Horadizdə büsat
var
17 aprel 2017-ci il. Havadan bahar
çiçəklərinin ətri duyulduğu bu yaz səhərində
Xan Arazın sahilinə xoş məramla gəlmişik.
IV İslam Həmrəyliyi
Oyunları ərəfəsində
Bakıdakı Daş
Salnaməsi Muzeyindən
start götürən su
səyahəti qədim
Naxçıvan torpağını
dolanıb, Astarada, Şirvanda, Sabirabadda, Ağcabədidə bayram əhvali-ruhiyyəsi yaratdı.
Növbəti ünvan isə Ermənistan silahlı qüvvələri ilə
təmas xəttinə
ən yaxın məsafədə yerləşən
Horadiz şəhəridir. Erməni işğalçıları
bu yerləri iki dəfə odlara qalayıblar. Qarabağ savaşının ilk mərhələsində
ermənilər Füzulini,
onun çox sayda yaşayış məntəqələrini işğal
edib viran qoydular. O zaman yenicə hakimiyyətə
gəlmiş ümummilli
lider Heydər Əliyevin yenilməz sərkərdə iradəsi
ilə Horadiz və onun ətrafındakı
böyük bir ərazidə bəzi yaşayış məntəqələri
erməni işğalından
azad edildi. Dövlətin qayğısı ilə bu ərazilərdə
sosial infrastruktur bərpa olundu.
Xəzərdən başlayan su səyahətinin növbəti
ünvanı Horadiz bu gün bayram
libasındadır. Bütün küçələr
boyu yamyaşıl sərv ağacları, al-əlvan gül-çiçək
kolları, təmizlik,
səliqə-sahman göz
oxşayır.
Həmin günün qəhrəmanı
Horadiz şəhəri
1 saylı orta məktəbin üçüncü
sinif şagirdi Zenfira Zalovadır. Bakıdakı Daş Salnaməsi Muzeyində Xəzərdən
başlayan səyahətin
başlanğıc tədbirində
iştirak edib. Xəzərdən götürülən suyu Horadizə çatdıran balaca Zenfira indi miniatür
mis səhəngi Xan Arazın suyu ilə dolduracaq.
Baharın özü kimi
zərif Zenfiranı təcrübəli idmançılar
İsrail Əsgərov
və Fərrux Qurbanov müşayiət edirlər. İsrail Əsgərov karate do idman növü üzrə dünya və Avropa çempionudur. Fərrux Qurbanov isə
respublikanın fəxri
bədən tərbiyəçisi,
milli güləş üzrə respublika komandasının məşqçisidir,
beynəlxalq dərəcəli
hakimdir.
Xəzərdən start götürən
su səyahəti cəbhə bölgəsi
olan Horadizdə əsl el şənliyinə
çevrilir, gerçək
bir bayrama dönür. Bu gün
Füzuli camaatının
üzü gülür.
Rayon ağsaqqallar şurasının
sədri Məcnun Namazəliyev bayram ovqatını bizimlə bölüşür:
- Bakıda İslam dünyasının
bir araya gəlməsi ölkəmizdə
haqlı olaraq hər kəsi qürurlandırır. IV İslam Həmrəyliyi Oyunları gərgin idman mübarizəsi olmaqla yanaşı, müsəlman dövlətləri
arasındakı dostluq,
qardaşlıq və
əməkdaşlıq əlaqələrinin
daha da möhkəmlənməsinə
yeni töhfələr
verəcək, bu birliyin əhəmiyyətini
daha da artıracaqdır.
Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasət yürütməsi Azərbaycanın
beynəlxalq nüfuzunun
sürətlə artmasını,
Milli Ordumuzun gündən-günə güclənməsini,
xalqın həyat səviyyəsinin daha da yaxşılaşmasını
təmin edir. Dövlət başçısı Horadizə
dəfələrlə səfər
etmişdir. Minnətdarıq ki, onun hər
səfəri Horadizin inkişafında, yüksəlişində
yeni səhifələr
açır. Burada gerçəkləşən
su səyahəti keçənilki uğurlu
aprel döyüşlərinin
birinci ildönümü
günlərinə təsadüf
edir. Azərbaycan əsgəri öz
qəhrəmanlığı ilə aprel döyüşlərində şanlı
tarix yazdı. Bir çox strateji yüksəkliklər, xeyli
ərazi işğaldan
azad edildi. Lələtəpə yüksəkliyi,
Cocuq Mərcanlı kəndi Horadizin beş addımlığındadır.
Dəfələrlə Cocuq Mərcanlı
kəndinə baş çəkmişəm. Ermənilərin viran qoyduğu o kəndin yerində indi geniş quruculuq işləri aparılır. Orada kimi
yol çəkir, kimi məktəb tikir, kimi də
abadlıq işləri
görür.
Sıra ilə yaraşıqlı
evlər tikilir. Qarabağa böyük
qayıdışın bünövrəsi
Cocuq Mərcanlıda qoyulur. Yüksək əhvali-ruhiyyənin yaşandığı bu bölgədə su festivalının keçirilməsi
sevincimizə sevinc qatır, qələbənin
tezliklə reallaşacağına
olan inamımızı
daha da artırır.
Su həyatdır, su dirilikdir, əbədiyyət simvoludur.
Qoy, Bakıda keçiriləcək
İslam Həmrəyliyi
Oyunları dövlətlərin
dostluğunu, qardaşlığını
əbədi etsin.
Bu gün
horadizli uşaqların
da sevinci aşıb-daşır. “Su festivalı” çərçivəsində
Horadiz Olimpiya idman kompleksində məktəblilərin maraqlı
yarışı keçirilir.
Həmin
yarışa 100 nəfər
məktəbli qatılıb.
“Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının
təbliği və gənclərin idmana cəlb olunması məqsədilə məktəblilər
arasında təşkil
olunan müsabiqədə
qaliblərə əməliyyat
komitəsi tərəfindən
kubok, diplom, məlumat kitabçaları
və möhtəşəm
bağlanış mərasiminə
biletlər təqdim olunur.
Əngin göylərin tacı olan günəş dağların arxasına çəkilir. Yavaş-yavaş axşam düşür.
Sən demə, Horadizin gecələri gündüzündən
də gözəl imiş. Elə bil səmadakı
ulduzlar səpələnib
şəhərin üstünə.
Bu gün çıraqban
toy mağarına bənzəyir
Horadiz. Hər tərəf nur
saçır. Bayraq meydanı
bayram libasındadır.
“Su festivalı”nın tamaşasına gələnlərin
sayı-hesabı yoxdur.
Musiqi sədaları yaz mehinin qanadlarında dalğa-dalğa ətrafa
yayılır. Bu gün Xan Arazın
oynaq ləpələri
də elə bil bayrama köklənib.
Sanki ana təbiət
sülh, dostluq, qardaşlıq, birlik nəğməsi oxuyur.
Səmada əlvan çiçəklər
kimi açılan fişənglər gecəni
daha əsrarəngiz edir. Sanki yerlə
göy birləşir,
ulduzlar, lampalar bir-birinə qarışıb
qəribə mənzərə
yaradır. Heç şübhəsiz,
atəşfəşanlığı uzaqdan da seyr
edənlər var. Təbii
ki, Arazın o tayındakı qardaşlarımız
çal-çağırımıza sevinib şadlanırlar.
Təpələrin arxasındakı
mənfur düşmənlərimiz
isə aləmi nura qərq edən büsatımızı
ürək ağrısı
ilə seyr etməyə məhkumdurlar.
Lazım QULİYEV,
Azərbaycan.-
2017.-18 aprel.- S.11.