Azərbaycan
Prezidentinin Pasxa təbriki pravoslav icmasına
çatdırılıb
Aprelin 17-də Azərbaycan
Respublikasının millətlərarası, multikulturalizm və
dini məsələlər üzrə Dövlət
müşaviri Kamal Abdullayev Prezident İlham Əliyevin Pasxa
bayramı münasibətilə Azərbaycanın pravoslav
xristian icmasına ünvanladığı təbrik məktubunu
Rus Pravoslav icmasının üzvlərinin Bakıdakı Jen
Mironosits pravoslav kafedral kilsəsində keçirilən dini mərasimdə
oxuyub.
AZƏRTAC xəbər verir ki,
Prezidentin təbrikində yüz illər boyu Azərbaycanda
yaşayan müxtəlif xalqlar arasında ənənəvi
dostluq və qardaşlıq münasibətlərinin mövcud
olduğu, ayrı-ayrı dinlər və etiqadların
qarşılıqlı hörmət və etimad şəraitində
fəaliyyət göstərdiyi bildirilir. Qeyd edilir ki, bu
gün Azərbaycan dünyada nümunəvi tolerantlıq və
multikulturalizm məkanı kimi tanınır. Biz bunu milli dövlətçiliyimizin
böyük uğuru kimi qiymətləndirir, tarixi-mənəvi
irsin və etnik-mədəni müxtəlifliyin
qorunmasını, multikultural ənənələrə
söykənən ictimai münasibətlərin təbliğini
və təşviq edilməsini fəaliyyətimizin
başlıca istiqamətlərindən biri hesab edirik.
“Təsadüfi deyil ki,
bütün bəşəriyyət üçün
xüsusi aktuallıq kəsb edən sivilizasiyalararası və
dinlərarası dialoq problemlərinə həsr edilmiş
mötəbər beynəlxalq tədbirlərin son illər
bizim ölkəmizdə keçirilməsi artıq ənənə
halını alıb. Müasir mərhələdə milli
azlıqların dil və mədəniyyətinin
inkişafı, etnik-dini müxtəlifliyin, tarixi-mənəvi
irsin qorunub saxlanması Azərbaycan dövlətinin xüsusi
diqqət və qayğı ilə yanaşdığı məsələlərdəndir
və biz bu sahədə səylərimizi gələcəkdə
də davam etdirəcəyik”, - deyə dövlətimizin
başçısı təbrikdə qeyd edir.
Prezident bildirir ki, Azərbaycan tarixən
olduğu kimi, bu gün də dilindən, dinindən, milli mənsubiyyətindən
asılı olmayaraq, burada yaşayan hər kəs
üçün doğma vətəndir. “Ümidvaram ki,
xristian həmvətənlərimiz müstəqil Azərbaycan
Respublikasının qarşısında duran mühüm vəzifələrin
yerinə yetirilməsi, cəmiyyətdə vətəndaş
həmrəyliyinin, ictimai-siyasi sabitliyin bərqərar
olunması yolunda bundan sonra da əllərindən gələni
əsirgəməyəcək, xalqımızın xoşbəxt
gələcəyi naminə öz səylərini daha da
artıracaqlar”, - deyə dövlətimizin
başçısı vurğulayır.
Yeniliyin, əmin-amanlığın,
həmrəylik və mərhəmət duyğularının
rəmzi olan Pasxa bayramının hər il Azərbaycanda təntənə
ilə qeyd edildiyini vurğulayan Prezident bildirir: “Bu əziz
gündə sizə xoş bayram ovqatı, ailələrinizə
sevinc və rifah arzulayıram”.
Kamal Abdullayev təbrik məktubunu
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan
Yeparxiyasının arxiyepiskopu Aleksandr İşeinə təqdim
edib.
Prezident İlham Əliyevin onlara
ünvanladığı səmimi sözlər Azərbaycan
pravoslavlarına diqqətli və qayğıkeş münasibət
kimi dəyərləndirilib. İcma üzvləri dövlətimizin
başçısına dərin ehtiramlarını bildiriblər.
Azərbaycan.-
2017.-18 aprel.- S.8.