Bakı ilə
Kiyev arasında əlaqələr möhkəmləndirilir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 13-də Ukraynanın Kiyev Şəhər Dövlət Administrasiyasının başçısı Vitali Kliçkonu qəbul edib.
AZƏRTAC xəbər verir ki, Kiyev Şəhər Dövlət Administrasiyasının başçısı Vitali Kliçko ilə bu yaxınlarda Münxendəki görüşünü xatırlayan dövlətimizin başçısı onun Azərbaycana səfərinin maraqlı keçəcəyinə, ölkələrimiz, o cümlədən Bakı ilə Kiyev arasında əlaqələrin möhkəmləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi.
Əməkdaşlıq və qarşılıqlı təcrübə üçün yaxşı perspektivlərin olduğunu vurğulayan dövlətimizin başçısı İlham Əliyev Vitali Kliçkonun bu səfərinin həmkarları ilə görüşmək, paytaxtımızda gedən inkişaf prosesləri və Bakıda inşa olunan idman obyektləri ilə yaxından tanış olmaq üçün imkan yaratdığını dedi.
Azərbaycana səfərindən böyük məmnunluq hissi keçirdiyini bildirən Kiyev Şəhər Dövlət Administrasiyasının başçısı Vitali Kliçko Bakıda uzun müddət olmadığını və paytaxtımızın gözəlliyinin onda dərin təəssürat yaratdığını vurğuladı. O, bu səfəri ilə bağlı ölkələrimiz, eləcə də Bakı ilə Kiyev arasında əməkdaşlığın genişləndirilməsi baxımından böyük hazırlıq işlərinin görüldüyünü dedi.
Sonra Vitali Kliçko
dünya şöhrətli boksçu Məhəmməd
Əliyə həsr olunmuş, üzərində Məhəmməd
Əlinin şəxsi avtoqrafı olan məhdud nəşrli
kitab-albomun bir nüsxəsini hədiyyə olaraq Prezident
İlham Əliyevə təqdim etdi. Qeyd edək ki, dövlətimizin
başçısına təqdim olunan bu kitab-albom məhdud nəşrin
16-cı nüsxəsidir.
Azərbaycan.-
2017.- 14 aprel.- S. 1.