Heydər Əliyev Fondunun mədəniyyət
layihələri
Azərbaycanın milli-mənəvi dəyərlərinin, adət-ənənələrinin, elm, təhsil, ədəbiyyat, incəsənət, musiqisinin dünya miqyasında təbliği və qorunması baxımından Heydər Əliyev Fondunun həyata keçirdiyi genişmiqyaslı mədəniyyət layihələri xüsusi yer tutur. Fondun həyata keçirdiyi beynəlxalq layihələr artıq ənənə halını alıb və onlar beynəlxalq aləmdə elə bir rezonans yaradıb ki, hətta inkişaf etmiş ölkələrin dövlət başçıları və tanınmış politoloqları tərəfindən rəğbətlə qarşılanır.
Fondun təşkilatçılığı ilə ənənəvi olaraq keçirilən “Qız qalası” beynəlxalq incəsənət festivalı bu baxımdan böyük əhəmiyyət kəsb edir. Keçən il VII “Qız qalası” beynəlxalq incəsənət festivalı çərçivəsində Bakıda müxtəlif tədbirlər keçirildi, sərgilər təşkil olundu. Festivalın keçirilməsində əsas məqsəd bu dəfə də dünyanın müxtəlif yerlərindən gələn turistlər, qonaqlar vasitəsilə Azərbaycan mədəniyyəti və incəsənətinin, eləcə də Bakının rəmzi olan Qız qalasının dünyada təbliğinə töhfə verməkdən ibarət idi. Onu da vurğulayaq ki, fondun dəstəyi ilə ötən il Eyfel qülləsinin yanındakı Jofr meydanında fəaliyyət göstərən “Azərbaycan şəhərciyi”ndə təşkil olunan festivalda 4 fransız və 2 azərbaycanlı rəssamın əl işi olan “Qız qalası” maketləri sərgilənmişdir.
Heydər Əliyev Fondu tərəfindən Parisdə ilk dəfə San Sülpis meydanında təşkil edilmiş “Azərbaycan şəhərciyi” ötən müddətdə ictimai rəydə böyük imic qazanıb. Fondun ənənəvi olaraq Fransanın paytaxtında təşkil etdiyi “Azərbaycan şəhərciyi” ziyarətçilər tərəfindən rəğbətlə qarşılanıb. Səhərcikdə təşkil olunan xalq sənətkarlıq emalatxanalarında tamaşaçılar xalçaçılıq, misgərlik, taxta üzərində oyma, dulusçuluq, kəlağayı və digər sənət nümunələrinin yaradılması prosesi ilə yaxından tanış olublar.
“Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində isə ölkəmizin qədim və zəngin tarixinə, mədəniyyətinə dair eksponatlar, o cümlədən milli geyimlər, musiqi alətləri, misgərlik məmulatları, xalçalarımız və digər sənət nümunələri nümayiş olunub. Daha bir yenilik ondan ibarətdir ki, burada kukla teatrı, emalatxana və istirahət zonasından ibarət hissədə xalq nağılları əsasında kuklalarla qurulmuş səhnəciklər göstərilib.
“İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi” bölməsində isə mərkəzin yetirmələri tərəfindən yaradılmış əsərlər - keramika, zərgərlik və taxta üzərində oyma nümunələri gələnlər tərəfindən maraqla qarşılanıb. Şəhərciyin kitabxana zonasında Heydər Əliyev Fondunun ölkəmiz, o cümlədən xalqımızın milli-mənəvi dəyərləri, mədəniyyəti, incəsənəti, tarixi, Azərbaycan həqiqətləri barədə geniş və dolğun məlumatların əks olunduğu müxtəlif nəşrlər nümayiş etdirilib və qonaqlara hədiyyə edilib.
Heydər Əliyev Fondunun mədəniyyət layihələri çərçivəsində rəğbətlə qarşılanan tədbirlərdən biri də “Bir günəş altında” reallaşan sərgidir. Sərgidə Azərbaycanda yaşayan müxtəlif xalqların adət-ənənələrindən bəhs edən “Bir günəş altında” adı ilə filmi də təqdim olunub. Burada Azərbaycanda müxtəlif xalqların və millətlərin nümayəndələrinin bir ailə kimi yaşaması, ölkəmizdəki tolerantlıq mühitinin qədim və zəngin tarixə malik olması aydın şəkildə əks etdirilib. “Gəncə və Qəbələ: iki şəhər fransız fotoqraflarının gözü ilə” sərgisində isə Azərbaycan təbiətinin gözəllikləri, özünəməxsus mədəniyyət və adət-ənənələri təqdim olunub. Sərginin təşkili məqsədilə fransız fotoqraflar: Samuel Qratakap və Jan-Fransua Rozye 2016-cı ilin aprelində Gəncəyə və Qəbələyə səfər edib, Azərbaycanın qədim tarixə, eləcə də müasir turizmdə aparıcı rola malik hər iki şəhərin mənzərələrini, abidələrini, gündəlik həyatını fotoaparatın yaddaşına köçürüblər. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən “Parisin ürəyində Azərbaycan musiqisi” adlı klassik musiqi gecəsi də yaddaqalan layihələrdən olmuşdur.
Bir sözlə, bu gün Azərbaycanın sözü və musiqisi dünyanın ən nüfuzlu, mötəbər məkanlarında səslənir. Azərbaycan mədəniyyəti korifeylərinin yubileyləri UNESCO-nun mənzil-qərargahında qeyd edilir.
Heydər Əliyev Fondunun mədəniyyət layihələri sırasında dünya əhəmiyyətli tarixi abidələrin bərpası, yeni mədəniyyət ocaqlarının yaradılması da daim diqqətdədir. Ötən müddət ərzində fondun dəstəyi ilə Azərbaycanda və xarici ölkələrdə bu istiqamətdə mühüm layihələr reallaşdırılıb. Fondun dəstəyi ilə Azərbaycanda Cavad xanın qəbri üzərində məqbərə ucaldılıb, Nizami Gəncəvi Muzeyi, Məhsəti Gəncəvi Mərkəzi inşa edilib, Comərd Qəssabın məzarı və məzarüstü türbəsi, habelə Abdulla Şaiqin ev-muzeyi bərpa olunub, Mərdəkan qəsəbəsində kütləvi kitabxana üçün müasir bina tikilib, Mərdəkan Mədəniyyət Sarayı yenidən qurulub, Qala Arxeoloji-Etnoqrafik Muzey-Kompleksi yaradılıb, Salyan Dövlət Rəsm Qalereyası yenidən qurulub, Ağcabədidə Qarabağ Muğam Mərkəzi, Bakıda Beynəlxalq Muğam Mərkəzi inşa edilib, Bakı Müasir İncəsənət Muzeyi yaradılıb, Xəzər rayonunun Türkan və Binə qəsəbələrində yeni mədəniyyət mərkəzləri istifadəyə verilib, Qala Arxeoloji-Etnoqrafik Muzey-Kompleksi ərazisində Etno-Ekoloji Mərkəz və Qala Əntiq Əşyalar Muzeyi yaradılıb, Bakıda Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün yeni bina inşa edilib.
Heydər Əliyev Fondu nəinki ölkəmizdə, xarici ölkələrdə də tarix-mədəniyyət abidələrinin bərpası və yeni mədəniyyət obyektlərinin inşası sahəsində tarixi missiyalara imza atır. Gürcüstanın Tbilisi şəhərində Azərbaycanın görkəmli şəxsiyyətlərinin - Mirzə Şəfi Vazehin, Mirzə Fətəli Axundzadənin, Həsən bəy Ağayevin və Fətəli xan Xoyskinin qəbirüstü abidələrinin yenidən qurulması və xiyabanın yaradılması, Parisdə Versal Sarayı parkındakı ümumbəşəri abidələrin bərpası, Luvr Muzeyinin bərpası, İkinci Dünya müharibəsi zamanı yanmış və dağıdılmış Berlin qəsrinin bərpası, Romanın Villa Borgeze parkında Nizami Gəncəvinin abidəsinin ucaldılması, Vatikanda Roma katakombalarının bərpası, Moskvada M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının atriumunda Azərbaycanın görkəmli yazıçısı və filosofu Mirzə Fətəli Axundzadənin abidəsinin ucaldılması, Parisdə Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılması, Romada Kapitolini Muzeyinin “Filosoflar zalı”nın təmiri görülən işlərin bariz nümunəsidir.
Fondun elm, təhsil, səhiyyə sahəsində də həyata keçirdiyi layihələr istər Azərbaycanda, istərsə də xarici ölkələrdə böyük minnətdarlıq hissi ilə qarşılanmışdır. Cəmiyyətdə bərabər təhsil imkanlarının yaradılması, gənc nəslin biliklərə yiyələnməsi, ümumilikdə təhsil sisteminin inkişaf etdirilməsi məqsədilə Heydər Əliyev Fondu “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramını, “Yeniləşən Azərbaycana yeni məktəb” və “Təhsilə dəstək” layihələrini uğurla həyata keçirir. Fond tərəfindən Gürcüstanda, Hollandiyada, Misirdə, Pakistanda, Rumıniyada, Rusiya Federasiyasında bir sıra məktəblər yenidən qurulmuş və əsaslı təmir olunmuşdur. 2013-cü ildə ABŞ-ın Merilend ştatında yerləşən məktəblərə interaktiv lövhələrin və əlil uşaqlar üçün müvafiq avadanlığın alınmasına maliyyə yardımı edilmiş, Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda kor və zəif görən uşaqlar və gənclər üçün mərkəz yenidən qurulmuşdur.
Son illərdə Heydər Əliyev Fondunun müxtəlif ölkələrdə filialları açılmışdır. Bu, bir tərəfdən təşkilatın qlobal miqyasda artan nüfuzunun ifadəsidirsə, digər tərəfdən Azərbaycanı daha yaxından təbliğ etmək, mədəniyyətimizi, incəsənətimizi, bir sözlə, ölkə həqiqətlərini dünya arenasına çıxarmaq, habelə diaspor hərəkatının genişlənməsinə yardımçı olmaq baxımından təqdirəlayiqdir. Fondun Rusiyada, Rumıniyada, Türkiyədə, Böyük Britaniyada filiallarının uğurlu fəaliyyəti qarşıya qoyulmuş məqsədlərin gerçəkləşdirilməsinə geniş imkanlar açır. Fondun Moskva filialının gördüyü nəhəng işlər bu baxımdan daha qabarıq hiss olunur.
Bütün bunlar onu deməyə əsas verir ki, Heydər Əliyev Fondu mədəniyyət layihələri çərçivəsində Azərbaycan tarixinin, mədəniyyətinin, incəsənətinin, milli-mənəvi dəyərlərinin beynəlxalq aləmdə tanıdılmasında və qorunmasında əvəzsiz xidmətlər göstərir.
Rəhman SALMANLI,
Azərbaycan.- 2017.- 14 aprel.- S. 7.