Nurlu ömrün işığı

 

Elm xadimləri

 

Yaddaşlarda yaşamaq əbədi ömür qazanmaqdır. Unudulmayanlar, hər zaman xatırlananlar daim bizimlədir. Bu insanlara ölməzlik qazandıran onların nəcib niyyəti, xeyirxah əməlləri, vətən naminə gördükləri böyük işlərdir. Yalnız belə işıqlı simaların adları bəşər tarixinə qızıl hərflərlə yazılır. İmzası, dəst-xətti ilə seçilən belə uca şəxsiyyətlərdən biri - XX əsrin ikinci yarısında fəaliyyət göstərən dünya şöhrətli alim, bacarıqlı həkim, gözəl insan,  nur çöhrəli Zərifə Əziz qızı Əliyevanın adı da əbədiyyət ünvanında həmişəlik qərar tutub. Qəlbi vətən sevgisi ilə döyünən, xeyirxah işləri ilə xalqının adını yüksəklərə qaldıran, xəstələrə şəfqət paylayan, insanları ağır epidemiyalardan, peşə xəstəliklərindən mühafizə edib qoruyan, həkim-oftalmoloq kimi doğma Azərbaycanın hüdudlarından kənarda da tanınan, sevilən Zərifə xanım həyatın sınaqlarından, elmin çətin yollarından keçərək şərəfli bir ömür yaşamağın nümunəsinə çevrilib.

Böyük filosoflar əsrlər boyu şəxsiyyət amilini araşdırarkən son nəticədə bu qənaətə gəliblər ki, onun yetişməsində başlıca şərt məhz formalaşdığı mühitdir. Zərifə xanım Əliyeva 1923-cü il aprelin 28-də Azərbaycanın Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində - görkəmli dövlət və elm xadimi, bütün bilik və bacarığını xalqa xidmətə sərf etmiş tibb elmləri doktoru Əziz Əliyevin ailəsində dünyaya göz açmışdı. Cəmiyyət üçün layiqli insan kimi yetişməsində, peşə seçiminin düzgün müəyyənləşməsində boya-başa çatdığı ziyalı mühitinin təsiri böyük idi. Zərifə xanım orta məktəb illərindən tibb sahəsinə maraq göstərərək insanların gözünə nur vermək kimi müqəddəs bir yol seçmişdi. Oftalmologiya ixtisasına bağlılığı həm də onun daxilindən, mənəvi dünyasından, insanlara həssas münasibətindən  irəli gəlirdi. Sonralar peşəsində qazandığı uğurlar da məhz bu keyfiyyətləri ilə bağlı idi. Xəstələrini doğmalarından ayırmır, insanları zülmətdən qurtarmaq, onların gözlərini nura boyamaq üçün əlindən gələni əsirgəmirdi. İstedad, zəhmət və ağılla qazanılan uğur illər keçdikcə zənginləşir və ondan bütün cəmiyyətə pay düşür. Zərifə xanım Əliyeva da həyat uğurlarına bu keyfiyyətləri sayəsində nail olmuşdur.

1976-cı ildə akademik Zərifə Əliyeva Q.Helmqolts adına Moskva Dövlət Göz Xəstəlikləri İnstitutunda “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda doktorluq dissertasiyası müdafiə edirdi. O zaman mən ulu öndər Heydər Əliyevin gənclərin təhsilinə göstərdiyi qayğıdan  bəhrələnərək SSRİ Tibb Elmləri Akademiyasının Ümumittifaq Onkoloji Elmi Mərkəzinin aspiranturasında təhsil alırdım. Namizədlik dissertasiyası müdafiə etməyə hazırlaşırdım. Bizimlə birlikdə hazırda Milli Onkologiya Mərkəzinin Baş direktoru, akademik Cəmil Əziz oğlu Əliyev də aspiranturada təhsil alırdı, bir-birimizlə sıx  əlaqə  saxlayırdıq. Həmin dövrdə Zərifə xanımın vətəndən uzaqlarda çox dəyərli bir mövzuda doktorluq dissertasiyası müdafiə etməsi Moskvada tibb elmi sahəsində çalışan bütün azərbaycanlı həkimləri, elmi işçiləri ürəkdən sevindirirdi. Onun müdafiə zamanı etdiyi parlaq çıxışı, opponentlərin və iştirakçıların suallarına verdiyi məntiqli, dolğun cavabları Rusiyanın paytaxtında oftalmologiya sahəsinin beynəlxalq aləmdə tanınan alimlərini də məftun etmişdi. Oftalmologiya üzrə keçmiş Sovetlər İttifaqı məkanından kənar ölkələrdə də böyük nüfuz sahibi olan rus alimlərindən Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun direktoru K.V.Trutneva, Rusiya Tibb Elmləri Akademiyasının həqiqi üzvü, Piroqov adına II Moskva  Dövlət Tibb İnstitutunun Göz xəstəlikləri kafedrasının müdiri, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı A.R.Nesterov, Oftalmologiya və Radiologiya Mərkəzinin rəhbəri, Dövlət mükafatı laureatı, professor A.F.Brovkina və başqaları Zərifə Əliyevanın doktorluq dissertasiyası işinin nəticələrini yüksək qiymətləndirərək bu əsərin dünya oftalmologiya elmində yeni yollar, istiqamətlər açdığını, böyük ideyalara başlanğıc verdiyini, yeni ruhlu və düşüncəli həkim-oftalmoloqların yetişəcəyinə zəmin yaratdığını məmnunluq hissi ilə qeyd etmişdilər. Bu, Zərifə Əliyevanın simasında Azərbaycan oftalmologiya elminə verilən yüksək qiymət idi. Böyük alimin elmin çətin yollarından məharətlə keçərək dünya şöhrəti qazanması biz gənclərə örnək oldu. Zərifə xanımın elmi-tədqiqat işlərinin Moskva alimlərinin təsəvvüründə yaratdığı müsbət rezonans Azərbaycan elminin SSRİ dövründəki inkişafının dayaq nöqtəsinə çevrildi. Xüsusilə də biz gənclər üçün vətəndən uzaqlarda bu, olduqca vacib və zəruri idi, bizə stimul verirdi. Görkəmli alimin elmi məktəbi azərbaycanlı gənclərin hər birinin elmi çalışmalarında əvəzsiz rol oynayırdı. Hamı bu məktəbdən mənəvi qida alırdı. Hadisələrin təhlili göstərirdi ki, Zərifə xanım ilk növbədə dövrün, zamanın nəbzini tutmağı bacarıb, millətinin sağlamlığının qorunması kimi qlobal məsələləri ön plana çəkib. Yeni mövzu götürərkən bunu dissertasiya müdafiə etmək xatirinə yerinə yetirməyib. Elmin yollarında yüksələn xətlə inamla irəliləyib. Alimin bütün elmi-tədqiqat işlərinin bünövrəsində millilik və xəlqilik, vətənpərvərlik və insansevərlik dayanırdı. Böyük alim milli dəyərlərə, milli münasibətlərə, sosial ehtiyaclara söykənərək insanlara bu sahələrdə daha çox lazım olan istiqamətləri seçib və həmin istiqamətlərdə elmi-tədqiqat işləri aparıb. Onun işlədiyi mövzuların məğzində həm də dövlət əhəmiyyətli məsələlər dururdu.

Zərifə Əliyevanı 1940-1950-ci illərdə düşündürən ən mühüm problemlərdən biri Azərbaycanda traxoma xəstəliyinin yayılmasının qarşısının alınması, müalicəsi üsullarının işlənib hazırlanması idi. Ciddi təhlükə törədən bu qlobal məsələ Zərifə xanımı rahat buraxmırdı. Ona bəlli idi ki, 1941-1945-ci illər müharibəsindən əvvəl Azərbaycanda tüğyan edən traxoma xəstəliyinin qarşısını almaq üçün təşkil edilmiş xüsusi səhiyyə işçiləri komissiyasına atası Əziz Əliyev rəhbərlik etmişdi. Doğrudur, o vaxtlar bu komissiya çox fədakar işlər aparmış və Azərbaycanda traxoma epidemiyasının yayılmasının qarşısı alınmışdı. Lakin İkinci Dünya müharibəsindən sonrakı illərdə bu xəstəlik Azərbaycanda yenidən baş qaldırdı, ağır fəsadlar törədərək insanlarda görmə qabiliyyətindən məhrumluğa, əmək qabiliyyətinin itirilməsinə, gözdən əlillərin sayının kütləvi surətdə artmasına səbəb oldu. Həkimlərin qarşısında sosial dillema kimi dayanan bu problem gənc alimi ciddi narahat edirdi. O, belə patologiyalardan əzab çəkənlərə ixtisaslaşmış həkim yardımı göstərmək məqsədilə bütün imkanlarını səfərbər edərək bu işin icrasına başladı.

Bacarıqlı həkimin daxili aləmində bir xeyirxahlıq çələngi var idi. Belə ağır problemin həllinə çalışmaq da onun xeyirxahlığından, vətənpərvərliyindən irəli gəlirdi. Zərifə xanım bununla həm də atasının bir vaxtlar başladığı xeyirxah işləri davam etdirmək istəyirdi. Ona görə də institutu bitirdikdən sonra Moskvaya gedir və orada Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə

İnstitutunda məşhur alimlərin iş təcrübəsi ilə tanış olur, praktiki vərdişlərə yiyələnir, oftalmologiya ixtisası üzrə mütəxəssis kimi təkmilləşmə hazırlığı keçir, iki ildən sonra vətənə qayıdır. 1949-cu ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi vəzifəsində çalışmağa başlayır. Bununla da gənc mütəxəssisin elmi axtarışlarının, gələcək müvəffəqiyyətlərinin bünövrəsi qoyulur. Zərifə Əliyeva fəaliyyət göstərdiyi ET Göz Xəstəlikləri İnstitutunda aspiranturaya daxil olur, elmi axtarışları dövründə özünə rahat yollar seçmir, xalqa həqiqi mənada xeyir verə biləcək ən çətin sahələrdə özünü sınamağa can atır. Nəhayət, istəyinə nail ola bilir.

İkinci Dünya müharibəsinin təzəcə başa çatdığı illərdə keçmiş SSRİ-nin bir çox regionlarında olduğu kimi, Azərbaycanda da traxoma xəstəliyinin geniş yayılma təhlükəsi yenidən baş qaldıranda ara-sıra aparılan mübarizə tədbirləri o qədər də effektli təsir göstərmirdi. Gənc alim ölkəmizi bürümüş yoluxucu göz xəstəliklərinin qarışını almaq və bu xəstəliklərin ləğvinə nail olmaq üçün yollar axtarırdı. O dövrdə, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada 400 milyona qədər insan traxoma xəstəliyinə tutulmuş, nəticədə 80 milyon insan görmə qabiliyyətini itirmişdi. Çünki bu xəstəliyin müalicəsinə güclü təsir göstərəcək dərman preparatları hələ mövcud deyildi. İkinci Dünya müharibəsindən yenicə çıxmış, iqtisadi-siyasi durumu qənaətbəxş olmayan ölkənin ümumi vəziyyətinin nikbin qiymətləndirilməsinə əsas verən stimul da yox idi. Belə problemlərlə üzləşən gənc tədqiqatçı ruhdan düşməyərək axtarışlarını davam etdirir, traxoma xəstəliyinin qarşısını almaq üçün diaqnostika, müalicə və profilaktika üsullarının kompleks şəkildə tətbiqi istiqamətində mühüm tədbirlər planı həyata keçirməyə başlayır.

Zərifə Əliyeva traxoma ilə əlaqədar ölkədəki real vəziyyəti əyani olaraq müşahidə etmək üçün Azərbaycanın bütün rayonlarına gedərək göz xəstəliklərinin regional lokallığını müəyyənləşdirir, xəstəliyin epidemioloji xüsusiyyətlərini araşdırır, məsləhətlər verir, bir sıra göz xəstəliklərinin profilaktika və müalicəsi haqqında maarifləndirici söhbətlər aparır. Alim traxomanın müalicəsində istifadə edilən mövcud kütləvi müalicə üsulları ilə yanaşı, o dövrün güclü antibiotiklərindən olan sintomitsindən istifadə ilə yeni müalicə üsulu tətbiq edib uğurlu nəticələrə nail olur. Dəyərli elmi kəşflərdən sayılan bu üsulun kompleks profilaktik tədbirlərlə birlikdə praktik səhiyyədə geniş tətbiqindən sonra traxoma xəstəliyinin müalicəsində əsaslı dönüş yaranır, xəstəliyin yayılmasının qarşısı alınır, bu da tədricən ölkə əhalisi üçün təhlükə törədən ağır infeksion xəstəliyin ləğvinə gətirib çıxarır. Beləliklə, Zərifə xanımın fədakar əməyi sayəsində yerinə yetirilən tibbi tədbirlər insanların dünya işığından məhrum qalmalarının, iş qabiliyyətini itirmələrinin, çarəsizlikdən kütləvi depressiya vəziyyətinə düşmələrinin qarşısını alır. Yalnız bundan sonra gənc alim 1959-cu ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomitsinlə müalicəsi” mövzusu üzrə namizədlik dissertasiyası müdafiə edir və tibb elmləri namizədi elmi dərəcəsinə layiq görülür. 

Apardığı elmi-tədqiqat işlərinin nəticələrinə görə görkəmli həkim daim elmi ictimaiyyətin diqqət mərkəzində olur. 1960-1967-ci illərdə Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışaraq bu sahənin inkişafına böyük töhfələr verir.

Zərifə Əliyeva ölkə əhalisi arasında göz xəstəliklərinin diaqnostikası, müalicə və profilaktikasını düzgün təşkil etməklə yanaşı, yeni laboratoriyalar yaradır, insan sağlamlığı amilini daim ön plana çəkir. Alim yalnız ölkəmizin paytaxtı Bakı şəhərində deyil, həmçinin Sumqayıt, Gəncə, Bərdə, Mingəçevir, Əli Bayramlı (indiki Şirvan), Salyan və respublikanın digər şəhər və rayonlarında zərərli iş şəraitlərinin törətdikləri göz xəstəliklərini aşkar edir, həm onların müalicəsinə, iş yerlərində mövcud olan mənfi təsirlərdən qorunmalarına, həm də əmək müəssisələrinin ekologiyasına hərtərəfli diqqət yetirir. Bu müəssisələrdə ekoloji prinsiplərə riayət edilməsi konsepsiyalarının həyata keçirilməsi yollarını göstərir. Bununla da Zərifə xanım Əliyeva peşə amillərinin törətdiyi göz xəstəliklərinin və bütövlükdə orqanizmi tam şəkildə müalicə edərkən təkcə məşhur alim-oftalmoloq kimi deyil, həmçinin bacarıqlı alim-ekoloq kimi də şöhrət qazanır. Zərifə xanım ölkəmizdə həm oftalmologiyanın peşə etiologiyalı xəstəliklərinin diaqnostika, müalicə və profilaktikasının, həm də ekoloji təmizlik ideyasının əsasını qoyur, bu ideyanın praktik səhiyyədə həyata keçirilməsinə nail olur.

Görkəmli alim yerinə yetirdiyi elmi-tədqiqat işləri ilə yanaşı, pedaqoji fəaliyyətini də yüksək səviyyədə aparırdı. O, 1967-ci ildən Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Göz xəstəlikləri kafedrasında əvvəlcə dosent, sonra professor, daha sonra həmin kafedranın müdiri vəzifəsini yüksək səviyyədə yerinə yetirərək həkimlərin diplomdansonrakı hazırlıqlarının tədris-metodiki göstərişlərə və digər tələblərə uyğun şəkildə aparılmasına əlverişli şərait yaradır. Alimin apardığı mühazirə və təcrübə məşğələlərinin əsasını tibb elmində əldə edilən yeniliklərin şərhi, praktik vərdişlərə yiyələnmənin istiqamətləri, müasir tibbi cihazların gündəlik təcrübədə tətbiqi üsullarının dərindən mənimsənilməsi və s. təşkil edirdi.

Zərifə xanım ADHTİ-də çalışarkən peşə amili etiologiyalı göz xəstəliklərinin yayılma qanunauyğunluqlarını aşkar etmək üçün Bakı Şin Zavodunda, neft-kimya və yod sənayesi müəssisələrində, Sumqayıt “Üzvi sintez” İstehsalat Birliyində,  Mingəçevir “İzolit” və rezin-texnika məmulatı zavodlarında, Gəncə Gil-torpaq  Kombinatında və digər obyektlərdə işləyənlərin görmə orqanlarına mənfi təsir göstərən amilləri, onların etio-patogenezini diqqətlə öyrənir, zərərli peşələrin törətdiyi göz xəstəliklərinin yaranma mexanizmini elmi surətdə əsaslandıraraq onların qarşısını almaq üçün əməli tədbirlər görür. Dünya şöhrətli alim bu xeyirxah işləri yerinə yetirərkən zərərli amillərin təkcə görmə orqanına deyil, bütövlükdə orqanizmə və onun ayrı-ayrı orqanlarına göstərdiyi təsirləri də mükəmməl araşdırır, profilaktik, diaqnostik və müalicəvi tədbirlərin bu istiqamətdə aparılmasına lazımi şərait yaradır.

Alimin aktual problemin həlli yollarında apardığı səmərəli işlər tezliklə öz bəhrəsini verir və o, bu mövzuda dissertasiya müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsinə layiq görülür. Doktorluq dissertasiyası müdafiəsindən bir qədər sonra Zərifə xanım ADHTİ-də müsabiqə yolu ilə professor vəzifəsinə seçilir və qısa müddətdə bu elmi adın təsdiq edilməsi onun gənc kadrların hazırlığı istiqamətində gördüyü işlərin yeni mərhələsinin başlanmasına zəmin yaradır.

1977-ci ildə Bakıda professor Zərifə Əliyevanın təşəbbüsü ilə Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin plenumu keçirilir. Bu plenum alimin daha bir müstəsna keyfiyyətinin - mükəmməl təşkilatçılıq bacarığının üzə çıxmasına imkan yaradır. Plenumun işində SSRİ-nin bütün bölgələrindən dəvət olunmuş mütəxəssis-oftalmoloq alimlərin iştirakı təmin olunur. Möhtəşəm elmi məclisdə Zərifə Əliyeva respublikada görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyasının yaradılması haqqında təklif irəli sürür və iştirakçılar yekdilliklə bu təklifi müdafiə edir. 1979-cu ildə Bakı Məişət Kondisionerləri Zavodu nəzdində Azərbaycan Elmlər Akademiyası Fiziologiya İnstitutunun “Görmə orqanının fiziologiyası və peşə patologiyası” adlı unikal bir laboratoriya yaradılır. Üç şöbədən ibarət olan laboratoriya tezliklə yeni cihazlarla zənginləşdirilir, ölkəmizdə görmə orqanının peşə xəstəliklərinin profilaktikası, diaqnostikası, müalicəsi mərkəzinə çevrilir. Şöbələrdən birində görmə orqanının vəziyyəti yoxlanılır, ikincisində diaqnostik-funksional müayinələr aparılır, üçüncüsündə isə cərrahi əməliyyatlar icra edilir. Zərifə xanımın bu təcrübəsi keçmiş SSRİ-nin digər şəhərlərində də bəyənilərək rəğbətlə qarşılanır, geniş tətbiq edilir. Alimin elmi-tədqiqat işlərinin nəticələri “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası zamanı oftalmopatologiya”, “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” kimi monoqrafiyalarında və digər elmi əsərlərində dolğun əksini tapır.

1981-ci ildə ölkəmizin tibb elminin, səhiyyə sisteminin tarixində son dərəcə mühüm bir hadisə baş verir. Moskvadan alınan xəbərdə qeyd edilir ki, Azərbaycan alimi Zərifə Əziz qızı Əliyeva görmə orqanının peşə patologiyası sahəsində apardığı silsilə elm-tədqiqat işlərinin dəyərli nəticələrinə görə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülmüşdür. Bu mükafatı oftalmologiya sahəsində müstəsna xidmətləri olan və beynəlxalq aləmdə tanınan məşhur oftalmoloq-alimlər alırdılar. Azərbaycan aliminin belə nüfuzlu mükafata layiq görülməsi ölkəmizin elm aləmində xoş ovqat yaratdı. Moskvadan alınan xoş xəbər Zərifə xanımın uzun illərdən bəri insanlara bəxş etdiyi şəfqət işığının davamı kimi Azərbaycan tibb elminin, tibb təhsili sisteminin, respublika səhiyyəsinin yollarını nura qərq etdi. Bir faktı da qeyd edək ki, Zərifə xanım Əliyeva bu mükafata layiq görülən ilk qadın oftalmoloq-alim idi.

Görkəmli alim 1983-cü ildə nəzəri və təcrübi təbabətdə qazandığı uğurlara, alınan elmi nəticələrin səhiyyə praktikasında geniş tətbiqinə, yüksəkixtisaslı tibb kadrlarının hazırlanması yolunda göstərdiyi xidmətlərə görə Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilir. Bu sahədə də Zərifə xanım Əliyeva həqiqi üzv seçilmiş ilk alim-oftalmoloq idi.

Akademikin, dünya şöhrətli alimin elmi-tədqiqat işlərinin mövzu dairəsi çoxşaxəli və genişdir. O, görmə orqanlarının virusla zədələnməsinə, bu səpkidə aparılan müalicə-profilaktika tədbirlərinə silsilə işlər həsr edib. Alimin “Herpetik göz xəstəliyi”, “Ağır virus konyuktivitləri” və s. əsərləri bu qəbildəndir.

Zərifə Əliyevanın elmi tədqiqatlarının bir qismi görmə orqanının bədxassəli şişlərinin, qlaukomanın etimologiyası, diaqnostikası və müalicəsi məsələlərini əhatə edir. Onun “Gözün hidrodinamik sisteminin anatomo-fizioloji xarakteristikası”, “Gözün yaşla əlaqədar dəyişiklikləri və görmə-sinir yolları” adlı monoqrafiyaları və digər əsərləri göz xəstəliklərinin yaş xüsusiyyətlərinə, “Göz sulanmasının fiziologiyası”, “Göz sulanmasının müasir cərrahiyyə üsulları ilə müalicəsi” və digər əsərləri isə daktriologiyaya həsr edilib. Akademikin qələmə aldığı fundamental “Terapevtik oftalmologiya”, “Oftalmologiyanın aktual məsələləri”, “İridodiaqnostikanın əsasları” və s. kitabları bu gün də oftalmoloqların ən çox müraciət etdikləri, oxuyub faydalandıqları əsərlərdəndir.

Alim elm və texnologiyaların etikası və həkimlik deontologiyası haqqındakı zərif və  saf düşüncələrini öz dəyərli əsərlərində təsbitləndirə bilib. Qələmə aldığı “Yüksək etimad” kitabı və bu mövzuya həsr etdiyi digər əsərləri həm bu gün, həm də gələcəkdə gənc həkimlərə düzgün yol göstərən, istiqamət verən, onların həkim,  şəxsiyyət kimi formalaşmalarında ümdə əhəmiyyət kəsb edən əvəzsiz əsərlər olaraq qalacaq, aktuallığını heç vaxt itirməyəcək.

Zərifə Əliyeva çoxsaylı elmi əsərlərin, monoqrafiya, səmərələşdirici təklif və dərs vəsaitlərinin müəllifidir. Akademik onlarla elmlər doktoru və elmlər namizədinin rəhbəri və məsləhətçisi olub, böyük bir elmi məktəb yaradıb. Zərifə Əliyeva elmdə əldə etdiyi nailiyyətlərə, həkim-oftalmoloqların yetişdirilməsində göstərdiyi əvəzsiz xidmətlərə görə Azərbaycanın əməkdar elm xadimi fəxri adına layiq görülüb.

Bu gün akademik Zərifə Əliyevanın əbədiyyətə qovuşmasından 32 il keçir. Bu illər ərzində o, bir an belə unudulmayıb. Qədirbilən xalqımız, eləcə də ölkəmizin tibb işçiləri əvəzolunmaz alimi daim anır, ehtiramla yad edirlər. Ömrünün hər günü mənəvi ucalığa bir pillə olmuş Zərifə xanım Əliyeva tarixin daş yaddaşına imzasını elm fədaisi, qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı kimi həkk edib. Onun bəşəri duyğularının saflığından süzülüb gələn şəfqətli ideyaları bu gün də insanlara xoşbəxtlik bəxş edir.

Akademik Zərifə Əliyeva elm, təhsil, səhiyyə sahələrində, eləcə də ictimai-siyasi sahələrdəki misilsiz xidmətlərinə, həmçinin nadir xeyriyyəçilik xüsusiyyətlərinə görə xalqımızın qəlbində, vətənimizin yaddaşında, ölkəmizin tarix salnaməsində dünya şöhrətli alim, nümunəvi, qayğıkeş pedaqoq, şəfqətli həkim, səmimi və sədaqətli bir vətəndaş, eləcə də məğrur Azərbaycan qadını kimi daim yaşayacaqdır.

 

Əhliman ƏMİRASLANOV,

akademik, SSRİ Dövlət mükafatı laureatı,

Milli Məclisin Səhiyyə komitəsinin sədri

 

Azərbaycan.- 2017.- 15 aprel.- S. 7.