Qafqazşünasların birinci Beynəlxalq Forumu başa çatıb

 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətinin və Qafqazşünaslıq İnstitutunun birgə təşkilatçılığı ilə Bakıda keçirilən Qafqazşünasların birinci Beynəlxalq Forumu aprelin 18-də başa çatıb.

AZƏRTAC xəbər verir ki, forumun bağlanış mərasimində AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli tarixboyu daha çox iqtisadi, siyasi və hərbi amillərə görə dünyanın maraq dairəsində olan Qafqaz regionunun araşdırılması ilə bağlı tədbirin təşkilini yüksək dəyərləndirib. Bildirilib ki, forumun iki ildən bir təşkili nəzərdə tutulub. Bu da regionla bağlı aktual məsələlərin diqqət mərkəzində saxlanılmasına, Qafqazda problemlərin həlli üçün ortaq mövqelərin aydınlaşdırılmasına və bölgənin ümumi tərəqqisinə dəstək olacaq.

Qafqazşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, professor Musa Qasımlı foruma hazırlıq çərçivəsində görülən işlərdən, məruzələrin seçilməsi prosedurundan danışıb. Diqqətə çatdırılıb ki, tədbirdə dinlənilən məruzələr toplu halında dərc ediləcək.

Türk Tarix Qurumunun sədri, professor Rəfiq Turan, Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Roin Metreveli, Rusiya Elmlər Akademiyası Cənub Elm Mərkəzinin sədri, akademik Gennadi Matişov, Rusiya Federasiyası Çeçenistan Respublikası Elmlər Akademiyasının prezidenti, akademik Şaxrudin Qapurov, Böyük Britaniya Mərkəzi Asiya və Şərq Kral Cəmiyyətinin həqiqi üzvü, professor Mixail Basxanov və başqaları tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər. Qeyd edilib ki, forum Qafqaz problemlərinə dair elmi-tədqiqat işləri aparanların bir-birini daha da yaxından tanımalarına, səylərini əlaqələndirmələrinə, çoxtərəfli və ikitərəfli formatlarda əməkdaşlıq etmələrinə ciddi töhfə verib. Forumda müzakirə olunan məsələlərin aktuallığını qeyd edən natiqlər tədbirin mütəmadi keçirilməsinin vacibliyini vurğulayıblar.

 

Azərbaycan.- 2017.-19 aprel.- S.6.