İqtisadi
sabitliyi təmin edən uğurlu antiböhran strategiyası
Mükəmməl
islahatlar kursu Azərbaycanın inkişafda olan ölkələr
arasında ilk yerdə qərarlaşmasını şərtləndirib
Xalqa layiqli xidmət
amalını qarşıya məqsəd qoyaraq fəaliyyətində
hər bir vətəndaşın maraq və mənafeyini uca
tutan hakimiyyət komandası şəffaf idarəçiliyi təmin
etməklə, ilk növbədə, ictimai gözləntiləri
nəzərə almağa çalışır.
Bu mənada ictimai rəy nəzarət
funksiyasını yerinə yetirərək hakimiyyətin fəaliyyətini
stimullaşdıran və onu mövcud problemlərin həllinə
doğru istiqamətləndirən hərəkətverici
mexanizm rolunu oynayır. Müstəqil Azərbaycanın bir
çox region və dünya ölkələrini ciddi
sınaqlarla üz-üzə qoymuş qlobal maliyyə
böhranının mənfi təzahürlərini dəf edərək
iqtisadi islahatlar yolunda inamla irəliləməsi də məhz
hökumətin son illərdəki fəaliyyətinin səmərəlilik
göstəricisi kimi yüksək qiymətləndirilməlidir.
Möhkəm
iqtisadi təmələ söykənən inkişaf modeli
Dövlət müstəqilliyinin
bərpasının 25-ci ildönümünü geridə
qoymuş müstəqil respublikamızın hazırda
iqtisadiyyatın bütün sferaları üzrə kompleks
islahatlar həyata keçirərək böhran şəraitində
nəzərəçarpacaq nəticələrə imza
atması, ilk növbədə, möhkəm iqtisadi bazisə
söykənən milli inkişaf modeli ilə şərtlənir. Başqa
sözlə, Azərbaycanın müstəqillik yolunda nail
olduğu inanılmaz iqtisadi nailiyyətlərin milli inkişaf
modeli ilə bağlılığı bu gün aksiom kimi qəbul
edilən həqiqətdir. Bu da danılmaz
reallıqdır ki, 1993-cü ildə yeni ictimai-iqtisadi
formasiyaya keçidin çətinliklərini yaşayan Azərbaycanın
hansı iqtisadi modelə üstünlük verəcəyi ilə
bağlı çoxlu fikirlər, təkliflər irəli
sürülurdü. Fəqət,
ümummilli lider Heydər Əliyev hansısa dövlətin təcrübəsinin
olduğu kimi milli iqtisadiyyata köçürülməsini
düzgün saymamış, milli resurslarla yanaşı,
xalqın mentalitetini, tarixi ənənələrini, inkişaf
yolunun özəlliklərini ciddiliklə nəzərə
almışdır.
İqtisadi islahatların
ardıcıl və sistemli şəkildə
aparılmasının tərəfdarı kimi
çıxış edən Heydər Əliyev yeni mərhələdə,
ilk növbədə, torpaq islahatı və dövlət
mülkiyyətinin özəlləşdirilməsi vacibliyini
önə çəkmiş, bu proses keçid
dövrünün bəzi kiçik
çatışmazlıqlarına rəğmən, uğurla
başa çatdırılmışdır. Ümummilli
lider yaxşı bilirdi ki, dövlət mülkiyyətinin
xalqın mənafeyinə uyğun formada özəlləşdirilməsi
sərbəst bazar rəqabəti prinsiplərinin, xüsusi
mülkiyyətçiliyin bərqərar olması, habelə
milli iqtisadiyyatın dünya təsərrüfat sisteminə
inteqrasiyası, insanların şüurunda, həyat tərzində
əsaslı dəyişiklik deməkdir. Ölkədə
həyata keçirilmiş özəlləşdirmə
prosesinin məqsədi də məhz hər bir vətəndaşın
iqtisadi islahatlarda şəxsi marağını təmin etmək,
əhalinin həyat səviyyəsini
yaxşılaşdırmaq, sağlam rəqabətə əsaslanan
istehsal üçün şərait yaratmaq olmuşdur.
Ulu öndərin təşəbbüsü
ilə bu mərhələdən ölkədə aqrar
islahatların aparılması üçün normativ
hüquqi sənədlər hazırlanmış,
1994-1996-cı illərdə “Aqrar islahatların əsasları”,
“Sovxoz və kolxozların islahatı”, “Torpaq islahatı” haqqında
qanunların, habelə digər vacib hüquqi aktların qəbulu
aqrar sənaye kompleksində köklü dəyişikliklər
aparmaq üçün imkanlar açmışdır.
“Torpaq islahatı haqqında”
qanunda Müstəqil Dövlətlər Birliyi məkanında
ilk dəfə olaraq torpağın xüsusi mülkiyyətə
verilməsi, onun alqı-satqı obyekti olması kimi amillər
əksini tapmışdır.
Ulu öndər Heydər Əliyevin
22 mart 1999-cu il tarixli “Aqrar sahədə islahatların sürətləndirilməsinə
dair bəzi tədbirlər haqqında” fərmanına əsasən,
Milli Məclisdə kənd təsərrüfatı məhsulları
istehsalçılarının torpaq vergisi istisna olmaqla, digər
vergilərdən azad edilməsi barədə qanunun qəbul
edilməsi isə öz praktik əhəmiyyətini
bugünün özündə də tam doğruldur. Ümumilikdə aqrar bölmədəki islahatlar
radikallığı və sürəti ilə nəinki Azərbaycan
iqtisadiyyatının digər sahələrində aparılan
islahatlardan, hətta postsovet respublikalarındakı islahatlardan
əsaslı surətdə fərqlənərək ölkədə
özəl mülkiyyətin formalaşmasında və
sahibkarlığın inkişafında xüsusi rol
oynamışdır.
Sahibkarlıq fəaliyyəti
üçün mükəmməl qanunvericilik
Bazar iqtisadiyyatı yolunu
seçmiş istənilən dövlətin müstəqil
yaşaması və inkişafı prosesində orta təbəqənin
- iqtisadi inkişaf və sabitliyin təminatçısı
sayılan sahibkarlar sinfinin müstəsna rolunu nəzərə
alan ümummilli ilder Heydər Əliyev
milli iqtisadi inkişaf modelinin reallaşdırılmasında
özəl sektorun iştirakını vacib
saymışdır. 1997-ci ildə qəbul
edilmiş “Azərbaycan Respublikasında kiçik və orta
sahibkarlığın inkişafı (1997-2000-ci illər)
Dövlət Proqramı” əhəmiyyətinə, aktuallığına
və miqyasına görə milli sahibkarlığın
inkişafında yeni mərhələnin
başlanğıcı olmuş, bu sahədə dövlət
siyasətinin başlıca prinsiplərini müəyyənləşdirmişdir.
Kiçik və orta sahibkarlıq
subyektlərinin normal fəaliyyəti üçün
sonrakı mərhələdə “Azərbaycan
Respublikasında kiçik sahibkarlığa dövlət
köməyi haqqında” Azərbaycan Respublikasının
Qanununa bir sıra mütərəqqi dəyişiklik və əlavələr
edilmiş, habelə “Haqsız rəqabət haqqında”,
“İnvestisiyaların qorunması haqqında”, “İstehlak
bazarı haqqında”, Vergi Məcəlləsi və digər zəruri
sənədlər qəbul edilmişdir. Bu
qanunlar yerli və xarici sahibkarların təhlükəsiz,
xüsusi risklilik tələb etməyən biznes fəaliyyətinə
dövlət tərəfindən verilən hüquqi təminatı
daha da gücləndirmiş, investisiyaların
qarşılıqlı təşviqinə və
qorunmasına əsaslı zəmin
formalaşdırmışdır.
Ümummilli lider Heydər
Əliyevin fərmanı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasında kiçik və orta sahibkarlığın
inkişafı (2002-2005-ci illər) Dövlət Proqramı”
özəl sektorun inkişafını stimullaşdıran tədbirlərin
davamı kimi mühüm əhəmiyyət kəsb etmiş,
dövrün bir sıra reallıqları ilə şərtlənmişdir. Sahibkarlığa
dövlət maliyyə dəstəyinin hüquqi əsaslarını
müəyyənləşdirmək üçün ulu
öndər Heydər Əliyev Sahibkarlığa Kömək
Milli Fondunu formalaşdırmaq üçün qərar qəbul
etmişdir. Bu gün də uğurla fəaliyyət
göstərən fondun vəzifəsi ölkədə
sahibkarlığın inkişafına maliyyə dəstəyi
vermək, onlara müvəkkil banklar vasitəsilə güzəştli
kreditlərin verilməsini təmin etmək, bir sözlə,
iş adamlarının səmərəli biznes layihələrinin
reallaşmasına yardımçı olmaqdır.
Ümummilli lider Heydər Əliyevin
“Azərbaycan Respublikasında sahibkarlığın
inkişafına dövlət qayğısı haqqında” və
“Sahibkarlığın inkişafına mane olan müdaxilələrin
qarşısının alınması haqqında” fərmanlarında
isə dövlət qurumları ilə sahibkarlıq subyektləri
arasında dərin kök salmış və həllini
gözləyən bir sıra ciddi problemlər tam
açıqlığı ilə göstərilmiş,
onların qarşısının alınması
üçün kompleks islahatlar aparılmışdır. Bütün bu tədbirlərin nəticəsi kimi
1996-2003-cü illərdə Azərbaycanın bütün həyati
əhəmiyyətli sahələrində dinamik inkişaf və
tərəqqi təmin edilmiş, ümumi daxili məhsulda
özəl sektorun xüsusi çəkisi 75 faizə yüksəlmişdir.
Mütərəqqi
inkişaf strategiyası uğurla həyata keçirilir
Ümummilli lider Heydər Əliyevin
xalqın rəyinə əsaslanmaqla gerçəkləşdirdiyi
müdrik və uzaqgörən siyasəti XXI əsrin
başlanğıcında layiqincə davam etdirən Azərbaycan
Prezidenti İlham Əliyev son 14 ildə Azərbaycanın
müstəqil dövlət kimi bölgədə və
dünyada layiqli yerini tapmasını, regional liderliyini təmin
etmişdir. Bu müddətdə ölkədə
sahibkarlığın inkişafı istiqamətində həyata
keçirilmiş tədbirlər özünün sistemli və
ardıcıl səciyyə daşıması ilə diqqət
çəkir.
Azərbaycan Prezidenti İlham
Əliyevin 30 aprel 2007-ci il tarixdə imzaladığı
“Azərbaycan Respublikasında sahibkarlığın
inkişafı ilə bağlı bəzi tədbirlər
haqqında” fərman bu baxımdan mühüm sənədlərdən
biri olmuşdur. Belə bir fərmanın
imzalanması o dövrə qədər çoxpilləli
biznesə başlamaq sahəsində mövcud problemlərin həlli,
eyni zamanda süründürməçilik hallarının
aradan qaldırılması sahəsində, sözün əsl
mənasında, inqilabi dəyişikliklərə yol
açmışdır. Bu məqsədlə
fərmanda vahid kodlaşdırmanın aparılması, biznes
strukturlarının “bir pəncərə” - vahid qeydiyyat
orqanı tərəfindən qeydə alınması məsələləri
əksini tapmışdır.
Ölkə rəhbərinin “Dövlət
orqanlarında elektron xidmətlər göstərməsinin təşkili
sahəsində bəzi tədbirlər haqqında” fərmanının
tələblərinə əsasən “Elektron xidmət
növlərinin Siyahısı”na
sahibkarlıq subyektlərinə göstərilən xidmətlər
də daxil edilmişdir. Həmin siyahıya
sahibkarlıq fəaliyyətini tənzimləyən, müxtəlif
dövlət qurumları tərəfindən verilən icazələr,
lisenziyalar, sertifikatlar və müxtəlif cür digər tənzimləyici
sənədlər daxil edilmişdir.
Dövlət
başçısının “Müəyyən sahibkarlıq
fəaliyyəti növləri ilə məşğul olmaq
üçün tələb edilən xüsusi razılıq
(lisenziya) və icazə sistemi ilə bağlı bəzi məsələlər
haqqında” fərmanına əsasən, yaradılmış
icazələrin elektron informasiya portalı (www.icazeler.gov.az)
ölkə vətəndaşlarının, eləcə də
sahibkarların icazələrlə bağlı məlumatlılıq
səviyyəsinin yüksəldilməsinə, icazələr
barədə sorğulanan məlumatların asan
tapılmasına, bu sahədə şəffaflığın
daha da artırılmasına səbəb olmuşdur.
Sahibkarlığın,
xüsusilə kiçik sahibkarlığın
inkişafında və əhalinin işgüzarlıq fəaliyyətinin
artırılmasında İqtisadi İnkişaf Nazirliyinin
Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətini də
xüsusi qeyd etmək lazımdır. Fond vasitəsilə
investisiya layihələrinin güzəştli qaydada kreditləşdirilməsinin
daha effektiv mexanizminin yaradılması sahibkarların maliyyə
mənbələrinə çıxış
imkanlarını asanlaşdırmışdır. “Azərbaycan
Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin
istifadəsi mexanizminin təkmilləşdirilməsi
haqqında” fərmana uyğun olaraq, güzəştli kreditlərin
istifadəsi qaydalarına edilmiş dəyişikliklər iri
və uzunmüddətli investisiya layihələrinin, həmçinin
kiçik sahibkarlığın güzəştli şərtlərlə
maliyyələşdirilməsi imkanlarını genişləndirmiş,
güzəştli kreditlər üzrə müddətin
maksimum həddi 10 ilədək, məbləği isə 10
milyon manatadək artırılmışdır.
Son illər müəyyən
çətinliklərə əzmlə sinə gərərək
fəal antiböhran tədbirlərini reallaşdıran Azərbaycan
bu gün bölgədə iqtisadi inkişafı və
inteqrasiyanı təşviq edən lider dövlət statusunu
qoruyub saxlayır. Realist siyasətçi kimi yeni
dövrün çağırışlarını
düzgün dəyərləndirən Azərbaycan Prezidenti
İlham Əliyevin xüsusən də 2015-ci ilin əvvəlindən
həyata keçirdiyi antiböhran tədbirləri sistemliliyi
və ardıcıllığı ilə diqqəti çəkir.
Antiböhran tədbirlərinin ana xəttində
yenə də sahibkarlıq fəaliyyətinə mane olan
süni əngəllərin aradan qaldırılması və
qeyri-neft sektorunun inkişaf etdirilməsi məsələləri
dayanır. Etiraf etməliyik ki, hazırda
respublikamızda inkişaf dövrünü yaşayan
qeyri-neft sektoru neftin qiymətinin üç dəfəyədək
aşağı düşdüyü bir şəraitdə
ölkənin mövcud tələbatını təmin etmək
iqtidarında deyildir. Məhz buna görə
də dövlət başçısı hesab edir ki,
hazırkı dövrdə bir tərəfdən
yaranmış vəziyyətin ölkəyə mənfi təsirinin
qarşısını almaq üçün çevik tədbirlər
həyata keçirilməli, digər tərəfdən də
prioritet sahə hesab olunan qeyri-neft sektorunun daha sürətli
inkişafını təmin etmək üçün əlavə
təsirli mexanizmlər işə salınmalıdır.
“Azərbaycan Respublikası regionlarının
2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı”nın icrasının üçüncü ilinin
yekunlarına həsr olunan konfransda da qeyd olunduğu kimi,
dövlət başçısı İlham Əliyevin son 14
ildə imzaladığı bir sıra dövlət
proqramları qeyri-neft sektorunun möhkəmləndirilməsini,
iqtisadiyyatın neftdən asılılıq dərəcəsinin
azaldılmasını, infrastrukturun yeniləşdirilməsini
təmin edən kompleks sənədlər olmaqla yanaşı,
bölgələrdə özəl sektorun və
sahibkarlığın inkişafına təkan vermişdir. 2004-2008, 2009-2013 və 2014-2018-ci illəri əhatə
edən regional inkişaf proqramları bu baxımdan xüsusi əhəmiyyət
kəsb etməklə, regionlarda intibah mərhələsinin əsasını
qoymuş, sahibkarlığın yüksəlişinə zəmin
yaratmışdır.
Bu və digər tədbirlər
sistemi qısa müddətdə inanılmaz nəticələrin
əldə olunmasına imkan yaratmışdır. Nazirlər Kabinetinin 2017-ci
ilin birinci rübünün sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrin
müzakirəsinə həsr olunmuş iclasında dərin məzmunlu
nitq söyləyən Azərbaycan Prezidenti
İlham Əliyevin qeyd etdiyi kimi,
“iqtisadiyyatın qeyri-neft sektoru
2,4 faiz
artıbdır, qeyri-neft sənayemizin artımı 2 faiz səviyyəsində
olubdur, kənd təsərrüfatı 3,5 faiz artıbdır.
Xüsusilə qeyd etmək istəyirəm ki,
bitkiçilik 20 faizdən çox artıbdır. Bu onu göstərir
ki, bizim gördüyümüz işlər, ciddi islahatlar,
investisiyalar artıq öz nəticələrini verir... Birinci rübdə bizim valyuta ehtiyatlarımız 1
milyard dollar səviyyəsində artıbdır. Bu
gün valyuta ehtiyatlarımız 38,5 milyard
dollardır. Bu, böyük rəqəmdir.
Biz keçən il valyuta
ehtiyatlarımızı qoruya bilmişik”.
Makroiqtisadi sabitlik
təmin edilir
Cənab İlham Əliyevin
iclasdakı dərin məzmunlu nitqi deməyə əsas verir
ki, dövlət başçısı hazırkı mərhələ
üçün hökumət qarşısında hansı əsas
problemlərin, vəzifələrin dayandığını
aydın təsəvvür edir. Nazirlər Kabinetinin son iclasında
açıqlanmış rəqəmlər bir daha göstərir
ki, qlobal səviyyədə cərəyan edən mürəkkəb
siyasi proseslərin mənfi təsirlərinə, bir çox
ölkələrin ciddi iqtisadi, maliyyə və sosial problemlərlə
üzləşməsinə baxmayaraq, Azərbaycan
iqtisadiyyatı bu il böhran mərhələsinin
son fazasını da uğurla adlayır.
2017-ci ilin ilk rübünün
uğurlu nəticələri hələ bir il
əvvəl 2016-cı ili “Dərin iqtisadi islahatlar ili” elan edərək
kompleks islahatların həyata keçirilməsini təmin
etmiş Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu
antiböhran strategiyasının məntiqi göstəricisidir.
Bu strategiya Azərbaycanın yaranmış yeni
iqtisadi və siyasi şəraitə uyğun olaraq neftdən
asılı olmayan, ixracyönümlü, dayanıqlı
inkişafına etibarlı zəmin formalaşdırır.
Nazirlər Kabinetinin son iclası bir daha təsdiqləyir
ki, 2014-cü ilin ortalarından etibarən dünya
iqtisadiyyatını iflic edən qlobal böhran dalğası
qarşıya qoyulmuş məqsəd və vəzifələrin
həyata keçirilməsi prosesində Azərbaycana
tormozlayıcı amil olmamışdır. Böhranın ən pik mərhələsi
sayılan 2015-2016-cı illərdə Azərbaycan
üçün müəyyən çətinliklər
yaransa da, hökumətin həyata keçirdiyi
qabaqlayıcı tədbirlər səmərə vermiş, nəticədə
bir çox makroiqtisadi parametrlər üzrə inkişafa nail
olunmuşdur.
İqtisadiyyat Nazirliyində
keçirilmiş kollegiya iclasında iqtisadiyyat naziri Şahin
Mustafayevin də bildirdiyi kimi, əvvəlki illərdə
görülmüş işlər, yaradılmış
potensial və həyata keçirilən islahatlar nəticəsində
Azərbaycan iqtisadiyyatının dayanıqlığı təmin
edilmişdir: 2016-cı ildə qeyri-neft sənayesində məhsul
istehsalı 5 faiz, kənd təsərrüfatı
2,6 faiz, informasiya
və rabitə sahəsi 4,4 faiz artmışdır. Ötən
il ölkə iqtisadiyyatına 11,7 milyard
ABŞ dolları həcmində investisiya yatırılmışdır
ki, bunun 3,7 milyard dolları daxili sərmayələrdir.
Ötən il həyata
keçirilmiş təşkilati-hüquqi, qanunverici və
institusional islahatların ana xəttini sahibkarlar sinfinin dəstəklənməsi
yolu ilə qeyri-neft sektorunun inkişafı və idxal-ixrac əməliyyatlarında
balansın təmin edilməsi, ümumən makroiqtisadi
dayanıqlığın qorunması olmuşdur. Bu məqsədlə
ötən ilin əvvəlindən sahibkarlıq fəaliyyəti
üçün lisenziya və icazələrin sayının
və ödənilən rüsumların məbləğlərinin
dəfələrlə azaldılması; icazələrin
verilməsi prosedurlarının sadələşdirilməsi,
o cümlədən bu sahədə elektron portalın
yaradılması; sahibkarların hüquqlarının
qorunması məqsədilə apelyasiya şuralarının
yaradılması; ölkə ərazisindən tranzit yüklərin
daşınmasında “bir pəncərə” prinsipinin tətbiq
olunması; ölkədə investisiyaların təşviqinin
artırılması məqsədilə 7 il müddətində
vergi və gömrük güzəştlərinin verilməsi;
idxal-ixrac əməliyyatları zamanı gömrük
prosedurlarının sadələşdirilməsi məqsədilə
elektron gömrük xidmətlərinin daha da genişləndirilməsi;
dövlət satınalmalarında təkmilləşdirmələrin
aparılması, dövlət orqanlarında sahibkarların
müraciətlərinin birbaşa
cavablandırılmasını həyata keçirən, məlumatlandırma
və məsləhət xidmətləri göstərən
çağrı mərkəzlərinin yaradılması
reallaşdırılmışdır.
Elmi əsaslara
söykənən islahatlar
Son 2 ildə iqtisadi islahatların elmi
şəkildə həyata keçirilməsi məqsədilə
yaradılmış mühüm qurumlar sırasında Azərbaycan
Respublikası Prezidentinin İqtisadi İslahatlar üzrə
Köməkçisi Xidmətinin, Maliyyə Bazarlarına Nəzarət
Palatasının, İqtisadi İslahatların Təhlili və
Kommunikasiya Mərkəzinin, Maliyyə Sabitliyi
Şurasının, Turizm Şurasının
yaradılmasını xüsusi qeyd etmək lazımdır. Bu qurumların yaradılmasında məqsəd
ölkənin dayanıqlı iqtisadi inkişafının təmin
edilməsi istiqamətində təhlil və tədqiqatlar
aparmaq, analitik məlumatlar əsasında iqtisadi islahatların
həyata keçirilməsi üçün təkliflər,
habelə orta və uzunmüddətli dövr üçün
proqnozlar hazırlamaqdır.
Ümumilikdə ölkə rəhbərinin
“Azərbaycan Respublikasının mərkəzi və yerli icra
hakimiyyəti orqanlarında apelyasiya şuralarının
yaradılması haqqında”, “İnvestisiyanın həyata
keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya
layihəsinin həcmi ilə bağlı minimal məbləğ
və həyata keçiriləcəyi inzibati ərazi vahidləri”nin
təsdiq edilməsi haqqında”, “Dövlət əmlakının
özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi
sahəsində əlavə tədbirlər haqqında” və
“Bəzi tikinti obyektlərinin istismarına icazə verilməsinin
sadələşdirilməsi haqqında” fərmanları, habelə
“Malların və nəqliyyat vasitələrinin gömrük
sərhədindən keçirilməsi üçün
“Yaşıl dəhliz” və digər buraxılış
sistemlərindən istifadə Qaydaları”, “Azərbaycan
Respublikasında “Sahibkarlar Günü”nün təsis edilməsi
haqqında” sərəncamı, “Elektron vizaların verilməsi
prosedurunun sadələşdirilməsi və “ASAN Viza”
sisteminin yaradılması haqqında” fərmanı ölkədə
sahibkarlığın inkişafına ciddi təkan verən sənədlər
kimi yüksək dəyərləndirilməlidir.
Strateji hədəflərə
aparan yol xəritələri
Azərbaycan Respublikası Prezidentinin
2016-cı il 6 dekabr tarixli “Milli iqtisadiyyat və
iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin
təsdiq edilməsi haqqında” fərmanı isə keyfiyyətcə
yeni mərhələdə iqtisadi inkişafı
stimullaşdırmaq və böhranın mənfi təsirlərini
aradan qaldırmaq məqsədi güdür. Fərmanla
iqtisadiyyatın müxtəlif sahələrinin
inkişafına dair strateji yol xəritələrinin təsdiq
olunması həm də qlobal böhrandan
çıxış yollarını özündə ehtiva
edir. Konkret olaraq “Azərbaycan
Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində
istehlak mallarının istehsalına dair Strateji yol xəritəsi”
ölkəmizdə sahibkarlıq və biznes mühitinin
yaxşılaşdırılması üçün
yaxşı imkanlar açmışdır. Sahibkarlığın inkişafı məqsədilə
həyata keçiriləcək kompleks tədbirlər sistemini
özündə ehtiva edən sənəddə islahatların
konkret istiqamətləri də əksini tapmışdır.
Strateji yol xəritələrinə
əsasən yaxın illərdə respublikamızın
qarşısında duran əsas məsələlərdən
biri iqtisadiyyatda karbohidrogen ehtiyatlarından
asılılığı aradan qaldırmaq və iqtisadi
artımı qeyri-neft sektorunun, o cümlədən onun
aparıcı tərkib hissəsi olan sənaye sektorunun
hesabına təmin etməkdir. Bu baxımdan dövlət
investisiya siyasətində əsas istiqamətlərdən biri
də sənaye şəhərciyi infrastrukturunun
formalaşdırılması və qeyri-neft sənayesinin inkişaf
etdirilməsi ilə bağlıdır. Sumqayıt,
Balaxanı, Mingəçevir, Neftçala və s. sənaye
parkı və məhəllələrinin yaradılması bu
istiqamətdə atılmış ilk addımlardır. Bu
baxımdan orta və uzunmüddətli perspektivdə
texnoparkların inkişafını stimullaşdırmaq
üçün ölkənin vergi qanunvericiliyində sənaye
və texnologiyalar parklarında çalışan fiziki və
hüquqi şəxslərə, eləcə də
parkların idarəedici təşkilat və operatorlarına gəlir,
mənfəət, ƏDV, əmlak və torpaq vergiləri
üzrə 7 illik vergi güzəştləri nəzərdə
tutulmuşdur.
Bu gün aksiom kimi qəbul
olunan həqiqət ondan ibarətdir ki, ulu öndər Heydər
Əliyevin müəyyənləşdirdiyi iqtisadi inkişaf
strategiyası müstəqil Azərbaycanı regionun ən
güclü və qüdrətli dövlətlərindən
birinə çevirmişdir. Prezident Nazirlər Kabinetinin sonuncu
iclasında ölkəmizin iqtisadi qüdrətini belə izah
etmişdir: “Göstəricilər bizim iqtisadi vəziyyətimizi
real əks etdirir. Əgər əlavə etsəm ki, bu il Davos Ümumdünya İqtisadi Forumu
iqtisadiyyatların rəqabətqabiliyyətliyinə görə
Azərbaycanı 37-ci yerə layiq görüb, artıq mənzərə
tamamlanır. Biz böhranlı illərdə
öz reytinqimizi üç pillə artıra bilmişik.
İnkişafda olan ölkələr arasında
reytinqə görə isə Azərbaycan 1-2-ci yerləri
bölüşür. Budur bizim işimizə
verilən real və etibarlı qiymət. Biz
bu yolla gedəcəyik, iqtisadi potensialımızı gücləndirəcəyik”.
Azərbaycan hazırda daha
geniş geosiyasi arealda sülh, tərəqqi və sabitlik,
iqtisadi əməkdaşlıq mərkəzi kimi
tanınır.
Əminliklə demək olar ki, Azərbaycan
xalqının milli mənayefinə cavab verən bu siyasət
qarşıdakı illərdə də inamla davam etdiriləcək,
respublikamız cənab İlham Əliyevin rəhbərliyi
altında böhran mərhələsini tamamilə geridə
qoyacaq, sürətli inkişafı təmin edərək
qabaqcıl dövlətlər arasında layiqli yerini
tutacaqdır.
Rəşad CƏFƏRLİ,
Azərbaycan.-
2017.-15aprel.- S.1; 3.