Mənalı ömür
yolu
Elm xadimləri
Həyatını elmə və təhsilə həsr edən əməkdar elm xadimi, Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin dekanı, kafedra müdiri, professor Akif Ələkbər oğlu Quliyev respublikamızın elm xadimləri arasında özünəməxsus yeri ilə sayılıb-seçilən görkəmli tədqiqatçı alimlərdəndir. Onun haqqında peşəkar müəllim, gözəl insan, səmimi və qayğıkeş dost kimi çox sözlər demək olar. O, 1959-cu ildə Gəncədə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Biologiya fakültəsinin əyani şöbəsində təhsil alıb. Özünü bacarıqlı tələbə kimi göstərib, fakültənin və universitetin elmi və ictimai həyatında fəal iştirak edib. Bu xüsusiyyətlərini nəzərə alaraq, universitetin rəhbərliyi onu V kursda biologiya fakültəsinin Bitki fiziologiyası kafedrasına laborant vəzifəsinə işə götürüb.
A.Quliyev 1964-cü ildə ali təhsilini başa çatdırdıqdan sonra fakültənin Elmi Şurasının zəmanəti ilə aspiranturaya daxil olub. 1966-cı ildə elmi-tədqiqat işlərini yüksək səviyyədə yerinə yetirmək üçün Avropanın nüfuzlu ali təhsil ocağı olan Praqanın Karlov Universitetinə göndərilib və orada dissertasiya işini yekunlaşdırıb. 1967-ci ilin sonlarında Bakı şəhərinə qayıtdıqdan sonra Bitki fiziologiyası kafedrasına assistent vəzifəsinə təyin olunub. 1968-ci ilin fevralında isə namizədlik dissertasiyasını müdafiə edib.
Akif Quliyev 1968-ci ildə, 26 yaşında ikən Biologiya fakültəsinin dekan müavini olub. 1973-cü ilədək həmin vəzifədə çalışıb. Bitki fiziologiyası kafedrasında elmi-pedaqoji fəaliyyətini davam etdirən Akif Quliyev burada assistent, baş müəllim (1969) və dosent (1972) vəzifələrində işləyib. Bu müddətdə çalışdığı kafedrada biokimya yönümlü problem laboratoriyası yaradıb və bir qrup gənc mütəxəssisin məhsuldar fəaliyyətinə nail olub. Həmin mütəxəssislər sonralar alimin elmi-pedaqoji işinin nəticəsi kimi 1972-ci ildə formalaşan Biokimya kafedrasının əsasını təşkil ediblər. Həmin kafedranın müdiri seçilərkən Akif müəllim 30 yaşında idi. A.Quliyev indiyədək bu kafedraya rəhbərlik edir. 1969-l970-ci illərdə universitetdə Tələbə Qəbulu Komissiyasının məsul katibi kimi məsuliyyətli bir iş ona tapşırılıb. Professor həmin dövrdə tələbə qəbulu imtahanlarının daha obyektiv və ədalətli aparılması üçün yüksək səy göstərib, əlindən gələni əsirgəməyib.
Biokimya kafedrasının müdiri kimi elmi-pedaqoji fəaliyyətini davam etdirən Akif Quliyev kafedranın istər maddi-texniki bazasının genişləndirilməsi, istərsə də elmi-pedaqoji kadrların yüksək ixtisaslara yiyələnmələri istiqamətində əvəzsiz işlər görüb. Kafedranın elmi və tədris laboratoriyalarına yeni avadanlıqların alınmasını təşkil edib və tədris olunan laboratoriya məşğələlərinin, burada həyata keçirilən elmi-tədqiqat işlərinin keyfiyyətinin zamanın tələbləri ilə uyğunlaşdırılmasını təmin edib. Bunlarla yanaşı, Rusiyanın aparıcı elm və təhsil mərkəzləri, o cümlədən REA-nın A.Bax adına Biokimya İnstitutu, Moskva Dövlət Universiteti, Çexiya Respublikasının Karlov Universiteti ilə elmi əlaqələr qurub, kafedranın gənc əməkdaşlarını həmin elm ocaqlarına ezam etməklə onların tədqiqatçı-alim və bacarıqlı pedaqoq kimi formalaşmalarına şərait yaradıb.
Akif müəllimin belə məhsuldar fəaliyyəti universitet rəhbərliyinin diqqətindən yayınmayıb və o, 1988-ci ildə Biologiya fakültəsinə dekan vəzifəsinə seçilib. 1990-cı ildə təşkilatçı alim Bakı Dövlət Universitetinin I prorektoru vəzifəsinə təyin edilib. 1992-ci ilədək həmin vəzifədə çalışan A.Quliyev bu dövrdə 8 ay universitetin rektoru vəzifəsini də icra edib.
Çalışdığı yüksək vəzifələrə rəğmən Akif müəllim elmi-tədqiqat işlərindən uzaqlaşmayıb, bu sahədə də yüksək nəticələrə imza atıb. O, 1989-cu ildə ölkəmizdən kənarda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib, biologiya elmləri doktoru adına layiq görülüb. 1990-cı ildən professordur.
Respublikada meyvələrin yetişdirilməsi və saxlanılmasının biokimya və fiziologiyası sahələrində yeni istiqamətin yaradıcısı olan Akif Quliyev ilk dəfə etilenprodusentlərlə işlənmiş meyvələrin yetişməsinin tənzimlənməsinin fizioloji və biokimyəvi mexanizmlərini izah edib. Əməkdaşlarla birlikdə sintetik etilenprodusentlərdən biri - hidrel sintez olunub. İş prosesində Akif Quliyev tərəfindən müxtəlif metabolik yolların qarşılıqlı əlaqələrinin elmi əsaslandırılmış sxemi təklif olunub. Bu metabolik yollar meyvələrin yetişməsinin genetik proqramının həyata keçməsində və hormonal tənzimlənməsində iştirak edir.
Akif müəllim rəhbərlik etdiyi kafedrada daha bir elmi istiqamətin əsasını qoyub. Belə ki, ənənəvi turş-süd məhsullarından antimikrob təbiətli təbii qida qoruyucularını (bakteriosin) sintez edən süd turşusu bakteriyalarının izolə edilməsi və onların tətbiq perspektivlərinin araşdırılması məhz Biokimya və biotexnologiya kafedrasında həyata keçirilir. Bu sahədə aparılan elmi-tədqiqat işlərinin ən müasir səviyyədə yerinə yetirilməsi üçün Akif Quliyev Fransanın məşhur Milli Aqronomik Araşdırmalar Mərkəzinin aparıcı laboratoriyaları ilə əməkdaşlıq edərək son illərdə kafedranın müəllimlərini, doktorant və gənc tədqiqatçılarını həmin elmi müəssisələrə ezamiyyətə göndərib. Dünyanın qabaqcıl elmi mətbu orqanlarında bu tədqiqatlarla bağlı 40-a yaxın məqalə nəşr etdirib. Birgə aparılan elmi tədqiqat işləri həm də süd turşusu bakteriyalarının probiotik xassələrini və proteolitik fəallıqlarını əhatə etməkdədir.
Bacarıqlı tədqiqatçı 200-dən çox elmi əsərin, 5 dərsliyin, monoqrafiyanın və 3 müəlliflik şəhadətnaməsinin (patent) müəllifidir. Məqalələri bir sıra ölkələrin məşhur jurnallarında, o cümlədən ABŞ, Almaniya, Fransa, Cənubi Afrika Respublikası, Çexiya, Bolqarıstan, Misir Ərəb Respublikası, Rusiya, Ukrayna, Gürcüstan və digər ölkələrdə nəşr edilib. Akif müəllim Polşa, Macarıstan, Çexiya, Almaniya, Fransa, Belçika kimi ölkələrdə elmi ezamiyyətlərdə olub, müasir biokimya və biotexnologiya elmlərinin aktual problemləri ilə bağlı maraqlı elmi məruzələrlə çıxış edib.
Onun rəhbərliyi altında 2 doktorluq və 20 namizədlik dissertasiyası müdafiə edilib. Yetirmələri arasında Almaniya, İran, Misir Ərəb Respublikası və Suriya vətəndaşları da var.
Professor Akif Quliyevin faydalı əməyi təkcə elmi-pedaqoji sahədə deyil, ictimai-siyasi sahədə də bəhrəsini verməkdədir. 0, 1990-cı ildən Dünyada Sülhü Müdafiə Komitəsinin Azərbaycan bölməsinin sədr müavinidir. Bu fəaliyyəti dövründə alim Azərbaycanın nümayəndə heyəti tərkibində 1990-cı ildə Yaponiyada və Çində toplantılarda, 1994-cü ilin oktyabrında isə Nyu Yorkda həmin komitənin xətti ilə BMT-nin iclasında iştirak edib.
Biokimya və biotexnologiya kafedrası TEMPUS xətti ilə 2003-2005-ci illərdə Londonun Vestminster Universiteti ilə birlikdə İmmunologiya üzrə qrantın, 2006-2008-ci illərdə “Ekologiya üzrə magistrlərin hazırlanması”, 2007-2009-cu illərdə isə NATO-nun “Elm sülhün keşiyində” qrant layihələrinin iştirakçısı, Akif Quliyev isə bu layihələrin koordinatoru olub. 2010-2016-cı illərdə görkəmli alim 6 beynəlxalq layihənin BDU-da əlaqələndiricisi olub ki, onlardan beşi Avropa Komissiyasının TEMPUS, biri isə ERASMUS MUNDUS proqramları çərçivəsində reallaşıb. Bu layihələr xarici universitetlərdə kafedranın magistr və müəllim kadrlarının təkmilləşdirilməsinə imkan verib, həmçinin universitetin beynəlxalq imicinin formalaşmasında əhəmiyyətli rol oynayıb.
Akif Quliyev 2010-cu ildə yenidən Biologiya fakültəsinin dekanı vəzifəsinə seçilib və qısa zamanda fakültədə xeyli işlər görülüb. İnsan və heyvan fıziologiyası kafedrasının tədris laboratoriyaları yüksək səviyyədə təmir olunub, yeni cərrahiyyə laboratoriyası yaradılıb, Bitki fıziologiyası, Biokimya və biotexnologiya, Mikrobiologiya, Genetika və təkamül təlimi, Biofizika və molekulyar biologiya kafedralarında tədris laboratoriyaları təmir olunub və müasir avadanlıqlarla təchiz edilib. Bu müddətdə alim gənc kadrların işlə təmin olunmalarında da böyük işlər görüb.
Akif müəllim fakültədə yüksək ixtisaslı kadr hazırlığına xüsusi diqqət yetirir, gənc alim və doktorantları, eləcə də göstəriciləri yüksək olan bakalavr və magistrləri təhsil almaq, elmi-tədqiqat işlərini yerinə yetirmək məqsədilə İngiltərə, Fransa, İspaniya, İtaliya, Belçika və Çexiyanın qabaqcıl universitetlərinə və elmi-tədqiqat institutlarına göndərib.
A.Quliyevin qeyd etdiyimiz elmi-pedaqoji, ictimai-siyasi fəaliyyəti respublikanın rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. 2009-cu il oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə alimə əməkdar elm xadimi fəxri adı verilib. O, 2011-ci ildə BMT-nin Beynəlxalq Mükafat Komitəsinin elm və təhsil sahəsindəki böyük xidmətlərinə görə “Şöhrət və Vicdan” Avropa ordeni ilə mükafatlandırılıb, 2012-ci ildə Türk xalqının Araşdırmalar üzrə Beynəlxalq Elmlər Akademiyasının akademiki adına layiq görülüb, 2012-ci ildə elmin və pedaqoji əməkdaşlığın inkişafına görə ona Praqanın Karlov Universitetinin qızıl medalı verilib. Akif Quliyev 2013-cü ildə universitetin ictimai həyatındakı fəal mövqeyinə görə Fəxri fərmanla təltif edilib.
Aydın KAZIMZADƏ,
Bakı Dövlət Universitetinin
Elm və innovasiyalar üzrə prorektoru,
AMEA-nın müxbir üzvü, professor
Azərbaycan.- 2017.-14 aprel.-
S.7.