Xalq artisti Yaqub Məmmədov
unudulmur
Mədəniyyət və Turizm
Nazirliyinin təşkilatçılığı, Ağcabədi
Rayon İcra Hakimiyyətinin dəstəyi ilə M.F.Axundzadə
adına Azərbaycan Milli Kitabxanası və Azərbaycan Milli
Konservatoriyasının “Sirlər xəzinəsi” ədəbi-bədii
musiqi məclisləri layihəsi çərçivəsində
reallaşan tədbirdə rayon ictimaiyyətinin nümayəndələri,
mədəniyyət işçiləri, musiqisevərlər
iştirak ediblər.
Tədbirdə Azərbaycan
xalqının musiqi mədəniyyətinin inkişafında
Qarabağ muğam məktəbinin nümayəndələrinin
rolundan, ölkəmizdə muğamın inkişafına
göstərilən dövlət qayğısından söhbət
açılıb. Bildirilib ki, Qarabağın bir hissəsi
olan Ağcabədi Azərbaycan elminə, incəsənətinə,
ədəbiyyatına, mədəniyyətinə onlarca
görkəmli şəxsiyyət bəxş edib. Milli musiqi sənətimizin
görkəmli nümayəndələri Üzeyir bəy
Hacıbəyli, Mütəllim Mütəllimov, Zülfü
Adıgözəlov, Yaqub Məmmədov bu torpağın
yetirmələridir.
Xalq artisti Arif Babayev, Beynəlxalq
Muğam Mərkəzinin əməkdaşı, filologiya
üzrə fəlsəfə doktoru Gülhüseyn
Kazımlı görkəmli ustad sənətkarın
Qarabağ xanəndəlik məktəbinin yetirməsi
olduğunu, onun Seyid Şuşinskidən muğam dəstgahlarının,
xanəndəlik sənətinin sirlərini öyrəndiyini,
sənətdə öz ənənələrini
yaratdığını, bütün muğam dəstgahlarının
gözəl ifaçısı olmaqla yanaşı, həm də
Azərbaycan poeziyasını dərindən bildiyini söylədilər.
Yazıçılar Birliyinin
Qarabağ bölgəsinin sədri Ənvər Əhməd,
ziyalı Əbülfət Tapdıqov, rayon ağsaqqalı
Seyid Rasim xanəndə haqqında xoş xatirələrini
danışdılar.
Məclis boyu xalq artistləri Arif
Babayev, Mənsum İbrahimov, Nəzakət Teymurova, Zabit Nəbizadə,
əməkdar artistlər İlkin Əhmədov və Sevinc
Sarıyeva sənətkarın repertuarından muğamlar və
təsniflər ifa etdilər. Görkəmli xanəndənin
lent yazıları səsləndirildi.
Tədbir iştirakçıları
Milli Kitabxananın qızıl fondunda qorunan muğam
haqqında, eləcə də Yaqub Məmmədovun həyat və
yaradıcılığına dair kitablar, məqalələr
və disklərdən ibarət sərgi ilə tanış
oldular.
Lazım QULİYEV,
Azərbaycan.-
2017.- 13 aprel.- S. 8.