Peşə təhsili
islahatlar yolunda
Növbəti illərdə peşə
hazırlığı Azərbaycanda geniş vüsət
almalıdır və buna böyük ehtiyac var. Peşə məktəblərinin
yaradılması prosesi gedir, daha da sürətlə getməlidir. Bu proses iqtisadiyyatın
ümumi inkişafı ilə uzlaşmalıdır.
İlham
ƏLİYEV
İqtisadiyyatın
diversifikasiyası, qeyri-neft sektorunun davamlı
inkişafının təmin olunması istiqamətində son
illərdə aparılan məqsədyönlü islahatlar əmək
bazarında rəqabətqabiliyyətli ixtisaslı kadr
potensialına tələbatı artırmış və bu tələbatın
ödənilməsi üçün çevik və nəticəyönümlü
peşə təhsili sisteminin qurulmasını zəruri
etmişdir. Milli təhsil sisteminin tərkib hissəsi kimi peşə
təhsili və təlimi sistemi zəngin tarixə malik olmaqla
cəmiyyətin müxtəlif inkişaf mərhələlərində
iqtisadiyyatın bütün sahələrinin ixtisaslı fəhlə
kadrlarına olan tələbatının ödənilməsində
mühüm rol oynamışdır.
Hələ XIX əsrin ortalarından ölkəmizin
bir sıra bölgələrində müxtəlif sahələr
üzrə peşə təhsili müəssisələri fəaliyyət
göstərmiş və onların şəbəkəsi daha
da genişlənmişdir. Peşə təhsilinin
inkişafının yüksəliş dövrü ulu öndər
Heydər Əliyevin hakimiyyət illərinə təsadüf
etmişdi. Həmin illərdə respublikamızda 300
peşə üzrə 100 mindən artıq şagirdin təhsil
aldığı 185 peşə tədris müəssisəsinin
fəaliyyət göstərməsi, müxtəlif peşə
istiqamətləri üzrə hazırlanan ixtisaslı fəhlə
kadrların istehsalata göndərilməsi bu sahənin
inkişafının bariz göstəricisi idi.
1990-cı ilin əvvəllərində
ölkənin sosial-iqtisadi həyatında baş verən hadisələr
bu sahənin inkişafına da mənfi təsir göstərdi,
peşə təhsili müəssisələrinin maddi-texniki
bazası sıradan çıxmağa başladı və
peşə təhsili sistemi tamamilə dağılmaq təhlükəsi
ilə üzləşdi.
1990-cı ilin ortalarından
bu sahəyə diqqət artırıldı, bir sıra məqsədyönlü
tədbirlər həyata keçirildi. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin “Azərbaycan
Respublikasında ilk peşə-ixtisas təhsili sisteminin təkmilləşdirilməsi
tədbirləri haqqında” qərarına uyğun olaraq
maddi-texniki bazası zəif olan, müasir tələblərə
cavab verməyən peşə məktəbləri birləşdirildi
və ya ləğv edilərək texniki-peşə təhsili
müəssisələrinə peşə məktəbi və
lisey statusu verildi.
Peşə təhsili və
təlimi sistemində bir sıra problemlər mövcud olsa da,
aparılan məqsədyönlü islahatlar və iqtisadiyyatda
müşahidə edilən müsbət meyillər bu sistem
qarşısında yeni tələblər qoymuşdur. Bu baxımdan
yeni inkişaf mərhələsində olan iqtisadiyyatın
prioritet istiqamətləri üzrə məqsədlərin
reallaşdırılması sahəsində ilk peşə-ixtisas
təhsilinin rolunun və statusunun artırılması ölkə
rəhbərliyinin həyata keçirdiyi sosial siyasətdə
mühüm yer tutur.
Hazırda Təhsil Nazirliyinin nəzdində
24 minə yaxın şagirdin təhsil aldığı 99 ilk
peşə-ixtisas təhsili müəssisəsi fəaliyyət
göstərir ki, bu müəssisələrdə 5,5 mindən
çox işçi çalışır. Respublikamızda
fəaliyyət göstərən mövcud ilk peşə-ixtisas
təhsili müəssisələri statuslar üzrə
qruplaşdırılmışdır:
- peşə məktəbləri
(bu təhsil müəssisələrində təhsil müddəti
1-2 il olan təhsil proqramları ilə təhsilalanlar müəyyən
peşə qazanırlar);
- peşə
liseyləri (ümumi orta təhsil bazasından olan şagirdlər
3 il təhsil alaraq müəyyən peşə ilə
yanaşı, həm də tam orta təhsil ala bilirlər);
- peşə tədris
mərkəzləri (peşə məktəbi statusunda);
- peşə təhsil
mərkəzləri (peşə liseyi statusunda).
Azərbaycan Respublikası Prezidentinin
2015-ci il 19 yanvar tarixli sərəncamı
ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası”nın həyata
keçirilməsinə dair Fəaliyyət Planına uyğun
olaraq peşə təhsili müəssisələri şəbəkəsinin
rasionallaşdırılması prosesi bu müəssisələrin
birləşdirilməsi və müəyyən peşə istiqamətləri
üzrə ixtisaslaşmış peşə təhsili mərkəzlərinin
yaradılması yolu ilə həyata keçirilir. Həmin təhsil müəssisələrinin
rasionallaşdırılması və
optimallaşdırılması ilk peşə-ixtisas təhsili
müəssisələrinin mövcud vəziyyətini
araşdıraraq, onların infrastruktur, maddi-texniki baza, müəllim-pedaqoji
heyətin potensialı qiymətləndirilərək və əldə
olunan nəticələrə istinad edilərək
aparılır. Optimallaşdırma prosesi
iri sənaye mərkəzləri olan Bakı və Gəncə
şəhərlərində yerləşən, paralel kadr
hazırlığını həyata keçirən ilk
peşə-ixtisas təhsili müəssisələrinin birləşdirilməsi
ilə başlamışdır. Nazirlər Kabinetinin qərarı
ilə Bakı şəhərində 26 təhsil müəssisəsinin
bazasında 11, Gəncə şəhərində 6 təhsil
müəssisəsinin bazasında 2 Dövlət Peşə Təhsil
Mərkəzi yaradılmışdır. Ümumilikdə
isə cəmi 32 ilk peşə-ixtisas təhsili müəssisəsinin
bazasında 13 Dövlət Peşə Təhsil Mərkəzi
yaradılmışdır.
Ölkə
başçısının “Kənd təsərrüfatı,
sənaye, turizm sahələrində ixtisaslaşmış
peşə məktəblərinin yaradılmasına
böyük ehtiyac var, çünki bu sahələr bundan
sonra da Azərbaycanda sürətlə inkişaf edəcək”
prinsipini əsas tutaraq yaxın gələcəkdə
regionlarda bu istiqamətdə işlər aparılacaq və tədbirlər
planı hazırlanacaqdır.
Hazırda peşə təhsili
və təlimi sahəsindəki prioritetlərin əsas məqsədi
digər mühüm sektorlarda tətbiq olunan prioritetlərin dəstəklənməsi
üçün səriştəli işçi qüvvəsinin
təmin edilməsinə və həmin sektorların
potensialının tam reallaşdırılmasına təkan
verməkdir.
Bu baxımdan ilk peşə-ixtisas təhsili sahəsində
peşə hazırlığının səmərəliliyini
artırmaq və rəqabətqabiliyyətli ixtisaslı
kadrların hazırlanmasını təmin etmək məqsədilə
Prezident İlham Əliyevin 2016-cı il 20 aprel tarixli fərmanı
ilə Təhsil Nazirliyi yanında Peşə Təhsili
üzrə Dövlət Agentliyinin yaradılması bu sahədə
dövlət siyasətinin həyata keçirilməsi və əlaqələndirilməsi,
əmək bazarının dəyişən tələblərinə
müvafiq ilk peşə-ixtisas təhsili müəssisələrinin
işinin təşkili, idarəedilməsinin təkmilləşdirilməsi,
işəgötürənlərlə əməkdaşlıq
və iqtisadiyyatın yeni inkişaf mərhələsinə
uyğun olaraq kadr hazırlığına nail olunması
istiqamətində mühüm addımdır.
Ölkə Prezidentinin 2016-cı il 6
dekabr tarixli fərmanına uyğun olaraq peşə təhsili
və təliminin inkişafı ölkənin 11 əsas
prioritet istiqamətlərindən biri kimi müəyyən
edilmiş, “Azərbaycan Respublikasında peşə təhsili
və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”
təsdiq olunmuşdur. Sənəddə peşə
təhsili və təlimi sektoru üzrə qısa, orta və
uzunmüddətli strateji baxış müəyyən
olunmuşdur.
Azərbaycanın peşə
təhsili və təlimi sektorunda 2020-ci ilədək strateji
baxışı ölkədə əmək bazarının
tələblərinə cavab verən mühəndis-pedaqoji
heyətə, yenilənmiş təhsil proqramlarına
(kurikulumlara) və peşə standartlarına malik
optimallaşdırılmış müəssisələrdən
ibarət peşə təhsili və təlimi sisteminin
formalaşdırılmasından ibarətdir.
Bu sektorun 2025-ci ilədək dövr
üçün uzunmüddətli strateji baxışı isə
əmək bazarının tələblərinə cavab verən
peşə standartları və təhsil proqramları
(kurikulumlar) əsasında ixtisaslı işçi qüvvəsi
hazırlayan, hər bir sektor üzrə işəgötürənlərlə
sıx əməkdaşlıq əlaqələrinin
qurulduğu, funksional peşə təhsili və təlimi
müəssisələrinə malik peşə təhsili
sisteminin formalaşdırılmasıdır.
İlk peşə-ixtisas təhsili
sistemində kadr hazırlığı, ixtisasartırma və
yenidən hazırlanma işi təkmilləşdirilməli,
mühəndis-pedaqoji heyətin qiymətləndirilməsi yolu
ilə onların maddi motivasiyası
yaxşılaşdırılmalı, səriştə və
nəticə əsaslı
differensiallaşdırılmış əməkhaqqı
sistemi, ilk peşə-ixtisas təhsili sisteminin ehtiyacları
üçün əmək bazarı mütəmadi öyrənilməli
və mütərəqqi təhsil formalarından istifadə
etməklə fasiləsiz peşə təhsili sistemi
yaradılmalıdır. İşəgötürənlərin
kadr hazırlığına yaxından cəlbi
üçün mümkün olan sahələrdə “dual”
sistemin tətbiqi mühüm əhəmiyyət kəsb edir.
Təhsil pillələri arasında əlaqələrin və
varisliyin təminatı məqsədilə lazımi kreditləri
toplamış məzunlara təhsillərini növbəti təhsil
pilləsində davam etdirmək hüququnun tanınması, həmin
təhsil müəssisələrində əmək
bazarının, cəmiyyətin tələbatına uyğun
təhsilin təmin edilməsi üçün çevik
mexanizmlərin tətbiqi, ilk peşə-ixtisas təhsilinin
ictimai statusunun yüksəldilməsi ilə daha çox gəncin
bu təhsil pilləsinə və özəl sektorun modullar
üzrə kadr hazırlığına cəlb olunması
vacibdir.
“Peşə təhsili haqqında” Azərbaycan
Respublikası Qanununun qəbul edilməsi, bu sahənin
inkişafı üzrə uzunmüddətli dövlət
proqramının hazırlanması, Azərbaycan
Respublikasının “Ömürboyu Təhsil Üzrə Milli
Kvalifikasiyalar Çərçivəsi”nin təsdiqi, “İlk
peşə-ixtisas təhsili üzrə ixtisasların təsnifatı”nın
əmək bazarının tələblərinə
uyğunlaşdırılması, qeyri-dövlət sektorunun
peşə təhsili sisteminə cəlb olunmasının təşviqinə
yönəldilmiş normativ hüquqi bazanın
formalaşdırılması, peşə təhsilində
modul sisteminə keçidi təmin edəcək sənədlərin
hazırlanması normativ hüquqi bazasının təkmilləşdirilməsinə
təkan verir.
Çoxmənbəli maliyyələşmə
sxemlərinin tətbiqi, təhsil müəssisələri tərəfindən
xidmət və istehsal fəaliyyəti hesabına büdcədənkənar
gəlirlərin qazanılmasının təşviqi, müxtəlif
beynəlxalq dəstək proqramları, peşə təhsilinə
ayrılmış dövlət vəsaitinin səmərəli
istifadəsi və digər mənbələr hesabına
addım-addım hədəfləməklə ilk peşə-ixtisas
təhsili müəssisələrinin maddi-texniki
bazasının yeniləşdirilməsi, həmin müəssisələrdə
məskunlaşmış qaçqın və məcburi
köçkünlərin mənzil təminatı məsələsinin
həlli üçün müvafiq tədbirlərin
görülməsi, əmək bazarının inkişaf
tendensiyasına uyğun olaraq, qabaqcıl texnologiyalar tətbiq
edilən xidmət və istehsalat emalatxanalarının
yaradılması diqqət mərkəzindədir.
Əmək bazarının tələbatını
daha dolğun təmin etmək məqsədilə cari tədris
ilində “İlk peşə-ixtisas təhsili üzrə
ixtisasların Təsnifatı”na iqtisadiyyatın prioritet
inkişaf istiqamətləri üzrə 15 yeni ixtisas əlavə
edilmiş və təsnifatda mövcud olan, lakin hazırlanmasına
yeni başlanmış 10 ixtisasın adı da daxil olmaqla 154
ixtisas üzrə şagird qəbulu planı müəyyən
edilmişdir. Həmçinin rayonların
ixtisaslaşması, ənənəvi kənd təsərrüfatı
sahələrinin bərpa edilməsi ilə bağlı
keçən tədris ilindən pambıqçı,
baramaçı, tütün ustası ixtisaslarına kadr
hazırlığı həyata keçirilir. 2016-2017-ci
tədris ili üçün şagird qəbulu planı əvvəlki
ilə nisbətən ödənişli əsaslarla təhsil
alacaq şagirdlər hesabına artırılmış,
büdcə hesabına şagird qəbulu planı əvvəlki
tədris ili ilə müqayisədə azalmış,
qeyri-neft sektorunun inkişafının prioritetliyi nəzərə
alınaraq, daha çox əlavə dəyər yaradan (əsasən
sənaye, kənd təsərrüfatı və
turizmyönümlü) ixtisaslar üzrə şagird qəbulu
planı müəyyənləşdirilmişdir.
Cari tədris ilində pilot olaraq
Bakı və Gəncə şəhərlərində ilk
peşə-ixtisas təhsili müəssisələrinə
şagird qəbulu Təhsil Nazirliyi ilə Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyi (ASAN) arasındakı əməkdaşlıq çərçivəsində
“ASAN Peşə” layihəsi üzrə həyata
keçirilmişdir. Bu məqsədlə Təhsil Nazirliyində
“Dövlət ilk peşə-ixtisas təhsili müəssisəsinə
şagird qəbulunun aparılmasına dair Qaydalar”a müvafiq
dəyişikliklər edilmiş, qəbul prosesində şəffaflığın
təmin edilməsi, subyektiv amillərin aradan
qaldırılması və vətəndaşların
rahatlığının təmin edilməsi üçün
dövlət vəsaiti hesabına ilk peşə-ixtisas təhsili
almaq istəyənlərin sənəd qəbulu “ASAN xidmət”
mərkəzlərində aparılmışdır. “ASAN
peşə” layihəsi çərçivəsində
qeydiyyatdan keçərək, qəbul edilmiş şagirdlərin
18 faizinin orta attestat balı 4 və ondan yuxarı olmuşdur
ki, bu da gələcəkdə peşə təhsilinin keyfiyyətinin
artımına müsbət təsir göstərəcəkdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyi ilə qarşılıqlı əməkdaşlıq
çərçivəsində gələcəkdə “ASAN həyat”
və “ABAD” layihələri üzrə peşə təhsili
müəssisələrinin birgə fəaliyyəti çərçivəsində
məhsulların istehsalı, xidmətlərin göstərilməsi
və brendləşdirilməsi, innovativ üsullar tətbiq
olunmaqla müxtəlif təsərrüfat sahələri
üzrə əməkdaşlığa uyğun olaraq layihələrin
həyata keçirilməsi də nəzərdə tutulur.
İlk peşə-ixtisas təhsilinin
ictimai statusunun yüksəldilməsi, inkişafı və təhsilin
məzmununun təkmilləşdirilməsi ilə bağlı
Azərbaycan Respublikası Təhsil Nazirliyi Norveçin
Rogaland Təlim və Təhsil Mərkəzi (RTTM) ilə
birlikdə “Azərbaycanda peşə təhsili və təliminin
inkişafı və gücləndirilməsi” layihəsi
çərçivəsində 16 saylı Bakı Peşə
Liseyində “Qaynaqçı”, İsmayıllı Peşə
Tədris Mərkəzində “Bağban” və Neftçala
Peşə Məktəbində “Balıqçı”
ixtisasları üzrə yeni kurikulumların hazırlanması
nəzərdə tutulmuşdur.
Koreya İqtisadi
İnkişaf və Əməkdaşlıq Fondu ilə birgə
həyata keçirilən “Peşə Tədris Mərkəzinin
yaradılması” layihəsi çərçivəsində
sənaye və innovasiyalar üzrə ixtisaslı kadr
hazırlığı istiqamətində Müasir Peşə
Təhsil Mərkəzi yaradılacaqdır.
Sənaye və İnnovasiyalar üzrə
Bakı Dövlət Peşə Təhsil Mərkəzində
(9 saylı Bakı Peşə Liseyinin bazasında)
Ukraynanın İT STEP Academy şirkəti ilə birgə həyata
keçirilən layihə çərçivəsində 3
ixtisas - “Şəbəkə texnologiyaları və sistem
inzibatçılığı”, “Kompüter qrafikası və
dizayn”, “Proqram təminatının yaradılması” üzrə
kadr hazırlığına başlanılmışdır. Bu layihə “maksimum təcrübə, minimum nəzəriyyə”
prinsipi əsasında təşkil olunub, ən aktual, yüksək
məvacibli peşələrə yiyələnmək istəyənlər
üçün geniş imkanlar açır. 9 saylı Bakı Peşə Liseyinin əsaslı təmir
olunmuş tədris korpusunun bazasında fəaliyyət
göstərən akademiyada 8 yaşından 55 yaşınadək
şəxslər təhsil ala bilərlər. İlk
peşə-ixtisas təhsili sistemində fəaliyyət
göstərən müəssisələrdə təhsil alan yüksək göstəriciləri olan
şagirdlərin akademiyada ödənişsiz təhsil
alması nəzərdə tutulur.
BMT İnkişaf Proqramı
(UNDP) ilə birgə əməkdaşlıqda “Heyvandarlıq
mütəxəssisi” ixtisası üzrə yeni dərs vəsaitləri
hazırlanmışdır.
Qəbələ Peşə
Məktəbinin bazasında beynəlxalq ekspertlərin
iştirakı ilə kənd təsərrüfatı
ixtisasları üzrə ixtisaslaşmış Müasir Təhsil
Mərkəzinin yaradılması istiqamətində yeni tədris
korpusu, emalatxana, təlim kabinetlərinin tikintisində tamamlama
işləri aparılır. Layihə çərçivəsində
mühəndis - pedaqoji heyətin yeni kurikulumların tətbiqinə
dair təlimlərə cəlb edilməsi, müvafiq dərs vəsaitlərinin
hazırlanması və əmək bazarının tələblərinə
cavab verən yeni ixtisaslar üzrə kadr
hazırlığının həyata keçirilməsi
planlaşdırılır. BP şirkətinin maliyyələşdirdiyi
“Kənd təsərrüfatında yeni peşə
ixtisaslarının hazırlanması” layihəsi çərçivəsində
“British Council” təşkilatı tərəfindən
“Bitkiçilik mütəxəssisi” və “Aqroservis mütəxəssisi”
ixtisasları üzrə dərs vəsaitlərinin
hazırlanması işi isə yekun mərhələdədir.
Dövlət-biznes partnyorluğuna əsaslanan
idarəetmə modelinin yaradılması istiqamətində Təhsil
Nazirliyi, British Council və turizm-xidmət sektorunda fəaliyyət
göstərən Bakı şəhərində yerləşən
5 ulduzlu hotellərlə birlikdə ilk peşə-ixtisas təhsili
sahəsində turizmə dair təlimlər və
mehmanxanalarda təcrübə proqramı pilot layihələr
həyata keçirmişdir. Dövlət-biznes əməkdaşlığını
özündə əks etdirən bu pilot layihənin davamı
kimi 2016-2017-ci tədris ilindən təhsil müddəti 1 il
olan qruplarda “Hoteldə konsiyerj”, “Aşpaz”, “Mehmanxanada təsərrüfat
işləri üzrə nəzarətçi”
ixtisaslarının kadr hazırlığı aparılır.
Azərbaycan Sahibkarlar
Konfederasiyasının təşkilatçılığı,
Almaniya Federativ Respublikasının İqtisadi Əməkdaşlıq
və İnkişaf Nazirliyinin köməyi ilə “Cənubi
Qafqazda məşğulluq səviyyəsinin yüksəldilməsi
və sahibkarların peşə təhsilinə verə biləcəyi
dəstək” layihəsi çərçivəsində
seminarlar təşkil olunmuş, peşə təhsilində
dövlət-biznes əməkdaşlığı
imkanlarının müəyyən edilməsi və
inkişafı istiqamətində məsləhətləşmələr
aparılmışdır.
“Müasir Azərbaycan
Peşəkarları” layihəsi çərçivəsində
xidmət sahəsində bir neçə yeni peşələr
üzrə kadr hazırlığına
başlanılmışdır.
“Bosch” və “KNAUF” şirkətləri
ilə peşə təhsili sahəsində əməkdaşlıq
davam etdirilərək yeni servis və resurs mərkəzlərinin
yaradılması istiqamətində işlər
aparılır.
“Azərbaycan gənclərinin nailiyyəti”
İctimai Birliyi, British Council və “Azercell” ilə birlikdə
İKT və telekommunikasiya sahəsində 30 müəllim,
120 şagird təlimlərə cəlb edilmiş və
müsahibədən keçənlər “Azercell Telekom” MMC-də
istehsalat təcrübəsi keçmişdirlər.
Kadr hazırlığı işinin
təkmilləşdirilməsi istiqamətində Almaniyanın
Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ)
“Cənubi Qafqazda özəl sektorun İnkişafı
Proqramı” çərçivəsində “Peşə təhsilinin
və məşğulluğunun təşviqi komponenti”
üzrə ilk peşə-ixtisas təhsili və təlimi sahəsində
çalışan mütəxəssislər
üçün Bakı şəhəri, Göyçay,
İsmayıllı, Qəbələ, Quba və Xaçmaz
rayonlarında idarəetmə və pedaqogika üzrə təlimlər
keçirmişdir. Proqram çərçivəsində
“Təhsil menecerlərinin təlimləndirilməsi” komponenti
üzrə 2016-cı ilin aprelindən müsabiqə əsasında
5 nəfər seçilərək, peşə təhsilinin
menecmenti ixtisası üzrə magistratura səviyyəsində
təhsil almaq üçün Almaniyanın Maqdeburq
Universitetinə göndərilmişdir.
Cari ildən başlayaraq Avropa
İttifaqı ilə birgə həyata keçirilən
“Peşə təhsili və təliminə dəstək” layihəsi
çərçivəsində Avropa standartları və təcrübəsinə
uyğun olaraq Azərbaycanda peşə təhsili sisteminin
müasirləşdirilməsi, keyfiyyətinin, cəlbediciliyinin,
əmək bazarına uyğunluğunun artırılması,
təhsilə çıxış imkanlarında hamı
üçün bərabər şəraitin
yaradılması nəzərdə tutulur. Bu məqsədlə
Avropa İttifaqının 3 nəfərdən ibarət təcrübəli
ekspert qrupunun Azərbaycanda yerli sahə mütəxəssisləri
ilə peşə təhsili və təlimi sahəsində
qanunvericilik bazasının təkmilləşdirilməsi,
ömür boyu təhsil imkanlarının təşviqi,
çoxsəviyyəli effektiv idarəetmə sisteminin
yaradılması, yeni kurikulumların, tədris planı və
fənn proqramlarının, mütərəqqi informasiya
texnologiyalarının tətbiqi ilə ictimaiyyəti məlumatlandırma
sistemlərinin yaradılması istiqamətlərində birgə
fəaliyyəti həyata keçiriləcəkdir.
“Turin prosesi-2017” çərçivəsində
ilk peşə-ixtisas təhsili sahəsində əlaqəli
dövlət qurumları və Avropa Təlim Fondu ilə birgə
siyasət konsultasiyaları aparılaraq ölkədə
peşə təhsili sahəsində islahatların mövcud vəziyyəti
qiymətləndirilmiş və digər ölkələrin təcrübələri
öyrənilməklə növbəti 2 il
üçün prioritetlər müəyyənləşdirilmişdir.
Avropa Təlim Fondu ilə əməkdaşlıq
çərçivəsində Agentliyin nümayəndələri
Belçikanın Brüssel, Şimali İrlandiyanın
Belfast, Niderland Krallığının Maastrixt,
Gürcüstanın Tbilisi, Çexiyanın Praqa,
İspaniyanın Barselona, İtaliyanın Turin şəhərlərində
səfərlərdə olmuş, siyasi dialoqlarda və
müvafiq seminarlarda iştirak etmişlər. Peşə təhsili
üzrə beynəlxalq müsabiqə olan World Skills
yarışında müşahidəçi kimi iştirak etmək
üçün Agentliyin əməkdaşları Rusiyanın
Moskva, Belarusun Minsk şəhərlərində səfərlərdə
olmuş, yarışın gələcəkdə ölkəmizdə
keçirilməsi istiqamətində danışıqlar
aparmışlar. Beynəlxalq təcrübənin öyrənilməsi
istiqamətində nazirliyin əməkdaşları Cənubi
Koreya Respublikasının İnçeon, Belarusun Minsk,
Almaniyanın Maqdeburq və Norveçın Stavanger şəhərlərinə
səfərlər edərək müasir peşə təhsili
və təlimi sistemində aparılan islahatlarla yaxından
tanış olmuşlar.
Azərbaycan və Türkiyə arasında təhsil sahəsinin inkişafı, o cümlədən ilk peşə-ixtisas təhsilinin gələcək inkişaf istiqamətlərinə dəstək məqsədilə cari il ərzində hər iki ölkənin peşə təhsili sahəsində qarşılıqlı əməkdaşlığının həyata keçirilməsi və təcrübə mübadiləsinin intensivləşməsi məqsədilə işgüzar səfərlər edilmiş və ölkələr arasında peşə təhsili sahəsində fəaliyyət və birgə peşə təhsili müəssisəsinin yaradılmasına dair protokol layihəsinin hazırlanması və yaxın gələcəkdə imzalanması nəzərdə tutulmuşdur.
Peşə təhsilinin inkişafı üzrə təcrübə mübadiləsi məqsədilə Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyi ilə birgə əməkdaşlıq cərşivəsində Gəncə şəhərində yeni yaradılmış və müasir tələblərə cavab verən Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin bazasında birgə kadr hazırlığının həyata keçirilməsi üzrə danışıqlar aparılır.
İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun yeni dəyər yaradan sahələrinin inkişaf etdirilməsi istiqamətində görülən işlər əmək bazarında rəqabətqabiliyyətli və ixtisaslı kadrlara olan tələbatı çoxaltmış və təhsilin növbəti pilləsi kimi peşə təhsili və təlimi sisteminin rolunu və əhəmiyyətini daha da artırmışdır. Çünki hazırlanan keyfiyyətli işçi qüvvəsinin əməyinin stimullaşdırılması əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasının mühüm şərtlərindəndir. Bununla bağlı cəmiyyətdə peşə təhsilinə marağı artırmaq, yüksək rifahın başlıca amillərindəndir və dövlət başçısının dediyi kimi, “biz gəncləri bu sahəyə cəlb etməliyik, stimullaşdırmalıyıq ki, onlar da bilsinlər, peşəkar olandan sonra onların yaşayış səviyyəsi böyük dərəcədə yaxşılaşacaq”.
Famil MUSTAFAYEV,
Azərbaycan Respublikasının Təhsil Nazirliyi
yanında Peşə Təhsili
üzrə Dövlət Agentliyinin direktoru,
iqtisad elmləri doktoru, professor
Azərbaycan.-
2017.- 14 aprel.- S. 6.