Kamal Abdullayev: Azərbaycan dövləti vətəndaşlarının
dini etiqad azadlığının təmin olunması
üçün bütün lazımi addımları atır
Yasamal rayonu, Abdulla Şaiq küçəsi, 79 ünvanında yerləşən Hacı Cavad məscidinin sökülməsi ilə bağlı yaranmış vəziyyətlə əlaqədar Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri akademik Kamal Abdullayev AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.
-Hazırda Azərbaycanda dövlət-din münasibətlərini
necə qiymətləndirirsiniz?
-Bu gün Azərbaycanda dövlət-din münasibətləri yüksək səviyyədə, harmonik şəkildə öz inkişafını sürməkdədir. Dövlət-din münasibətləri ancaq İslam dininin daşıyıcılarının dövlətlə münasibətlərini deyil, eyni zamanda, Azərbaycanda yaşayan digər konfessiyaların nümayəndələrinə də dövlətin münasibətini ehtiva edir. Həm həmin konfessiyaların dövlətlə münasibəti, həm də onların bir-birinə münasibətinə nəzər yetirdikdə biz bütün dünya üçün örnək ola biləcək bir mənzərənin şahidi oluruq. Bu, keçən il “Multikulturalizm İli”ndə də təsdiqini tapdı, bu il “İslam Həmrəyliyi İli”ndə də öz təsdiqini tapmaqdadır və bu siyasi platforma elə dərin özüllərə malikdir ki, gələcəkdə də öz təsdiqini tapacaq.
Prezident İlham Əliyev bu münasibətlərə həssaslıqla yanaşır və böyük önəm verir. Buna görə də qəti əminliklə söyləmək olar ki, Azərbaycanda dövlət-din münasibətləri öz həmahəng bütövlüyünü əldə edib.
Bu gün dini etiqad azadlığının təmin olunması, dini fəaliyyət sahəsində sabitliyin qorunması Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yüksək diqqət və qayğısı ilə əhatə olunmuş bu siyasət hazırda uğurla davam etdirilir və gələcəkdə də davam etdiriləcək.
-Bəzi radikal qüvvələr Azərbaycanda dindar vətəndaşların
hüquqlarının pozulması, həbs olunması ilə
bağlı iddialar səsləndirirlər. Bu məsələyə
münasibət bildirməyinizi xahiş edirik.
-Ölkənin dindar vətəndaşların hüquqlarının pozulması və həbs olunması ilə bağlı səslənən fikirlərə əlbəttə ki, münasibət birmənalıdır. Əslində həbs olunanların hamısı müəyyən mənada din daşıyıcılarıdır. Biz axı onları dindarlara, ateistlərə bölmürük. Ona görə də etdiyi cinayətə, törətdiyi qanunsuz əmələ uyğun olaraq əgər insan həbs edilirsə, onun hansı dinin daşıyıcısı olması, əlbəttə, nəzərə alınmır. Dindar şəxs, həqiqətən də qəlbində Allah sevgisi olan şəxs, ümumiyyətlə, cinayət törətməz, nə edərsə, insanlıq naminə edər və öz dövlətinə asi olmaq fikrindən son dərəcə uzaq olar.
Dövlət ölkə vətəndaşlarının dini etiqad azadlığının təmin olunması üçün bütün lazımi addımları atır. Azərbaycanın bu istiqamətdə gördüyü işlər, həyata keçirdiyi tədbirlər dünya dövlətləri tərəfindən bəyənilir və təqdir edilir. Bu gün Azərbaycan dünyanın əsas tolerantlıq və multikulturalizm mərkəzlərindən birinə çevrilib. Bu gün dünyanın bir çox ölkələrində multikulturalizm iflasa uğradığı halda, ölkəmizdə bu sahədə ciddi inkişaf gedir. Bunu bir çox xarici ölkələrin dini liderləri və din xadimləri də öz çıxışlarında dəfələrlə təsdiq ediblər. Qətiyyətlə demək olar ki, dinə münasibətinə görə yox, törətdiyi cinayətə görə ölkədə həbs edilmiş adamlar var. Onların içərisində əfv edilənlər də var. Amma dövlətə, cəmiyyətə, xalqa, bayrağa qarşı günah işləmiş adamları dövlət əfv edirsə, Allah əfvini vermir. Bu məqamı da unutmaq olmaz.
-Bildiyimiz kimi, Azərbaycan
Prezidenti İlham Əliyev Yasamal rayonu, Abdulla Şaiq
küçəsi, 79 ünvanında yerləşən
Hacı Cavad məscidinin sökülməsi işinin
dayandırılması və bunun ətrafında yaranan vəziyyəti
araşdırmaq üçün komissiya yaradılması ilə
bağlı tapşırıq verib. Bu məsələ ilə bağlı fikrinizi öyrənmək
istərdik.
-Bəli, belə bir komissiya yaradılması barədə Azərbaycan Prezidenti İlham Əliyevin qəti qərarı var. Çünki məsələni tam aydınlaşdırmaq lazımdır. Söhbət ondan gedir ki, bu məscidin sökülməsi, yaxud yerinin dəyişdirilməsi ilə razılaşamayıb bunu əlində bayraq edənlər, əslində, məscid davası, din davası etmirlər. Onlar, əslində, öz mənafelərinin, öz ambisiyalarının, iddialarının davasını aparırlar və bütün bu zahirən məscidlə bağlı söylənən o iddiaların arxasında son dərəcə bəsit, son dərəcə gərəksiz, mənəviyyatdan uzaq iddialar durur. Əslində dövlətin dinə olan münasibəti özünü onda göstərir ki, Azərbaycanda müstəqillik dövründən sonra 2 mindən çox məsciddə müsəlmanlar namaz qılır, mənəvi ehtiyaclarını həyata keçirirlər. Sovet dövründə bu, belə deyildi, o zaman əlbəttə ki, bu cür “təəssübkeşlər” ortaya çıxmırdı. Çünki sovet rejiminin ağır, kəsən bir qolu vardı. Bu gün isə müstəqil Azərbaycan dövlətinin həddən artıq mülayim siyasəti və həddindən artıq öz vətəndaşına qayğıkeşliyinin nəticəsində bəzən görürsən ki, din pərdəsi altında müəyyən qüvvələr öz həqiqi simalarını göstərməyə çalışırlar və dövlətlə mömin bəndə arasında münasibətin gərginləşməsinə səbəb olurlar. Amma Azərbaycan dindarı mömin bəndədir, haqqın və nahaqqın yerini yaxşı bilir.
Qafqaz Müsəlmanları İdarəsinin qoyduğu qaydalardan kənarda fəaliyyət göstərən bu tikilinin əvəzinə, dindarlara daha böyük, geniş, gözəl Təzəpir məscidi təklif edilir. Bizim dindarların ixtiyarında Heydər Məscidi, Bibiheybət, Əjdərbəy və digər gözəl məscidlərimiz var.
Faktiki olaraq dində də belə bir şey var ki, sən namaz qılmaq, öz mənəvi ehtiyacını yerinə yetirmək üçün müəyyən dərəcədə, hətta bir az əzab-əziyyət də çəksən bu, savab sayılar. Buna görə də 5 addım o biri tərədə gedib öz dini ehtiyacını yerinə yetirmək həmin mömin bəndənin niyyət nəcibliyini gözəl şəkildə sübut edər. Məsələnin mahiyyəti bundan ibarətdir.
Digər tərəfdən, bu məsələni belə bir şəkildə şişirdəndə niyə unudurlar ki, Qarabağda sökülən məscidlərimiz, xaraba qoyulan ziyarətgahlarımız var. Maraqlıdır, hər fikri bir ölkədən gələn, Azərbaycanı qarışdırmaq istəyən bu dairələr niyə onların təəssübünü çəkmirlər?! Prezident İlham Əliyevin təşəbbüsü ilə Cocuq Mərcanlıda tikiləcək məscid onları niyə maraqlandırmır?!
Azərbaycan xalqı müdrik xalqdır. Azərbaycan möminləri müdrikdirlər, onlar öz dövlətlərinə inanırlar. Dövlət onların mənafelərini qorumağa həmişə hazır olub və bu gün də hazırdır. Ona görə də mən güman edirəm ki, məscidlə bağlı bu anlaşılmazlıq tezliklə aradan qalxacaq.
Dövlət din sahəsinə daim qayğı göstərib və daim də göstərəcək. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə yaradılan komissiya vəziyyəti tam öyrənib, müvafiq məsləhətləşmələr aparıb dövlətimizin başçısına ətraflı məlumat verəcək.
Burada onu da qeyd etmək istərdim ki, bütün dinlər, o cümlədən İslam dini öz ardıcıllarını dövlət qanunlarına tabe olmağa çağırır. Hər bir ölkə vətəndaşının, o cümlədən dindarların başlıca vəzifəsi dövlətə tabe olmaqdır. Dövlətə, onun siyasətinə qarşı çıxmaq dinə qarşı çıxmaq kimi günah sayılır.
-Təbiidir ki, Bakı şəhərinin baş
planına uyğun olaraq Hacı Cavad məscidinin yerləşdiyi
ərazidə yaşayış binaları, tikililər,
hamamlar söküldü, əvəzində orada daha
yaxşı abadlıq işləri aparılmaqdadır. Belə bir məqamda tarixi əhəmiyyəti olmayan
bir məscidin sökülməsinə etiraz etmək və bu
etiraza təkcə oranın əvvəlki sakinlərinin deyil,
kənar qüvvələrin də qoşulması,
sözügedən məscid ətrafında gərginliyin hiss
olunacaq şəkildə süni təşkil olunması məsələsinə
fikriniz necədir?
-Bəli, bilirsiniz ki, Bakı genişlənir, böyüyür, gözəlləşir. Bu gün gözəlləşən təkcə Bakının evləri, küçələri, meydanları deyil. Bu gün Azərbaycan insanı, o cümlədən Azərbaycanın mömin insanı daxilən dəyişir və bu dəyişilmənin ən gözəl nümunəsi bu insanların dövlətə, xalqa, millətə münasibətində özünü göstərir. Onlar bu gün ictimai mənafeni öz şəxsi mənafelərindən üstün görürlər, bayrağı, Prezidenti, ölkəsi, torpağı üçün canlarını belə əsirgəmirlər. Bu gün biz Azərbaycançılıq ideyasının təntənəsini yaşayırıq. Bu halda hansısa bir məscid kimi fəaliyyət göstərən tikilinin yerinə daha gözəlinin, daha yaxşısının təklif edilməsi, belə güman edirəm ki, bu istiqamətdə gərginlik yaratmaq istəyənlərin cəhdini boşa çıxaracaq. Sözügedən məscid ətrafında yaradılan bu gərginliyin süni olduğunu əsl dindarlar çox yaxşı başa düşürlər.
-Həmin ərazidə bir neçə məscidin
olmasına baxmayaraq, bir qrup dindar şəxsin məhz həmin
məsciddə namaz qılmaqda israr etməsi sizcə nə ilə
əlaqədardır?
-Doğrudur, həmin ərazidə bir çox ibadət evləri, o cümlədən Təzəpir, İmam Hüseyn, Qasım bəy, Hacı Sultanəli və Xanım Zəhra məscidləri də fəaliyyət göstərir. Həmin məscidlər dini ayin və mərasimlərin icrası üçün yetərlidir. Hətta həmin məscidlərin bir qismində namaz vaxtı çox az insan olur. Nə üçün həmin insanlar ətrafdakı məscidlərdə yox, məhz həmin məscidə namaz qılmaqda həvəsli və maraqlıdırlar? Bu israr özü müəyyən suallar yaradır. Demək, burada əsas məqsəd dini durumun sabitliyini pozmaq, süni gərginlik yaratmaqdır. Deməli, söhbət şəxsi mənafedən, bir adamın əlindən dini tribunanın alınmasından gedir.
Həmin ərazidə bir neçə məscidin olmasına baxmayaraq, dindarların müəyyən şəxsin iddiasına uyğun olaraq məhz həmin məsciddə namaz qılmaq üçün israr etməsi müəyyən düşüncələrə gətirib çıxarır. Sualın özündə elə bunun cavabı da gizlənib. Əlbəttə ki, bu, qəribə və məntiqə uymayan bir haldır. Dövlət sənə haranı göstərər, harada imkan yaradar, orada da sən öz mənəvi, dini ehtiyacını yerinə yetirərsən. Azərbaycan dövləti dünyəvi dövlətdir, onun dinə münasibəti bu gün bütün dünyada bir örnək modeldir. Ona görə də məscidin harada olmasının, necə olmasının heç bir əhəmiyyəti yoxdur. İlk növbədə dindar adamlar üçün.
Xarici ölkələrdə,
hətta ən qatı müsəlman ölkələrində
dəfələrlə şahid olmuşuq ki, dünən də,
bu gün də nə qədər məscidlər, ziyarətgahlar,
müqəddəs məkanlar sökülüb, yerləri dəyişdirilib,
üstündən yollar çəkilib. Heç zaman camaat onu belə
gərgin bir ictimai etirazla qarşılamayıb. İki-üç
nəfərin bu şəkildə insanları
qızışdırmaq, onları həyəcana gətirmək
istəyi əlbəttə ki, bütövlükdə
hamımızın vətəni olan Azərbaycana qarşı
yönəlmiş bir zərbədir və dövlət də
buna öz adekvat cavabını hökmən verəcək.
Burada kənar amillərin təsiri
özünü açıq göstərir. Məlumdur ki,
bəzi xarici dairələr ölkədə dini durumu gərginləşdirməkdə
maraqlıdırlar. Bu ilin Azərbaycanda “İslam Həmrəyliyi
İli” elan olunması, İslam Həmrəyliyi
Oyunlarının ölkəmizdə keçirilməsi,
görünür, bəzi daxili və xarici dairələri
narahat edir. Çünki bütün bunlar
öz mahiyyətində həm islamdaxili harmoniya, həm də
İslamla digər konfessiyalar arasında harmoniyanı nəzərdə
tutur. Bu, eyni zamanda, radikal qüvvələrin
əzələ nümayiş etdirməsi, mənəm-mənəmlik
cəhdi təsiri bağışlayır. Azərbaycan dövləti daim bu kimi cəhdlərin
qarşısını cəsarətlə və qətiyyətlə
alıb və bundan sonra da alacaq.
-Çıxışlarınızda
dəfələrlə vurğulamısınız ki, ölkəmizdə
fəaliyyətdə olan məscidlərin sayı 2 mindən
çoxdur, onların əksəriyyəti gözəl
memarlığı və rahatlığı ilə göz
oxşayır. Bilmək istərdik ki, bu məscidlər Azərbaycandakı
inanclı insanların ibadətlərini yerinə yetirməsi
üçün kifayət edirmi?
-Əlbəttə ki, bu
gün 2 mindən çox məscid fəaliyyət göstərir. Amma o da var ki,
bir çoxu qeydiyyatdan keçməyib, bəzilərində
dini icmalar təsdiq olunmayıb. Bütün
bunlar prosesdir, bir gün ərzində baş vermir.
Müstəqilliymiz bərpa olunan gündən bu günə qədər
proses gedir. Dövlətin müəyyən
olunmuş strategiyası artıq özünü göstərir.
Belə ki, məscidlərin tikilməsi, hər
kəndin, hətta böyük şəhərlərdə hər
məhəllənin öz məscidinin olması dövlət
strategiyasıdır.
Biz bu mənzərəni
aydın şəkildə görürük. Dövlətin
dinə münaibətinin bu şəkildə davam etməsinə
mane olmaq lazım deyil. O insanlar ki bu gün səslərini
ucaldıb, guya məscid təəssübü çəkirlər,
onlar, əslində, dövlətin dinə olan müsbət,
loyal münasibətinə zərbə endirmək istəyirlər.
Belə olan halda biz necə etməliyik ki, din
adamları dövlət qarşısında olan məsuliyyətlərini
daha yaxşı başa düşsünlər?! Əgər din adamının din qarşısında
qəbul edilən məsuliyyəti varsa, hər şeydən əvvəl
din adamının ərazisində yaşadığı, vətəndaşı
olduğu dövlət qarşısında məsuliyyəti
var. Dövlət qarşısında məsuliyyətli olmaq, sənin
öz ailən qarşısında məsuliyyətli
olmağın qədər müqəddəs və son dərəcə
şərəfli bir vəzifədir.
Əlbəttə, bu gün
də müxtəlif regionlarda məscidlərin tikilməsi ilə
bağlı müraciətlər olur. Bu müraciətlərin
subyektiv və obyektiv tərəfləri var. Onların bəziləri
yerinə yetirilə bilər, bəziləri üçün
müəyyən zaman lazımdır. Bizim
bu gün həqiqi dini kadrlara böyük ehtiyac var. Xaricdə
oxuyub gələnlərlə yanaşı, Azərbaycan bu
istiqamətdə öz potensialını da geniş şəkildə
realizə etmək niyyətindədir. Azərbaycan
Prezidenti bu istiqamətə xüsusi dəyər və önəm
verir. Bilirsiniz ki, son zamanlar Azərbaycanda
yeni mədrəsələrin açılması ilə
bağlı qərarlar var və bunlar həyata keçirilir.
Bütün bunlar dövlətin dinə
münasibətidir. Bu cür
çıxışlar ki, həmin o balaca bir tikili ətrafında
aparılır, onlar ancaq və ancaq dövlətin dinə
münasibətində təhriketmə niyyəti
daşıyır ki, bu münasibət kəskin olsun. Amma dövlət heç zaman bu təxribatlara getməyəcək.
Çünki onun öz strategiyası var, o,
öz strategiyasına sadiqdir və dövlət öz
xalqına inanır.
Onu da qeyd edim ki, bu qədər
məscidin ölkədə olması dindarların dini və mərasimləri
sərbəst yerinə yetirmək üçün tam yetərlidir. Buraya yeni
inşa olunacaq məscidləri də əlavə etsək, məscidlərin
sayı və dini ayinləri sərbəst yerinə yetirmək
baxımından ölkəmizdə heç bir problemin
olmadığını söyləyə bilərik.
Bir daha təkrar edim ki,
işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
göstərişi ilə məscidin inşasına
başlanılıb. Bu, bir daha Azərbaycan dövlətinin din
sahəsinə, yeni məscidlərin inşasına, dini ibadət
yerlərinin təmir və bərpasına verdiyi önəm və
diqqətin göstəricisidir. Ölkəmizdə
məscidlərin sayı artır və gələcəkdə
də artacaq. Məscid Allahın evidir və
Allah evinə hər cəhətdən layiq olmalıdır,
daxili məzmunu ilə də, xarici görünüşü
ilə də.
-Ümumiyyətlə,
ibadət evinin yerinin dəyişdirilməsi, onun digər yerə
köçürülməsi məsələsinə necə
baxırsınız? Bu məsələyə
dinin münasibətilə bağlı nə deyə bilərsiniz?
-Ümumiyyətlə, ibadət evinin
yerinin dəyişdirilməsi məsələsinə normal
baxmaq olar. Bu, çox formal bir məsələdir,
həyatın tələbidir, inkişafla bağlıdır.
Din tarixində belə hallara rast gəlirik. Əgər
ibadət evi qədim zamanlara aid, xüsusi bir tikili olarsa, o
tikilidə dini dəyərlər tarixi və mədəni dəyərlərlə
çulğalaşırsa, bunlar vahid bir monumental abidə kimi
ortaya çıxırsa, bu, başqa məsələdir.
Əlbəttə ki, bu zaman onun yerinin dəyişdirilməsinə
yol vermək olmaz. Amma tutalım ki, hər
hansı bir tikilidə sən namazını qılırsan və
sonra da başqa yerdə qılacağın deyilirsə, burada
məsələnin mahiyyəti namaz qılmaqdırsa, onun
harada qılınmasının bir müsəlman
üçün heç bir fərqi yoxdur. Bu məqamda aranı qızışdıranlar yəqin
ki, bunu bilirlər. Bunu insanların da bilməsi
vacibdir. Mən inanıram ki, Azərbaycan
dindarı heç bir kənar təsirə uymadan dinlə
bağlı bütün məsələlərdə dövlətin
dinə olan münasibətini dərk edərək həmişə
Azərbaycan dövlətinin adının da,
başının da uca olması üçün əlindən
gələni edəcək.
Onu da qeyd edim ki, ibadət evlərinin
sökülməsi ilə bağlı faktlara hətta peyğəmbər
dövründə də rast gəlmək mümkündür. İslam
tarixində bu kimi hadisələr çox baş verib. Hətta Məkkə və Mədinədəki məscidlərdə
dəfələrlə təmir və bərpa işləri
aparılıb, məscidlərin əraziləri daha da
genişləndirilib və hər zaman dindarlar bu məsələni
anlayışla qarşılayıblar. Din zərurət
yarandığı təqdirdə hansısa ibadət evinin
yerinin dəyişdirilməsinə və başqa yerə
köçürülməsinə qadağa qoymur.
-Ümumiyyətlə,
dünya təcrübəsində dövlət maraqları
naminə hansısa dini ibadət yerinin sökülməsi təcrübəsi
varmı?
-Dünya təcrübəsində
dövlət maraqları naminə hansısa dini ibadət
yerinin sökülməsi təcrübəsi var. Burada söhbət
təkcə dövlət maraqlarından getmir, söhbət vətəndaşın
rahatlğından, marağından gedir, şəhərin
ümumi planlaşdırılmasından gedir. Əgər
ehtiyac olarsa, burada din xadimləri dövlətin bu istiqamətdə
gördüyü işlər haqda öz sözlərini də
deməlidirlər.
Bu, dünyada qəbul
edilmiş bir təcrübədir və dindarlar tərəfindən
də çox normal qarşılanır. Bu gün
dünya sürətlə inkişaf edir, yeni şəhərlər
və qəsəbələr salınır, dünya əhalisinin
sayı sürətlə artır. Kiçik
ibadət evləri sökülərək yerində yeniləri
inşa olunur. Bir çox müsəlman
ölkələrində bu cür bir çox fakt mövcuddur.
Hansısa bir yolun çəkilməsi
üçün ibadət evinin sökülməsi və
yerinin dəyişdirlməsi dindarlar tərəfindən də
normal qəbul olunur.
-Ötən ilin
ölkəmizdə “Multikulturalizm İli”, bu ilin isə
“İslam Həmrəyliyi İli” elan olunması dövlətimizin
bu sahəyə yüksək diqqət və
qayğısının göstəricisi deyilmi?
-Ümumilikdə, bir təqvim ilini ölkəsində “İslam Həmrəyliyi İli” elan edən Azərbaycan Prezidentinin dinə münasibəti ilə bağlı əlavə izahata heç bir ehtiyac yoxdur. Azərbaycan kimi bir ölkədə “İslam Həmrəyliyi İli” elan edilir. Bundan əvvəl “Multikulturalizm İli” idi. Bunun özü də dinlərin bir-birinə münasibətinin üzərində qurulub. Biz artıq bütün dünyada özümüzü təsdiq etmiş tolerant və multikultural bir ölkəyik. Mən inanıram ki, “İslam Həmrəyliyi İli”ni Azərbaycan öz dövlətçilik ənənələrinə, öz siyasi strategiyasına uyğun olaraq elə quracaq ki, xalq, dindar təbəqə, müxtəlif ictimai qruplar, konfessiyalar, dilindən, dinindən, millətindən asılı olmayaraq, bütün azərbaycanlılar “İslam Həmrəyliyi İli”nin təntənə ilə başa çatmasının şahidi olacaqlar. Amma “İslam Həmrəyliyi İli” təqvim ili sona çatanda başa çatmayacaq. O insanların qəlbində elə bir şölə, elə bir işıq yandıracaq ki, o biri illərə də onun təsiri olsun. Bax, biz bu ideallarla yaşayırıq. Bütövlükdə dövlətin dinə münasibəti, dindarlara, məscidə münasibəti bundan ibarətdir. Bunun üzərindən hansısa bir məsələnin şişirdilməsi, insanların dövlətə qarşı qıcıqlandırılması, qaldırılması cəhdlərinə dövlət birmənalı şəkildə öz şiddətli cavabını verəcək. Azərbaycan dövləti bu gün bütün dünyada öz səsi, öz sözü və cəsarəti ilə tanınır. Bu amillər ulu öndər Heydər Əliyevdən bu günə yadigar qalıb və Azərbaycan Prezidenti tərəfindən də ləyaqətlə həyata keçirilir. Heç bir xarici qüvvə, daxildən onu laxlatmaq istəyən heç bir mənfur qrup dövləti öz yolundan döndərə bilməz. Dövlətin dinə olan loyal münasibəti sabit və birmənalıdır.
Hazırda bütün
dövlət qurumları “İslam Həmrəyliyi İli”nin
uğurla başa çatdırılması üçün
lazımi addımları atır. Artıq hər gün
ölkənin müxtəlif bölgələrində bu
istiqamətdə bir çox tədbirlər keçirilir. Azərbaycan
xalqı, dövləti “Multikulturalizm İli”ndə olduğu
kimi, “İslam Həmrəyliyi İli”ndə də
qarşıda duran bütün məqsədlərə nail
olacaq.
Azərbaycan.-
2017.-15 aprel.- S.5.