Turizm ölkə iqtisadiyyatının
dayanıqlı və rəqabətədavamlı sahəsinə
çevrilib
Müasir dünyada hər bir ölkə üçün iqtisadiyyatın ən dinamik inkişaf edən sahələrindən biri turizm sayılır. Qədimliyi və müasirliyi özündə təcəssüm etdirən, tarix boyu Şərq ilə Qərb arasında İslam dünyasının əsas mədəni, dini və sivilizasiya mərkəzi olan Azərbaycanda da bu sahənin inkişafına ciddi diqqət göstərilməkdədir. Çünki ölkəmizdə turizm sahəsi böyük perspektivlərə malikdir.
Respublikamızda turizmin əksər növlərinin (kənd, müalicə-sağlamlıq, ekoloji, mədəni, sosial, kommersiya, idman və s.) inkişafı üçün geniş imkanlar mövcuddur. Bütün bunlar turizmin Azərbaycanda dövlət siyasətinin mühüm vəzifələrindən birinə çevrildiyinə və qarşıda ölkənin iqtisadi inkişafına böyük perspektivlər açdığına dəlalət edir.
Son üç ayda
ölkəmizə 557 mindən çox xarici turist gəlib
Gözəl təbiətimiz, mətbəximiz, tarixi abidələrimiz, qonaqpərvər xalqımız və ölkədə hökm sürən sabitlik, təhlükəsizlik - bütün bunlar turistləri Azərbaycana cəlb edən vacib amillərdir. Statistik rəqəmlərə nəzər salaq. Keçən il ölkəmizə gələn turistlərin, xarici vətəndaşların sayı 11 faiz artıb. Bu ilin birinci rübündə isə 25 faiz artım var. Son üç ayda ölkəmizə 557 mindən artıq xarici turist gəlib. Azərbaycana gələn turistlər əsasən Rusiya, Gürcüstan, İran, Türkiyə, ərəb ölkələrinin vətəndaşlarıdır.
Bütün bunlar göstərir ki, ölkəmizdə turizmin inkişafı sahəsində qarşıya qoyulan əsas məqsədlər kifayət qədər genişdir- turizm ehtiyatlarının öyrənilməsi, genişləndirilməsi, turistlərin tələbatının ödənilməsi üçün zəruri xidmətlərin təşkili və müasir standartlara uyğunlaşdırılması, sanatoriya-kurort imkanlarının genişləndirilməsi, mehmanxanaların və digər turizm obyektlərinin sayının artırılması, turizm marşrutlarının çoxaldılması və s. Bir sözlə, söhbət turizmin ölkə iqtisadiyyatının ən dayanıqlı, effektiv və rəqabətədavamlı sahəsinə çevrilməsindən gedir.
Son illər turistlərin diqqətini Azərbaycana cəlb etmək üçün müxtəlif istiqamətlərdə fəal işlər görülür. Ölkənin turizm potensialını təbliğ etmək, yerli adət-ənənələri, milli mətbəxi, mədəni və tarixi irsi tanıtmaq məqsədilə kitablar, bukletlər, disklər hazırlanır və yayılır, dünyanın müxtəlif televiziya kanallarında reklamlar nümayiş etdirilir, bu istiqamətdə internet imkanlarından geniş istifadə olunur.
Strateji Yol Xəritəsi - turizm
sənayesi üçün yeni mərhələnin
başlanğıcı
Qeyri-neft sektorunun sürətli inkişafına nail olmaq, iqtisadiyyatın səmərəliliyini, rəqabət qabiliyyətini artırmaq və innovasiya əsaslı irəliləyişini təmin etmək Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet istiqamətlərindəndir. Aparılan iqtisadi islahatlar nəticəsində son illərdə iqtisadiyyatın diversifikasiyası bu sahənin inkişafını təmin etməklə, onun ümumi daxili məhsulda xüsusi çəkisinin əhəmiyyətli dərəcədə artımına səbəb olub. Ötən dövr ərzində qeyri-neft sektorunun prioritet sahələrindən olan turizm sənayesində görülmüş məqsədyönlü tədbirlər nəticəsində ölkəmizdə bu sektorun inkişafı üçün münbit şərait yaradılıb və milli turizm kompleksinin rəqabətədavamlılığı yüksəldilib.
Prezident İlham Əliyev ötən ilin sentyabr ayında milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsinin başlıca istiqamətlərindən irəli gələn vəzifələrin icrası, Azərbaycanda yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm sənayesinin formalaşdırılması və onun ölkə iqtisadiyyatındakı xüsusi çəkisinin daha da artırılması, bu sahədə koordinasiya olunmuş siyasətin həyata keçirilməsi üçün ölkədə turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzaladı. Sərəncama əsasən Turizm Şurası yaradıldı. Şuranın əsas məqsədi turizm sahəsində mövcud vəziyyəti təhlil etməkdən, bu sahədə olan problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsindən, turizm sahəsində dövlət orqanlarına həvalə edilmiş vəzifələrin icrasının əlaqələndirilməsindən ibarətdir.
Turizm sənayesinin sürətli inkişafını təmin etmək məqsədilə 6 dekabr 2016-cı il tarixində “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin təsdiq edilməsi ilə ölkəmizin turizm sənayesi üçün yeni mərhələnin başlanğıcı qoyuldu. Sənəddə göstərilir ki, 2025-ci ilə qədər Azərbaycan regionun ən cəlbedici turizm mərkəzlərindən birinə çevrilməlidir. 2025-ci ildən sonrakı dövr üzrə perspektiv isə Azərbaycanı dünyada turistlərin ən çox üstünlük verdikləri 20 turizm məkanından birinə çevirməkdir.
Milli Turizm Təbliğat Bürosu sahibkarlar üçün geniş imkanlar açır
Strateji Yol Xəritəsinə uyğun olaraq Bakı şəhərinin dünyanın aparıcı turizm mərkəzlərindən birinə çevrilməsi məqsədilə Milli Turizm Təbliğat Bürosu yaradıldı. Büro Bakı şəhərinin beynəlxalq imicinin formalaşdırılması, şəhər brendinin istifadəsi üzrə uzunmüddətli fəaliyyət planının hazırlanması, brenddən istifadə üzrə nəzarət tədbirlərinin görülməsi, fərqli səviyyələrdə təkrar brendinq seçimi və marketinq işlərinin əlaqələndirilməsi, eləcə də turistlərin məmnunluğunun artırılması missiyasını həyata keçirir. Bakı şəhəri barədə mövcud məlumatları yeniləmək üçün Turizm Şurası, müvafiq dövlət qurumları və digər təşkilatlarla birgə işləyən Milli Turizm Təbliğat Bürosu bazarlarda təşviqat tədbirlərini həyata keçirəcək, eyni zamanda sahibkarlara həm aşağı büdcəli yerləşdirmə vasitələri üzrə seçimlərin çeşidinin genişləndirilməsinə, həm də şəhərin mərkəzində turizm obyektlərinin yaradılmasına dəstək verir.
Strateji Yol Xəritəsində qeyd edilir ki, bu cür əlaqələndirilmiş və məqsədyönlü səylər nəticəsində Bakı şəhəri qısamüddətli uçuş məsafəsində yerləşən və 90 milyondan artıq əhalinin yaşadığı 26 şəhəri əhatə edən potensial turizm tələbat qrupundan əhəmiyyətli dərəcədə bazar payı əldə edə biləcək. 2017-2020-ci illər üzrə büronun bu strategiyada nəzərdə tutulmuş istiqamətləri özündə əks etdirən fəaliyyət planı hazırlanacaq. Büronun büdcəsinin müəyyən bir qismi ilk dövrlərdə dövlət büdcəsi hesabına, digər hissəsi isə dövlət-özəl tərəfdaşlığı qurulduqdan sonra nizamnaməsində müəyyən edilmiş müxtəlif maliyyələşmə mənbələri hesabına təmin olunacaq.
“ASAN viza” sisteminin tətbiqi turizm sahəsində ciddi dönüş yaradıb
Nazirlər Kabinetinin
2017-ci ilin birinci rübünün sosial-iqtisadi
inkişafının yekunlarına
və qarşıda duran vəzifələrə
həsr olunan iclasında Prezident İlham Əliyev son illər ölkədə turizmin inkişafı ilə bağlı görülən işlərə
xüsusi olaraq toxunaraq vurğuladı ki, xarici turistləri
Azərbaycana cəlb edən ən mühüm amillər müasir turizm infrastrukturu və ölkəmizdə mövcud
olan sabitlikdir. Bunlar olmasaydı, turizmin inkişafı qeyri mümkün idi: “Biz müasir turizm infrastrukturu yaratdıq. Bunlar olmasaydı, ölkəmizə
kim gələrdi?
İkincisi, ölkəmizdə mövcud olan sabitlik. İndi turistlər də
baxırlar ki, hara getsinlər, riskli yerlərə getmək istəmirlər.
Bilirlər ki, Azərbaycanda
onların təhlükəsizliyi
qorunacaq. Bilirlər ki,
Azərbaycan sabit ölkədir. Bu da önəmli amildir”.
Dövlət başçısı
qeyd etdi ki, Azərbaycanda mövcud olan müasir infrastruktur, ən son modellərlə təchiz edilmiş hava nəqliyyatı, Bakıda və bölgələrdə tikilən
yeni hotellər, müalicəvi turizmin inkişafı və “ASAN viza” sisteminin yaradılması ölkəmizə
olan marağın daha da artmasına
səbəb olub.
Qeyd edək ki, son üç ay ərzində
əcnəbilərə “ASAN viza” xətti ilə 40 min viza verilib. Azərbaycan Prezidentinin
dediyi kimi, yeni sistem turizmin
inkişafında dönüş
yaratdı: “Bizim tariximiz, tarixi abidələrimiz, gözəl
iqlimimiz, xalqımızın
qonaqpərvərliyi, zəngin
mətbəxi bu işdə rol oynayır. Ancaq bunlar hamısı
var idi. Bəs, niyə turizm inkişaf etmirdi? Biz bu sahədə
inkişafı niyə
görmürdük? Bu məsələni mən şəxsən öz nəzarətimə götürəndən
sonra burada dönüş yarandı...
Çünki vizalarla bağlı
pozuntular bizim imicimizə zərbə vururdu. Xarici vətəndaş o vizanı səfirlikdən
almaq üçün
min əziyyətə qatlaşmalı
olurdu, onu get-gələ salırdılar,
qanunsuz tələblər
irəli sürürdülər.
Bu məsələ birdəfəlik həll olundu. İndi bu olmasaydı, Azərbaycana kim
gələrdi?”
Parklar və göllər şəhərinə
çevrilən Bakı
IV İslamiadaya qucaq açır
Prezident İlham Əliyev beynəlxalq tədbirlərə, idman yarışlarına evsahibliyi edən Bakının dünyanın ən gözəl şəhərlərindən biri olduğunu vurğulayaraq son illər görülən işlərdən də söz açdı. Qeyd etdi ki, Bakının tarixi binaları tarixi irsimiz qorunmaqla təmir edilib, İçərişəhər artıq dünyanın ən cəlbedici tarixi yerlərindən birinə çevrilib, bulvarın uzunluğu 3 kilometrdən 16 kilometrə çatdırılıb, yeni yollar açılıb, yeni parklar salınıb: “Bu gün Bakı parklar, göllər şəhəridir. Biz gölləri təmizlədik. Biz ekoloji fəlakət mənbəyi olan Bibiheybət buxtasını təmizlədik. Biz ekoloji təhlükə mənbəyi olan Böyükşor gölünü təmizlədik və hələ ki, burada işlər davam edir. Bunlar olmasaydı, hansı turist Azərbaycana gələrdi? Biz beynəlxalq yarışlar keçirdik, dünyanın diqqətini cəlb etdik. Biz “Eurovision”, Avropa Oyunları, 500 milyon auditoriyası olan “Formula-1” keçirdik. Biz İslam Həmrəyliyi Oyunlarını keçirəcəyik. Bunlar olmasaydı, kimsə gələrdimi? Əsas amillər bunlardır, bunu hamı bilsin və düzgün qiymətləndirsin”.
Yeri gəlmişkən xatırladaq ki, Bakı şəhəri 2017-ci ildə turistlər üçün ən yaxşı 10 istiqamət sırasına daxil edilib. Turistlər üçün nəzərdə tutulan TRIP ADVISOR” tətbiqinin versiyasına görə, Bakı 2017-ci ildə səyahət üçün ən yaxşı istiqamətlər siyahısında 5-ci sırada qərarlaşıb. Bu, turistlər üçün ən yaxşı səyahət istiqamətləri, səyahət edənlərin müsbət rəyləri, göstərilən məkanda görməli və əyləncə yerlərinin sayı, xidmətin keyfiyyəti kimi kriteriyalar əsasında müəyyənləşdirilib.
Gələn ay İslam dünyasının nəbzi paytaxtımızda vuracaq. Əminliklə söyləyə bilərik ki, IV İslam Həmrəyliyi Oyunlarında iştirak etmək üçün 57 ölkədən 3 mindən çox idmançının hünər meydanına çevriləcək Bakı öz füsunkar gözəlliyi ilə ölkəmizə təşrif buyuracaq turistlərdə xoş ovqat yaradacaq və hər kəs buradan xoş təəssüratlarla ayrılacaq.
Rəşad BAXŞƏLİYEV,
Azərbaycan.-
2017.-16 aprel.- S.5; 8.