Bakı Ticarət Festivalına qoşulan mağazalar müştərilərini gözləyir

 

“Gənclik Mall”ın girişində bizi ürəyəyatımlı, ruhu oxşayan musiqi sədaları qarşılayır. Saatın əqrəbləri 19:00-u göstərir. Geniş ticarət mərkəzinin birinci mərtəbəsində Bakı Ticarət Festivalı çərçivəsində təşkil olunmuş konsert proqramı işdən sonra alış-veriş üçün gələn şəhər sakinlərində xoş ovqat yaradır.

Nəinki Azərbaycanda, MDB məkanında ilk dəfə keçirilən shopping festivalı Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2016-cı il tarixli sərəncamına əsasən təşkil olunub. Festivalın başlanmasından bir neçə gün ötür. Paytaxtımızdakı iri ticarət mərkəzlərində yerləşən, festivala qoşulmuş bir çox mağaza artıq uyğun endirimlərdən yararlanmaq üçün müştərilərə şərait yaradıb. Aprelin 10-da start verilən Bakı Ticarət Festivalı mayın 10-dək davam edəcək. Həmin günlərdə alıcılar “Mango”, “Next”, “Carlo Pazolini”, “Ovs”, “İdeal”, “Soliton”, “Albatros”, “Celio”, “Emporium Young”, “Emporium Man”, “Escada”, “Scoop”, “Tods”, “Emporio Armani”, “Guess” digər mağazalarda alış-veriş edə bilərlər.

Gənclik Mall”da ilk müsahibimiz vergilər nazirinin müşaviri, Vergi ödəyicilərinə xidmət, şəffaf vergi partnyorluğu departamentinin baş direktoru Ələkbər Məmmədov olur. Ticarət festivallarının keçirilməsində məqsədin Azərbaycanın turizm iqtisadi potensialının yüksəldilməsi, sahibkarlıq fəaliyyətinin təşviq edilməsi ilə ölkənin ticarət dövriyyəsinin artırılmasının stimullaşdırılması olduğunu xatırladan Ələkbər Məmmədov bir neçə gündür ki, başlayan Bakı Ticarət Festivalının uğurla davam etdiyini diqqətə çatdırır: “Ticarət festivalı günlərində malların sənədləşdirilməsi, ƏDV-nin geri qaytarılması prosesinə Vergilər Nazirliyi nəzarət edir. Vergilər Nazirliyinin ƏDV köşklərinə alıcılarımız satıcılar tərəfindən onlara təqdim edilmiş elektron hesab faktorları ilə müraciət edirlər. Köşkdə risk meyillərinə uyğun olaraq həmin hesab faktorları bir daha nəzarətdən keçirilir. Onlayn rejimdə mallara baxılır. Sənədlər yoxlanılır Vergilər Nazirliyinin əməkdaşları tərəfindən həmin sənədlər möhürlənir, müvəkkil banklara göndərilir. Əgər vəsait nağd qaydada alınırsa, müvəkkil banklar bir gün ərzində həmin vəsaiti geri qaytarırlar, köçürmə yolu ilə, kart hesablarına uyğun aparılırsa, o zaman alıcılar həmin vergi elektron hesab fakturanı gördüyünüz xüsusi qutulara atırlar. Sonra Vergilər Nazirliyinin əməkdaşları onları müvəkkil bankların filiallarına təqdim edirlər”. Ələkbər Məmmədov alıcıların sayının hər gün artdığını açıqlayır: “Eyni zamanda, ƏDV-nin geri qaytarılması prosesinə qoşulan vergi ödəyicilərinin, həm onların obyektlərinin sayı artır. Festivalın başladığı ilk gündən heç bir problem yaşanmamışdır. Bu gün Bakıda yerləşən iri ticarət mərkəzlərinin hər birində nazirliyin köşkləri fəaliyyət göstərir. Əməkdaşlarımız bu ticarət mərkəzlərinin rejiminə uyğun çalışırlar. Vergilər Nazirliyi ƏDV-nin geri qaytarılması prosesinə cavabdeh orqan kimi həm satıcılarla, həm banklarla birlikdə fəaliyyət göstərir. Çünki ƏDV-nin geri qaytarılması prosesi vahid proqram üzrə həyata keçirilir. Ortaya çıxan problemlər yerindəcə həll edilir”.

Bakı Ticarət Festivalına qoşulmuş mağazaları axtarıb tapmaq çətin olmur. ƏDV qaytarılması sisteminə qoşulmuş obyektlərin üzərində xüsusi “Baku Shopping Festival - Tax Free” stikeri yerləşdirilib. Yalnız həmin nişan olan obyektlərdən mal alan Azərbaycan vətəndaşlarına ƏDV-in qaytarılması nəzərdə tutulub. Həmin mağazaları bir-bir gəzirik. İlk baş çəkdiyimiz mağazaOvsolur. Əvvəlcə müştəri kimi mağazanı dolaşırıq. Endirimə qoyulan malları gözdən keçiririk. Sonra mağazanın meneceri Nailə Cabbarova ilə söhbətləşirik. O öz təəssüratlarını bizimlə bölüşür: “Azərbaycanda indiyə qədər belə bir festival keçirilməyib. İlk dəfəyə görə əhali tərəfindən yaxşı qarşılanıb. Şübhəsiz, alıcılar üçün çox xoşdur ki, aldıqları məhsulun 18 faizi onlara qaytarılır. Demək olar ki, mağazamızdakı bütün kolleksiyalara, həm yay, həm digər mövsümə uyğun mallara endirim var”.

“Carlo Pazolini  mağazasının məsləhətçisi İbrahim Axundov da müştərilərə təklif edilən bütün kolleksiyadan olan mallara endirim edildiyini söyləyir: “Bircə aksesuarlardan başqa. Alıcılar çeklə yaxınlaşırlar, biz qeydə alırıq. Onlar bankdan öz pullarının 10-12 faizini geri ala bilərlər”. Festival çərçivəsində həyata keçirilən tədbirlərin alıcılıq qabiliyyətinə necə təsir göstərdiyini soruşuruq. İbrahim Axundov deyir: “Düzdür hələ çox deyil, yəni orta hesabla bizi alıcılıq qabiliyyəti qane edir. Amma nəzərə almalıyıq ki, belə bir festival ölkəmizdə ilk dəfədir təşkil olunur. Digər tərəfdən, festival təzə başlayıb. Hələ çoxunun bu cür güzəştlərdən xəbəri yoxdur. Bir neçə günə məlumatlı olacaqlar”.

Bakı Ticarət Festivalı çərçivəsində xidmət göstərən başqa bir mağazada - “Manqo”da da mağaza meneceri Səidə Əhmədova gün keçdikcə müştərilərinin sayının artdığını bildirir: “Əvvəlcə müştərilərin məlumatı az idi. Ancaq mağazamızın özündə satıcılar bu barədə onlara məlumat verirlər. Bəzən müştəri alış-veriş edir, kassaya yaxınlaşanda onlara deyirik ki, aldığınız malın qiyməti 100 manatı keçirsə, bu cür güzəştlərdən faydalana, onların vergisini gedib banklardan geri götürə bilərsiniz. Onda müştəri özü bu fürsətdən istifadə etməkdə maraqlı olur. Alıcılıq qabiliyyətinə yavaş-yavaş təsir göstərir”. Səidə Əhmədova da festival çərçivəsində endirimlərin bütün mallara şamil olunduğunu diqqətə çatdırır.

Adlmağazasının meneceri Nərmin Həsənova da festivala qoşulduqları üçün müştərilərə xüsusi güzəştlər, endirimlər təklif etdiklərini bildirdi: “Mağazamızda həm on faiz aksiyası gedir, üstəlik 30 faiz seçilmiş mallara endirim aksiyası aparılır. Müştəri həmçinin 100 manatdan artıq alış-veriş edərsə, kampaniyada iştirak etmək hüquqi qazanır. Daha çox alınan seçilən mallara endirimlər qoyulub”. Diqqətə çatdıraq ki, ticarət festivalları dövründə bir hesab-faktura üzrə malların dəyəri (ƏDV ilə birlikdə) 100 manatdan çox olduğu hallarda ƏDV alıcıya geri qaytarılır. Əcnəbilər üçün digər vaxtlarda minimum alış məbləği 300 (ƏDV ilə birlikdə) AZN olmalıdır.

Mağazaların işçiləri festival endirimlərindən yararlanan müştərilər arasında yerli əhalinin üstünlük təşkil etdiklərini deyirlər. Onlardan bir neçəsinin rəyini öyrənirik. Bakı şəhər sakini Leyla Xəlilova belə bir ticarət festivalının təşkilindən məmnunluğunu dilə gətirir: “Xarici ölkələrin bəzilərində ticarət festivallarının təşkil olunduğunu bilirdik. Bizdə belə bir tədbirin keçirilməsi ürəkaçandır. Məncə, gələcəkdə daha yaxşı olacaq. Adamlar buna indi alışırlar”.

Leyla Əmirova da ilk dəfə keçirilən ticarət festivalının gələcəyinə daha çox ümid etdiyini bildirir. Həqiqət Nəsibova isə festivala qoşulmuş mağazalardakı mallarla tanışlığa bu gündən başladığını, endirimlərdən faydalanacağını deyir.  Vüsalə Məmmədova da endirimə qoyulan mallar arasından istədiklərini axtara-axtara festival günlərində vaxt tapdıqca mağazalara baş çəkəcəyini söyləyir.

Bakı Ticarət Festivalının ölkəmizdə davamlı olaraq keçiriləcəyini nəzərə alaraq, bundan sonra əhalinin festival haqqında daha çox məlumatlı olacaqları daha böyük həvəslə iştirak edəcəkləri inamı iləGənclik Mall”ı tərk edirik.

 

Zöhrə FƏRƏCOVA,

 

Azərbaycan.- 2017.- 15 aprel.- S. 8.