmirliyi və Çində yaradılacaq. Nümayəndəliklərin
yaradılmasında məqsəd Azərbaycanın investisiya
potensialını bu ölkələrdə tanıtmaq, əcnəbi
iş adamlarını Azərbaycana dəvət etmək,
sahibkarlarımızın xarici ölkələrdəki
maraqlarını qorumaqdır. Bundan başqa, son
zamanlar Azərbaycan xarici ölkələrdə ticarət evləri
də yaradır. Artıq Belarusda belə
bir ticarət evi açılıb, Rusiya və Ukraynada ticarət
evlərinin açılması ilə bağlı işlər
aparılır.
S.Babayevin sözlərinə
görə, qeyri-neft sektorunun dinamik inkişafı,
iqtisadiyyatın şaxələndirilməsi üçün
müəyyən işlər görülüb. Bu günədək 1,2 milyard manat dəyərində 121 layihəyə
investisiya təşviqi sənədi verilib. Artıq
ixracatçılara geri ödəmə sisteminin tətbiqinə
başlanılıb və 5 ay ərzində sahibkarlara 750 min
manat həcmində dövlət dəstəyi göstərilib.
Nazir müavini qeyd edib ki, ötən
rüb ərzində Azərbaycanın ixracı 50 faiz, o
cümlədən qeyri-neft məhsullarının ixracı
üzən platforma istisna edilməklə 32,5 faiz, kənd təsərrüfatı
məhsullarının ixracı 44 faiz, sənaye məhsullarının
ixracı isə üzən platforma istisna olmaqla 25 faiz
artıb.
“İxracatçılara dəstək
vermək, onların problemlərinin həllinə kömək
göstərmək məqsədilə ixracatçılar
klubu yaradılıb. Həmçinin “Azexport.az” portalı
yaradılıb və sahibkarlar burada öz məhsullarını
dünya alıcılarına təqdim edə bilirlər.
Bunun nəticəsi olaraq, bu ilin birinci
rübündə ixracatçıların sayı 20 faiz
artıb”, - deyə S.Babayev vurğulayıb.
“Azərsun Holdinq” MMC-nin
baş icraçı direktoru Savaş Uzan şirkətin
ixracatla bağlı dövlətin dəstəyini daim hiss etməsindən
və yerli istehsalatın böyüdülməsi, qida təhlükəsizliyinin
təmin olunması, sağlam rəqabət haqda
danışıb.
“SOCAR Polymer” şirkətinin
baş maliyyə analitiki Babək Beydullayev bildirib ki, “SOCAR GPC”
layihəsinin (qaz emalı və qaz-kimya zavodları kompleksi)
2022-ci ilin birinci rübündə istismara verilməsi nəzərdə
tutulur. Layihənin maliyyələşdirilməsi
üçün müxtəlif maliyyə institutları ilə
danışıqlar aparılır. Bir
sıra imkanlar nəzərdən keçirilib. Layihə çərçivəsində maliyyə
sazişi 2017-ci ilin sonu və ya 2018-ci ilin əvvəlində
imzalanacaq.
B.Beydullayevin sözlərinə
görə, layihənin ümumi dəyəri 4 milyard dollar təşkil
edir. Kompleksdə istehsal edilən məhsulların 50 faizi
Türkiyəyə ixrac olunacaq. Bununla
yanaşı, Yaxın Şərq, Çin və bəzi
Avropa ölkələri də potensial bazar kimi qiymətləndirilir.
Daha sonra Veysəloğlu
Şirkətlər Qrupunun prezidenti Aydın Talibov, “Polymart”
MMC-nin idarə heyətinin sədri Rəşad Məmmədov
təmsil etdikləri qurumların fəaliyyəti barədə
məlumat verib, görüləcək işlər barədə
danışıblar.
"Əsas layihələr. Xəzər regionu dövlətlərinin
enerji sektorunun investisiya cazibədarlığı"
mövzusunda keçirilən ikinci sessiyaya moderatorluq edən
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq
komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, Azərbaycan
bu gün regionda qlobal sarsıntılara, maliyyə
böhranlarına, dünya bazarında neftin qiymətinin
aşağı düşməsinə baxmayaraq cəsarətli
addımlar atır. Dünyada baş verən
qlobal maliyyə böhranı, qlobal risklərin artması
göstərdi ki, dövlətlər arasında əməkdaşlıq
güclənməlidir, iqtisadi münasibətlər təkmilləşməlidir.
Bugünkü forumda qaldırılan məsələlər
zamanın çağırışlarından irəli gələn
vəzifələrin həllinə yönəlib. Bu kimi
forumların hər birimiz üçün böyük əhəmiyyəti
var. Regional və transmilli layihələrdə, irimiqyaslı
strateji proqramlarda Azərbaycanın iştirakı, Qədim
İpək Yolunun bərpası istiqamətində həyata
keçirilən tədbirlər, sahibkarlığın
inkişafı və yerli məhsullarımızın xarici
bazarlara çıxarılması ilə əlaqədar
görülən işlər ölkəmizin qüdrətini
və imkanlarımızın böyük olduğunu göstərir.
Sessiyada çıxış edən
nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin
müavini Elmir Vəlizadə qeyd edib ki, Azərbaycan əhalisinin
78 faizinin internet istifadəçisidir, bunun 72 faizi
genişzolaqlı internetin payına düşür. Ölkəmiz mobil telefon istifadəçilərinin əhatə
dairəsinə görə də dünya üzrə irəlidə
gedən ölkələrdəndir və 100 faizdən
artıq əhatə dairəsinə malik olan ölkələr
sırasındadır. Nazir müavini
bildirib ki, biznes sahəsində informatika
texnologiyalarının verdiyi imkanlardan daha geniş istifadə
olunması üçün Azərbaycanda xüsusi
işçi qrupunun yaradılması nəzərdə tutulub.
Kiçik və orta sahibkarlar İKT
imkanlarından öz inkişafları üçün istifadə
edərək potensiallarını bir qədər də
artırmalıdırlar. “Ölkəmizdə
qarşıya qoyulan məqsəd bundan ibarətdir ki, İKT
sektoru ildən-ilə güclənsin və ixrac potensialı
artırılsın. Bu, ölkə daxilində tələbatı
ödəməklə yanaşı, Azərbaycan brendi olan məhsulların
xaricə çıxışını təmin etməlidir",- deyə Elmir Vəlizadə qeyd edib.
Azərbaycan şirkətlərinin
bir neçə gündən sonra İKT sahəsi üzrə
Belarusda keçirilən sərgiyə
qatılacaqlarını deyən nazir müavini diqqətə
çatdırıb ki, yaxın vaxtlarda Moskvada da keçiriləcək
müvafiq sərginin tarixində ilk dəfə olaraq Azərbaycan
tərəfdaş ölkə statusunda milli pavilyonla iştirak
edəcək.
“Pavilyonda ölkəmizin özəl şirkətləri
də İKT üzrə məhsullarını nümayiş
etdirəcəklər. Bütün bunlar göstərir
ki, biz beynəlxalq əməkdaşlığa
açığıq”, - deyə Elmir Vəlizadə bildirib.
Alternativ və Bərpa Olunan Enerji Mənbələri
üzrə Dövlət Agentliyinin sədrinin müavini Cəmil
Məlikov deyib ki, Azərbaycanda ildə orta hesabla 20 milyard
kilovatt-saat enerji istehsal olunur və bu enerji
istehsalçılar tərəfindən istifadə edilir. Enerji istehsalı üçün isə təqribən
6 milyard kubmetr qaz sərf olunur. “Biz küləyin, günəşin,
çayların hesabına alternativ enerji - istilik enerjisi əldə
etdikcə, qaz sərfiyyatına qənaət olunur və bu da
ölkənin qaz ixrac potensialını artırmağa imkan
yaradır”, - deyə C.Məlikov bildirib.
Dövlət agentliyinin
qarşısında duran əsas vəzifələrdən
birinin Azərbaycanın bərpa olunan enerji mənbələrindən
səmərəli istifadə etmək olduğunu deyən Cəmil
Məlikov qeyd edib ki, agentliyin digər fəaliyyət istiqaməti
ixrac potensialının artırılmasıdır. Bu amillər
bizi daha böyük elektrik stansiyalarının
yaradılmasına, beynəlxalq qurumlarla texniki-iqtisadi əsaslandırmaların
hazırlanmasını həyata keçirməyə sövq
edir.
Qeyd olunub ki, Alternativ və Bərpa
Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi
energetika sahəsində Çin Xalq Respublikası ilə
memorandum imzalayıb. Bundan başqa, Asiya İnkişaf Bankı tərəfindən
həyata keçirilən “Bərpa Olunan Enerji
Ehtiyatlarının İnkişafı” layihəsi Azərbaycanda
alternativ enerjinin inkişaf etdirilməsi sahəsində
Oğuz, Ağcabədi və Samux rayonlarının enerji təchizatının
effektivliyinin artırılmasına yönəldilib.
Forumda çıxış edən
Avropa Yenidənqurma və İnkişaf Bankının
(AYİB) Rusiya, Mərkəzi Asiya və Qafqazda enerji üzrə
direktoru Aida Sitdikova vurğulayıb ki, AYİB “Cənub Qaz Dəhlizi”
layihəsində Azərbaycanla tərəfdaşlıq edir. Bu layihə Avropa Komissiyası tərəfindən dəstəklənir.
“Azərbaycan çox vacib tərəfdaşdır
və onun enerji baxımından böyük potensialı var.
Bilirik ki, təbii qaz vacib enerji növüdür və
alternativ enerjiyə keçiddir. Azərbaycanla
əməkdaşlığımız ilkin mərhələdədir.
Biz Gürcüstan və Qazaxıstanda layihələr
reallaşdırırıq, Azərbaycanda da belə layihələrə
başlamaq istəyirik”, - deyə Aida Sitdikova bildirib.
“Şahdəniz” layihəsi barədə
danışan Azərbaycan Respublikası Prezidenti yanında
Strateji Araşdırmalar Mərkəzinin aparıcı elmi
işçisi Gülmirə Rzayeva xatırladıb ki, layihə
üzrə 25 illik müqavilə bağlanıb və Azərbaycan
9 Avropa şirkətinə qaz satışını həyata
keçirəcək. "Yunanıstan,
İtaliya və Bolqarıstana satılacaq “mavi
yanacağ”ın payı daha çoxdur. Azərbaycanın
sözügedən layihədə ümumi payı 14 milyard
dollar təşkil edir. Onun 6,5 milyard
dolları artıq ayrılıb, 5,6 milyard dolları isə
2019-cu ilədək maliyyələşdiriləcək. Azərbaycan tərəfi öz maliyyə öhdəliyini
vaxtında yerinə yetirir. Ümumilikdə isə, layihənin
maliyyələşdirilməsi ilə bağlı heç bir
problem olmayacaq", - deyə Gülmirə Rzayeva əlavə
edib.
“İpək Yoluna Çinin
baxışı” mövzusunda məruzə ilə
çıxış edən “Zenith Energy Ltd.” şirkətinin
prezidenti və baş icraçı direktoru Andrea Kattaneo Azərbaycanın
bu layihədə iştirakını xüsusi
vurğulayıb.
“R.İ.S.K Company”nin
baş direktoru Cabir Cümşüdov və SİNAM şirkətinin
prezidenti Elçin Əliyev təmsil etdikləri qurumların
fəaliyyətindən danışıb, bugünkü forumun
ölkə iqtisadiyyatına verəcəyi töhfələrdən
söz açıblar.
Forum çərçivəsində
“Caspian Energy Award Baku–2017” mükafatı qalib şirkətlərə
təqdim olunub.
Azərbaycan.- 2017.- 13 aprel.- S. 7.