“Bakı-2017” İslam həmrəyliyinə
böyük
çağırışdır
Hər bir xalqın milli-mənəvi, dini dəyərlərinin qorunması zərurəti zamanın aktual məsələlərindən birinə çevrilib. İqtisadi, siyasi və demoqrafik problemlərlə yanaşı, əxlaqi-etik dəyərlərə lazımi diqqət yetirilməməsi nəticəsində müasir dünyada mənəviyyat problemləri də kəskinləşib. Belə zərərli meyillər bəzi hallarda sivil bəşər cəmiyyətinin minilliklər boyu əxz etdiyi fenomen dəyərlərdən olan tolerantlığa da kölgə salır, onun etnik, irqi, dini və siyasi dözümsüzlüklə əvəzlənməsinə rəvac verir.
Müsəlman İntibahında mühüm
rol oynayan Azərbaycan
bu gün də İslam həmrəyliyinə böyük
töhfə verir
Fərqli məkanlarda formalaşan etnosların sivil dialoqu, qarşılıqlı anlaşması antik dövrlərdən başlayaraq mürəkkəb təkamül və inkişaf mərhələləri keçməklə tolerantlıq düşüncəsi sayəsində mümkün olmuşdur. Milli, irqi, dini, siyasi dözümlülük tədricən bəşəriyyətin zəngin mədəniyyətinin qəbul olunması, dərk edilməsi, insanın öz fərdiliyini etnosun özünəməxsusluğunu təsdiqləmək forması kimi dəyərləndirilmişdir. Ən müxtəlif baxış bucaqlarını uzlaşdıraraq ortaq məxrəci təmin edən tolerantlıq düşüncəsi söz, fikir, vicdan, etiqad və s. azadlıqlarının inkişafında, plüralizmə geniş meydan verilməsində həlledici rol oynamışdır.
Azərbaycan Prezidenti İlham Əliyev ilk gündən ölkəmizdə yaşayan azsaylı xalqlara, milli-dini azlıqların nümayəndələrinə həssaslıqla yanaşır, onların problemlərinin həlli üçün lazımi tədbirləri həyata keçirir. Dövlət başçısı respublikamızda bütün milli və dini azlıqların birgəyaşayışı üçün kifayət qədər tolerant mühitin olduğunu məmnunluqla bildirir: “Azərbaycanda milli və dini dözümlülüyün, tolerantlığın yüksək səviyyədə olması artıq faktdır və bu bizim güc mənbəyimizdir. Hər bir cəmiyyətin gücü onun dini və milli müxtəlifliyindədir. Biz tam əminik ki, dini və milli amildən asılı olmayaraq, istənilən cəmiyyətdə normal münasibətlər qurmaq mümkündür”.
İslam sivilizasiyasının ayrılmaz hissəsi kimi Müsəlman İntibahında mühüm rol oynamış Azərbaycan bu gün də İslam dünyasının önündə gedən dövlətlərdəndir. Azərbaycan dövlətinin dəstəyi ilə Parisdəki Luvr muzeyində İslam mədəniyyəti bölməsinin açılması, Vatikanda ilk dəfə müsəlman ölkəsi - Azərbaycanın sərgisinin təşkili ümumislam mədəniyyətinə olan töhfədir. Roma Papasının Azərbaycana ötən il etdiyi səfər də ölkəmizin multikulturalizm dəyərlərinə verilən qiymətdir.
Müxtəlif dinlərin və mədəniyyətlərin birgəyaşayışı və həmrəyliyi istiqamətində ardıcıl siyasət yürüdən Azərbaycan İslam ölkələri arasında qarşılıqlı əlaqələrin genişlənməsi üçün mühüm addımlar atır. Bakı şəhərinin 2009-cu, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi, IV İslam Həmrəyliyi Oyunlarının təşkilatçısı kimi Azərbaycanın seçilməsi qeyd olunan faktların məntiqi nəticəsidir. Bu sahədə UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi vurğulanmalıdır.
Dinlə bağlı sərt qadağaların mövcud olduğu sovet dövrü Azərbaycanda cəmi 17 məscid fəaliyyət göstərdiyi halda hazırda onların sayı iki mini keçib. Həmin məscidlərin 300-dən çoxu tarixi-mədəni abidə kimi qorunur. Azərbaycan dövlətinin İslam dini dəyərlərinə qayğısı sayəsində son illər İslam mədəniyyətinin qiymətli abidələrindən Bibiheybət, Təzəpir, Əjdərbəy, Şamaxı Cümə məscidləri və Gəncə şəhərindəki “İmamzadə” kompleksi əsaslı şəkildə yenidən qurularaq təmir olunmuş, ölkəmizin paytaxtında Cənubi Qafqazın ən möhtəşəm məbədi Heydər məscidi inşa edilmişdir. Azərbaycan Respublikası İslam Əməkdaşlıq Təşkilatının, ISESCO-nun, həmçinin müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların üzvü seçilərək İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurmuş, qlobal əhəmiyyətli bir sıra mühüm mədəni forumların təşkilatçısı kimi çıxış etmişdir.
Prezident İlham Əliyev bildirib: “Bu il Azərbaycanda “İslam həmrəyliyi ili” elan edilmişdir. Bu da bütün müsəlman ölkələrini bir-biri ilə daha da sıx birləşdirmək üçün tərəfimizdən irəli sürülən önəmli təşəbbüsdür. Bu gün bütün müsəlman ölkələri birlik, həmrəylik nümayiş etdirməlidirlər. Əminəm ki, gələn ay keçiriləcək Oyunlar həm böyük idman bayramı olacaq, həm də bizim dostluğumuzu əks etdirəcək. Bütün müsəlman ölkələri 10 gün ərzində Bakıda öz təmsilçiləri vasitəsilə bir-biri ilə sıx əlaqələr quracaq, bir-birinin əlini sıxacaqlar. Biz Bakıdan bütün dünyaya nümayiş etdirəcəyik ki, İslam aləmi birdir və bizim birliyimiz bizim gücümüzü artırır”.
Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində həyata keçirilən siyasət dünya ictimaiyyəti tərəfindən diqqətlə izlənilir və yüksək qiymətləndirilir. “İslam həmrəyliyi ili” müsəlman ölkələrinin həm iqtisadi, həm mədəniyyət, həm də mənəviyyat sahəsində bir-birinə dəstək, həmrəy olması məsələsini özündə əks etdirir və onlar arasında düşmənçilik salmaq istəyənlərə tutarlı cavabdır. Azərbaycan Prezidentinin sərəncamı ilə 2017-ci ilin “İslam həmrəyliyi ili”nin elan edilməsi bütün müsəlman aləminə və dünyaya xoşməramlı bir mesaj oldu. İslam dünyasındakı mövcud problemlərin, çətinliklərin, ayrı-ayrı İslam ölkələri arasındakı müəyyən qarşıdurma və ziddiyyətlərin aradan qaldırılması istiqamətində addımların atılmasına və burada müəyyən nailiyyətlərin əldə edilməsinə böyük təsir göstərəcək.
Müxtəlif ölkələrin dövlət-din məsələlərinin
tənzimlənməsində Azərbaycan modeli
nümunə kimi göstərilir
Bakıda bu yaxınlarda Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə “İslam həmrəyliyi - zamanın çağırışı” mövzusunda beynəlxalq konfransın keçirilməsi də çox mühüm hadisə oldu. Konfransda 15 ölkədən 30-dək xarici qonaq, bir sıra müsəlman ölkələrinin səfirləri, din, elm və siyasət xadimlərinin iştirak etməsi tədbirin mühüm əhəmiyyət daşıdığını təsdiq etdi. Bölmə iclasları ilə keçirilən konfransda müxtəlif ölkələrdən olan nümayəndələrin dialoqu bir daha sübut etdi ki, planetimizin həm dinlərarası, həm də beynəlxalq münasibətlərdə həmrəyliyə böyük ehtiyacı var. Azərbaycanın təşəbbüsü ilə belə bir mötəbər tədbirin keçirilməsi bu baxımdan zəruridir. Konfransda vurğulanan mühüm məsələlərdən biri də o oldu ki, müxtəlif ölkələrin dövlət-din məsələlərinin tənzimlənməsi üçün Azərbaycan bir modeldir. Xüsusi vurğulandı ki, Azərbaycanda dövlət və din münasibətləri yüksək səviyyədə tənzimlənir və ölkəmizdə müxtəlif dinlərin dialoqu, həmrəyliyi günümüzün reallığıdır.
Konfransda beynəlxalq terrorizmə qarşı birgə və mütəşəkkil mübarizənin vacibliyi ilə bağlı müxtəlif fikirlər də səsləndi. Qeyd olundu ki, mütəşəkkil cinayətkar fəaliyyət, xüsusilə onun təzahür formalarından olmaqla artıq milli dövlət sərhədlərini adlamış terrorizm bütün ölkələrin maraqlarına toxunan qlobal təhlükəyə çevrilmişdir. Dünya ictimaiyyəti, xüsusilə İslam dünyası bu təhlükədən daha çox əziyyət çəkir, sivilizasiyalararası toqquşmanın təzahürü kimi İslam dininin gerçək mahiyyətinin təhrif olunmasına, onun terrorizmlə əlaqələndirilməsinə uğursuz cəhdlər edilir. Erməni terrorizmi ilə üzləşmiş Azərbaycan bu ümumbəşəri bəla ilə mübarizədə beynəlxalq birliyin səylərini müdafiə etməklə siyasi, iqtisadi, dini və digər motivlərdən asılı olmayaraq terrorizmin bütün forma və təzahürlərinə qarşı birmənalı mövqe tutur. Terrorizm getdikcə qlobal xarakter aldığına görə bu təhlükəyə qarşı mübarizədə beynəlxalq ictimaiyyətin səylərinin birləşdirilməsi zəruriliyi artır. Azərbaycan hakimiyyəti hesab edir ki, uzunmüddətli planda beynəlxalq terrorizmlə mübarizənin məqsədi yalnız ayrı-ayrı terrorçu təşkilat, qrup, yaxud şəxslər deyil, həm də onu doğuran səbəb və mənbələrin aradan qaldırılması olmalıdır.
Beynəlxalq konfransda vurğulandı ki, dünyaya İslam dininin əsl mahiyyəti barədə dolğun məlumatlar çatdırılmır və səhv cərəyanların meydana gəlməsi xoşagəlməz hallara gətirib çıxarır. Terrorizmə və ekstremizmə qarşı bütün dinlərin birgə hərəkət etməsi vacibdir. Qeyd olundu ki, İslam həmrəyliyi yalnız İslam ölkələrinin həmrəyliyi demək deyil. Bu, dinindən asılı olmayaraq bütün dünya əhalisinin dostluq, qardaşlıq və multikultural şəraitdə yaşamasına, bir növ, çağırışdır. Müxtəlif dinlərin nümayəndələrinin qardaşlıq şəraitində yaşadığı Azərbaycanın multikulturalizm modeli buna bariz nümunə kimi göstərildi. Bu yaşayış tərzinə bütün dünyada uşaqların ailə ilə yanaşı, məktəbdə də dini tərbiyəsinə geniş yer verilməsi ilə başlamaq mümkündür.
Prezident İlham Əliyevin “İslam həmrəyliyi - zamanın çağırışı” beynəlxalq konfransının iştirakçılarına ünvanladığı məktubda göstərilir: “Müasir dünyamızda İslam həmrəyliyinin vacibliyi ilk olaraq İslam daxilindəki həmahəngliyin bərqərar edilməsində özünü göstərir. Bu, müxtəlif məzhəblər arasında dini anlaşılmazlıqların elmi müstəvidə aradan qaldırılması, bütün İslam ölkələri arasında qarşılıqlı hörmət və etibara əsaslanan münasibətlərin qurulmasıdır. Bununla yanaşı, İslam həmrəyliyi dedikdə, həmçinin İslam ilə digər dinlər arasında harmoniyanın yaranması da nəzərdə tutulur. Buna nail olmaq, əslində, dünya dinləri arasında ahəngdar və bir-birinə inamlı münasibətin daha da möhkəmlənməsinə, İslam ölkələri ilə digər ölkələr arasında bəşəri dəyərlərə əsaslanan xoş münasibətlərin inkişafına nail olmaq deməkdir. Bunun üçün çox işlər görmək, real addımlar atmaq lazımdır. Sizin konfransınız Azərbaycanda İslam həmrəyliyi ilə əlaqədar bu istiqamətdə görüləcək işlərin artıq başlanmasına ciddi bir işarədir. Bu gün İslama və digər konfessiyalara mənsub görkəmli alimlərin və din xadimlərinin dinlərarası mühüm aktual məsələləri belə yüksək səviyyədə müzakirə etmələri özünün müstəsna elmi-dini əhəmiyyəti ilə yanaşı, müsəlman dövlətləri və xalqları, eyni zamanda dünya dövlətləri və xalqları arasında qardaşlıq və əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə xidmət etməlidir. Ümidvaram ki, konfrans nəinki İslam aləmində, bütün dünyada həmrəylik və dostluğun daha da möhkəmlənməsi işinə öz layiqli töhfəsini verəcəkdir”.
IV İslam Həmrəyliyi
Oyunları İslam ölkələri
arasında əməkdaşlıqda yeni mərhələ
açacaq
2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi Azərbaycanın dünyadakı nüfuzlu mövqeyini ifadə edir. Cari il mayın 12-dən 22-dək Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları Azərbaycan, eləcə də İslam dünyası üçün mötəbər idman tədbiridir. On gün ərzində bütün İslam dünyasının nəbzi Azərbaycanda döyünəcək. 57 ölkəni təmsil edən 3 mindən çox idmançı ölkəmizin möhtəşəm idman arenalarında öz qüvvələrini sınayacaqlar.
Bakı daha bir mötəbər tədbirə yüksək səviyyədə evsahibliyi etməyə hazırdır. “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinə də start verildi. Bu mötəbər tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, ailə üzvləri, Səudiyyə Ərəbistanı Krallığının Şahzadəsi, İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti və Səudiyyə Ərəbistanı Milli Olimpiya Komitəsinin prezidenti Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səud iştirak etdilər.
Səudiyyə Ərəbistanı Krallığının Şahzadəsi, İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti və Səudiyyə Ərəbistanı Milli Olimpiya Komitəsinin prezidenti Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səud Azərbaycanın bu mötəbər tədbirə yüksək səviyyədə evsahibliyi edəcəyinə əminlik ifadə edib: “Azərbaycan Respublikasının evsahibliyi edəcəyi IV İslam Həmrəyliyi Oyunlarına son hazırlıq işləri ilə əlaqədar gördüklərim tam qaneedicidir. Mən Oyunların uğurla keçirilməsi üçün ən yaxşı imkanları təmin etmək işində böyük dəstəyə və diqqətə görə İslam Həmrəyliyi İdman Federasiyası adından Sizə səmimi təşəkkürümü və minnətdarlığımı bildirirəm. Allaha şükürlər olsun ki, bu dəstək və diqqət tərtibat və təşkilat işlərində öz bəhrəsini vermişdir və uğura, fərqlənməyə əminlik yaradır. İcazə verin bu xoş fürsətdən istifadə edərək bu Oyunların hazırlanması və təşkilində göstərdiyi böyük səylərə və yüksək rəhbərliyə görə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Oyunların Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyevaya təşəkkür edim”.
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları ilə yanaşı, ölkəmizdə “İslam həmrəyliyi ili”nin elan olunması bir-birini üzvi şəkildə tamamlayır. Qlobal aləmdə siyasi və sosial kataklizmlərin yaşandığı bir şəraitdə, ən əsası isə İslam dünyasının birliyinə nail olmağa ciddi ehtiyac duyulduğu bir vaxtda irəli sürülən bu təşəbbüs dünyada sülhün, əmin-amanlığın bərqərar olunması üçün çox mühüm imkanlar açacaq.
Bu gün Azərbaycan beynəlxalq arenada etibarlı tərəfdaş və təmsil olunduğu təşkilatların fəal üzvüdür. Azərbaycanda mövcud olan tolerantlıq, multikulturalizm, ölkəmizin mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa verdiyi töhfələr diqqət mərkəzindədir və nümunə kimi göstərilir. Dünya siyasətinə əsaslı təsir imkanı olan müsəlman dövlətləri arasında həmrəyliyin möhkəmləndirilməsi prioritet məqsədə çevrilib. Artıq İslam həmrəyliyinin zamanın çağırışı olması Bakıdan bütün müsəlman dünyasına yayılır.
Elnur HACALIYEV,
Azərbaycan.- 2017.- 15 aprel.- S.1; 4.