İlham
Əliyev: ”İslam dini dostluq dinidir”
“İlham Əliyev. İnkişaf -
məqsədimizdir” çoxcildliyinin 37-ci cildi çapdan
çıxıb.
AZƏRTAC xəbər verir ki,
çoxcildliyin bu cildi Azərbaycan Prezidenti İlham
Əliyevin Təzəpir məscid kompleksinin əsaslı yenidənqurma
və geniş tikinti işlərindən sonra istifadəyə
verilməsi mərasimində iştirakına dair informasiya ilə
başlanır.
Bu qeydlərin sərlövhəsinə
çıxarılmış fikir dövlətimizin
başçısının həmin mərasimdəki nitqindən
götürülüb. Prezident deyib: “Əfsuslar olsun ki, bəzi
hallarda İslam dini haqqında qəsdən yalan məlumatlar
yayılır, islamofobiya siyasəti aparılır. Bu gün
dünyada dinlərarası dialoqdan çox
danışılır və buna böyük ehtiyac vardır.
Ancaq bəzi hallarda dini ayrı-seçkilik meyilləri də
görünür. Biz İslam dininə qarşı
aparılan kampaniyanı və əsassız ittihamları rədd
edirik. İslam dini dostluq dinidir. İslam dövlətləri
arasında çox geniş mənada əməkdaşlığa
və dostluğa ehtiyac var”.
Azərbaycanda bütün millətlərin,
dinlərin nümayəndələrinin bir ailə kimi
yaşadığını qeyd edən Prezident
vurğulayıb ki, ölkəmizdə heç vaxt milli və
dini zəmində ayrı-seçkilik olmayıb, yoxdur və
olmayacaq.
Çoxcildliyin bu nəşrinə
daxil olan materiallar 2009-cu ilin iyulundan sentyabrınadək olan
dövrü əhatə edir.
Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin
buraxılışına məsul olduğu çoxcildliyin bu
kitabda dövlətimizin başçısının
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş
Krallığına, Rumıniyaya, Rusiya Federasiyasına,
Qazaxıstana səfərlərinə, habelə Suriya və
Latviya prezidentlərinin Bakıya səfərləri zamanı
bu ölkələrin dövlət və hökumət
başçıları ilə danışıqlarına, mətbuata
bəyanatlarına, imzalanan sənədlərə dair
materiallar toplanıb.
Nəşrin bu cildinə Azərbaycan
Prezidentinin ölkəmizə səfər etmiş Birləşmiş
Ərəb Əmirlikləri, ABŞ, İsveç,
Çexiya, Almaniya, Türkiyə, Belarus və digər
dövlətlərin, ATƏT, Avropa İttifaqı, TÜRKSOY
təşkilatlarının, xarici şirkətlərin
yüksək vəzifəli şəxslərini qəbul etməsinə
dair materiallar, habelə dövlətimizin
başçısının məktubları daxil edilib.
Azərbaycan Prezidenti bütün
görüş və danışıqlarında Ermənistanın
işğalçılıq siyasətini önə çəkib,
dünya ictimaiyyətini Dağlıq Qarabağ probleminin beynəlxalq
hüquq normaları çərçivəsində həllinə
dəstək olmağa çağırıb.
Bu cilddə, həmçinin
Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2009-cu ilin
birinci yarısının sosial-iqtisadi inkişafının
yekunlarına həsr olunmuş iclasında giriş və yekun
nitqləri, Naxçıvan Muxtar Respublikasına, Hacıqabul,
Quba, Qusar rayonlarına səfərlərinə, bölgələrdə
ictimaiyyət nümayəndələri ilə
görüşlərinə, təhsil, səhiyyə və sənaye
müəssisələrinin, infrastruktur obyektlərinin açılışında
iştirakına, paytaxtımızda aparılan
abadlıq-quruculuq işləri ilə
tanışlığına dair informasiyalar yer alıb.
Kitaba “Qeydlər”, “Şəxsi
adlar”, “Coğrafi adlar” göstəriciləri daxil edilib.
“Azərnəşr” tərəfindən
buraxılan 37-ci cildin hazırlanmasında Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə
olunub.
Azərbaycan.- 2017.- 16 aprel.- S. 4.