Hesablama Palatası hesabat verdi
Milli Məclisin
iclasında
Milli Məclisin dünənki
iclası Azərbaycan Respublikası Hesablama Palatasının
2016-cı ildə fəaliyyəti haqqında hesabatın
müzakirəsi ilə işinə başladı. Öncə
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov
qurumun hesabatını təqdim etdi.
V.Gülməmmədov
bildirdi ki, Prezident İlham Əliyev tərəfindən maliyyə
nəzarəti və şəffaflığın gücləndirilməsi
ilə bağlı qarşıya qoyulmuş tələblər,
mövcud qanunvericilik aktlarına dövlət
başçısının təşəbbüsü ilə
edilmiş dəyişiklik və əlavələr Hesablama
Palatasının institusional möhkəmlənməsi istiqamətində
mühüm addımlardan olub.
Ali audit orqanının əsas məqsədi
ölkənin maliyyə inzibatçılığı sahəsində
vacib və böyük təsirə malik olan problemlərin
müəyyən edilməsi və bu sahədə
nöqsanların qarşısının alınması, həmçinin
şəffaflığın və hesabatlılığın
gücləndirilməsi tədbirlərinə dəstək
olmaqdır. 2016-cı ildən başlayaraq isə
müəyyən edilmiş nöqsanların və
pozuntuların təsnifləşdirilməsi işlərinə
başlanıb, bu məqsədlə beynəlxalq təcrübə
öyrənilib, xüsusilə analoji maliyyə
inzibatçılığı sisteminə malik olan qonşu
dövlətlərin təcrübəsinə diqqət
yetirilib. Nəticədə ayrı-ayrı
qurumlar üzrə müəyyən edilmiş maliyyə
pozuntularına vahid yanaşma tətbiq edilməklə sistemləşdirilib
və təhlil olunub.
V.Gülməmmədovun sözlərinə
görə, 2016-cı ilin iş planına uyğun olaraq
ötən ildə dövlət büdcəsi və büdcədənkənar
dövlət fondlarının vəsaitləri üzrə
12-si təhlil işi olmaqla 77, Naxçıvan Muxtar
Respublikasının büdcəsi üzrə isə 10-u təhlil
olmaqla 19 nəzarət tədbirinin başlanılması ilə
bağlı qərar qəbul edilib. Dövlət büdcəsinin
gəlirlərini əhatə edən 8 tədbir, büdcə
xərcləri üzrə 63, dövlət zəmanəti ilə
alınmış kreditlər üzrə 2, büdcədənkənar
dövlət fondlarının vəsaitləri ilə
bağlı 4 audit keçirilib.
Qurumun fəaliyyətinin nəticəsini
xarakterizə edən bir sıra kəmiyyət və keyfiyyət
göstəriciləri barədə məlumat verən
V.Gülməmmədov qeyd etdi ki müəyyən edilmiş
nöqsanlar və pozuntular vahid yanaşma tətbiq olunmaqla təsnifləşdirilib. Ümumilikdə
8 istiqamət üzrə 825 halda nöqsan müəyyən
edilib.
V.Gülməmmədovun fikrincə,
Hesablama Palatası vəsaitin təyinatının dəyişdirilməsi
hallarını əsasən üç istiqamət üzrə
qruplaşdırıb və ümumilikdə 53,4
milyon manat məbləğində vəsaitin təyinatının
dəyişdirildiyi müəyyən olunub. Təhlil göstərir
ki, qurumlar tərəfindən satınalmaların həyata
keçirilməsi zamanı ən çox yol verilən
nöqsanlar satın alınan malların (iş və xidmətlərin)
ehtimal olunan qiymətin düzgün müəyyən edilməməsi,
tenderdə iştirak edən iddiaçılardan zəruri sənədlərin
alınmaması, xüsusilə də satınalma metodları
tətbiq edilmədən və satınalma metodunun dəyişdirilməsi
kimi nöqsanlardır.
Hesablama Palatası ötən
illərdə həyata keçirilmiş auditlər üzrə
görülmüş tədbirlərin sona
çatdırılması işinə də diqqət yetirir
və bu məlumatlar daim nəzarətdə saxlanılır. Qurumun 2016-cı ildə həyata
keçirdiyi maliyyə-büdcə nəzarəti fəaliyyətinin
və əvvəlki illərdə başa çatmış tədbirlərin
davamı olaraq ümumilikdə 11,3 milyon manat, 75 min ABŞ
dolları, 17,8 min avro məbləğində vəsaitin bərpası
təmin edilib və bu, keçən ilin müvafiq göstəricilərindən
9,6 faiz çoxdur.
Hesablama Palatası tərəfindən
həyata keçirilən inzibati fəaliyyət haqqında
geniş məlumat verən V.Gülməmmədov
vurğuladı ki, 2016-cı ildə qurumun fəaliyyətinin
təşkili məqsədilə dövlət büdcəsindən
3,3 milyon manat məbləğində vəsait sərf edilib
ki, bu məbləğin də 85,9 faizi əməktutumlu xərclərdir.
Məruzədən sonra
müzakirələr başlandı. Parlamentin İctimai birliklər və
dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, deputatlardan
Fərəc Quliyev, Əli Məsimli, Fəzail İbrahimli,
Fazil Mustafa, Qüdrət Həsənquliyev, Zahid Oruc, Musa
Quliyev, Qənirə Paşayeva, İlham Məmmədov
çıxış edərək bildirdilər ki, Hesablama
Palatası uğurlu fəaliyyəti ilə ildən-ilə
daha mükəmməl quruma çevrilir. Ciddi təhlil
və faktlar əsasında hazırlanan hesabat beynəlxalq normalara
uyğun şəkildə tərtib edilib.
Müzakirələrdən
sonra Hesablama Palatasının 2016-cı ildəki fəaliyyəti
haqqında hesabat səsə qoyularaq təsdiqləndi.
Milli Məclisin Mədəniyyət
komitəsinin sədri Rafael Hüseynov İctimai Televiziya və
Radio Yayımları Şirkəti Yayım Şurasının
tərkibində dəyişikliklər edilməsi ilə
bağlı sənədi təqdim etdi. Bildirdi ki,
İTV-nin Yayım Şurasında 6 illik səlahiyyət
müddəti başa çatmış üç nəfərin
yerinə yeni namizədlər irəli sürülür.
Deputatlar adları irəli
sürülmüş şəxslərin namizədliyinə
müsbət münasibət bildirdilər və sənəd təsdiq
edildi (Milli Məclisin Qərarı qəzetimizin bugünkü
sayında dərc edilib).
Sonra Milli Məclisin Elm və təhsil
komitəsinin sədri İsa Həbibbəyli “Məktəbəqədər
təhsil haqqında” qanun layihəsini üçüncü
oxunuşda müzakirəyə təqdim etdi. Bildirdi
ki, 5 fəsil 24 maddədən ibarət olan qanun layihəsi
artıq tam təkmilləşdirilib. Deputatların
irəli sürdükləri təkliflərin əksəriyyəti
nəzərə alınıb.
Komitə sədrinin sözlərinə
görə, müzakirəyə təqdim olunmuş qanun layihəsi
məktəbəqədər təhsilin təmin olunması
sahəsində dövlət siyasətinin prinsiplərini, məktəbəqədər
təhsilin təşkilati-hüquqi və iqtisadi əsaslarını
müəyyən edəcək. Məktəbəqədər təhsil
müəssisəsinin təsisçisi dövlət, bələdiyyələr,
Azərbaycanın hüquqi şəxsləri və vətəndaşları
ola bilərlər. Bu tip təhsil müəssisəsinə
lisenziya müddətsiz verilir. Layihədə
bildirilir ki, məktəbəqədər təhsil sahəsində
təhsil xidmətləri göstərən hüquqi və
fiziki şəxslər tərəfindən məktəbəqədər
təhsilin vəzifələri pozulduqda, məktəbəqədər
təhsilin dövlət standartlarının tələbləri
yerinə yetirilmədikdə onların lisenziyası ləğv
edilir.
Qanun layihəsində bir
sıra yeniliklər nəzərdə tutulur. Layihəyə
əsasən, məktəbəqədər yaşlı
uşaqlar üçün yeni növ təhsil müəssisələri
yaradılacaq. Qanuna əsasən, məktəbəqədər
yaşlı uşaqların təhsil aldığı müəssisələrin
bir neçə növü müəyyən edilib.
Bunlar körpələr evi, körpələr evi-uşaq
bağçası, məktəbəhazırlıq
qrupların fəaliyyət göstərdiyi ümumtəhsil məktəbləri,
digər tipdən olan təhsil müəssisəsi yanında
kompleks formada fəaliyyət göstərən məktəbəqədər
təhsil müəssisəsi, uşaq inkişaf mərkəzi,
sanator tipli uşaq bağçaları (bu uşaq
bağçaları infeksion xəstəliklərə meyilli və
immun sistemi zəif olan uşaqlar üçün
yaradılır), sağlamlıq imkanları məhdud olan
uşaqlar üçün məktəbəqədər
xüsusi təhsil müəssisələri, elmi-tədqiqat
müəssisələrinin yanında yaradılan məktəbəqədər
təhsil müəssisəsidir.
Bunlar arasında sanator tipli
uşaq bağçaları, sağlamlıq imkanları məhdud
olan uşaqlar üçün məktəbəqədər
xüsusi təhsil müəssisələri və uşaq
inkişaf mərkəzi yeni növ müəssisələr
olacaq.
Qanun layihəsi səsə
qoyularaq üçüncü oxunuşda qəbul edildi.
Gündəlikdəki “Hüquqi şəxslərin
dövlət qeydiyyatı və dövlət reyestri
haqqında”, “Azərbaycan Respublikasının Korrupsiyaya
qarşı mübarizə üzrə Komissiyası
haqqında Əsasnamə”də dəyişikliklər edilməsi
barədə, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin
və ya digər əmlakın leqallaşdırılmasına
və terrorçuluğun maliyyələşdirilməsinə
qarşı mübarizə haqqında” və “Qiymətli
kağızlar bazarı haqqında” qanunda dəyişiklik
edilməsi barədə qanun layihələri ilə
bağlı parlamentin Hüquq siyasəti və dövlət
quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat
verdi. Bildirdi ki, dəyişikliklər ölkədə
korrupsiyaya qarşı mübarizənin daha da gücləndirilməsi
məqsədi daşıyır. Eyni zamanda
Korrupsiyaya qarşı mübarizə üzrə
Komissiyanın səlahiyyətləri genişləndirilir.
Dəyişikliklər
ayrı-ayrılıqda səsə qoyularaq qəbul edildi.
İclasda “Ətraf mühitin
mühafizəsi haqqında”, “Geodeziya və kartoqrafiya
haqqında”, “Hidrometeorologiya fəaliyyəti haqqında”,
“Enerji resurslarından istifadə haqqında”, “İstehsalat və
məişət tullantıları haqqında”, “Qaz təchizatı
haqqında”, Şəhərsalma və Tikinti Məcəlləsində
dəyişikliklər edilməsi haqqında, İnzibati Xətalar
Məcəlləsində dəyişikliklər edilməsi
haqqında, “Xidməti və mülki silah haqqında”,
“Yanğın təhlükəsizliyi haqqında” qanunda dəyişikliklər
edilməsi barədə qanun layihələrinə texniki
düzəlişlər edildi. Deputatlar həmçinin “Dərman
vasitələri haqqında”, “Fitosanitar nəzarəti
haqqında”, “Ekoloji təmiz kənd təsərrüfatı
haqqında”, “Çayçılıq haqqında”,
“Üzümçülük və şərabçılıq
haqqında”, “Taxıl haqqında”, “Yeyinti məhsulları
haqqında”, “Toxumçuluq haqqında”, “Telekommunikasiya
haqqında”, “Avtomobil yolları
haqqında”, “Texniki təhlükəsizlik haqqında”,
“İstehlakçıların hüquqlarının müdafiəsi
haqqında”, “Standartlaşma haqqında” qanunlarda dəyişikliklər
edilməsi barədə sənədlərə müsbət
münasibət bildirdilər.
Parlamentin Hüquq siyasəti və
dövlət quruculuğu komitəsinin sədri Əli
Hüseynli bildirdi ki, gündəlikdəki “Qiymətli metallar
və qiymətli daşlar haqqında”, “Dövlət rüsumu
haqqında”, “Reklam haqqında”, “Turizm haqqında” qanunlarda dəyişikliklər
“Uyğunluğun qiymətləndirilməsi sahəsində
akkreditasiya haqqında” qanuna uyğunlaşdırmaq məqsədi
daşıyır. Sənədlər
ayrı-ayrılıqda səsə qoyularaq qəbul edildi.
Gündəlikdəki Vergi Məcəlləsində
dəyişikliklər edilməsi haqqında və “Hüquqi
şəxslərin dövlət qeydiyyatı və dövlət
reyestri haqqında” qanunda dəyişikliklər edilməsi barədə
qanun layihələri barədə parlamentin İqtisadi siyasət,
sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə
məlumat verdi. Bildirdi ki, hər
iki qanun layihəsi “Publik hüquqi şəxslər
haqqında” qanunun tətbiqi ilə əlaqədar
hazırlanıb. Hər iki sənəd səsə
qoyularaq qəbul edildi.
İclasda parlamentin Hüquq
siyasəti və dövlət quruculuğu komitəsi və
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə
mübarizə komitəsinin üzvü Vüsal Hüseynovun
Azərbaycan-Cibuti parlamentlərarası əlaqələr
üzrə işçi qrupunun rəhbəri təyin edilməsi
ilə bağlı Milli Məclisin qərarı da təsdiqləndi
(qərar qəzetimizin bugünkü sayında dərc edilib).
Gündəliyin sonuncu məsələsi
- “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması
haqqında” qanun layihəsi barədə parlamentin Əmək
və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli
məlumat verdi. Bildirdi ki, 10 ilə
yaxındır üzərində iş gedən, 3 fəsil, 17
maddədən ibarət olan qanun layihəsi əhalinin
sağlamlığının qorunmasının, sağlam həyat
tərzinin təbliğinin, uşaqların və gənclərin
sağlam böyüməsi və inkişafı, zərərli
vərdişlərə aludəçiliyin
profilaktikasının, tütün məmulatlarının
istifadəsinin və tütün tüstüsünün ətraf
mühitə ziyanlı təsirlərinin
azaldılmasının hüquqi əsaslarını müəyyən
edir.
Qanun layihəsinə əsasən, səhiyyə,
elm və təhsil müəssisələrində, muzeylərdə,
kitabxanalarda, kinoteatr, teatr, sirk binalarında, sərgi və
nümayiş salonlarında, idman yarışları, konsert və
digər kütləvi tədbirlər keçirilən
zallarda, ticarət, məişət və sosial xidmət
obyektlərində, hava və dəniz (çay)
limanlarının inzibati binalarında, dəmir yolu vağzallarında,
avtovağzallarda (avtostansiyalarda) və avtobusun dayanacaq məntəqələrində,
beynəlxalq və ölkədaxili sərnişin
daşınmasında, sərnişindaşınmaları
üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı
vasitələrində və taksi minik avtomobillərində,
çoxmənzilli binaların liftlərində və ümumi
istifadə otaqlarında, uşaq meydançalarında,
çimərlik əraziləri hüdudlarında və digər
yerlərdə tütün çəkilməsinə icazə
verilməyəcək.
Bundan başqa, təhsil və tərbiyə
müəssisələrində, habelə onların ərazilərində,
səhiyyə, reabilitasiya və sanatoriya-kurort müəssisələrində,
onların ərazilərində, mülkiyyət növündən
və təşkilati-hüquqi formasından asılı
olmayaraq bütün müəssisə, idarə və təşkilatlarda,
iş yerlərində, idman yarışları və başqa
kütləvi tədbirlərin keçirildiyi zallarda,
restoranlar, kafelər, barlar daxil olmaqla ictimai iaşə obyektlərində
(açıq məkanlar istisna olmaqla), ticarət və məişət
obyektlərində, sosial xidmət müəssisələrində,
mehmanxanalarda, teatr və kinoteatrlarda, sərgilərdə, oxu
zallarında, kitabxanalarda, muzeylərdə, habelə digər mədəniyyət
obyektlərində tütündən istifadə qadağan ediləcək,
eyni zamanda, yerüstü və yeraltı piyada keçidlərində,
müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası
(rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət
edən avtobuslarda və taksilərdə, metropoliten
stansiyalarının vestibüllərində, keçidlərində
və platformalarında, vaqonlarda bu qadağa keçərli
olacaq.
Qanun layihəsinin təqdimatından
sonra müzakirələr başlandı. Deputatlardan İlham
Əliyev, Tahir Kərimli, Musa Quliyev, Tahir Rzayev, Rüfət
Quliyev, Hikmət Məmmədov, Qənirə Paşayeva və
Sona Əliyeva çıxış edərək bildirdilər
ki, sənədin qəbulu
tütün tüstüsünün ətraf mühitə
ziyanlı təsirinin azalması ilə yanaşı, əhalinin
sağlamlığının qorunmasına xidmət edəcək.
Deputatlar qanun layihəsinin çox vacib bir sənəd
olduğunu qeyd edərək müsbət münasibət
bildirdilər. Yeni qanun layihəsi səsə
qoyularaq birinci oxunuşda qəbul olundu və bununla da Milli Məclisin
plenar iclası başa çatdı.
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.- 2017.-15 aprel.- S. 2.