Bu il 40 kənd və qəsəbələrarası
avtomobil yolu layihəsi
reallaşdırılacaq
Aprelin 16-da Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Yevlax rayonunda
Salahlı-Balçılı-Ağqıraqlı-Varvara-Cırdaxan
avtomobil yolunun açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan
Prezidentinin Sərəncamına əsasən, dövlət
büdcəsinin dövlət əsaslı vəsait
qoyuluşu xərclərinin hesabına bu il
reallaşdırılan 40 kənd və qəsəbələrarası
avtomobil yolu layihələrindən biri də Yevlax rayonunun
Salahlı-Balçılı-Ağqıraqlı-Varvara-Cırdaxan
avtomobil yolu layihəsidir.
“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına məlumat verdi ki, uzunluğu 18 kilometr olan avtomobil yolu yenidənqurmadan sonra istismara tam hazırdır. Layihə çərçivəsində yolda torpaq işləri zamanı zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, bunun əvəzinə xüsusi material tökülərək bərkitmə işləri görülüb. Dördüncü texniki dərəcəyə uyğun yenidən qurulan yolun hərəkət hissəsinin eni 6 metr, çiyinlərinin eni hər iki istiqamət üzrə 1,5 metrdir. Layihə çərçivəsində yolboyu müxtəlif diametrli 16 su borusunun tikinti işləri aparılıb, 360 təhlükəsizlik dirəyi, 118 yol nişanı və göstərici lövhələr quraşdırılıb. Həmçinin 25 kilometr uzunluğunda yol cizgi və yolgöstərici xətləri çəkilib.
Qeyd edilib ki, 8 min nəfərin yaşadığı altı kəndi birləşdirən Salahlı-Balçılı-Ağqıraqlı-Varvara-Cırdaxan avtomobil yolunun tikintisi əhalinin gediş-gəlişini rahatlaşdıracaq, yük və sərnişin daşınmasını xeyli asanlaşdıracaq. Ən əsası isə avtomobil yolu ilə Mingəçevir-Bəhramtəpə, həmçinin Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə olunmaqla əhalinin yetişdirdiyi məhsulları qısa müddətdə bazarlara çatdırmaq imkanı yaranacaq. Bu isə, öz növbəsində, həmin bölgədə kənd təsərrüfatının inkişafına müsbət təsir edəcək.
Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.
Sonda
xatirə şəkli çəkdirildi.
Azərbaycan.-
2017.-18 aprel.- S.2.