“Əsas məqsədimiz İslamiadada qələbə qazanmaqdır”

 

Ağır atletlərimizin Tailandda keçirilmiş dünya birinciliyindəki uğurlu çıxışları buna tam əsas yaradır

 

Sürət, müvazinət və elastiklik tələb edən birdənqaldırma və daha böyük güc tələb edən təkanlaqaldırma... Bəli, söhbət təxminən hələ XIX əsrin sonlarında, daha dəqiq desək, 1896-cı ildə olimpiya oyunlarına daxil edilən ağır atletikadan gedir. Hazırda ağır atletika idman növü kimi beynəlxalq miqyasda çox böyük nüfuza malikdir. Bu idman növü Azərbaycanda da sürətlə inkişaf edir, idmançılarımız müxtəlif beynəlxalq yarışlarda uğurlu nəticələr göstərirlər.

Reallıq da göstərir ki, ötən ildən etibarən Azərbaycanda idmanın ağırlıqqaldırma növünün inkişafında yeni mərhələ başlayıb. Xüsusən Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) sonuncu hesabat-seçki konfransında Azər Əliyev, Tofiq Heydərov kimi peşəkar idmançıların qurumun vitse-prezidenti seçilmələri ağır atletikanın yüksəlişində dönüş nöqtəsi oldu. Son illər ağır atletikada baş verən hadisələr, yaranan problemlər geridə qaldı. Həm AAAF-ın baş məşqçisi Tofiq Heydərovun rəhbərliyi ilə son beynəlxalq yarışlarda qazanılan nailiyyətlər Azərbaycan ağır atletikasının parlaq gələcəyinin olacağından xəbər verir.

Xatırladaq ki, ötən ilin 2-8 sentyabr tarixlərində İordaniyanın paytaxtı Əmman şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının 4-cü ağır atletika çempionatında, sentyabrın 9-17-də Polşanın Novı Tomısl şəhərində yaşı 15 17-yə qədər olan yeniyetmə qızlar oğlan atletlər arasında Avropa birinciliyində, 19-25 oktyabr tarixlərində Malayziyanın Penanq şəhərində yeniyetmələr arasında ağır atletika üzrə 6-cı dünya birinciliyində, dekabrın 2-10-da İsrailin Eylat şəhərində keçirilən yaşı 20 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa çempionatında, İranın Əhvaz şəhərində keçirilən ağır atletika üzrə 2-ci Beynəlxalq Fəcr Kubokunda iştirak edən Azərbaycan idmançıları uğurlu qənaətbəxş nəticələr göstəriblər.

Son olaraq Tailandın Banqkok şəhərində aprelin 3-10 tarixlərində keçirilən yeniyetmələr arasında 7-ci dünya birinciliyi Azərbaycan ağır atletikasının həqiqətən inkişaf yolunda olduğunu bir daha təsdiqlədi. Qeyd edək ki, böyük nüfuza malik, yüzə yaxın ölkədən 445 atletin (197 qız 248 oğlan) iştirak etdiyi birincilik gələn il Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək. Bu yarışlar yeniyetmələrin olimpiya oyunlarına təsnifat xarakteri daşıyırdı. Belə ki, Banqkokda yığmalar səviyyəsində ən yaxşı çıxış edən komandaların indidən olimpiya lisenziyası qazanmaq şansı yaranmışdı. Azərbaycan da bu şansdan yetərincə yararlana bildi.

Dünya birinciliyində hər bir atlet əldə etdiyi medalla yanaşı, öz ölkəsinin xal ehtiyatını müvafiq olaraq artırır. 1-ci yeri tutan ağır atlet 28, 2-ci yeri tutan 25, 3-cü yeri tutan 23 xal, bundan sonrakı bütün yerlərə görə isə bir xal azalma prinsipi ilə xal qazanılır: 4-cü yer 22, 5-ci yer 21 xal nəhayət, 25-ci yer 1 xal əldə edir. Odur ki, Banqkokda keçirilən yarışda bütün çəki dərəcələri üzrə mübarizə bitdikdən sonra xal ehtiyatı ən çox olan 7 ölkə 2, sonrakı 10 ölkə isə 1 komanda lisenziyası əldə edə bilərdi. Əlavə edək ki, xal hesabı ölkənin yarışda iştirak edən 6 ən yaxşı atletinin qazandığı xala əsasən aparılırdı.

Dünya birinciliyində iştirak edən Azərbaycan yığması da Tailanda məhz lisenziya dalınca yollanmışdı. Komandamızın tərkibinə İsmayıl Məmmədov (56 kq), Elməddin Hüseynov (56 kq), Elvin Abdullayev (62 kq), Füqan Əliyev (62 kq), Mayıl Şükürlü (77 kq), Tarmenxan Babayev (77 kq), Ümidvar Bayramlı (94 kq), Həsənbəy Həsənzadə (+94 kq) kimi perspektivli idmançılar daxil idi.

Sevindiricidir ki, komandamız bu yarışda uğurla çıxış edərək öz vəzifəsinin öhdəsindən layiqincə gələ bildi. Yığmamıza ən çox xal qazandıran 6 atletin ümumi xalı 90 oldu. Bu xallarla komandamız dünya birinciliyinin ümumi sıralamasında 9-cu yeri tutdu. Beləliklə, Azərbaycan ağır atletika yığması tarixində ilk dəfə dünya birinciliyində topladığı xal hesabına Yeniyetmələrin Olimpiya Oyunlarına 1 lisenziya qazanmış oldu. Buna qədər yalnız Avropa birinciliyində bu şansa malik olmuşduq.

Ümumiyyətlə, yeniyetmələrdən ibarət yığma komandamızın əldə etdiyi bu nəticə çox qürurvericidir. İlk növbədə qeyd olunmalıdır ki, lisenziya 2001-2002-ci il təvəllüdlü yeniyetmələrimiz tərəfindən qazanılıb. Baxmayaraq ki, gələn il Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək Yeniyetmələrin Olimpiya Oyunlarına 2000-ci il təvəllüdlü atletlər mübarizə apara biləcək. Bu, özündən bir yaş böyüklərlə yarışda uğur qazanan yeniyetmə idmançılarımızın böyük perspektivə malik olmasından xəbər verir.

Yeniyetmələrimizin ağır atletika üzrə öz səviyyəsində olan Ermənistan komandasını qabaqlamalarını da xüsusi qeyd etməliyik. Eyni zamanda Ukrayna, Gürcüstan, Şimali Koreya, Rumıniya başqa ölkələri arxada qoymağımız da ürəkaçan faktlardandır.

Tailanddakı yarışda medal qazanıb lisenziya əldə edə bilməyən ölkələr də oldu. Azərbaycanın lisenziya qazanması yığma komanda olaraq seçilən taktikanın düzgün olduğuna dəlalət edir. Ən əsası budur ki, bu, Azərbaycanda bütün növlər üzrə Buenos-Ayresdə keçiriləcək Yeniyetmələrin  Olimpiya Oyunlarına qazanılan ilk lisenziyadır! Həmin şərəfə məhz ağır atletlərin nail olması bizi çox sevindirir. Əlavə edək ki, Azərbaycan yığması gələn il qitə birinciliyində komanda hesabında ilk 4 yerdən birini tutmaqla daha bir lisenziyaya sahib çıxa bilər.

Tailanddan qayıtdıqdan sonra idmançılarımız Azərbaycan ağır atletika yığmasının mərkəzi bazası olan AAAF Park Yaşayış Kompleksinin konfrans zalında Ağır Atletika Federasiyasının rəhbər heyətinin üzvləri ilə görüşüblər. Görüş zamanı Tofiq Heydərov yarışa yollanmazdan əvvəlki və sonrakı hisslərini bölüşüb. Həm də yığmamızın baş məşqçisi olan mütəxəssis bildirib ki, Tailanda getməzdən öncə, 1 lisenziya verən 17-ci yeri  uğur saysaq da, yarışın gedişində maksimal - 2 lisenziya haqda rahatlıqla düşünməyə başlamışdıq: “Hətta bir ara ümumi sıralamada 5-ci yerdə olmağımız buna rəvac verirdi. Hər halda 1 lisenziya da böyük uğurdur. Nəzərə almaq lazımdır ki, Azərbaycan Avropa ölkələri arasında Rusiya və Türkiyədən sonra 3-cü pillədə qərarlaşdı. Bu, bizə gələcəyə böyük ümidlərlə baxmaq imkanı verdi. Hazırkı yeniyetmə yığmamızın üzvləri digər ölkələrdən olan idmançılardan bir, hətta iki yaş kiçikdirlər. Lakin onların körpücük üzərində qaldırdıqları çəkilər çox yaxşı perspektivlərdən xəbər verir. Bu yarış bizim üçün uğurlu alındı. Həm nəticə, həm də perspektiv baxımından irəliyə doğru böyük addım atdıq. Atletlərimizin əsasən 7-10-cu yerləri tutması isə bizim üçün elə medal deməkdir. Azərbaycan yığması sübut etdi ki, dopinqsiz də nailiyyət əldə etmək, komanda şəklində uğura nail olmaq mümkündür. Əsas məqsədimiz qarşıdan gələn İslamiadada qələbə qazanmaqdır. Ağır atletlərimizin Tailandda keçirilmiş dünya birinciliyindəki uğurlu çıxışları buna tam əsas yaradır”.

Beləliklə, yeniyetmə atletlərimizin nəinki həmyaşıdları, həmçinin gələcəkdə daha böyük yaşlı rəqibləri ilə mübarizəyə hazır olduqları məhz bu birincilikdə sübuta yetdi. Ən əsası, bu uğur bir daha göstərir ki, Azərbaycanın ağır atletika millisinin potensialı böyükdür. Ona görə bizi gələcəkdə daha böyük nailiyyətlər və yeni medallar gözləyir.

 

Rəşad CƏFƏRLİ,

 

Azərbaycan.- 2017.- 18 aprel.- S. 11.