Azərbaycanın pravoslav
xristian icmasına
Hörmətli həmvətənlər!
Sizi müqəddəs
Pasxa bayramı münasibətilə ürəkdən
təbrik edir, hər birinizə cansağlığı, xoşbəxtlik
arzulayıram!
Yüz illər boyu Azərbaycanda yaşayan müxtəlif xalqlar arasında ənənəvi
dostluq və qardaşlıq münasibətləri
mövcud olmuş, ayrı-ayrı dinlər və etiqadlar qarşılıqlı hörmət
və etimad şəraitində fəaliyyət
göstərmişdir. Bu gün ölkəmiz dünyada nümunəvi tolerantlıq və multikulturalizm məkanı
kimi tanınır.
Biz bunu milli
dövlətçiliyimizin böyük uğuru kimi qiymətləndirir, tarixi-mənəvi irsin və etnik-mədəni müxtəlifliyin qorunmasını,
multikultural ənənələrə
söykənən ictimai
münasibətlərin təbliğini
və təşviq edilməsini fəaliyyətimizin
başlıca istiqamətlərindən
biri hesab edirik.
Təsadüfi deyildir ki, bütün
bəşəriyyət üçün
xüsusi aktuallıq kəsb edən sivilizasiyalararası və
dinlərarası dialoq
problemlərinə həsr
edilmiş mötəbər
beynəlxalq tədbirlərin
son illər bizim ölkəmizdə keçirilməsi
artıq ənənə
halını almışdır. Müasir mərhələdə
milli azlıqların dil və mədəniyyətinin
inkişafı, etnik-dini
müxtəlifliyin, tarixi-mənəvi
irsin qorunub saxlanması Azərbaycan dövlətinin xüsusi diqqət və qayğı ilə yanaşdığı məsələlərdəndir
və biz bu sahədə səylərimizi
gələcəkdə də
davam etdirəcəyik.
Azərbaycan tarixən olduğu kimi, bu gün
də dilindən, dinindən, milli mənsubiyyətindən asılı
olmayaraq, burada yaşayan hər kəs üçün doğma vətəndir. Ümidvaram
ki, xristian həmvətənlərimiz müstəqil
Azərbaycan Respublikasının
qarşısında duran
mühüm vəzifələrin
yerinə yetirilməsi,
cəmiyyətdə vətəndaş
həmrəyliyinin, ictimai-siyasi
sabitliyin bərqərar
olunması yolunda bundan sonra da
əllərindən gələni
əsirgəməyəcək, xalqımızın xoşbəxt
gələcəyi naminə
öz səylərini
daha da artıracaqlar.
Yeniliyin, əmin-amanlığın,
həmrəylik və
mərhəmət duyğularının
rəmzi olan Pasxa bayramı hər il
Azərbaycanda təntənə
ilə qeyd edilir. Bu əziz
gündə sizə xoş bayram ovqatı, ailələrinizə
sevinc və rifah arzulayıram.
Bayramınız mübarək
olsun!
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
14 aprel 2017-ci il.
Azərbaycan.- 2017.-15 aprel.- S.1.