Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri Almaniyanın
ölkəmizdəki səfiri ilə görüşüb
Aprelin 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrabla görüşüb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ali Məclisin Sədri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə səfiri təbrik edib, Azərbaycan-Almaniya əlaqələrinin inkişaf etdiyini, Naxçıvanın da Azərbaycanın tərkib hissəsi kimi bu əlaqələrdə iştirakçı olduğunu bildirib. Ali Məclisin Sədri muxtar respublikada təhsil sahəsində Almaniya təcrübəsindən istifadənin əhəmiyyətindən danışıb, Naxçıvan Dövlət Universitetində və ümumtəhsil məktəblərində Alman dilinin tədris olunduğunu, “Naxçıvan” Universitetinin Almaniyanın ali təhsil müəssisələri ilə əməkdaşlıq etdiyini diqqətə çatdırıb.
Naxçıvanın ölkə ərazisindən ayrı düşdüyünü, lakin bütün çətinliklərə baxmayaraq muxtar respublikada inkişafın təmin olunduğunu bildirən Ali Məclisin Sədri Almaniya ilə əlaqələrin müxtəlif istiqamətlərdə genişləndiriləcəyinə əminliyini ifadə edib.
Səfir Mixael Kindsqrab Ali Məclis Sədri ilə görüşündən və Naxçıvana səfərindən məmnunluq hissi keçirdiyini bildirib. Naxçıvanın Azərbaycanın ən yeni tarixində mühüm yeri olduğunu və böyük çətinliklərlə üzləşdiyini qeyd edən səfir muxtar respublikada Alman dilinin tədrisinə yaradılan şəraitə görə minnətdarlıq edib, əlaqələrin inkişafında səylərini artıracağını bildirib.
Görüşdə
qarşılıqlı əməkdaşlıq imkanları nəzərdən
keçirilib.
Azərbaycan.-
2017.-19 aprel.- S.2.