“Cənub qaz dəhlizi”nin başlandığı ünvan

 

Bu, Səngəçaldakı nəhəng terminaldır

 

“Cənub qaz dəhlizi”nin keçdiyi uzun yol Bakıdan 55 kilometr cənubda, Xəzərin sahilinə yaxın ərazidə yerləşən Səngəçal terminalından başlanır. Bura bir neçə nəhəng boru kəmərinin öz başlanğıcını götürdüyü məkan, enerji daşıyıcılarının nəqli sisteminin regional mərkəzi, Xəzərdəki zəngin yataqlarla dünya bazarları arasında körpü yaradan bir obyektdir. Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan kəmərinə neft, Bakı-Tbilisi-Ərzurum xəttinə isə “Şahdəniz-1” qazı buradan vurulur.

2014-cü il sentyabrın 20-də, “Əsrin müqaviləsi”nin imzalanmasının 20 illiyi tamam olan gün burada “Cənub qaz dəhlizi”nin təməli qoyuldu. Hazırda burada “Şahdəniz-2” qazını qəbul edəcək qurğuların tikintisi aparılır. 

Terminalda, eyni zamanda “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarından neftin və “Şahdəniz-1”dən qazın qəbulu və ixracı davam edir. Bu karbohidrogenlər qurğulara dənizdən sualtı boru kəmərləri vasitəsilə daxil olur, sonra dünya bazarlarına nəql edilir.

Qeyd edək ki, hazırda Səngəçal terminalının texniki emal sistemlərinin gündəlik gücü neft üçün 1,2 milyon barel, “Şahdəniz” qazı üçün təqribən 29,5 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 49,3 milyon standart kubmetr təşkil edir.

Keçən il terminaldan 286,8 milyon bareldən artıq neft və kondensat ixrac edilib. O cümlədən BTC vasitəsilə 253,4 milyon bareldən çox, QİBK (Qərb İxrac Boru Kəməri) 30,3 milyon bareldən çox neft və təqribən 3,1 milyon barel ayrıca kondensat nəql olunub.

Qaz əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın emal obyektlərini “Azəriqaz” sistemi ilə birləşdirən SOCAR-a məxsus kəmərlə ötürülür. 2016-cı il ərzində Səngəçaldan gündə orta hesabla 28,9 milyon  kubmetr (1 milyard 21 milyon standart kubfut) “Şahdəniz” qazı ixrac olunub.

Səngəçal terminalının bugünkü fəaliyyətinin vacib bir hissəsi isə “Şahdəniz-2” layihəsi üçün texnoloji emal qurğularının tikintisidir. Bu məqsədlə terminalın genişləndirilməsi üzrə işlər davam edir. Genişləndirmə üçün lazım olan əsas avadanlıqların əksəriyyəti inşaat meydançasına 2015-ci ildə gətirilib. İnşaat zamanı işlədilən polad və borular isə yerli tikinti-quraşdırma sahələrində hazırlanıb. Bu da təbii ki, istər terminalın ərazisində, istərsə də digər əlaqədar müəssisələrdə insanların iş yerləri ilə təmin olunması deməkdir.

Genişləndirmə sahəsində tikintinin ilk mərhələsində giriş yolları açılıb. Bunlar tikinti sahəsinə işçilərin və nəqliyyat vasitələrinin təhlükəsiz gəlib-getməsinə imkan verib. Mərkəzi nəzarət idarəetmə binasının genişləndirilmə modulları inşa edilib, layihə çərçivəsində uzunluğu 16 kilometr olan təzə boru kəmərləri çəkilib. Tikintinin əvvəlindən indiyədək bir çox avadanlıqlar və polad konstruksiyalar quraşdırılıb, təzə çənlər inşa edilib.

2018-ci ildə “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində ilk qazın əldə olunması gözlənilir. Həmin il qaz CQBK vasitəsilə Azərbaycanın və Gürcüstanın ərazisindən keçməklə Türkiyəyə çatdırılacaq. 2020-ci ildə isə

TANAP (Transanadolu Qaz Boru Kəməri) qazı Türkiyədən keçirməklə TAP-a (Transadriatik Qaz Boru Kəməri) qovuşduracaq.

Beləliklə, Səngəçaldan başlanan 3500 kilometrlik dəhliz İtaliya torpağına çatacaq.

 

Flora SADIQLI,

 

Azərbaycan. - 2017.-15 aprel.- S. 1; 5.