R.Ərdoğanı təbrik edən ilk lider İlham Əliyev oldu

 

Türkiyə mediası Azərbaycan Prezidentini “ən yaxın və səmimi dostelan etdi

 

Səmimi dostluq, strateji tərəfdaşlıq üzərində köklənən Azərbaycan-Türkiyə münasibətləri zaman keçdikcə daha da möhkəmlənir, tarixin bütün sınaqlarından böyük uğurla çıxır. İki dövlət arasında münasibətlərin əslində, başqa bir məcrada inkişafı da mümkün deyil. Əksinə, hər yeni sınaq, meydana çıxan çətinlik ölkələrimiz, xalqlarımız arasında qardaşlıq bağlarını daha da möhkəmləndirib. Qarşılıqlı münasibətlərin daim yüksək səviyyədə saxlanması, milli maraqları əhatə edən məsələlərdə tərəflərin bir-birini təmənnasız müdafiə etməsi isə Azərbaycan və Türkiyə rəhbərliyinin həyata keçirdikləri uğurlu siyasətin məntiqi nəticəsidir.

Hər iki dövlət istər regionda, istər dünyada, istərsə də öz daxillərində cərəyan edən hadisələrə də kifayət qədər həssaslıqla yanaşır. Bu mənada Türkiyənin qarşıdakı dövr üçün ictimai-siyasi həyatında əsaslı dəyişikliklərə rəvac verən referendumu Azərbaycanın da xüsusi diqqətdə saxlaması tamamilə təbiidir.

Sözügedən referendum təxminən bir əsr bundan əvvəl yaradılan hakimiyyət sistemində böyük dəyişikliyə yol açır. Türkiyə parlament üsuli-idarəsindən prezident üsuli-idarəsinə keçir. Artıq ilkin nəticələrdən belə məlum olur ki, qardaş ölkədə çoxluq hakim Ədalət və İnkişaf Partiyası tərəfindən təklif edilən Konstitusiya dəyişikliklərinin lehinə səs verib.

Artıq bu münasibətlə  Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarına   telefonla zəng edərək referendumun uğurla keçməsi və əhalinin çoxluğunun bu dəyişikliklərə səs verməsi münasibətilə onu təbrik edib, referendumun nəticələrini xalqın Prezident Rəcəb Tayyib Ərdoğanın siyasətinə verdiyi böyük dəstək kimi qiymətləndirib.

Azərbaycan Prezidenti həm də  Rəcəb Tayyib Ərdoğana təbrik teleqramı göndərib. Rəcəb Tayyib Ərdoğan göstərilən diqqətə və təbriklərə görə minnətdarlığını bildirib. Dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.

Bu mövzu türk KİV-nin diqqətini cəlb edibgeniş işıqlandırılıb. Rəcəb Tayyib Ərdoğanı ilk təbrik edən liderin məhz Prezident İlham Əliyev olması barədə onlarla teleşirkət, qəzet və internet portalı xəbər paylaşıb.

Türkiyənin məşhur “Hürriyət” qəzeti yazır ki, Prezident Rəcəb Tayyib Ərdoğana ilk təbrik Azərbaycan Prezidentindən gəlib: “Prezident Ərdoğana ilk təbrik telefon zəngi Azərbaycan Prezidenti İlham Əliyevdən gəlib. Bundan sonra Qətər Əmiri və Fələstin lideri Ərdoğana öz təbriklərini çatdırıblar”.

Haber Türk” qəzeti də “Prezident Ərdoğana liderlərdən təbrik yağışı” başlıqlı xəbərə yer ayırıb. Qəzet yazır ki,  Rəcəb Tayyib Ərdoğanı təbrik edən ilk lider məhz Prezident İlham Əliyev olub: “Türkiyədə referendumla bağlı xalq səsverməsinin “bəli” zəfəri ilə nəticələnməsi bəlli olduqdan sonra ilk olaraq Azərbaycan Prezidenti İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib”.

“Milliyət”, “Takvim”, “Sözçü”, “Yeni Şafak” və s. kimi qəzetlərdə də “Ərdoğana ilk təbrik telefonu İlham Əliyevdən”  başlıqlı xəbərlər dərc edilib.

Məşhur “TRT Haber” kanalı da bildirib ki, Rəcəb Tayyib Ərdoğanı ilk olaraq təbrik edən Azərbaycan Prezidenti İlham Əliyev həm də referendumun nəticələrinə görə bütün Türkiyə xalqını təbrik edib. Kanal vurğulayıb ki, Azərbaycan Prezidenti həm də Konstitusiyaya dəyişikliklər edilməsinin Türkiyə xalqı üçün uğurlu olması ilə bağlı arzularını çatdırıb.

Eyni fikirləri “Anadolu”, “ahaber.com.tr”, “cnnturk.com.tr”, “tgrthaber.com.tr”, “istiklal.com.tr”, “ensonhaber.com”, “sondakika.com” və s. kimi  xəbər agentlikləri də bölüşüb. Dünya liderləri Ərdoğanı təbrik edir” başlığı ilə verilən xəbərlərdə qeyd olunur ki, İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanı zəng edərək təbrik edən ilk dövlət başçısı olması iki qardaş ölkə arasında əlaqələrin yüksək səviyyədə qurulmasının ən bariz nümunəsidir.

Ümumiyyətlə, Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı referendumun nəticələri ilə bağlı ilk olaraq təbrik etməsinə Türkiyənin digər media orqanları da geniş diqqət ayırıb və bütün bunlar iki ölkə arasında qardaşlığın daha bir təzahürü kimi qiymətləndirilib. Xüsusi olaraq qeyd edilir ki, Azərbaycan Prezidenti Türkiyənin ən yaxın və səmimi dostudur. Dünya liderləri arasında Azərbaycan Prezidenti qədər Türkiyənin sevincinə və kədərinə şərik olan ölkə başçısı yoxdur.

 

Elçin CƏFƏROV,

 

Azərbaycan.- 2017.- 18 aprel.- S. 1; 9.