“Bakı-2015”-dən “Bakı-2017”-dək
Azərbaycan mükəmməl
təşkilatçılığı ilə yanaşı, həm də idmançılarının qələbələri
ilə də fərqlənəcək
Mayın 12-22-də İslam dünyasının
diqqəti Azərbaycanda
olacaq. Bakı İslam və
idman həmrəyliyinin
paytaxtına çevriləcək.
On gün davam
edəcək yarışlarda
50-dən çox ölkənin
ən güclü atletləri Bakıda qüvvələrini sınayacaqlar.
Xatırladaq ki, İslam
Həmrəyliyi Oyunları
İslam Əməkdaşlıq
Təşkilatına (İƏT) daxil olan ölkələri
bir araya gətirən idman tədbiridir. Oyunların təşkilinə
və keçirilməsinə
57 ölkəni özündə
birləşdirən İslam
Həmrəyliyi İdman
Federasiyası (İHİF) nəzarət edir.
“Bakı-2017” İHİF-in 2013-cü il iyulun 24-də Səudiyyə Ərəbistanının
Ciddə şəhərində
keçirilmiş 8-ci Baş
Assambleyasında üzv
ölkələrin nümayəndələrinin
səsverməsi yolu ilə təsdiq olunub.
Ümumiyyətlə, Azərbaycanda təşkil
olunan dünya, Avropa çempionatları silsilə xarakteri daşıyır. Dünyanın ən nüfuzlu
beynəlxalq idman yarışlarının təşkili
ölkəmizə böyük
imic qazandırıb.
“Bakı-2015” ilk Avropa Oyunlarının və IV İslam Həmrəyliyi Oyunlarının da Azərbaycana həvalə
edilməsi son illərdə
bu sahədə görülən işlərə
verilən yüksək
qiymətdir.
Son iki ilə nəzər yetirdikdə görürük
ki, ən böyük idman hadisəsi, sözsüz ki, tarixdə ilk dəfə təşkil olunan Avropa Oyunlarının
2015-ci ildə Bakıda
keçirilməsi idi. Ölkəmiz
2 ildən çox davam etdirilən yüksəksəviyyəli hazırlıq
işlərindən sonra
Avropanın 50 ölkəsindən
6 mindən çox idmançının mübarizə
apardığı bu idman yarışını
layiqincə təşkil
etməklə tək özünün deyil, “köhnə qitə”nin idman tarixinə möhürünü vurdu.
Çünki indiyədək yalnız
Avropa ölkələrinin
təmsil olunduğu bu cür möhtəşəm
idman yarışması
keçirilməmişdi.
Nümunəvi təşkilatçılığı, olduqca möhtəşəm
açılış və
bağlanış mərasimləri
ilə yadda qalan I Avropa Oyunları keçirildiyi günlərdə (12-28 iyun)
dünyanın əsas
idman hadisəsinə çevrildi. 21-i qızıl,
15-i gümüş və
20-si bürünc olmaqla
qazandığı 56 medalla
Azərbaycan I Avropa Oyunlarının ikincisi oldu. Bir daha şahidi
olduq ki, ölkəmizdə həyata
keçirilən idman
siyasəti öz bəhrəsini verir.
2016-cı il də Azərbaycan idmanı təqviminə qızıl
hərflərlə yazıldı.
Həm ölkəmizdə təşkil
olunan idman yarışları, həm
də atletlərimizin
planetin ən mötəbər yarışında
uğurlu çıxışları
Azərbaycanın reytinqinə
daha bir əlavə xal qazandırdı. Ümumiyyətlə,
2016-cı ildə ölkəmizdə
52 beynəlxalq yarış
keçirilib. Ötən ilin
ən yaddaqalan idman turnirlərindən biri dünyanın nüfuzlu avtomobil yarışlarından olan
“Formula-1” Avropa Qran-prisinin
Bakı mərhələsinin
keçirilməsi idi.
İyunun 17-19-da təşkil olunan sürət yarışında
11 komandanın 22 pilotu
qələbə uğrunda
mübarizəyə qatılmışdı. Təxminən saat yarım davam edən yarışda bolidlər 6
kilometr məsafədə
51 dövrə vurdular.
“Mersedes” komandasının
almaniyalı pilotu Niko Rosberq 1 dəqiqə 48,942 saniyə
nəticə ilə qələbə qazandı.
İkinci yerə daha
bir almaniyalı pilot,
“Ferrari” komandasının üzvü
Sebastyan Fettel çıxdı. Üçüncü
yeri isə “Force India”nın meksikalı
pilotu Serxio Peres tutdu.
Ötən ilin may ayında Bakıda 17 yaşlı futbolçular
arasında 34-cü Avropa
çempionatı keçirildi.
Qitə birinciliyində
16 ölkənin - Azərbaycan,
Belçika, Portuqaliya,
İsveç, İngiltərə,
Ukrayna, İtaliya, Bosniya və Herseqovina, Almaniya, Hollandiya, Danimarka, Serbiya, Fransa, İspaniya, Şotlandiya və Avstriya milli komandaları iştirak etdilər.
Azərbaycan qitə çempionatını
qəbul edən sayca 26-cı ölkə oldu. Belə bir turniri təşkil etmək hüququnun ölkəmizə verilməsi
təsadüfi deyildi.
Çempionatın final mərhələsinin ölkəmizdə təşkil
olunması haqqında
qərar 20 mart 2012-ci ildə
UEFA İcraiyyə Komitəsinin
İstanbulda keçirilmiş
iclasında qəbul edilib. Turnirin qalibi adını
isə finalda İspaniya yığmasına
qalib gələn Portuqaliya millisi alıb.
Paytaxtımızın 2016-cı ildə evsahibliyi etdiyi möhtəşəm
turnirlərdən biri
də Ümumdünya
Şahmat Olimpiadası
idi. Sayca 42-ci dəfə
təşkil olunan yarışda 175 ölkədən
181 kişi və 142 qadın medallar uğrunda mübarizə aparırdı.
Bu, ölkələrin sayına görə olimpiadalar tarixində rekord göstərici idi. Ölkəmiz bu yarışlarda üç qadın və üç kişi komandası
ilə təmsil olunurdu.
Olimpiadanın qalibi kişilərin mübarizəsində 20 xal
qazanan ABŞ millisi olub. Eyni xala malik Ukrayna yığması əlavə göstəricilərə
görə ikinci yerdə qərarlaşıb.
Üçüncü yeri isə
18 xalla Rusiya millisi tutub.
Qadınların yarışında olimpiadanın qalibi 20 xal toplayan Çin
şahmatçıları olub. Polşa yığması 18 xalla 2-ci, Ukrayna millisi isə 17 xalla 3-cü yerlərə
yiyələnib.
Təşkilatçılıqla yanaşı, ölkələrin
idman sahəsində qazandıqları nəticələr
də çox vacib amillər sırasındadır. Sevindirici haldır ki,
idmançılarımız həmişə onlara göstərilən etimadı
doğruldublar. Ötən
il idmançılarımız
dünya və qitə miqyaslı yarışlarda uğurlu çıxışlarını davam etdirərək 837
medal qazanıblar ki, bunlardan 297-sinin əyarı
qızıl, 250-si gümüş,
290-ı bürüncdür.
Sözsüz ki, ötən ilin ən böyük idman yarışı Braziliyanın Rio-de-Janeyro şəhərində keçirildi. İdmançılarımız XXXI Yay Olimpiya Oyunlarında böyük uğur qazanaraq vətənə 18 medalla (1 qızıl, 7 gümüş, 10 bürünc) qayıtdılar. Dünyanın 207 ölkəsindən 11 mindən çox idmançının qatıldığı yarışlarda respublikamız 56 idmançı ilə mübarizə apardı. Azərbaycan medal sayına görə 87 mükafatçı dövlət arasında 15-ci yeri tutaraq İslam, türk və Qafqaz ölkələri arasında lider oldu.
Başqa bir rekord medal sıralamasına aiddir. Olimpiya yığmamız Sidneydə
199 ölkə arasında
34-cü, Afinada 202 ölkə
arasında 50-ci, Pekində
205 ölkə arasında
39-cu, Londonda 204 ölkə
arasında 30-cu yeri tutmuşdusa, son olimpiadada medalların sayına görə 15-ci olduq. Medal sayına görə
MDB-də 2-ci, müsəlman
dövlətləri arasında
1-ci, Avropa qitəsində
7-ci yeri tutmağımız
Azərbaycan idmanının
inkişafının göstəricisidir.
Olimpiyaçılarımızın uğur estafetini paralimpiyaçılarımız da davam etdirdilər. Sentyabrın
7-18-də Braziliyanın Rio-de-Janeyro şəhərində
dünyanın 170 ölkəsindən
4 mindən çox idmançının mübarizə
apardığı XXXI Yay
Paralimpiya Oyunlarında
atletlərimiz 1 qızıl,
8 gümüş və
2 bürünc olmaqla ümumilikdə 11 medal qazandılar.
Qarşıda bizi daha bir
təşkilatçılıq və doğma divarlar amilindən istifadə edərək idmançılarımızın qazanacaqları medallarla dolu bir mötəbər
yarış gözləyir. İlk Avropa
Oyunlarında təşkilatçılığı
və hazırlığı
ilə dünyaya nümunə göstərən
Azərbaycan IV İslam
Həmrəyliyi Oyunlarına
da mükəmməl şəkildə evsahibliyi
edəcəkdir.
Elçin CƏFƏROV,
Azərbaycan.- 2017.-16 aprel.- S.1.