Qüdrətli dövlət, müstəqil siyasət
Azərbaycanın
iqtisadi, siyasi, hərbi potensialının artması
Dağlıq Qarabağ münaqişəsini ədalətli həll
etməyə imkan yaradır
Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən prioritet istiqamətlərdən biri də ölkənin dünya birliyinə inteqrasiyasının təmin olunmasıdır.
Yeni kollektiv sənədlərə və beynəlxalq müqavilələrə qoşulan Azərbaycan özünün coğrafi mövqeyindən, təbii ehtiyatlarından, iqtisadi potensialından istifadə əsasında bir çox dövlətlərlə və beynəlxalq qurumlarla əməkdaşlıq edir. Böyük İpək yolunun bərpası, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılması, Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsi və dünya bazarına çıxarılması layihələri səmərəli şəkildə həyata keçirilir.
Son illər mühüm beynəlxalq tədbirlərin, görüşlərin keçirilməsi üçün Bakı şəhərinin seçilməsi çox önəmli məsələdir. Şübhəsiz ki, Azərbaycanda mövcud olan sabitlik və təhlükəsizlik ölkəmizdə yüksək səviyyəli görüşlərin keçirilməsini labüd edir. Bu yaxınlarda ABŞ-ın Baş Qərargahlar rəisi general Cozef Danford ilə Rusiya Federasiyası müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovun Azərbaycanın paytaxtında keçirilən görüşü də böyük siyasi mahiyyət daşıdı. Dünyanın iki fövqəlgüc dövlətinin hərbi təmsilçilərinin ABŞ-Rusiya münasibətləri, Avropa, Yaxın Şərq, Şimali Afrika və dünyanın digər mühüm regionlarında beynəlxalq təhlükəsizlik sahəsində vəziyyəti qiymətləndirmək üçün məhz Bakı şəhərini seçmələri mühüm əhəmiyyət kəsb edir.
İki qüdrətli dövlətin Baş Qərargah rəislərinin Bakıda təşkil edilən görüşü Azərbaycan dövlətinin həyata keçirdiyi müstəqil siyasətin dünyanın güc mərkəzləri və böyük ölkələri tərəfindən hörmətlə qarşılanmasının və qəbul edilməsinin əyani təsdiqidir. Azərbaycan həm ABŞ, həm də Rusiya ilə yaxın münasibətlər qurur, qarşılıqlı faydalı əməkdaşlıq və strateji tərəfdaşlıq əlaqələrini daim inkişaf etdirir. Prezident İlham Əliyevin həm ABŞ Prezidenti Donald Trampla, həm də Rusiya Prezidenti Vladimir Putinlə qarşılıqlı hörmətə və etimada əsaslanan yüksək səviyyəli əlaqələri var. Hər iki lider Prezident İlham Əliyevi etibarlı tərəfdaş, dünya səviyyəli siyasi lider kimi qəbul edir, onunla əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirirlər. Təsadüfi deyil ki, D.Tramp, eləcə də V.Putin Prezident İlham Əliyev haqqında yüksək rəy bildirmiş və onun fəaliyyətini təqdir etmişlər.
Bakıda gerçəkləşdirilən bu görüş Azərbaycanın mövqeyinin beynəlxalq aləmdə güclənməsi üçün yeni imkanlar açır. Azərbaycanın paytaxtında iki böyük dövlətin yüksək rütbəli generallarının görüşü dünyanın kütləvi informasiya vasitələrinin diqqətində oldu və bir daha ölkəmizin dünyanın ən təhlükəsiz ölkələrindən biri olduğu ifadə edildi.
Dünyada təhlükəsizliklə bağlı yeni risklərin artması, geosiyasi dəyişikliklər fonunda Cənubi Qafqazdakı münaqişə ocaqlarının söndürülməmiş qalması ümumi siyasi mənzərəyə mənfi təsir göstərir. Ötən il aprelin əvvəllərində cəbhə bölgəsində yaşanan məlum hadisədən sonra rəsmi Bakının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesindəki hərbi-siyasi, psixoloji mövqeyinin təmin edilməsi, ATƏT-in Minsk qrupu həmsədrlərinin, habelə dünyanın əsas güc mərkəzlərinin münaqişə ilə bağlı səylərinin gücləndirilməsi baxımından əhəmiyyətli sayıla bilər.
Azərbaycan qısamüddətli hərbi əməliyyatlarda qazandığı real zəfərlərlə münaqişənin həllini süni şəkildə uzatmaq yolu tutmuş qüvvələrə ciddi və sərt mesaj verdi: danışıqlar prosesi sonsuz və mənasız şəkildə uzadıla bilməz və Azərbaycan beynəlxalq hüquq normalarına söykənərək ən qısa müddətdə öz torpaqlarını azad etmək, ərazi bütövlüyünü və suverenliyini təmin etmək əzmindədir.
Azərbaycan danışıqların sonadək nəticəsiz qalacağı təqdirdə münaqişənin həllində güc yoluna əl atacağını gizlətmir. Silahlı Qüvvələrimiz ötən il aprelin əvvəllərində son illərin ilk irimiqyaslı hərbi əməliyyatlarında yüksək taktiki və strateji hazırlıq səviyyəsini və işğal altında olan torpaqlarımızı azad etmək əzmini nümayiş etdirdi.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin cari ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Postsovet məkanında mövcud olan digər münaqişələrdən fərqli olaraq, BMT Təhlükəsizlik Şurası bu münaqişə ilə bağlı dörd qətnamə qəbul edib. O qətnamələr bəllidir, bütün dünya bunu bilir, erməni işğalçı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Bax, budur əsas prinsip və bu prinsipdən kənarda heç bir başqa məsələ müzakirə oluna bilməz.
Onu da qeyd etməliyəm ki, Ermənistanın bütün cəhdlərinə baxmayaraq, onların qeyri-konstruktiv və qeyri-səmimi siyasəti artıq qınaq obyektinə çevrilib. Onlar nə qədər tez danışıqlar masasına qayıtsalar, onlar üçün bir o qədər yaxşı olacaq. Çünki Azərbaycan gündən-günə güclənir, möhkəmlənir, həm siyasi, həm hərbi, həm iqtisadi potensialımız artır və gec-tez biz bu məsələni istədiyimiz kimi ədalətli həll edəcəyik”.
Təəssüf doğuran haldır ki, danışıqlarda vasitəçilik edən ATƏT-in Minsk qrupu həmsədrləri təcavüzkar dövlətə təsir göstərmək üçün zəruri təzyiq vasitələrindən istifadə etmirlər. Ərazi və milli-etnik separatizm zəminində baş qaldıran münaqişələrin həlli ilə bağlı beynəlxalq hüquqda konkret normalar və sivil tənzimləmə presedentləri mövcud olsa da, nədənsə, həmsədrlər uzun müddətdən bəridir ki, “Ermənistan və Azərbaycanın siyasi razılığa gəlməsi” kimi gülünc mövqeyi önə çəkir, işğalçıya və işğala məruz qalan tərəfə eyni mövqedən yanaşırlar. Belə süni balans siyasəti isə son nəticədə beynəlxalq hüquq normalarının praktik təsir gücünə əsaslı şübhə yaradır. Dünya nizamını müəyyənləşdirən fövqəlgüclərin işğal faktına liberal yanaşması, dolayısı ilə təcavüzkarlığa göz yumması bu qənaəti gücləndirir ki, hazırda dünyada etnik-milli konfliktlərin həllində hüquqi deyil, məhz siyasi vasitə və maraqlar önə çəkilir. Buna görə də işğalçı tərəf indiyə qədər müəyyən bəhanələrlə danışıqlar prosesini uzatmağa, vaxt udmağa çalışır, bunu ən pis variantlar sırasında “ən optimal gediş” kimi dəyərləndirir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə ədalətsiz və ikili standart yanaşma müşahidə olunmaqdadır. Halbuki BMT ilə yanaşı, ATƏT-in, AŞ PA-nın, İƏT-in sənədlərində də Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktı birmənalı qeyd olunub. Bütün bunlar hüquqi və siyasi baxımdan xeyrimizə olsa da, reallıqda vəziyyət dəyişmir. Sözdə münaqişənin tez bir zamanda həllini arzulayan dövlətlər təcavüzkar Ermənistanı BMT-nin münaqişə ilə bağlı qəbul etdiyi 4 məlum qətnamənin icrasına məcbur etmirlər. Lakin son hadisələr göstərir ki, müasir dünyada ikili standartların nəticəsi olan “dondurulmuş münaqişələr” həmin aparıcı dövlətlərin öz maraqları üçün də böyük təhdidlər doğurur. Eyni zamanda BMT-nin üzvü olan dövlətin ərazi bütövlüyünün pozulmasına biganə münasibət göstərmək, işğal faktının aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər görməmək ilk növbədə beynəlxalq hüquqa qarşı da açıq qəsddir. Bununla belə Azərbaycanın qətiyyətli addımları, uğurlu hərbi əməliyyatları ədalətsiz yanaşmaya üstünlük verənləri bərk silkələdi. İndi ATƏT-in Minsk qrupunun həmsədrləri başa düşürlər ki, Azərbaycanın iqtisadi cəhətdən qüdrətlənməsi, hərbi büdcəsinin əhəmiyyətli dərəcədə artması fonunda danışıqlar prosesində dönüşün baş verməsi qaçılmazdır.
Prezident İlham Əliyev Azərbaycanın münaqişə ilə bağlı tutduğu prinsipial mövqeyi bir daha bəyan edib: “Baxmayaraq ki, Ermənistan danışıqlar prosesini hər vəchlə dayandırmağa, onu boykot etməyə çalışır, ancaq buna nail ola bilmir və nail ola bilməyəcək. Minsk qrupunun həmsədr ölkələri artıq bir neçə dəfə bəyan etmişlər ki, status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir. Bu, əslində işğala son qoyulması deməkdir. Hesab edirəm Ermənistana, onun işğalçı siyasətinə Minsk qrupu tərəfindən təzyiq daha da güclənməlidir ki, onlar beynəlxalq normalara riayət etsinlər və işğala son qoysunlar.
Bizim danışıqlar prosesindəki mövqeyimizdə heç bir dəyişiklik yoxdur, ola da bilməz. Ərazi bütövlüyü prinsipi danışıqlar mövzusu deyil və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir. Mən bütün beynəlxalq təmaslarda qeyd edirəm ki, bu məsələdə heç bir ölkə, yaxud təşkilat tərəfindən ikili standartlar özünü göstərməməlidir. Çünki bəzi hallarda biz bu ikili standartlarla üzləşirik. Postsovet məkanında mövcud olan digər münaqişələrə bəzən daha böyük diqqət göstərilir, yaxud da ki, o münaqişələrin həlli ilə bağlı daha dəqiq ifadələr işlənilir”.
Bu gün bəzi dövlətlər təcavüzkar Ermənistanı dolayısı ilə himayə etdikləri halda, Azərbaycanın regionda güclənməsi, müstəqil qərarlar qəbul etməsi ilə barışa bilmirlər. Danışıqlar prosesinin daha aktiv mərhələyə qədəm qoyduğu son illərin yekununda eyni proses, demək olar, yenidən təkrarlanır: həlledici qərarlar vermək ərəfəsində rəsmi İrəvan müxtəlif bəhanə və əsassız iddialarla əvvəlki müəyyən razılaşmalardan da geri çəkilməyə çalışır. Söhbət təcavüzkar ölkənin rəhbərliyinin danışıqlar prosesində əldə olunmuş real irəliləyişlərə şübhə toxumu səpmək, prosesi geriyə döndərərək praktik olaraq razılaşdırılmış məsələləri yenidən müzakirə predmetinə çevirmək, “dialoqa maraqlı tərəf” imitasiyası yaratmaqla prosesi süni şəkildə uzatmaq cəhdlərindən gedir. Rusiya, ABŞ və Fransa dövlətinin prezidentləri status-kvonun qəbuledilməz olduğunu və dəyişdirilməsinin vacibliyini dəfələrlə bildirsələr də, təəssüf ki, məsələ bu cür bəyanatlardan uzağa getmir.
Bu gün Azərbaycan Silahlı Qüvvələri yüksək döyüş hazırlığına malik peşəkar, hərbi-texniki vərdişlərə dərindən yiyələnmiş mükəmməl, vətənpərvər kadrlardan ibarətdir. Onu da xüsusi qeyd etmək lazımdır ki, son 14 ildə respublikanın hərbi büdcəsi on dəfədən çox artaraq bütövlükdə işğalçı Ermənistanın dövlət büdcəsinə çatıb. Ən müasir texnika və hərbi avadanlıqlarla təchiz olunan, döyüş ruhu yüksələn Azərbaycan Ordusu qısa zamanda torpaqlarımızın işğaldan azad edilməsinə qadir olduğunu sübuta yetirdi.
Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğalı və azərbaycanlılara qarşı aparılmış etnik təmizləmə siyasəti səbəbindən ölkəmizin öz sərhədlərinin müəyyən hissəsinə lazımi səviyyədə nəzarət etmək imkanı yoxdur. Bu cür vəziyyət transmilli mütəşəkkil cinayətkarlığa, nüvə və radioaktiv materialların qeyri-qanuni daşınmasına, həmçinin radioaktiv tullantı materiallarını basdırmaqla Azərbaycanın işğal olunmuş ərazilərinin Ermənistan tərəfindən zəhərləndirilməsinə şərait yaradır. Ermənistan faktiki olaraq dünya üçün də başlıca problemə çevrilib. Azərbaycanın Ermənistan üzərində hərbi və diplomatik üstünlüyü tam ələ alması Dağlıq Qarabağ münaqişəsinin çözülməsi ilə bağlı mövqeyini gücləndirir və beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində həlli üçün ciddi zəmin yaradır.
Elnur HACALIYEV,
Azərbaycan.- 2017.- 16 aprel.- S. 4.