Azərbaycanın yeganə
fransızdilli nəşri
- “Le Carrefour”
Ölkəmizin dünyada tanınmasında
mətbuatımızın rolu
danılmazdır. Bu olduqca vacib, əhəmiyyətli
vəzifənin yerinə
yetirilməsində yalnız
anadilli kütləvi informasiya vasitələrinin
deyil, xarici dillərdə nəşr
olunan mərbuat orqanlarının da üzərinə böyük
iş düşür.
Tarixi həqiqətlər deməyə
əsas verir ki, Azərbaycanda xaricidilli mətbuat ənənəsi XIX əsrdən
mövcuddur.
Bu gün
də həmin ənənə davam etdirilir. Azərbaycanda fransız dilində
nəşr olunan yeganə mətbu orqanı - “Le Carrefour” (Yol
qovşağı) qəzetinin
əsas məqsədi
də Azərbaycan həqiqətlərini dünya
ictimaiyyətinə çatdırmaq,
Azərbaycan-Fransa əlaqələrinin
inkişafına töhfə
vermək, xalqımızın
milli və mənəvi dəyərlərinin,
həmçinin mədəni
irsinin təbliğidir.
“Le Carrefour” 2007-ci il mayın 14-də Ədliyyə Nazirliyində
qeydiyyata alınıb
və ilk sayı həmin ilin iyulunda işıq üzü görüb. 2009-cu ildə qəzetin
internet saytı fəaliyyətə
başlayıb, lakin maliyyə problemləri üzündən bir müddət sonra dayandırılıb. 2015-ci
ilin dekabrından yaradıcı heyət qəzetin saytını xəbər portalı kimi yeniləyib.
“Le Carrefour”un təsisçisi və baş redaktoru, Beynəlxalq Fransızdilli
Mətbuat Birliyinin Azərbaycan bölməsinin
rəhbəri Zeynəb
Kazımova deyir ki, qəzetin yaradıcı heyəti dörd nəfərdən
- baş redaktor, müxbir-redaktor, saytın
texniki redaktoru və tərcüməçidən
ibarətdir: “Biz fransızlar
üçün maraqlı
ola biləcək məqalələri, müsahibələri
tərcümə edərək
fransızdilli oxuculara
çatdırırıq. Çalışırıq ki, Azərbaycan
haqqında dolğun məlumatlar verək.
Azərbaycan reallıqlarını,
Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi
ilə bağlı faktları, ATƏT-in Minsk qrupunun
həmsədr ölkəsi
olaraq Fransanın rəsmi mövqeyini, həmsədrlərin regiona
səfərlərini və
açıqlamalarını qəzetimizdə işıqlandırırıq”.
“Le Carrefour” bugünədək
ölkəmizin universitetlərində
müxtəlif tədbirlər,
konfranslar keçirib. Bu günlərdə Azərbaycanda
Fransız İnstitutunda
“Le Carrefour” qəzetinin və
www.lecarrefour.az saytının Azərbaycanda Frankofoniya həftələri çərçivəsində
təqdimatı keçirilib.
Tədbirdə Fransanın
Azərbaycandakı səfiri
Orelia Buşez, Milli Məclisin deputatları, Fransa səfirliyinin, müxtəlif
media təşkilatları və
orqanlarının rəhbərləri
və nümayəndələri,
fransız dili üzrə mütəxəssislər
və media nümayəndələri
iştirak ediblər.
Nübar İSAZADƏ
Azərbaycan.-
2017.- 13 aprel.- S. 8.